Biznesmen ondan boşanmaq istəyən arvadını həbs etdirdi - Bakıda + VİDEO

Biznesmen ondan boşanmaq istəyən arvadını həbs etdirdi - Bakıda + VİDEO

22 İyun 2016 12:29
Bəyəndim (0) Bəyənmədim (0)
Məsələdə Səkinə İsmayılovanın da adı hallanır

Bakı şəhər sakini Təyminə Abdullayeva iyunun 21-də "Qafqazinfo"ya müraciət edərək hazırda boşanmaqda olduğu həyat yoldaşı Barat Abdullayev tərəfindən milyonluq əmlaklara görə aldadıldığını və haqqında polisə şikayət edilərək sifarişlə həbs olunacağını bildirib.

Şikayətdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün qısa araşdırmalar aparmağa ehtiyac yarandı və bu səbəbdən məlumat həmin gün yayımlanmadı.

İynun 21-i saat 19 radələrində Təyminə Abdullayeva yaşadığı evdə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Müvəqqəti Saxlanma Yerinə aparılıb. Bu barədə onun vəkili Vasif İsrafilov "Qafqazinfo"ya məlumat verib. O bildirib ki, polis əməkdaşları qadını saxlayarkən ona fiziki təzyiq ediblər.

Vəkil qeyd edib ki, T.Abdullayevanın həyat yoldaşı Barat Abdullayev ona hədə-qorxu gəlib: "Mən Təyminə Abdullayevanın həbsi ilə bağlı onun oğluna zəng etdim. Telefonu Barat Abdullayev açdı və özünü təqdim etdi. Bundan sonra mənim vəkil olduğumu dəqiqləşdirəndən sonra "gör sənin başına nə oyun açacağam, sən mənim kim olduğumu bilmirsən, sənin başını ağrıdacağam" deyib məni hədələdi".

T.Abdullayevanın saxlanılmasına səbəb olan hadisələri onun öz ifadələri ilə təqdim edirik.

T.Abdullayeva "Qafqazinfo"ya müraciət edərək deyib ki, 1990-ci ildə ailə qurduğu B.Abdullayevlə birgə nikahdan 2003-cü ildə Neman adlı oğlu olub: "Atamın maddi köməkliyi ilə 2010-cu ild Yasamal rayonunda yerləşən 4 otaqlı mənzil aldım. Birgə nigah dövründə həyat yoldaşım Barat isə Bakıda 4 mənzil, Mirzə İbrahimov küçəsində yerləşən "Şarden" restoranı və hotel kimi tikdirdiyi 7 mərtəbəli binanı, Bakıda 23 sot, Xaçmaz rayonunda 2 hektar, Qusar rayonunda yerləşən 50 hektar torpaq sahəsini, Novxanıda yerləşən bağ evini, "Porşe Cayenne", "Cadellac STS" markalı avtomobilləri və sair əmlakları əldə edib. O, qazancını məndən gizlətdiyindən məni və azyaşlı oğlumuzu maddi cəhətdən təmin etmədiyindən, bizim birgə nigahda ər-arvad kimi qalmağımız mümkün olmadığından ondan boşanmağım barədə 2015-ci ilin fevral ayında iddia ərizəsi ilə Səbail rayon məhkəməsinə müraciət etdim, hazırda məhkəmə prosesi davam edir".

Təyminə Abdullayeva bundan sonra başına gələn sehrli hadisələri açıqlayıb. O, təxminən bir il əvvəl Əhmədli metrosunun yaxınlığında yerləşən "Vesta" Gözəllik Salonunda Səkinə İsmayılova ilə tanış olub. Səkinə özünü gözəllik salonun sahibi kimi təqdim edərək oranı T.Abdullayevaya 100 min dollara sata biləcəyini deyib. S.İsmayılovanın təklifi əsasında T.Abdullayeva evini girov qoyaraq "Faktor Lizing" MMC-dən kredit götürüb həmin obyekti almaq qərarına gəlib. Sənədlər imzalanarkən aldadıldığını, müqavilədə evin MMC tərəfindən 250 min manata alınması və pulun yarısının Səkinənin ödəməsi qeyd olunduğunu bilib, digər sənədləri imzalamaqdan imtina edib. MMC bir neçə ay sonra T.Abdullayevaya pul ödəmədən evi S.İsmayılovaya satıb. Bundan sonra Səkinə İsmayılovanın ona qarşı dələduzluq etməsinə görə 18-ci Polis Bölməsinə müraciət edib.

T.Abdullayeva bundan sonra həyat yoldaşından birgə nikah dövründə əldə edilən gəlirin bölüşdürülməsini istəyib: "Neme" hoteli mənə məxsus olduğu halda 5 ildir ildir ki, Barat Abdullayev işlədərək qazandığı 1 milyon 800 min manat puldan mənə və oğluma çatan 900.000 mahat məbləğdə pulu dələduzluq yolu ilə ələ keçirib.

Tərəfimdən Səkinənin hərəkətləri barəsində şikayət verilməsinə baxmayaraq Nərimanov Rayon Prokurorunun köməkçisi Vüqar Əliyev həyat yoldaşım Barat Abdullayevin şikayəti əsasında 16.03.2016-cı il tarixdə faktla bağlı tələm-tələsik barəmdə CM-nın 178.3.2-ci maddəsi ilə cinayət işi başlayıb.

Nərimanov RPİ-nin istintaq şöbəsinin müstəntiqi Pərviz Məmmədov həyat yoldaşım Barat Abdullayevin sifarişi əsasında əməlimdə hər hansı bir dələduzluq cinayətinin tərkibi olmadığı halda maddi marağını təmin etmək məqsədi ilə, yəni həyat yoldaşımın sifarişi əsasında özünün əldə etdiyi saxta sübutlarla hazırda məni cinayət məsuliyyətinə cəlb etmək istəyir".

T.Abdullayeva mayın 2-də nikahın pozulmsı və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbi ilə məhkəməyə müraciət edib: "Bundan sonra həyat yoldaşım hərəkətə keçərək məni qabaqlamaq üçün yollar axtarıb. O, mənimlə Səkinənin arasında problemi bildikdən sonra bundan maksimum istifadə etməyə çalışıb, 18-ci polis bölməsinin rəisi Hikmət müəllimin (Hikmət Usubov – hazırda 24-cü PB-nin rəisidir – red.) və müstəntiq Pərviz Məmmədovun köməkliyi ilə Səkinəni ələ alaraq işi tam mənim ziyanıma çeviriblər. Həyat yoldaşım qaynım Nazimin vasitəsilə Səkinə ilə müttəmadi olaraq görüşüb, ona etdiyi cinayəti gizlətməyə köməklik ediblər. Səbəb isə mənim 2 milyon manata yaxın dəyəri olan evimi ələ keçirmək olub. Mən hesab edirəm ki, Səkinəni qaynımgil əvvəldən tanıyıblar və onlar Səkinə vasitəsilə evimi ələ keçirmək istəyirlər".

T.Abdullayeva müraciətində müstəntiq Pərviz Məmmədovun həyat yoldaşı Barat Abdullayevdən pul alması və onun sifarişi əsasında qərəzli istintaq aparmasını iddia edib: "Barat Abdullayev mayın 17-də şəxsən şikayət ərizəsi ilə müraciət edib. Göründüyü kimi martrın 16-da mənə qarşı heç bir şikayət ərizəsi olmadan mənim şikayətim əsasında mənə qarşı cinayət işi başlanıb.

Mən cinayət işinin müstəntiq Pərviz Məmmədov və Nərimanov RPİ-nin istintaq şöbəsi tərəfindən qərəzsiz və obyektiv aparılmasına inanmıram, cinayət işinin istintaqının Nərimanov RPİ-də aparılmasına etiraz edirəm.

Müstəntiq qanunsuz olaraq mənim telefon məlumatlarım götürüb, işə aidiyyatı olmayan telefon məlumatlarım və sms-lərim qaynıma və işə aidiyyatı olmayan şəxslərə verilib. Bununlada mənim şəxsi və ailə sirlərim yayılıb.".

O, həyat yoldaşı tərəfindən əmlakların onun əlindən çıxması üçün plan qurduğunu açıqlayıb: "Nərimanov RPİ 18-ci PB, Nərimanov RPİ İŞ və Nərimanov rayon prokurorluğunun yardımı vasitəsilə Barat Abdullayev gələcəkdə mənimlə əmlakı bölməmək üçün bir neçə plan hazırlayıb.

Belə ki, mən məhkəməyə əmlakın bölgüsü ilə bağlı 2016-cı ilin fevral ayında mülki iddia verdikdən sonra o, martın sonlarında öz yaxın dostu olan Həsənağa Qasım vasitəsilə saxta şikayət ərizəsi ilə 18-ci PB-nə, Nərimanov rayon prokurorluğuna müraciət edib ki, guya o, Həsənağanın 750 000 manat pulunu mənimsəyib.

Həyat yoldaşımın heç vaxt Həsənağaya 750000 manat borcu olmayıb, Həsənağanın maddi imkanı həmişə Baratın maddi imkanından az olub. Bu saxta şikayət bizim əmlakların üzərinə həbs qoyulması, əmlaklarımızın bölünməsinin qarşısının alınmasına hesablanıb.

Eyni zamanda bildirirəm ki, Xətai RPİ İŞ-nin icraatında Səkinəyə qarşı dələduzluqla şikayətlər mövcuddur".

Qeyd edək ki, bu müraciət T.Abdullayeva saxlanılmadan bir neçə saat öncə redaksiyaya təqdim edilib.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.