Quba sakini toyda arvadını boğub öldürdü

Quba sakini toyda arvadını boğub öldürdü

5 Avqust 2011 10:43
1 695
Bəyəndim (0) Bəyənmədim (0)
Təqsirləndirilən şəxs arvadının qıcolmadan öldüyünü deyir

Məhkəmə

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Xaçmaz rayon sakini 1982-ci il təvəllüdlü Mehdiyev Ruhid Telman oğlunun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Məhkəmə yolu ilə müəyyən edilib ki, Ruhid Mehdiyev qeyri-rəsmi qaydada ər-arvad kimi yaşadığı Elnarə Əlipaşayevanın bacısı Rəvanənin 16 oktyabr 2009-cu ildə keçirilən toy məclisində iştirak etmək üçün ailəsi ilə birlikdə Quba rayonunun Şuduq kəndinə yollanıb. Toyda çoxlu miqdarda spirtli içki qəbul etdiyinə görə Elnarə ilə Ruhidin arasında mübahisə yaranıb. Bu səbəbdən də o, Elnarəni öldürmək qərarına gələrək onu toy evindən 150 metr aralıda yerləşən bələdiyyəyə məxsus bağ sahəsinə aparıb. Elnarənin boğazından tutaraq onu yerə yıxıb və hər iki əli ilə boğmağa başlayıb. Yaranmış mexaniki asfiksiya nəticəsində Elnarə dünyasını dəyişib.

Təqsirləndirilən şəxs qismində dindirilən Ruhid Mehdiyev ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində mərhum Elnarə Əlipaşayeva ilə 2009-cu ilin iyul ayında qeyri-rəsmi ailə qurduğunu və münasibətlərinin normal olduğunu göstərib: "Elnarə ilə münasibətimiz normal idi. İşə düzəlmişdim. İşlədiyim sexdə yaşayış üçün nəzərdə tutulmuş otaqda Elnarə ilə qalırdım.

"Elnarə intihar etmək istəyirdi"

Elnarənin xəstəliyi var idi, tez-tez özündən gedirdi. Bir nəfərin bağında alma yığımında iştirak edən zaman Elnarə dərman içmişdi, intihar etmək istəmişdi. Qohumları Elnarəni xəstəxanaya aparıb müalicə etdirmişdilər.

2009-cu ilin iyul ayının axırlarında Elnarə ilə birgə qayınanamgilin yaşadığı Quba rayonunun Mirzəmmədli kəndinə köçdük. Təxminən 2 ay orada qaldıq. Mən qonşu kəndlərdən birində bağ gözətçisi işləyirdim. Sonradan İkinci Nügədi kəndində Mübariz adlı şəxsin bağında iş tapdım və Elnarə ilə birlikdə ora köçdüm. Təxminən 10 gün Mübarizin təsərrüfatında olan daxmada yaşadıq. Maddi ehtiyacım olduğundan Mübarizin qayınatası Baxışın bağında da işləyirdim. Mübariz başqa şəxslərin bağında işlədiyimə görə əsəbiləşib məni işdən qovdu. İşdən çıxdığıma görə Elnarə yenidən anasıgilə - Mirzəmmədli kəndinə qayıtdı. Mən isə Baxış adlı şəxsin bağında işləməyə davam etdim.

Toy günü və...

Təxminən 12 oktyabr 2009-cu ildə tanışım Rəşid dəvətnamə verərək məni oğlu Asimin toy məclisinə dəvət etdi. Asim Elnarənin bacısı Rəvanə ilə ailə qurmalı olduğundan 15 oktyabr 2009-cu ildə Mirzəmmədli kəndinə getdim. Gecəni orada qaldım. Səhəri günü Elnarənin ailə üzvləri ilə birlikdə "UAZ" markalı avtomaşınla Quba rayonunun Şuduq kəndinə getdik. Təxminən 13 radələrində toy evinə çatdıq. Bizi toy sahibləri - Rəşid, Asimin qardaşı və Rəşidin həyat yoldaşı qarşıladılar. Toy sahibinin dəvəti əsasında mənimlə birlikdə gələnlər "Tərəkəmə" rəqsini oynadılar, sonra isə süfrə arxasında əyləşdik. Bizə kabab, bozbaş və salatlar verdilər, süfrəyə araq gətirdilər. Təkbaşına təxminən 350 qram araq qəbul edib verilən xörəklərdən yedim. Yeməyimi tamamlayıb toyxanaya getdim. Hansısa musiqi sədası altında oynadım. Təxminən 30-40 dəqiqə oynadıqdan sonra oradan çıxdım, başqa qonaqlar üçün oynamağa yer verdim. Sərxoş olduğuma görə sonradan toyxanada oynayıb-oynamamağımı xatırlamıram. Təxminən saat 20-21 radələrində toyxananın kənarında kənd sakinləri ilə birlikdə dayanıb toya baxırdım. Elnarənin toyxanada oturduğunu görüb keçib onun yanında əyləşdim. Bir qədər sonra bəyin əmisi ilə birlikdə oynadım. Toyun sərpayısı məni bayıra çıxarıb az oynamağımı tapşırdı. Ona görə də kənarda durub toya tamaşa etdim. Elnarə yerindən qalxıb Elmarı (Elnarənin oğlunu nəzərdə tutur- red.) mənim yanıma gətirdi, uşağın yatmaq istədiyini deyib, evə aparacağını bildirdi.

"Niyə başqa qadınlara baxırsan?"

Elnarə uşağı evə aparsa da, Elmar yatmadı və onlar yenidən toyxanaya qayıtdılar. Toyxananın kənarında dayanıb məclisə tamaşa edərkən qəflətən Elnarə mənə yaxınlaşıb, "niyə başqa qadına baxırsan?" - dedi. Elnarəyə, "heç kimə baxmıram, gedək o qızın yanına, soruşaq", - dedikdə aramızda mübahisə yarandı. Elnarə mənə, "gedək bağın aşağı tərəfinə, orada danışaq", - deyərək onunla birlikdə getməyi təklif etdi.

"Boğazını iki əlimlə qırtlaq tərəfdən sıxdım ki, dili qatlanmasın"

Elnarəni bağın eniş hissəsinə - aşağı tərəfə apardım. Orada yenidən aramızda mübahisə düşdü. Elnarəyə, "gedək o qadının yanına, soruşaq görək mən ona baxırdımmı?"- desəm də, Elnarə getməkdən imtina etdi. Aramızdakı mübahisə daha da qızışdı. Mübahisə zamanı Elnarənin dili qatlandı və o yerə yıxıldı. Barmağımı onun ağzına salıb dilini çıxarmağa çalışdım. Lakin Elnarə barmağımı dişlədiyi üçün dilini çıxara bilmədim. Ona görə Elnarənin boğazını iki əlimlə qırtlaq tərəfdən sıxdım ki, dili qatlanmasın. Bu zaman Elnarənin xırıltısını eşitdim. Baxdım gördüm ki, ölüb. Bərk qorxdum və oradan birbaş əvvəllər işlədiyim sexə getdim. Sexdə işləyən Ramizə yalandan guya bacanağım Raufun toyda çox içdiyini və onu axtarmaq üçün bura gəldiyimi söylədim. Ramizə və hər hansı bir başqa şəxsə Elnarənin ölməsi barədə məlumat verməmişəm. Sexdə qalmış paltarlarımı geyindim. Orada gizlənmək istədim. Lakin Ramiz buna icazə vermədi. Hadisədən sonra başqa-başqa yerlərdə gizlənmişəm. Nəhayət, oktyabr ayının 30-da polis əməkdaşları tərəfindən yaxalandım.

"Onu öldürmək məqsədi ilə boğazını sıxmamışam"

Elnarənin meyiti aşkar olunduqda koftası üzərinə atılmışdı, ayaqqabıları isə meyitin yanında olmuşdu. Ayaqqabıları Elnarə yıxılanda ayağından çıxmışdı, koftası isə əynində idi. Mən Elnarənin koftasını çıxarıb üstünə atmamışam. İbtidai istintaq zamanı Elnarəni öldürmək məqsədilə 5 dəqiqə onun boğazını əllərimlə sıxdığımı göstərmişəm. Düzdür, mən Elnarənin boğazını iki əlimlə təxminən 2 dəqiqə sıxmışam. Amma onu öldürmək məqsədi ilə deyil, qatlanmış dilini çıxarmaq üçün etmişəm. Elnarənin meyitini sürüyüb hasardan dərəyə tərəf atmamışam. Elnarə harda yıxılmışdısa, orda da qalıb".

"Qızım Elnarəni Ruhid boğub öldürüb"

Zərərçəkmiş şəxs qismində dindirilən Ağca Əlipaşayeva ifadəsində Ruhid Mehdiyevin onun qızı Elnarə ilə bir il əvvəl ailə həyatı qurduğunu göstərib: "Qızım sakit təbiətli, hamı ilə mehriban davranan, kiminləsə düşmənçiliyi, ədavəti və ya mübahisəsi olmayan bir insan olub. Ruhid isə həddindən artıq spirtli içkilərə meylli idi. Elə toyda da deyilənlərə görə, Ruhid sərxoş olaraq özünü idarə edə bilməyib. Qızımla mübahisəsi də buna görə düşüb. Qızımın toydan sonra öldürülməsini sonradan bilmişəm. Mən özüm toyda iştirak etməmişəm. Uşaqlarımdan eşitmişəm ki, Elnarəni Ruhid boğub öldürüb".

"Ruhid toyxanada oynayanlara imkan vermirdi"

Şahid qismində dindirilən Kamil Əlipaşayev ifadəsində bacısı Elnarənin sakit təbiətli və hamı ilə mehriban davranan şəxs olduğunu göstərib: "Mən öz ailəmdən uzun müddət ayrı yaşadığım üçün Elnarənin hər hansı xəstəliyi barədə xəbərim olmayıb. Bu haqda heç bir şey deyə bilmərəm. Təxminən bir il öncə Elnarə Quba rayonunun İkinci Nügədi kəndində yaşayan Ruhid ilə tanış olub və onlar birlikdə ər-arvad kimi yaşayıblar. Bacım Rəvanə Quba rayonunun Şuduq kənd sakini Asim Ömərova nişanlı idi. 16 oktyabr 2009-cu ildə Asimin oğlan toyu olduğundan biz tərəfin adamları, yəni həyat yoldaşım Xəyalə, bacım Mirvari ilə həyat yoldaşı Rauf, bacım Naibə, bacım Elnarə ilə həyat yoldaşı Ruhid, kiçik qardaşı Fəqail və Elnarə ilə Naibənin iki azyaşlı övladları ilə birlikdə toy məclisində iştirak etmək üçün həmin kəndə getdik. Ruhid toy məclisində yemək yeyilən vaxtdan spirtli içkilər qəbul etməyə başladı. Ruhid təxminən 350-400 qram araq qəbul etmişdi. Toyxanada qonaqlar oynamağa başladığı vaxtda Ruhid ora gəlib qonaqlara oynamağa imkan verməyib özü tək oynayırdı. Sərxoş olduğuna görə onunla heç kim oynamırdı. Ruhidin qolundan tutub onu toyxanadan sakit tərzdə çıxarmaq istədim, lakin Ruhid toyxanadan çıxmaq istəməyib, 2 saata yaxın ortada oynadı. Təxminən 19-20 radələrində onu toyxanadan kənara çıxartdım. Ruhid yenidən oynamaq istədiyindən ondan xanımların oynamasına imkan verməsini xahiş edib kənd əhalisinin bizə baxdığını söylədim.

Təxminən saat 22 radələrinə qədər Ruhid bizim yanımızda dayanıb oynayanlara baxdı. Sonra isə Elnarənin yanında oturdu. Həmin vaxt Elnarə ilə Ruhidin arasında mübahisə baş verdi. Elnarə Ruhiddən yüngüllük etməməyi, oynayanlara imkan verməsini xahiş edirdi. Buna görə Ruhid Elnarənin üstünə qışqırıb oynamasını niyə ona irad tutduqlarını söylədi. Sərxoş vəziyyətdə əlini atıb Elnarənin boynunu qucaqlamaq istədi, lakin Elnarə ətrafda qadınlar olduğunu, belə hərəkətlərə yol verməməsini, qadınların arasında oturmamağı, kişilərin olduğu yerə getməyi məsləhət görsə də, Ruhid getmədi.

"Qudamız zəng vurub Elnarənin meyitinin tapıldığını dedi"

Elnarənin uşağı yatdığına görə o, Ruhiddən onunla birlikdə aparıb uşağı Rəşidgilin evində yatızdırmağı xahiş etdi. Onlar gedəndən təxminən 15-20 dəqiqə sonra toy tamamlandı və qonaqlar dağılışmağa başladılar. Toyxanadan çıxanda Ruhid ilə bacımı görmədim. Qonaqlarla sağollaşıb evimizə qayıtmaq istədim. Lakin qudamız Rəşid icazə verməyib onlarda qalmağımı xahiş etdi. Yorğun olduğuma görə onların evinə keçib yatmaq istədikdə, Elnarənin 4 yaşlı oğlu Elmarın yataq otağında döşəyin üzərində yatdığını gördüm, narahat olub Elnarəgilin harada olması ilə maraqlandım. Onu axtarsam da, tapa bilmədim. Elnarə ilə Ruhidin evə qayıtdıqlarını fikirləşib arxayınlaşdım. Quba şəhərinə qayıtdıqdan sonra anamdan Elnarənin gəlib-gəlməməyi ilə maraqlandım. Lakin anam Elnarənin həyat yoldaşı ilə birlikdə hələ gəlmədiyini dedi. Həmin günü saat 22 radələrində Şuduq kəndindən qudamız Rəşid zəng vurub Elnarənin meyitinin tapıldığını bildirdi".

"Bacım Ruhidə ərə gedəndən sonra daim qorxu içərisində yaşayırdı"

Şahid qismində dindirilən Naibə Əlipaşayeva ifadəsində bacısının Ruhid tərəfindən tez-tez döyüldüyünü göstərib: "Evlənəndən sonra Ruhid Elnarə ilə yola getmirdi, həddindən artıq çox içir, bacımı döyürdü. Elə toy günü də Ruhid çox içmişdi, rəqs edən adamlara maneçilik törədirdi. Elnarə bu səbəbdən Ruhid ilə mübahisə etdi. Sonra gördüm ki, hər ikisi yoxa çıxıblar. Elə bildik ki, ikisi də Qubaya gediblər. Sabahısı gün evimizə xəbər gəldi ki, Elnarəni Şuduq kəndində öldürüb atıblar. Bacım Ruhidə ərə gedəndən sonra qorxu içində yaşayıb, ona görə də xəstələnmişdi. Yoldaşı onu heç həkimə də aparmırdı".

QEYD: Məhkəmənin hökmü ilə Ruhid Mehdiyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Son söz əvəzi:

Spirtli içki bir bataqlıqdır. Bu bataqlıqda milyonlarla insan boğulub ölüb. Odur ki, həyat yolunda atdığınız hər addıma diqqət edin ki, bataqlığa düşməyəsiniz...

İnarə Rafiqqızı

O.M.