Ölkəmizə soyuq silah keçirmək istəyənlər saxlanılıb

Ölkəmizə soyuq silah keçirmək istəyənlər saxlanılıb

10 İyun 2016 15:39
Bəyəndim (0) Bəyənmədim (0)

Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən onun baqajına rentgen aparatı ilə baxış zamanı monitorda "beşbarmağ"ın təsviri görünüb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları baqaja təkrar yoxlama keçiriblər. Nəticədə həmin vətəndaşın çamadanından 1 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar edilərək götürülüb.
İlkin araşdırma zamanı izahatında həmin "beşbarmağ"ı Polşanın Varşava şəhərində olarkən əldə etdiyini söyləyən vətəndaş, onu çamadanında qaldığını unutduğuna görə Azərbaycana gətirdiyini bildirib.

İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycanın daha bir vətəndaşının baqajı da rentgen aparatı ilə yoxlanılarkən monitorda "beşbarmağ"ın təsviri müşahidə edilib.

Təkrar baxış zamanı həmin vətəndaşa məxsus idman çantasından, şəxsi əşyaların arasında olan gödəkcənin cibindən 1 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar olunub. Maraqlıdır ki, gömrük əməkdaşları bu vətəndaşın izahatında da oxşar arqumentlə üzləşiblər. Vətəndaş aşkar olunan "beşbarmağ"ı İstanbul şəhərində olarkən dostu tərəfindən ona hədiyyə edildiyini və çantanın içərisindəki gödəkcənin cibində qaldığını unutduğuna görə Azərbaycana gətirdiyini söyləyib.

Xatırladaq ki, əvvəllər də Dövlət Gömrük Komitəsinin müvafiq qurumları tərəfindən bu cür hüquqpozma hallarının qarşısı qətiyyətlə alınaraq, qanunvericiliyə əsasən soyuq silah hesab edilən bu qəbildən olan əşyaların ölkə ərazisinə gətirilməsinin qadağan olunması barədə kütləvi informasiya vasitələri ilə ictimaiyyətə ətraflı məlumat verilib.

DGK-nin səlahiyyətli ekspert rəyinə istinadən bir daha xəbərdarlıq edir ki, əsasən kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik və təyinatı üzrə istifadəyə yararlı "beşbarmaq"lar, habelə kəsici-deşici, istifadəsi insan sağlamlığına ciddi təhlükə törədən və mülki dövriyyəsi qadağan edilən digər vasitələr soyuq silah hesab olunur və bununla əlaqədar digər məsuliyyət növləri ilə yanaşı, cinayət məsuliyyəti də nəzərdə tutulub.

Mediainfo.az