Atasını 8 yerdən bıçaqlayan gənc məhkəmədən azad edildi - BAKIDA

Atasını 8 yerdən bıçaqlayan gənc məhkəmədən azad edildi - BAKIDA

7 Aprel 2016 11:55
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını bıçaqlamaqda təqsirləndirilən 2000-ci il təvəllüdlü Samid Məmmədovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Məmmədovun ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif olunub. Hökmə əsasən o, 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib. S.Məmmədov məhkəmə zalından azadlığa buraxılıb.

Hadisə 2015-ci ilin iyul ayının 25-də gecə saat 23:00 radələrində Binə qəsəbəsi Südçülük sovxozunda baş verib. 2000-ci il təvəllüdlü Samid Məmmədov atası Ağarəhim Rəhimovu bıçaqlayıb.

S.Məmmədov evə sərxoş vəziyyətdə gələn atası A.Rəhimovun bacısı Şəlalə Məmmədovanı əsassız yerə danlamasını, daha sonra sillə vurmasını qəbul etməyib. Buna əsəbləşən S.Məmmədovla atası arasında münaqişə baş verib. Nəticədə o, mətbəx bıçağı ilə A.Rəhimovun bədəninə 8 bıçaq zərbəsi endirib. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına vaxtında çatdırılıb. A.Rəhimova tibbi yardım göstərildiyindən, onun həyatını xilas etmək mümkün olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120-1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Mediainfo.az