Çoxsaylı oğurluq törədənə hökm oxundu

Çoxsaylı oğurluq törədənə hökm oxundu

14 İyul 2016 15:03
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində silsilə oğurluqlar törətməkdə təqsirləndirilən Kamran Muradovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə Kamran Mahmudov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

K.Mahmudov Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə təqsirləndirilib.

Qeyd edək ki, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakini Kamran Muradov martın 17-də yaxalanıb.

Müəyyən edilib ki, K.Muradov 2011-ci il iyulun 1-də Bünyatov küçəsində yaşayan Hakim Namazovun evindən açar seçmə yolu ilə 1500 manat dəyərində qızıl-zinət əşyaları, sentyabrın 7-nə keçən gecə Sabunçu qəsəbə sakini Nurəddin Səlimovun evindən pəncərənin dəmir barmaqlıqlarını kəsmə yolu ilə mobil telefon və qızıl-zinət əşyaları, oktyabrın 4-də Ramana qəsəbəsində yaşayan Nizami İsmayılovun evindən pənəcərədən keçmə yolu ilə 200 manat, eyni ünvanda yaşayan qardaşı Siyafət İsmayılovun evindən isə DVD və 1000 manat dəyərində qızılzinət əşyaları, bir ay sonra Sabunçu qəsəbəsi Y.Saratov küçəsində yaşayan Rəşad Qasımovun evindən açar seçmə yolu ilə 1600 manat və gümüş əşyaları, dekabrın 8-nə keçən gecə isə Sabunçu qəsəbəsi Elnarə Məmmədovanın evindən pənəcərədən keçmə yolu ilə 1800 manat və qızıl-zinət əşyaları oğurlayıb.

K.Muradov fevral və mart aylarında da oğurluq planını həyata keçirib. O, fevralın 9-da Q.Vəzirov küçəsində yaşayan Araz Qaralovun evindən pəncərəni sındırma yolu ilə qızıl-zinət əşyalırı və məişət əşyaları, fevralın 21-də Balaxanı qəsəbəsində yaşayan İlqar Abdullayevin evindən pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə gödəkçə, fevralın 19-dan 26-dək olan müddətdə Mədən küçəsində yaşayan Sədaqət Paşayevanın evindən pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə televizor, noutbuk və modem, martın 7-də E.Mehdiyev küçəsində yaşayan Füzuli Cəlilovun evindən pəncərədən keçmə yolu ilə 600 manat və 7800 dollar, martın 3-də isə İİR vətəndaşı Hümən Fərzanəyə məxsus, E.Mehdiyev küçəsində yerləşən fabrikdən pəncərədən keçmə yolu ilə 6 ədəd kompyuter oğurlayıb.

Mediainfo.az