Quldur qardaşların məhkəməsi yekunlaşdı

Quldur qardaşların məhkəməsi yekunlaşdı

26 Dekabr 2014 16:01
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağı Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən şəxslərin məhkəməsi başa çatıb. Prosesdə hökm oxunub. Hökmə əsasən, Ümid Cəfərov 10 il, onun qardaşı Mirağa 9 il, Amid Qasımov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nail Rzayev 2014-cü il sentyabrın 4-də 3 nəfər maskalı şəxsin onun evinə quldur basqını etməsi barədə polisə ərizə verib.
Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində bu cinayəti törətməkdə şübhəli bilinən şəxslər - Bakı şəhər sakinləri, 28 yaşlı Amid Qasımov, 26 yaşlı Ümid Cəfərov və 19 yaşlı Mirağa Cəfərov tutulub.
İstintaqla müəyyən edilib ki, Amid Qasımovla Ümid Cəfərov quldurluğun planını əvvəlcədən hazırlayıblar. Onlar Nail Rzayevin evində külli miqdarda pul və qızıl zinət əşyalarının olduğunu ehtimal edərək onu soymaq qərarına gəliblər. Saxlanılan şəxslər əvvəlcədən mağazadan yapışqan lent, əlcək və oyuncaq tapança alıblar. Onlar Nail Rzayevin yaşadığı evin qarşısına gəliblər. Ümid Cəfərov ev sahibini tanıdığından aldatma yolu ilə içəri daxil olub.
Bir qədər sonra isə plana əsasən çöldə gözləyən Amid Qasımovla Mirağa Cəfərov başlarına maska keçirərək evə basqın ediblər. Onlar Nail Rzayevi vuraraq yerə yıxıblar. Sonra ayaqlarını yapışqan lentlə bağlayıblar.
Saxlanılan şəxslər ev sahibini öldürəcəkləri ilə hədələyib pul və qızıl, eləcə də maaş kartını, kartın kodunu tələb ediblər. Lakin evdən heç nə tapa bilməyiblər.
Öldürüləcəyindən qorxan ev sahibi ertəsi gün maskalı şəxslərə 1000 manat pul verəcəyini vəd edib. Saxlanılan şəxslər Nail Rzayevə məxsus 2 ədəd telefonu və 1 ədəd qızıl üzüyü də götürərək evdən çıxıblar.
Ertəsi gün Nail Rzayevdən 1000 manat pulu almaq istəyərkən polis əməkdaşları tərəfindən tutulublar.

Mediainfo.az