Sələmçi qadını öldürən ev dəllalı

Sələmçi qadını öldürən ev dəllalı

10 Dekabr 2014 16:44
Bəyəndim (0) Bəyənmədim (0)

Borc pulu yüksək faizli sələmlə geri tələb etməsi həyatı bahasına başa gəldi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən 55 yaşlı Eyvaz İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Məlumata görə, 2014-cü il, iyulun 31-də Xətai rayonunun Gəncə prospektində yaşayan 1967-ci il təvəllüdlü Gülnarə Məmmədovanın zorakılıq əlamətləri olan meyiti yaşadığı evdə aşkar olunub.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Xətai Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi və 36-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Eyvaz İbrahimov tutulub.
İstintaq araşdırması zamanı müəyyən edilib ki, Eyvaz İbrahimov ev alqı-satqısı ilə məşğul olduğu zaman Gülnarə Zamanova ilə tanış olub. Onun evinin satılmasına kömək edib və bir neçə ay sonra ondan borc pul alıb. Lakin Gülnarə Zamanova bir müddət keçdikdən sonra pulu yüksək faizli sələmlə geri tələb edib. Aralarındakı münaqişə də elə buradan başlayıb.

Hadisə baş verən gün Gülnarə Zamanova yenidən Eyvaz İbrahimova zəng vuraraq pulu tələb edib və evə çağırıb. Evdə Eyvaz İbrahimovla qadın arasında mübahisə yaranıb. Bu zaman Eyvaz daimi üstündə gəzdirdiyi bıçaqla Gülnarə Zamanovanı çoxsaylı zərbələrlə öldürüb. Bundan sonra evin qapısını açarla bağlayaraq hadisə yerindən qaçıb.

Hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı dekabrın 17-nə təyin edilib.

Mediainfo.az