Qayınatasını qətlə yetirən gəlin 9 il cəza aldı

Qayınatasını qətlə yetirən gəlin 9 il cəza aldı

24 İyun 2011 10:47
1 418
Bəyəndim (0) Bəyənmədim (0)
Cinayəti əvvəlcə 10 yaşlı körpə boynuna götürmüşdü

Məhkəmə

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən 1964-cü il təvəllüdlü İbrahimova Şamama Ərəstun qızının məhkəmə istintaqı keçirilib. Təqsirləndirilən şəxs Kürdəmir rayonunun Şıxımlı kəndində yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində qayınatası Əlövsət İbrahimovu qətlə yetirməkdə ittiham olunur.

Belə ki, 26 iyun 2007-ci ildə Kürdəmir rayon polis şöbəsindən rayon prokurorluğuna 1926-cı il təvəllüdlü Kürdəmir rayonunun Şıxınlı kənd sakini Əlövsət İbrahimovun yaşadığı evdə meyitinin aşkar edilməsi barədə məlumat daxil olur. Dərhal sonra hadisə yerinə baxış keçirilir. Meyit xarici müayinə edildikdən sonra mərhumun döş qəfəsinin sağ ön və arxa hissəsində daxilə keçən kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər olması aşkar edilir. Hadisə yerinə baxış zamanı mərhumun nəvəsi azyaşlı Ziba İbrahimova polis işçilərinə bildirir ki, azyaşlı bacısı Nərmin babasını bıçaqla vuraraq öldürüb. Sonra isə bıçağı gizlətmək üçün ona verib. O da bıçağı evdəki çamadanda gizlədib. Polis işçiləri çamadana baxış keçirərkən hadisədə istifadə olunmuş bıçağı tapırlar. Lakin azyaşlı Nərmin İbrahimova polis şöbəsində dindirilərkən ziddiyyətli ifadələr verir. O, əvvəlcə babasını öldürməsinin səbəbini sonuncunun onun anası Şamamanı söyüb təhqir etməsi ilə izah edir. Sonra bildirir ki, aynabənddə soğan doğrayarkən guya babası ona soğanı iri doğramasını irad tutub, o da əsəbiləşərək babasını soğan doğradığı bıçaqla vurub. Azyaşlı Nərminin anası Şamama İbrahimova istintaqa əvvəlcə şahid qismində cəlb olunur. Qadın ilkin ifadəsində göstərir ki, hadisə baş verən gün səhər saatlarında qayınatası ilə azyaşlı qızı Nərminin səsinə yuxudan oyanıb. Aynabəndə çıxarkən qayınatasını qan içində pilləkənlərin üstünə yıxılmış vəziyyətdə görür. Həmin vaxt Nərminin əlində qanlı bıçaq olduğunu görəndə başa düşür ki, qayınatasını Nərmin vurub. Qonşuları köməyə çağırır və onlara qayınatasının Nərmin tərəfindən vurulduğunu bildirir. Onlara tapşırır ki, polis gəlib izahat alanda desinlər ki, Əlövsət həyətdəki heyva ağacının budağını kəsərkən yıxılıb, yıxılanda dəhrə sinəsinə batıb. Lakin sonradan Şamama İbrahimovanın ifadəsinin ağ yalan olması üzə çıxır. İstintaq orqanı ziddiyyətli ifadələri araşdırandan sonra belə qərara gəlir ki, qocanı azyaşlı nəvəsi yox, gəlini Şamama İbrahimova qətlə yetirib. Beləliklə də, hadisədən bir müddət sonra - iyul ayının 13-də Şamama İbrahimova təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunur.

"Məni başqaları ilə səhv salma"

Təqsirləndirilən şəxs qismində dindirilən Şamama İbrahimova ona elan olunmuş ittihamla özünü tam təqsirli bilib. O, ifadəsində göstərib ki, qayınatasını öldürməsinə səbəb sonuncunun ona qarşı əxlaqsız davranması olub:

- Ərim İlyasla 1995-ci ildə ailə qurmuşam və onun evinə gəlin köçmüşəm. Həmin vaxtdan qayınatam Əlövsətlə eyni mənzildə yaşayırdıq. Gəlin köçdüyümdən 19 gün sonra həyətdə çömbəlib paltar yuyarkən əynimdəki xalatın ətək hissəsindən ayağımın bud hissəsi çöldə qaldığından bu vaxt arxa hissədən buduma kiminsə toxunduğunu hiss elədim. Geri çevriləndə gördüm ki, qayınatamdır. Üstünə acıqlandım ki, deyəsən, qoca vaxtında ağlını itirirsən, məni başqaları ilə səhv salma. Bir də belə hərəkət etsən, səni baltalayaram, sonra da gedib girərəm türməyə. Bu hadisə barədə o vaxt sağ olan qayınanam Zibaya danışdım, qayınanam da ona tapşırdı ki, özünü yığışdırsın.

"Ərimin evdə olması qayınatamın qanını qaraldırdı"

Qayınatam isə həyasızlığına salıb qayınanamı inandırmağa çalışdı ki, guya mən ona böhtan atıram. 3 il əvvəl isə ərim İlyas Bakıda işdə olarkən qayınatam mənə oğrun-oğrun və pis gözlə baxdığı üçün onunla yenə dalaşdım. Həmin vaxt stəkanı onun başına çırpdım, səsimizə qonşular həyətə yığışdılar. Mən qonşulara və həmin vaxt həyətə gələn qaynım Azada qayınatamın hərəkətlərindən şikayətləndim. 2005-ci ilin iyun ayında ərimin ayağına ağır vedrə düşdüyü üçün ayağı bərk əzildi. Ayağını evdə müalicə edirdik. İlyasın bütün günü evdə olması atasının qanını qaraldırdı. Qayınatam tez-tez ərimi sancırdı ki, bu yolla onu evdən uzaqlaşdırsın.

"O, çirkin əməllərini davam etdirirdi"

Bir dəfə ərimin səbri tükəndi və o, atasının üstünə qışqırdı. Qayınatam odun baltasını götürüb İlyasın üstünə cumdu, mən arxadan yaxınlaşıb baltanı qayınatamın əlindən aldım, bundan sonra qayınatam yerdən çay daşı götürərək başıma çırpdı. Səs-küyə qonşular yığışdılar, qayınatamı xeyli danladılar. Mən onun hərəkətlərindən polisə şikayət etmək istəyirdim, ancaq qaynım Əhmədağa buna imkan vermədi. Evdən küsüb ata evinə getdim, yenə də dözmədim, İlyasın vəziyyətinə görə iki gündən sonra geri qayıtdım. Qayınatamı isə uzun müddət dindirmədim. O da mənə qarşı çirkin əməllərini davam etdirirdi.

"Niyə məndən əl çəkmirsən?"

Sonuncu övladım Nahidi əmizdirərkən bilərəkdən otağa girirdi, dayanıb mənim uşaq əmizdirməyimə tamaşa edirdi. Mən döşümün üstünə dəsmal atırdım. Hətta bir dəfə qızım Nərmin də babasının bu hərəkətinin şahidi oldu və uşaq çaşıb qaldı. Bu il iyulun 25-dən 26-na keçən gecə körpə səhərədək yatmadığından mən də oyaq qaldım. Səhərə yaxın birtəhər yatızdıra bildim və özüm də yuxuya getdim. Saat 9 radələrində azyaşlı qızım Nərmin məni oyadıb dedi ki, ana, dur, yemək hazırla, indi babam bazardan gəlib görəcək yemək hazır deyil, yenə bizi söyəcək. Nərminin səsinə Nahid də ayılaraq ağlamağa başladı. Mən uşağı əmizdirəndə yuxuya getdim, birdən döşümün üstündə kiminsə əlini hiss etdim. Gözümü açanda gördüm ki, qayınatam bir əlini sinəmin üstünə qoyub, digər əli ilə şalvarını açır. Mən cəld uşağı çarpayısına atıb otaqdan aynabəndə qaçdım, qayınatam da dalımca gəldi. Mən ona, "bu nə hərəkətdir edirsən, niyə məndən əl çəkmirsən",- dedim.

"Sinəsinə bir dəfə zərbə endirdim"

Uşaqlar da aynabənddə idilər, qayınatam valideynlərimin və mənim ünvanıma küçə söyüşləri söyərək, üzümə sillə ilişdirdi. Artıq onun hərəkətinə dözməyərək Nərminin əlindən bıçağı alıb qayınatamın sinəsinə bir dəfə zərbə vurdum. Qayınatam zərbədən geri çəkildi, "öldüm, öldüm" qışqıraraq eyvana tərəf addımladı, mən arxa tərəfdən ona yaxınlaşıb ikinci zərbəni də kürəyindən vurdum. Qayınatam səndələyib eyvanın pilləkənlərində yerə yıxıldı. Mən bıçağı yerə atan kimi qızım Nərmin qaça-qaça gəlib götürdü və aparıb evdəki çamadanda gizlətdi. Səs-küyə əvvəlcə qaynımgil, sonra digər qonşular gəldilər. Artıq qayınatam keçinmişdi. Onlar gələnədək mən uşaqlara tapşırdım ki, əgər ananızın türməyə getməyini istəmirsinizsə, onda deyərsiniz ki, babamızı Nərmin vurub. Onsuz da Nərmin balacadır, onu tutmayacaqlar".

"Bu kişi niyə ölüb?"

Zərərçəkmiş şəxs qismində dindirilən Əhmədağa İbrahimovun (mərhumun oğlu) ifadəsindən:

- Atam Əlövsət qardaşım İlyasın ailəsi ilə birlikdə yaşayırdı. İlyasın arvadı Şamama ilə münasibətləri yaxşı deyildi. 26 iyun 2007-ci ildə Kürdəmir rayonundakı bazara getmişdim. Saat təxminən 10:30 radələrində həmkəndlim Mustafa mənə zəng edərək, atamın evində hadisə olduğunu bildirdi. Dərhal taksiyə əyləşib atamgilə yollandım. Həmin vaxt qardaşım İlyas Bakıda idi. Həyətə girəndə orada 10-12 nəfər qonşu qadının olduğunu gördüm. Evə qalxanda atamın çarpayıda uzandığını, Şamamanın isə ona köynək geyindirdiyini gördüm. Ondan atama nə olduğunu soruşduqda, "köynəyin qolunu geyindir", - deyib çıxıb getdi. Şamamadan meyitin üstünə salmağa ağ mələfə istədim. O, içəridən mələfə gətirib mənə verdi, atamın üzünü örtdüm və həyətə düşüb, "bu kişi niyə ölüb?", - deyə qışqırıb soruşdum. Kimsə dedi ki, atam yıxılıb dəhrə dəyib. Tez qayıdıb meyitin sinəsinə baxdım, gördüm ki, dəhrə deyil, bıçaq yerinə oxşayır.

"Sən cinayətin izini itirmək istəyirsən"

Darvazaya tərəf gedəndə qadınların hansısa atamın kürəyində də yara olduğunu söylədi. Geri qayıdıb meyitin üzünü açdım, diqqətlə sinəsinə, kürəyinə baxdım. Həyətə düşmək istəyəndə ayaqqabılarımı soyunduğum yerdə tapmadım. Döşəmənin su olduğunu görüb Şamamadan niyə buraya su tökdüyünü soruşdum və ayaqqabılarımı istədim. Şamama isə cavabında gəlib-gedən olacağını deyərək, ona görə də döşəməni yuduğunu söylədi. Ona, "sən cinayətin izini itirmək istəyirsən!", - deyib ayaqqabılarımı geyinərək həyətdə olan qardaşımdan təcili yardım maşınının gəlib-gəlmədiyini soruşdum. Qadınlar həkimin gəlib getdiyini dedilər.

"Onun yalan danışdığını başa düşdüm"

Elə bu zaman polis işçiləri gəldilər. Şamama polislərə atamın heyva ağacını kəsərkən dəhrənin çıxıb onun sinəsinə dəydiyini bildirdi. Onun yalan danışdığını başa düşdüm. Nərmin isə babasını özü öldürdüyünü polislərə bildirdi. Lakin heç də zəif, xəstəliyi olmayan atamın azyaşlı Nərmin tərəfindən öldürülməsinə inanmadım. İlk gündən etibarən bu əməldə yalnız cinayətin izlərini gizlətmək üçün meyitin paltarlarını dəyişən və eyvanın döşəməsini yuyub təmizləyən Şamamadan şübhələnmişdim.

"Atam söyüşcül adam idi"

Şahid qismində dindirilən İlyas İbrahimov ifadə verərkən atasını mənfi xarakterizə edib. O ifadəsində göstərib ki, ailəsini dolandırmaq üçün Bakı şəhərində yerləşən "Binə" və "Sədərək" bazarlarında araba ilə yük daşımaqla məşğul olub. Ayın 20 gününü Bakıda işləməklə Yeni Suraxanı qəsəbəsində kirayədə qalıb: "Sonuncu dəfə iyunun 14-də rayondan Bakıya gəldim. İyunun 26-da qardaşım zəng vurub atamın öldüyünü dedi. Bu xəbəri eşidən kimi dərhal kəndə gəldim. Yolda Kürdəmir rayon polis şöbəsindən zəng vuraraq birbaşa şöbəyə gəlməyimi tapşırdılar. Şöbəyə çatanda məni qarşılayan qardaşım oğlu Elşən atamı qızım Nərminin vurduğunu dedi. Şöbədə arvadımla görüşərkən o, mənə dedi ki, hadisə baş verən gün kiçik oğluma süd verən zaman atamın eyvanda soğan soyan Nərminin ünvanına biədəb söyüşlər söydüyünü eşidib. Otaqdan ona, "ay kişi, uşağı niyə elə söyürsən?", - dedikdə isə atamın, "ay dədə öldüm, qız məni vurdu", - deyə qışqırmasına eyvana çıxıb. Eyvana çıxarkən Nərminin Əlövsətin kürəyinə ikinci zərbəni vurduğunu görüb. Bu barədə qızım Nərmindən soruşduqda o, anasının dediklərini təsdiq etdi və bıçağı digər qızım Zibanın gizlətdiyini bildirdi.

Atam Əlövsət çox söyüşcül adam idi. Mərhum anamı da sağlığında söyüşləri ilə bezdirmişdi. Evdə həmişə yemək üstündə söz-söhbət yaradırdı. Bir il bundan öncə isə arvadım Şamamanın başından bərk əşya ilə vurmuşdu. Lakin bu barədə şikayət etməmişdik. Ailədə həmişə atamın qayğısını çəkmişik. Arvadım atamın alt paltarlarını da yumasına baxmayaraq, o, həmişə Şamamanı nalayiq söyüşlərlə söyüb təhqir edirdi. Mən isə həmişə ailə üzvlərimə, "fikir verməyin, yaşlı adamdır, xasiyyəti budur",- deyib onları sakitləşdirirdim."

"İkinci zərbədən sonra babam yerə yıxıldı"

İş üzrə dindirilmiş 1996-cı il təvəllüdlü Nərmin İbrahimovanın ifadəsindən:

- Hadisə baş verən gün səhər tezdən babam Əlövsət evdə anamı nalayiq söyüşlərlə söydü. Onu əli ilə vurmağa cəhd göstərdi. Həmin vaxt mən balkonda oturub soğan soyurdum. Babam soğanı iri soyduğumu mənə irad tutduqda aramızda mübahisə yarandı. Babam məni də söydü. Buna görə də əlimdəki bıçaqla əvvəlcə babamı sinəsindən, sonra isə kürəyindən vurdum. İkinci zərbədən sonra babam yerə yıxıldı. Anam babamın qışqırıq səsini eşidib o biri otaqdan gəldi. Səs-küyə qonşuluqda yaşayan əmim Ayazla arvadı İlhamə gəldilər və babamın zarıdığını gördülər.

İstintaqın gedişi zamanı azyaşlı Nərmin ilkin ifadəsində göstərdiklərini təkzib edərək, babasının onun deyil, anası Şamama tərəfindən qətlə yetirildiyini bildirib.

"Atamın ölümündə gəlinimizdən şübhələnmişdim"

Şahid qismində dindirilən Ayaz İbrahimovun ifadəsindən:

- Qardaşım Azadın oğlu Elşən qaça-qaça gəlib atam Əlövsətin öldüyünü dedi. Mən tez atamgilə gəldim. Yuxarı qalxanda aynabənddə atamın arxası üstə döşəmədə uzanıqlı vəziyyətdə olduğunu gördüm. Şamamadan atama nə olduğunu soruşduqda dedi ki, ağacdan yıxılıb. Atamın başını qucağıma aldıqda xırıldadığını görüb qışqırdım ki, tez su gətirin. Şamamanın gətirdiyi suyu atamın üzünə vurdum. Həmin vaxt atam danışa bilmirdi, köynəyinin sinəsi qan içərisində idi. Köynəyi yuxarı qaldıranda gördüm ki, sinəsindəki yara bıçaq yerinə oxşayır. Bu barədə Şamamadan soruşduqda o dedi ki, ağacdan yıxılıb, dəhrə batıb. Həyətə düşüb dəhrəyə baxdım, gördüm ki, dəhrə qana batmayıb. Tez təcili yardım çağırdıq. Atamın üzünə su vurduğum üçün köynəyi yaş olmuşdu. Şamama ilə birlikdə onun köynəyini çıxartdıq. Atamın əynindən çıxartdığımız köynəyi Şamamanın hara atdığını görmədim. Meyiti götürüb şüşəbənddəki çarpayıya uzatdıq. Təcili yardım gəldi və həkim atamı yoxlayıb öldüyünü bildirdi. Qonşu qadınlardan biri atamın çənəsini və ayağını bağladı. Bundan sonra meyiti döşəməyə uzatdıq. Bu zaman Şamamanın həyətə düşərək dəhrə ilə heyva ağacını kəsdiyini gördüm. Lakin ondan bunu nə üçün etdiyini soruşmadım. Çox keçmədi ki, qardaşım Əhmədağa gəlib çıxdı. Şamama ona da dedi ki, atam ağacdan yıxılıb. Əhmədağa ağaca baxaraq, "bu yaşda kişi ora çıxa bilməz, onun orada nə işi var", - deyib qarğı gətirməyə getdi. Bir qədər sonra isə polis əməkdaşları gəldilər. Şamama atamın meyitinin yanında ağlayıb əlini dizinə vura-vura, "Nərmin ölsün, Nərmin", - deyib ağlamağa başladı. Onun sözlərindən belə çıxdı ki, atamı Nərmin vurub. Amma 10 yaşlı uşağın fiziki cəhətdən güclü olan atamı vurub öldürməsinə inanmadım. İlk gündən atamın ölümündə Şamamadan şübhələnmişdim.

QEYD: Məhkəmənin hökmü ilə Şamama İbrahimova 9 il müddətinə azadlıqdan məhrum edilib.

Son söz əvəzi: Bıçaq ancaq soğanı doğrasaydı, uzaq başı mətbəxdəkilərin gözü yaşarardı. İndi isə çoxları gözüyaşlı qaldı...

İnarə Rafiqqızı

O.M.