75 evdən 1 milyonluq qızıl aparan 17 yaşlı peşəkar oğru

75 evdən 1 milyonluq qızıl aparan 17 yaşlı peşəkar oğru

26 Dekabr 2014 15:01
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda silsilə oğurluq əməlləri törədən Astara rayon sakini, 1995-ci il təvəllüdlü İsmayıl Ümid oğlu Qəhrəmanov, 1983-cü il təvəllüdlü Zaur Namaz oğlu Namazov və 1988-ci il təvəllüdlü Fərid Quncəli oğlu Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Prosesə hakim Zeynal Ağayev sədrlik edir.

İstintaq zamanı 19 yaşlı İsmayıl Qəhrəmanovun Bakının müxtəlif rayonlarında onlarla evi qarət etməsi və mənzillərdən 1 milyon manatdan artıq dəyəri olan qızıl və müxtəlif valyutalar oğurlaması müəyyən edilib.

Peşəkar oğru bu qədər pula nə daşınmaz əmlak, nə avtomobil, nə də başqa mülk alıb. İ.Qəhrəmanov evlərdən ölçüsü kiçik, dəyəri böyük olan şeyləri, yəni ancaq qızıl və pulları götürürmüş. Nə qədər bahalı olursa olsun, peşəkar oğru qarşısına çıxan telefon və digər elektron avadanlıqlara tamah salmırmış. Onun qarət etdiyi evlərin sahibləri arasında xeyli varlı və tanınmış adamlar da var.

İ.Qəhrəmanova Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 181.3.2, (quldurluq) 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə oğurlama, məhv etmə, zədələmə) maddələri ilə ittiham irəli sürülüb və barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Digər təqsirləndirilən Zaur Namazova və Fərid Əlibəyova isə Cinayət Məcəlləsinin 32.5 (iştirakçılıq) və 177.3.2-ci (oğurluq) maddələri ilə ittiham irəli sürülüb. Hər ikisinin barəsində başqa yerə getməmək iltizam tədbiri seçilib.

Təqsirləndirilən şəxs qismində dindirilən İsmayıl Qəhrəmanov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində maddi imkansızlıqdan oğurluğa əl atdığını, əldə etdiyi pulların bir qismini gecə klublarında dostlarına, qızlara sərf etdiyini desə də yoxsulluqdan əziyyət çəkən yaxın qohumlarını unutmadığını da göstərib.

75 epizod üzrə təqsirli bilinən İ.Qəhrəmanov ilk cinayəti 17 yaşında törətdiyini deyib: "5 yaşım olanda valideynlərimlə birlikdə Rusiyaya getmişdim. Uzun müddət Tümendə yaşamışıq. 2011-ci ildə atam, anam və qardaşımla birlikdə Bakıya qayıtdıq. Müxtəlif mənzillərdə kirayədə qalırdıq.

İlk oğurluğu 2012-ci ilin mart ayında törətmişəm. Cibimdə pulum yox idi, gecə vaxtı küçədən keçərkən gözüm aptekə sataşdı. Dəmir barmaqlıqları sındırıb içəri keçdim, oradan 16 min 500 manat pul apardım. Sonradan müxtəlif mənzillərdən oğurluq etmişəm. Mənzillərdən pul, qızıl-zinət əşyaları aparmışam.

Ən sanballı oğurluq əməllərim isə 2012-ci ilə təsadüf edir. Təkcə Nəsimi rayonu ərazisindəki 3 mənzildən ümumilikdə 100 min manatlıq qızıl və 50 min manatadək pul oğurlamışam. Oğurladığım əşyaları tanış-bilişə ucuz qiymətə satırdım. O qədər öyrəşmişdim ki, artıq küçədə gedəndə gözlərim oğurluq etmək üçün münasib mənzil axtarırdı. Ən çox Binəqədi, Nərimanov və Nəsimi rayonları ərazisində mənzillərdən oğurluq etmişəm. Mənzilləri seçərkən ətrafı diqqətlə nəzərdən keçirirdim. Əvvəlcədən müxtəlif yollarla kiminsə evdə olub-olmamasını yoxlayırdım. Qapının zəngini basırdım, gözləyirdim, tam əmin olurdum ki, evdə heç kim yoxdur, pəncərədən və ya eyvandan girirdim içəri. Əsas qapını arxadan bağlayır, işə girişirdim.

Evlərə əsasən binaların eyvanlarından, pəncərələrdən və nəfəsliklərdən daxil olurdum. Qızıllar və pullar adətən yataq otağında saxlanıldığı üçün axtarışa əvvəlcə oradan başlayırdım. Oğurladığım əşyaları Zaurla birgə "Gənclik" metrosunun yaxınlığında yerləşən zərgərlik mağazasında Fərid adlı şəxsə satırdıq".

Təqsirləndirilən Zaur Namazov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində İsmayılı ilk dəfə dostu Anarın yanında gördüyünü, sonuncunun özünü ona varlı ailənin övladı kimi təqdim etdiyini göstərib: "İsmayıl atasının arxitektor olduğunu deyirdi. Sonradan dostlaşdıq. İsmayıl maşın sürməyə həvəsi olduğunu deyirdi, mən də maşınımı hərdən ona verirdim ki, sürsün. Sonralar maşını məndən tez-tez bir günlüyə götürürdü. Əvəzində bəzən 100, bəzən də 200 manat gətirib verirdi. Sonuncu dəfə maşını 4-5 günlüyə apardı, gətirmədi. Tez-tez şəhərdəki gecə klublarına, barlara gedirdik. Hesabı həmişə İsmayıl ödəyirdi. Elə vaxt olurdu ki, pulu olmurdu, məndən pul istəyirdi, sonra əvəzini ikiqat qaytarırdı.

Bir dəfə İsmayılla Milli Bankın yanında görüşdük. İsmayıl maşına oturan kimi evdən anasının qızıllarını götürdüyünü və satmaq lazım olduğunu dedi. Həmin qızılları "Gənclik"də Fərid adlı şəxsə satdı. Şəxsiyyət vəsiqəmi Fəridə verdim, surətini çıxartdı, altından qol çəkdim. İsmayıl 200 manat verib axşam maşını götürəcəyini dedi".

Təqsirləndirilən şəxsin sözlərinə görə, növbəti dəfə İsmayılın "evlərindən" götürdüyü qızılları "28 May" metrosunun yaxınlığında satıblar və bu hal mütəmadi olaraq təkrarlanıb: "İsmayıl maşını içkili vəziyyətdə idarə etdiyinə görə əlindən almışdım və ona bir daha maşın verməyəcəyimi demişdim. Polis əməkdaşları məni Nəsimi Rayon Polis İdarəsinə dəvət etdilər, İsmayıl barədə soruşdular. Orada mənə məlum oldu ki, İsmayıl mənzillərdən oğurluq edirmiş".

Digər təqsirləndirilən şəxs qismində dindirilən Fərid Əlibəyov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində "Gənclik" metrosu yaxınlığında zərgərlik mağazasında işlədiyini, qızılların alışı ilə məşğul olduğunu göstərib: "İki cavan oğlan qızıl gətirmişdi, şəxsiyyət vəsiqəsi tələb etdim. Onlardan biri sənəd verdi, qızılların evdəkilərə məxsus olduğunu dedi və altından qol çəkdi. Həmin şəxslər mütəmadi olaraq hər on gündən bir qızıl gətirirdilər. Hər dəfə Zaur adlı şəxsə "öz malımdır, öz razılığımla satıram" yazdırıb altından qol çəkdirirdim. Polis əməkdaşları məni Nəsimi Rayon Polis İdarəsinə dəvət edəndə İsmayılın gətirdiyi qızılların oğurluq olduğunu bildim".

Məhkəmə prosesi yanvarın 16-da davam etdiriləcək.

İnarə Rafiqqızı