Dost qatilinə hökm oxunub

Dost qatilinə hökm oxunub

26 Avqust 2015 17:10
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Hafiz Səmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Məhkəmənin hökmü ilə H. Səmədov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Şəhər Prokurorluğunun hadisə ilə bağlı yaydığı məlumata görə, ötən il dekabrın 16-da Ramana qəsəbəsində həyətyanı sahədə yerə basdırılmış soyuducuda üzərində zorakılıq əlamətləri olan 1988-ci il təvəllüdlü Seyidov Əli Səfər oğlunun meyiti aşkar edilib. Rayon Prokurorluğu və rayon Polis İdarəsi əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb. Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin edilib. Dekabrın 17-də əvvəllər məhkum olunmuş, 1981-ci il təvəllüdlü Səmədov Hafiz Feruz oğlu Sabunçu Rayon Polis İdarəsinə könüllü gələrək Ə.Seyidovu öldürdüyünü etiraf edib və o, şübhəli şəxs qismində tutulub. İstintaqla müəyyən edilib ki, 10 dekabr 2014-cü il tarixdə H.Səmədov tanışı Ə.Seyidovla Ramana qəsəbəsində kirayədə yaşadığı yeni tikilidə birlikdə narkotik vasitə qəbul edərkən şəxsi münasibətlər zəminində aralarında mübahisə yaranıb. Mübahisə zamanı H.Səmədov Ə.Seyidovun baş nahiyəsinə dəmir boru ilə sifət və boyun nahiyələrinə xəsarət yetirərək qəsdən öldürüb, sonra isə onun başına sellofan torba keçirib boyun və ayaqlarını yapışdırıcı lentlə bağlayıb meyiti evdə olan soyuducunun içərisinə yerləşdirərək, "QAZel" markalı avtomobillə qonşuluqda yeni kirayə tutduğu evin həyətyanı sahəsində basdırıb.

Mediainfo.az