Paytaxtda polis bölməsinə silahlı basqın olub

Paytaxtda polis bölməsinə silahlı basqın olub

22 Avqust 2011 12:27
638
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxtda polis bölməsinə silahlı basqın olub. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə avqustun 21-də gecə saatlarında Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində qeydə alınıb. Polis Bölməsinə basqın edən naməlum şəxs iki polis əməkdaşını yaralayıb. Hadisənin kim tərəfindən və hansı məqsədlə törədildiyi açıqlanmayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov hadisəyə aydınlıq gətirərək bildirib ki, avqustun 20-də gecə saat 23.45 radələrində Maştağa qəsəbə sakini Ədalət Əliyevin sərxoş halda ailə üzvlərini ölümlə hədələməsi barədə 14-cü Polis Bölməsinə məlumat daxil olub. Daxil olan məlumat əsasında Polis Bölməsin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu dərhal sözügedən ünvana gedib. Lakin polis əməkdaşları Ədalət Əliyevi evdə tapmayıblar. Hadisədən yarım saat sonra 14-cü Polis Bölməsinə gələn Ədalət Əliyev üzərindəki bıçaqla bölmənin tədqiqatçısı, polis baş-leytenantı Elməddin Köçəriyevi başından bıçaqlayıb. Ə. Əliyev həmçinin bu zaman öz həmkarının köməyinə gələn bölmənin məsul növbətçisi baş-leytenant Mətləb Məlikova da qolundan xəsarət yetirib. Lakin buna baxmayaraq həyata keçirilən tədbirlər nəticəsində Ə. Əliyev zərərsizləşdirilib.

Araşdırmalar zamanı müəyyən olunub ki, Ə. Əliyev ailə üzvlərini ölümlə hədələyərkən həyat yoldaşı Xalidə Əliyevanı öldürmək məqsədi ilə "Makarov" markalı tapançadan 3 dəfə atəş açıb.

Ə. Əliyevin yaşadığı ünvana baxış keçirən əməliyyatçılar oradan 1 ədəd tapança, 6 ədəd güllə, 1 ədəd güllə darağı və hadisə yerindən 3 ədəd giliz götürüblər.

Hadisə zamanı yaralanan polis əməkdaşı Mətləb Məlikov ilkin tibbi yardımdan sonra evə buraxılıb. Digər polis əməkdaşı Elməddin Köçəriyevin vəziyyəti isə orta-ağırdır. Baş vermiş insidentlə bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Asayiş keşikçilərinə qarşı asayişi pozdular.

Tofiq Əliyev

O.M.