Polis işləyən ata-balanı güllələyən şəxsə hökm oxundu!

Polis işləyən ata-balanı güllələyən şəxsə hökm oxundu!

29 Dekabr 2014 13:43
Bəyəndim (0) Bəyənmədim (0)
Gülağa ömürlük həbsə məhkum edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polis rəisinin müavinini və onun oğlunu güllələyən Gülağa Lətifovun məhkəmə prosesi başa çatıb. Prosesdə hökm oxunub. Hökmə əsasən, Gülağa Lətifov ömürlük azadlıqdan məhrum edilib.

Xatırladaq ki, fevralın 23-də saat 20 radələrində Sabunçu qəsəbəsindəki 68 saylı orta məktəbin yaxınlığında həmin qəsəbənin sakini, əvvəllər məhkum olunmuş Gülağa Lətifov münaqişə zəminində qonşuluqda yaşayan Fərid Qədirova, Akif Nəzərova, Yusif Paşayevə və Asif Nəzərova odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb. F. Qədirov aldığı xəsarətdən dünyasını dəyişib, digərləri xəstəxanaya yerləşdirilib.

İlkin araşdırma zamanı məlum olub ki, G. Lətifov müvafiq dövlət orqanlarının icazəsi olmadan və yerli icra nümayəndəliyi tərəfindən edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq, həmin məktəblə üzbəüz yerləşən açıq idman meydançasında tikinti işləri aparmağa başlayıb. Onun bu hərəkətləri növbəti dəfə ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub və yaranmış münaqişədə G. Lətifov şəxsi avtomobilində gəzdirdiyi odlu silahdan qəsəbə sakinlərinə bir neçə dəfə atəş açıb.

Hadisə zamanı güllə yarası alan A. Nəzirov Suraxanı rayon Polis İdarəsinin rəis müavinidir. Digər yaralı, A. Nəzərovun oğlu Asif Nəzərov isə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşıdır.

Mediainfo.az