Polis rəisinə qarşı dələduzluq etmiş qadına 11 il cəza istənildi

Polis rəisinə qarşı dələduzluq etmiş qadına 11 il cəza istənildi

8 İyul 2016 16:05
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aygün Babaşovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Prosesə hakim Faiq Qəniyev sədrlik edib. Prosesdə məhkəmə istintaqı yekunlaşıb. Dövlət ittihamçısı çıxış edərək Aygün Babaşovanın 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili isə müdafiə etdiyi şəxsə bəraət hökmünün çıxarılmasını istəyib.

Məhkəmə təqsirləndirilən şəxsə son söz deməyi təklif edib. O, son söz demək üçün məhkəmədən vaxt istəyib.

Qeyd edək ki, ittiham aktına əsasən, A.Babaşova 8 nəfərin etibarından sui-istifadə edərək ümumilikdə 450 min manat pulu dələduzluq yolu ilə əldə edib. O, həmin şəxslərə bildirib ki, onlarla birlikdə biznes quracaq.

Zərərçəkənlərdən Məhəmməd Məhəmmədov Şəkidə 25 il Dövlət Yol Polisi Bölməsinin rəisi çalışıb. Aygün Babaşova onu biznes qurmaq adı ilə 200 minini alaraq dələduzluq edib.

A.Babaşova Cinayət Məcəlləsinin 178.3.2. (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.

İnarə Rafiqqızı