Ağdaş sakini atasını öldürən şəxsi öldürdü

Ağdaş sakini atasını öldürən şəxsi öldürdü

7 İyul 2011 20:31
1 964
Bəyəndim (0) Bəyənmədim (0)
13 ildən sonra alovlanan qan davası

"Əli ayaqqabısının ipini kəsmək adı ilə məndən aldığı bıçaqla atamı qətlə yetirmişdi. Atam mənim Əliyə verdiyim bıçaqla öldürüldüyü üçün onun ölümü hamıdan çox mənə pis təsir etmişdi. Ona görə də qərara almışdım ki, atamın qisasını gec-tez ondan alım. Lakin Əli uzun illər həbsxanada olduğundan ondan qisas almağım mümkün olmamışdı"..

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Ağdaş şəhər sakini Samir Ələkbərovun məhkəməsi başa çatıb.

Məhkəmə yolu ilə müəyyən edilib ki, Samir Ələkbərov 2008-ci ilin iyun ayının 10-da saat 19:00 radələrində özünə məxsus, taksi kimi istifadə etdiyi VAZ 2107 markalı avtomobillə Ağdaş şəhərində yerləşən "Samirə" şadlıq sarayının qarşısına gəlib və burada müştəri gözləməyə başlayıb. Bu vaxt o, şadlıq sarayının foyesində siqaret çəkən şəxslərdən birini - Əli Məmmədovu tanıyıb. Belə ki, bu şəxs 1995-ci ildə Samirin atası Rafael Ələkbərovu qəsdən öldürdüyünə görə azadlıqdan məhrum edilib, bir qədər əvvəl isə həbsdən buraxılıbmış. Samir atasının qisasını almaq fikrinə düşüb və evlərinə gələrək atasının ölümündən təxminən 3 ay sonra evlərinin həyətində yerləşən qaraja qoyulmuş avtomaşının soyuducusundan tapdığı 1918-ci il istehsalı olan "Naqan" tipli revolveri gizlətdiyi saxlanc yerindən götürərək şadlıq sarayının qarşısına qayıdıb. Əli Məmmədovu öldürmək üçün əlverişli məqam gözləyib. Lakin ətrafında çoxlu adamlar olduğundan atəş açmağın təhlükəli olmasını, Əli Məmmədovu öldürmək üçün münasib şərait olmadığını başa düşərək toy məclisi başa çatana kimi, yəni saat 21:15 dəqiqəyə qədər orada dayanıb. Toy məclisi qurtardıqdan sonra Əli Məmmədovun VAZ-2106 markalı taksi avtomaşınına oturub getdiyini gördükdə həmin avtomaşının arxası ilə Ağdaş şəhəri Yusif Nəbiyev küçəsi 2-ci dalandakı 8 saylı evin qarşısına gəlib. Əli Məmmədov maşından düşüb həyət qapısını açmaq istəyəndə ona yaxınlaşıb və təxminən 2 metr məsafədən onun başına atəş açıb. Güllə yarası alan Əli Məmmədov yerə yıxılandan sonra Samir revolveri ona tuşlayaraq daha 6 atəş açmaqla sonuncunu qətlə yetirib.

"Əli Məmmədov atamla dost olub"

Təqsirləndirilən şəxs qismində dindirilən Samir Ələkbərov ona elan olunmuş ittihamla özünü təqsirli bilib:

- Əli Məmmədov atamla dost olub və evimizdə rəngsazlıq işləri görüb. Bu səbəbdən də tez-tez bizim evimizə və atama məxsus maldarlıq fermasına gəlib-gedirdi. 1995-ci ilin qış aylarında mən fermada tək olarkən Əli fermaya gəldi və atamı soruşdu. Atamın bir azdan gələcəyini dedikdə məndən ayaqqabısının ipini kəsmək üçün bıçaq istədi. Mən də fermada olan mətbəx bıçağını ona verdim. O, ayaqqabısının ipini kəssə də, bıçağı geri qaytarmadı. Bir azdan atam fermaya gəldi. Atam, Əli və mən bir az ordan-burdan söhbət etdik, həmin gecə Əli bizimlə fermada qaldı. Səhər yuxudan ayılanda nə atamı, nə də Əlini yerlərində tapmadım. Həmin gün günorta saatlarında atamın meyiti çoxsaylı bıçaq yarası ilə kanalın qırağından, atama məxsus maşın isə Şəki rayonunun kəndlərinin birindən tapıldı. Sonradan məlum oldu ki, Əli ayaqqabısının ipini kəsmək adı ilə məndən aldığı bıçaqla atamı qətlə yetirib. Atam mənim Əliyə verdiyim bıçaqla öldürüldüyü üçün onun ölümü hamıdan çox mənə pis təsir etmişdi. Ona görə də qərara almışdım ki, atamın qisasını gec-tez ondan alım. Əli uzun illər həbsxanada olduğundan ondan qisas almağım mümkün olmamışdı. İyulun 10-da taksi kimi istifadə etdiyim şəxsi maşınımla "Samirə" şadlıq sarayının qarşısına gəlib müştəri gözləyərkən təsadüfən Əlini həmin sarayın foyesində dayanıb siqaret çəkən gördüm. Maşını kənara çəkib saxladım ki, Əli məni görüb şübhələnməsin. Sonra qərara aldım ki, Əlini elə atamın öz silahı ilə öldürüm. Atam öləndən bir neçə ay sonra qarajda yır-yığış edərkən oradan güllələri ilə birlikdə 1918-ci il istehsalı olan bir revolver tapmışdım. Həmin vaxtdan özümə söz vermişdim ki, atamın qisasını həmin silahla alacağam. Silahı elə qarajda gizlətmişdim. Evə qayıdıb qaraja girdim. Revolveri götürüb şalvarımın belinə keçirtdim və şadlıq sarayının qabağına qayıtdım. Maşında oturub Əlini izləməyə başladım. O, tez-tez zaldan foyeyə çıxırdı və şadlıq sarayı şüşəli olduğundan mən onu aydın görürdüm. Ancaq güllə atmağa ürək eləmirdim ki, birdən başqasına dəyər. Çünki Əlinin ətrafında çoxlu adamlar vardı. Təxminən saat 21:00 radələrində toy mərasimi başa çatdı, Əli saraydan çıxaraq sarı rəngli VAZ 2106 markalı avtomobilə əyləşdi və bəylə-gəlini aparan avtomobilin arxası ilə yola düşdü. Mən də maşını onu aparan maşının dalınca sürməyə başladım. Gəlin aparan avtomobillərin arxası ilə oğlan evinə gedən avtomobillərin sırasında 4-cü yerdə gedirdim. Gəlini aparan avtomobil Ağdaş şəhəri Nəbiyev küçəsinə daxil olaraq həmin küçədə yerləşən həyətlərin birinin qarşısında dayananda başa düşdüm ki, həmin həyət oğlan evinin həyətidir. Əlinin mindiyi avtomobil dayanandan sonra mən dərhal öz maşınımdan düşdüm, Əli həyətin darvazasına yaxınlaşanda hələ camaat maşınlardan düşməmişdi. Mən revolveri çıxarıb Əliyə tərəf tuşladım. Əli geri çevrilib məni görəndə sağa-sola qaçmağa başladı. Mən onu darvazanın sol küncünə sıxaraq təxminən 2 metr məsafədən baş nahiyəsinə bir dəfə atəş açdım. Birinci atəşdən sonra Əli darvazanın qarşısında yerə yıxıldı, mən isə ona bir qədər də yaxınlaşaraq təxminən 1 metr məsafədən əlavə 6 dəfə atəş açdım. Güllələrin qurtardığını başa düşəndən sonra hadisə yerindən qaçdım. Yalnız bundan sonra arxamca qışqırmağa başladılar ki, tutun onu. Ancaq mən qaçaraq Ağdaş rayon polis şöbəsinə gəldim və könüllü olaraq törətdiyim cinayət barədə xəbər verdim, silahı da təqdim etdim.

"Nəvəmi qucağıma alıb maşından düşməyə hazırlaşarkən atəş səsi eşitdim"

Zərərçəkmiş şəxs qismində dindirilən İntizar Məmmədova ifadəsində deyib:

- Əli Məmmədov mənim doğma oğlum olub. İyulun 10-da oğlanlarım Əli, Ramin və gəlinim Elnurə yaxın qohumumuz Ziya Əliyevin "Samirə" şadlıq sarayında keçirilən toy mərasiminə gediblər. Təxminən saat 21:15 radələrində toy mərasimi başa çatandan sonra yaxın qohum kimi oğlan evinə getmək qərarına gəldik. Oğlanlarım və gəlinimlə birlikdə taksiyə əyləşərək oğlan evinə yollandıq. Bəyin evinin həyət darvazasına çatanda oğlum Əli maşından düşdü. Mən də nəvəmi qucağıma alıb maşından düşməyə hazırlaşarkən atəş səsləri eşitdim. Səs gələn istiqamətdə baxdıqda Əlinin yerə yıxıldığını gördüm. Əli qohumlarımın köməkliyi ilə Ağdaş Mərkəzi Xəstəxanasına götürülsə də, onun həyatını xilas etmək mümkün olmadı. Elə həmin gün məlum oldu ki, Əlini öldürən oğlan Əlinin keçmiş dostu Rəfailin oğlu Samirdir. Əli 1995-ci ildə Rəfaili öldürmüşdü və həbsə alınmışdı. 2007-ci ilin yanvar ayında azadlığa buraxılmışdı. Samir həmin gün polis şöbəsinə gedərək atasının qisasını aldığını və cəza çəkməyə hazır olduğunu deyib.

"Atamın ölümünü Samir daha ağır keçirib"

Şahid qismində dindirilən Seymur Ələkbərov ifadəsində göstərib ki, atası Rafael 1995-ci ildə həmyerlisi Əli Məmmədov tərəfindən öldürülüb. Atasının ölümünü Samir daha ağır keçirib. Çünki atası Samirin Əliyə verdiyi bıçaqla öldürülüb. Ancaq ötən illər ərzində Samir Əlidən qisas alacağı barədə bircə dəfə də olsun söhbət açmayıb. Atasından qalmış revolver barədə də evdə heç kəsdə məlumat olmayıb: "Hələ atam sağ olarkən bilirdik ki, atamın silahı var və o, fermada tək qalanda həmin silahı özü ilə götürürdü ki, mərdimazardan qorunsun. Atam öləndən sonra silahı tapa bilmədik və fikirləşdik ki, yəqin Əli atamı öldürəndən sonra silahı ələ keçirib. Samirin Əlini öldürməsi xəbərini alan kimi Ağdaş rayon polis şöbəsinə getdim, orada mənə qardaşımın doğurdan da Əlini öldürdüyünü və könüllü olaraq rayon polis şöbəsinə gəldiyini bildirdilər. Samirin Əlini atamdan qalma silahla öldürdüyünü eşidəndə isə təəccübləndim, başa düşdüm ki, uzun illər ərzində Samir silahı bizdən gizlədib".

QEYD: Məhkəmənin hökmü ilə Samir Ələkbərov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ataların belə bir sözü var: "Alov düşdüyü yeri yandırar". Əlbəttə ki, biz mərhumun ailəsinin nələr çəkdiyini sonadək dərk edə bilmərik. Necə ki, uzun illər öncə onun əli ilə öldürülən digər mərhumun ailəsi həmin hissləri keçirmişdi. İstənilən halda, alovun üzərinə su tökməyin vaxtıdır. Qoy indən belə başqalarının canı yanmasın...

İnarə Rafiqqızı

O.M.