Tənha qadının evinə basqın

Tənha qadının evinə basqın

11 İyul 2016 15:40
Bəyəndim (0) Bəyənmədim (0)

Şəki Ağır Cinayətlər Məhkəməsində evlərə silahlı basqın etməkdə təqsirli bilinən Elgün Cəfərzadə, Çingiz Mahmudov, Nadir Babayev və Elvin Şahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yevlax RPŞ-nin əməliyyat tədbirləri nəticəsində Elgün Cəfərzadə, Çingiz Mahmudov, Nadir Babayev və Elvin Şahverdiyev həbs edilib.

Müəyyən edilib ki, dəstə üzvləri ötən il noyabrın 18-də Yevlax şəhər sakini Nazlı Bayramovanın evinə basqın ediblər. Onlar evə daxil olanda kənar diqqəti çəkməmələri üçün küçədən keçən elektirik xəttini kəsiblər. Daha sonra içəri daxil olan qrup üzvləri evdə tək yaşayan Nazlı Bayramovanın əl-qolunu bağlayaraq ondan qızıl və pul tələb ediblər.

Ev sahibi qışqıraraq səs-küy salmaq istəyib. Onlar Nazlı Bayramovanın ağzını yapışqanlı lentlə sarıyıblar, evdən 800 manat pul və müxtəlif məbləğdə qızıl-zinət əşyaları aparıblar.

Həmin gecə quldurluq hadisəsindən sonra dəstə üzvlərindən biri - Elgün Cəfərzadə evin hasarından tullanıb qaçarkən, qonşuluqda yaşayan Ruslan Abdullayevlə qarşılaşıb. Elgün əlindəki bıçaqla ona yaxınlaşan Ruslanın qarın nayihəsindən bir bıçaq zərbəsi vuraraq qaçıb.

Elgün Cəfərzadə Cinayət Məcəlləsinin 126.1 (sağlamlığa xəsarət yetirmə), 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə), Çingiz Mahmudov, Nadir Babayev və Elvin Şahverdiyev isə həmin məcəllənin 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5, 228.4-cü maddələri ilə təqsirli biliniblər.

Məhkəmənin hökmü ilə Elgün Cəfərzadə 11 il, Çingiz Mahmudov 10 il, Nadir Babayev 10 il, Elvin Şahverdiyev 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Mediainfo.az