Cavid Hüseynovun apellyasiya şikayətinə baxılacaq

Cavid Hüseynovun apellyasiya şikayətinə baxılacaq

8 İyul 2016 15:10
Bəyəndim (0) Bəyənmədim (0)

Yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində Qəbələ" klubunun sabiq kapitanı futbolçu Cavid Hüseynovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçiriləcək.

Bu barədə onun vəkili Adəm Məmmədov məlumat verib.

Vəkilin sözlərinə görə, apellyasiya şikayəti hakim Həsən Əhmədovun icraatına verilib.

Qeyd edək ki, Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlu 2015-ci ilin avqust ayının 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.

Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.İsmayılov 13, A.Əliyev 12 il 6 ay, C.Məmmədov 11 il, S.Mustafayev və K.Mədətov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Cinayət işinin materiallarından C.Hüseynovun təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb və "Qəbələ"nin futbolçusunun işi Səbail Rayon Məhkəməsinə göndərilib.

May ayının 31-də Səbail Rayon Məhkəmənin hökmü ilə C.Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan C.Hüseynov və onun vəkili A.Məmmədov apellyasiya şikayəti verib.

İnarə