Polisin bacısını oğurlamaq istəyənlərə hökm oxunub

Polisin bacısını oğurlamaq istəyənlərə hökm oxunub

12 Dekabr 2014 17:10
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz olaraq odlu silah saxlamaqda təqsirləndirilən Quba rayon sakinləri Vəfanur Məmmədov, onun qardaşı Vəfadar Məmmədov və Nizami Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Posesdə hökm oxunub. Hökmə əsasən N . Nəcəfov 8 il, Vəfadar Məmmədov 7 il, Vəfanur Məmmədov isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hər 3 şəxs MTN-nin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Qanunsuz olaraq silah saxlama, gəzdirmə və Qubanın Nügədi kənd sakini Mərziyyə Osmanovanı oğurlamağa cəhddə ittiham olunurlar.

İttihama görə, Vəfadar Məmmədov Nizami Nəcəfov və Vəfanur Məmmədovla qabaqcadan əlbir olaraq tamah niyyəti ilə Quba rayonu II Nügədi kənd sakini Osmanova Mərziyyə Atamoğlan qızının oğurlanmasını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan mənbədən döyüş sursatları və partlayıcı maddələr əldə edib saxlamaqla adam oğurluğuna hazırlıq cinayəti törədiblər.

Mərziyyə Osmanova Quba Rayon Polis Şöbəsinin əməkdaşının bacısıdır.

Mediainfo.az