Şabranlı ata doğma qızının başını kəsdi

Şabranlı ata doğma qızının başını kəsdi

2 Avqust 2011 10:47
Bəyəndim (0) Bəyənmədim (0)
Qızın fahişəlik etdiyi ehtimal olunur

Məhkəmə

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan 1962-ci il təvəllüdlü Sərdarov Qurban Məhərrəm oğlunun məhkəmə istintaqı yekunlaşıb. O, doğma qızını qətlə yetirməkdə təqsirli bilinib.

Məhkəmə yolu ilə müəyyən edilib ki, Qurban Sərdarov qızı Pərvin Sərdarovanın yüngül həyat tərzi keçirdiyini öyrənərək onu öldürmək qərarına gəlib. Bu məqsədlə 17 fevral 2010-cu ildə saat 13:00 radələrində qızı Pərvini ata evləri olan Şabran şəhəri H.Əliyev prospekti 10 nömrəli evə aparıb. Orada Pərvin Sərdarova ilə aralarında yaranmış mübahisə zamanı ona çoxsaylı bıçaq zərbələri endirib. Bununla ürəyi soyumayan ata aldığı xəsarətlərdən yerə yıxılan qızının başını kəsib. Sonra isə polis şöbəsinə gedərək könüllü təslim olub.

"Qızımın fahişəliklə məşğul olduğunu eşitdim"

Təqsirləndirilən şəxs qismində dindirilən Qurban Sərdarov ona elan olunmuş ittihamla özünü təqsirli bilib: "1997-ci ildə Ukrayna Respublikasına getmişdim. 2009-cu ilin noyabr ayında Azərbaycana qayıtdım. Əvvəl Bakı şəhərində yaşadım. 2010-cu ilin yanvar ayının sonlarında doğulduğum Şabran şəhərinə bacım Məlahətin evinə getdim. Şabran şəhərində olarkən qızım Pərvinin fahişəliklə məşğul olmasını bildim. 16 fevral 2010-cu ildə qızımla görüşərək onunla söhbət edərkən nə üçün əxlaqsızlıq etdiyini soruşdum.

"Onu öldürüb namusumu təmizləmək qərarına gəldim"

Pərvin mənə əcəb edib fahişəlik etdiyini bildirərək ağır, nalayiq sözlər dedi. Bundan sonra qızımı öldürüb namusumu təmizləmək qərarına gəldim. Bu məqsədlə də kiçik qızım Ayselin onu görmək istəməsi adı ilə Pərvini aldadıb 17 fevral 2010-cu ildə saat təxminən 13 radələrində Şabran şəhəri H.Əliyev prospektində yerləşən 10 nömrəli ata evimizə apardım. Orada ona bıçaqla çoxsaylı zərbələr vurdum. Başını kəsib öldürdüm. Sonra isə özüm rayon prokurorluğuna gedərək törətdiyim hadisə barədə məlumat verdim. Hazırda da əməlimdən peşman deyiləm".

"Biz qohumlarımızın himayəsində yaşamışıq"

Zərərçəkmiş şəxs qismində dindirilən Pərvanə Sərdarova ifadəsində uşaq vaxtlarından atasının onları atıb getdiyini göstərib: "Uşaq vaxtımızdan atam bizi atıb Ukrayna Respublikasına getmişdi. Bizimlə əlaqəsini tamamilə kəsmişdi. Biz qohumlarımızın himayəsində yaşamışıq. Mən ailə həyatı qurandan sonra özümdən kiçik bacılarımı, o cümlədən də kiçik bacım Pərvini bibim Məlahət saxlayırdı. Bacım Pərvinin nə işlə məşğul olması barədə əvvəllər mənim məlumatım olmayıb.

"Atam dedi ki, mənim Pərvin adlı qızım yoxdur"

Son vaxtlar isə Pərvinin özünü yaxşı aparmadığını eşitmişdim. 2010-cu ilin yanvar ayının sonlarında atam Qurban Şabran şəhərinə, mənim evimə gəlib bacım Pərvindən şikayətləndi. Daha onun Pərvin adlı qızı olmadığını, onu qızı kimi qəbul etmədiyini dedi. 17 fevral 2010-cu ildə axşamüstü atam Qurbanın bacım Pərvinin əxlaqsızlıq etməsini öyrənib onu baba evimizə apararaq orada bıçaqla öldürdüyünü eşitdim. Atama qarşı heç bir iddiam və şikayətim yoxdur".

"Qardaşıma yalandan dedim ki, qızın ərə gedib"

Mərhumun bibisi Məlahət Hüseynova ifadəsində qardaşı qızı Pərvinin fahişəliklə məşğul olmasını göstərib: "Eşitmişdik ki, Pərvin əxlaqsızlıqla məşğul olur. Ona görə də qohumlarımızdan heç kim onunla maraqlanmırdı. Qardaşım Qurban Ukraynada yaşayırdı. Qurban Azərbaycana qayıdandan sonra 2010-cu ilin yanvar ayının sonlarında Şabran şəhərinə, mənim evimə gələrkən qızı Pərvini soruşdu. Ona yalandan Pərvinin başqa kəndə ərə getdiyini dedim. Lakin qardaşım mənə qızının nə işlə məşğul olduğunu eşidib bildiyini və Pərvinə görə rayonda biabır olduğunu söylədi.

"Əgər deyilənlər düz olsa, qızımı öldürəcəyəm"

Pərvin haqqında deyilənlərin düz olduğunu bilsəm də, qardaşımı sakitləşdirmək üçün ona bəlkə qızı haqqında deyilənlərin yalan olduğunu deyərək dəqiqləşdirməyi təklif etdim. Qurban mənə hər şeyi öyrənəcəyini, əgər deyilənlər düz olsa, onda qızı Pərvini öldürəcəyini dedi. 16 fevral 2010-cu ildə səhər saat 09 radələrində Qurban Şabran şəhərində yerləşən ata evimizə baş çəkəcəyini deyib evdən çıxdı. Həmin gün təxminən saat 20 radələrində evə gələrək Pərvini tapıb onunla söhbət etdiyini, söhbət zamanı Pərvinin ona pis cavablar verərək öz əxlaqsız hərəkətlərinə haqq qazandırdığını danışdı. Pərvin bir də əlinə keçsə, onu öldürəcəyini dedi. Yenə də qardaşıma təmkinli olmağı məsləhət gördüm. Ertəsi gün səhər tezdən Qurban yenidən ata evimizə gedəcəyini dedi. Həmin gün günorta vaxtı isə qardaşımın ata evimizin həyətində qızı Pərvini bıçaqla öldürdüyünü, başını kəsdiyini eşitdim".

"Qışqırıq səsi eşidib dayandım"

Şahid qismində dindirilən Seymur Kazımovun ifadəsindən:

- Fevral ayının 17-si idi. Saat təxminən 12 radələri olardı. Yaşadığım evə gedərkən mərhum Pərvin Sərdarovanın Şabran şəhərində yerləşən babası evinin yanından keçəndə həmin evin həyətindən ucadan qadın qışqırtı səsi eşidib dayandım. Bir az keçmiş tanımadığım balacaboy, təxminən 46-48 yaşlı bir kişinin rəngi ağarmış vəziyyətdə həmin evin həyətindən küçəyə çıxıb avtomobil yoluna tərəf getdiyini gördüm. Sonradan həmin kişinin Pərvinin atası Qurban olduğunu bilmişəm. Qurban evdən aralanan kimi evin həyətinə girdim. Pərvinin arxası üstə yerdə uzanıqlı vəziyyətdə, boğazının kəsilmiş, paltarlarının isə qanlı olduğunu görüb dərhal təcili-tibbi yardıma və Şabran Rayon Polis Şöbəsinə zəng vurub məlumat verdim. Həmin vaxt evdə heç kim yox idi".

"Qurban dedi ki, qızımın başını kəsmişəm"

Taksi sürücüsü işləyən Əfqan Abbasov ifadəsində avtomaşınla Şabran rayon Mərkəzi Xəstəxanasının qarşısında dayanarkən həmyerlisi Qurban Sərdarovun onun avtomaşınına əyləşərək prokurorluğa aparmasını xahiş etdiyini göstərib: "Qurbandan prokurorluğa getməsinin səbəbini soruşduqda, o, qızı Pərvinin fahişəlik etdiyinə görə başını kəsib öldürdüyünü bildirdi. Maşınla Qurbanı Şabran rayon prokurorluğunun yanına apardım. Orada Qurban mənə meyitin öz ata evlərinin həyətində olduğunu dedi və maşından düşüb prokurorluğa getdi".

"Pərvin bizim evdə kirayə qalırdı"

Şahid qismində dindirilən Nurlan Adıgözəlov ifadəsində mərhum Pərvin Sərdarovanın onların Şabran şəhərindəki evlərində kirayədə qaldığını göstərib: "Səhər saat 11 radələrində Pərvin atasının onu gözlədiyini, atası ilə Şabran şəhərində olan babası evinə gedəcəklərini deyib evdən çıxdı. Həmin gün günorta saatlarında Qurbanın qızı Pərvini Şabran şəhərində yerləşən öz ata evlərində başını kəsib öldürdüyünü eşitdim".

"Həmin qızın meyitinin həyətdə olduğunu gördüm"

Şahid qismində dindirilən Təhminə Nəsirova ifadəsində Qurban Sərdarovun ata evlərində kirayə yaşadığını göstərib: "Saat 11 olardı. İynə vurdurmaq üçün getmişdim. Dəvəçi rayon Mərkəzi Xəstəxanasının yanında Qurban Sərdarovun dolu bədənli, tanımadığım bir qızla bizim kirayədə yaşadığımız evin küçəsinə tərəf getdiklərini gördüm. Təxminən 30-40 dəqiqə sonra iynə vurdurub qayıtdım. Qonşuların bizim yaşadığımız evin küçə qapısına yığışdığını və bir az əvvəl Qurbanla birlikdə gələn qızın meyitinin həyətdə olduğunu gördüm. Sonradan həmin qızın Qurbanın qızı Pərvin olduğunu və onu atası Qurbanın öldürdüyünü eşitdim".

QEYD: Məhkəmənin hökmü ilə Qurban Sərdarov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Son söz əvəzi:

Namus qoxusu, rəngi, dadı olmayan bir varlıqdır. Onu ancaq namusu olanlar hiss edir, bilir. Digərləri üçünsə o, qısqanclıq və ya cinayət səbəbindən başqa bir şey deyil.

İnarə Rafiqqızı

O.M.