Bacısına sataşmaq istəyəni bıçaqladı

Bacısına sataşmaq istəyəni bıçaqladı

3 Avqust 2011 13:44
Bəyəndim (0) Bəyənmədim (0)
Öldürmək istədiyi şəxsin qalın paltarları onun arzusunu ürəyində qoydu

Məhkəmə

Bakı Ağır Cinayətlər Məhkəməsində 1970-ci il təvəllüdlü Rauf Bədəlovun məhkəmə prosesi keçirilib. Bu şəxs bacısının qonşusu Elsevər Muradovu öldürməyə cəhddə təqsirləndirilib.

Məhkəmə materiallarından aydın olur ki, Rauf Bədəlov bir neçə il əvvəl vətəndə özünə münasib iş tapa bilmədiyindən qaynı Hüseyn Məcidova qoşularaq Rusiyanın Moskva şəhərinə üz tutub. Burada həmyerliləri ilə bərabər alverlə məşğul olmağa başlayıb. İlk vaxtlar çətinlik çəksə də, getdikcə hər şey öz qaydasına düşüb. Lakin günlərin bir günü bacısı Xanımın (Hüseyn Məcidovun arvadı - red) başına gələn bir hadisə onu yaşadığı kəndə qayıtmaq məcburiyyəti qarşısında qoyub. Elə Rauf Bədəlovun müttəhimlər kürsüsündə əyləşməsi də həmin hadisənin davamıdır.

"Hənirti gəldiyini hiss etdim"

Belə ki, isti avqust gecələrinin birində Xanım azyaşlı uşaqları ilə birlikdə yatarkən qonşuluqda yaşayan Elsevər adlı şəxs sərxoş vəziyyətdə onun yatağına soxulub. Xanım məhkəmədə verdiyi ifadəsində göstərib ki, sərxoş qonşusunun məqsədi onu zorlamaq olub: "Gecədən xeyli keçmişdi. Ətraf zülmət içərisində olduğundan göz-gözü görmürdü. Mən isti olduğu üçün həmişəki kimi uşaqlarla həyətdə yataq düzəldib yatmışdım. Taqqıltı səsi eşidib yuxudan ayıldım. Ancaq ətrafda heç kəs gözümə dəymədi, ona görə də gözümü yumdum. Bu vaxt hənirti hiss elədim. Gözümü açanda gördüm ki, qonşu Elsevər yatağıma girir. O, məndən yapışıb mənimlə cinsi əlaqədə olmaq istəsə də, müqavimət göstərdim, qışqırıb uşaqları yuxudan ayıltdım. Güc-bəla ilə Elsevərin əlindən çıxıb yataqdan durdum və həyətdən çıxıb özümü qonşunun evinə saldım. Qonşunu ayıldıb baş vermiş hadisəni onlara danışdım, dedim ki, uşaqlardan nigaranam. Bir azdan uşaqlar da dalımca gəldilər, dedilər ki, Elsevər qaçıb gedib.

"Tezliklə bilet alıb ərimin yanına getdim"

Mən gecə evə qayıtmağa qorxub uşaqlarla birlikdə qonşuda qaldım. Səhəri gün Moskvada qardaşım Raufla birlikdə işləyən ərimə zəng vurub hadisə barədə ona məlumat verdim. Tezliklə bilet alıb uşaqları da götürüb Moskvaya ərimin yanına getdim. Elsevərin hərəkətləri barədə ərimə ətraflı danışdım. Bu söhbət qardaşımın da qulağına çatdı. Rauf qəzəbləndi, bildirdi ki, rayona qayıdan kimi Elsevərdən qisas alacaq. Mən qardaşımın əlindən xata çıxacağından ehtiyat etdiyim üçün onun rayona qayıtmasını istəmirdim. Amma bir müddət keçdikdən sonra Rauf anam üçün darıxdığını deyərək bir neçə günlüyə rayona qayıtdı. Ondan bir az sonra mən də uşaqları götürüb rayona gəldim. Elə hadisələr də bundan sonra baş verdi".

"Elsevəri cəzalandırmaq üçün məqam gəzirdim"

Bu arada Rauf Elsevəri öldürmək üçün bir neçə dəfə plan qursa da, hər dəfə Elsevərin yanında ikinci adamın olması onun planını alt-üst edirdi. Təqsirləndirilən şəxsin ifadəsindən: "Martın 6-da günorta həyətdə dəyənək hazırladım. Axşamçağı dəyənəyi gödəkcəmin qoluna keçirib birbaş Elsevərgilin həyətinə gəldim. Ancaq Elsevəri nə evdə, nə də həyətdə tapa bildim. Kəndin arasında Elsevəri axtarmağa başladım. Kəndin mərkəzində yerləşən mağazanın yanına çatan vaxt uzaqdan Elsevərin səsini eşidib bir kənarda gizləndim. Elsevər dostu Akiflə söhbət edə-edə gəlib mən gizlənən yerə çatan vaxt gizləndiyim yerdən çıxıb dəyənəklə Elsevərin başına zərbələr vurdum. Bununla ürəyim soyumadı, cibimdəki bıçağı çıxarıb ona bıçaqla zərbələr vurdum. Həyəcanlı olduğumdan neçə bıçaq zərbəsi vurduğum yadımda qalmayıb. Akif bizi birtəhər ayırdı, Elsevər qaçıb su arxına girdi, sonra arxdan çıxıb asfalt yola çıxmağa çalışdı. Ancaq paltarları, ayaqqabıları islandığı üçün palçığa batıb qaldı. Ayaqqabılarını çıxarıb qaçmaq istəyəndə mən ona çatıb kürəyinə daha bir neçə zərbə vurdum. Yerə yıxılıb hərəkətsiz vəziyyətdə qaldı.

"Daha başınızı dik tuta bilərsiniz"

Onun öldüyünü fikirləşib evə qayıtdım. Baş vermiş hadisə barədə evdəkilərə danışdım, sonra keçib əl-üzümü yudum. Evdəkilərlə vidalaşdım, bacıma bildirdim ki, "daha başınızı dik tuta bilərsiniz, qisasını aldım". Evdən çıxıb birbaşa polis şöbəsinə gəldim və könüllü təslim oldum. Ancaq təəssüf, sabahı gün eşitdim ki, Elsevər sağ qalıb".

"Bu şayiələrin heç bir əsası olmayıb"

Zərərçəkmiş şəxs qismində dindirilən Elsevər Muradovun ifadəsindən isə bəlli olub ki, sağ qalmasına səbəb hadisənin qış fəslinə təsadüf etməsi olub. Belə ki, bıçaq zərbələrinin onun bədəninə dərin işləməməsinə səbəb əynindəki qalın geyimləri olub: "Raufun məndən əl çəkmədiyini görüb özümü yerə yıxdım və hərəkətsiz qaldım ki, elə bilsin ölmüşəm, məndən əl çəksin. O, gedəndən sonra var gücümü toplayıb ayağa qalxdım. Bu vaxt dostum Akif haray salıb camaatı köməyə çağırdı. Mən onların köməkliyi ilə xəstəxanaya götürüldüm. Sağ qalmağımın səbəbi əynimdəki qalın buşlat, onun altından geyindim qalın paltarlar olub. Yoxsa çətin ki, o qədər bıçaq zərbəsindən sağ çıxaydım".

Zərərçəkmiş şəxs həmçinin Raufun şayiələrə uyduğunu və baş verməmiş bir hadisə üstündə münasibətləri bu dərəcəyə çatdırdığını bildirib: "Mən heç vaxt Xanımın evinə gəlməmişəm. Bu barədə boş söz-söhbətlər yayılıb. Ancaq bu şayiələrin heç bir əsası olmayıb. Xanım uzun müddət idi ki, Moskvada yaşayan ərinin yanına getmək istəyirdi, əri də buna razı olmurdu. Axırda Xanım belə bir varianta əl atdı".

QEYD: Məhkəmə işin bütün hallarını araşdırandan sonra Rauf Bədəlovu 9 il müddətinə azadlıqdan məhrum edib.

Son söz əvəzi:

Biz kimin haqlı, kimin haqsız olduğunu bilmirik. Bildiyimiz bir məsələ var. Kişi harada, qadın da onun yanında olmalıdır. Əks halda bu cür xoşagəlməz hadisələrin baş verməsi labüddür.

İnarə Rafiqqızı

O.M