“Ona qarşı heç bir əxlaqsızlıq etməmişəm”

“Ona qarşı heç bir əxlaqsızlıq etməmişəm”

8 Dekabr 2014 16:32
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər Məhkəməsində Füzuli rayon sakini, 1990-cı il təvəllüdlü Ədalət Yusif oğlu Quliyevin məhkəmə istintaqı yekunlaşıb.

Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan 1997-ci il təvəllüdlü Almaz Süleymanovaya (ad və soyad dəyişdirilib) qarşı əxlaqsız hərəkətlər etdiyinə görə saxlanılmış və Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.

İstintaq yolu ilə müəyyən edilib ki, Ədalət Quliyev əvvəllər Cinayət Məcəlləsinin 234. 1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib.

Ə.Quliyev məhkumluğu ödənilmədiyi halda ötən il sentyabr ayının 18-də gecə saat 04:00 radələrində taksi ilə Yasamal rayonu, Nərimanov prospekti ilə hərəkətdə olarkən bir qız - A.Süleymanova özünü avtomaşının qarşısına atıb. Döyüldüyünü və zorlandığını deyən A.Süleymanova Ədalət Quliyevdən onu yaşadığı Ramana qəsəbəsinə aparmalarını xahiş edib. Qıza adının Elşən olduğunu deyən Ədalət onu özünün yaşadığı Azərbaycan Texniki Universitetinin yataqxanasına apararaq ağzına lent yapışdırıb, əllərini və ayaqlarını iplə bağlayaraq ona qarşı əxlaqsız hərəkətlər edib.

İstintaq zamanı müəyyən olunub ki, Ə.Quliyev 2013-cü il dekabr ayının 22-də qonşuluqda yaşayan tanışı Tural Əkbərliyə qarşı dələduzluq edib, bu il fevral ayının 26-da isə yaşadığı yataqxananın həyətində sərxoş halda Nicat Abbasovla mübahisə edərək ona əvvəlcə yumruqla, sonra isə bıçaqla xəsarət yetirib.

Təqsirləndirilən şəxs qismində dindirilən Ədalət Quliyev ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində zərərçəkmiş A.Süleymanovaya qarşı heç bir əxlaqsızlıq hərəkətə yol vermədiyini göstərib: "Gecə saat 3 radələri idi. Dostum Kərimin idarə etdiyi taksi ilə gedərkən bir qız özünü maşının qabağına atdı, ağladı, onu döydüklərini, təcavüz etdiklərini dedi, əl-üzünü yumaq üçün su tapmağı xahiş etdi. Onu maşına oturdub yataqxanaya gətirdim, üst-başını yuyub təmizlədi. Sonra isə yenidən yataqxananın həyətinə düşdü, kiməsə zəng vurub olduğu yer barədə məlumat verdi. Mən bu adamı döyməmişəm, ona xəsarət yetirməmişəm, ona yalnız kömək etmək istəmişəm".

Təqsirləndirilən şəxs daha sonra ifadəsində qonşusu Turala qarşı törətdiyi dələduzluqdan söhbət açıb: "Turalı yataqxananın həyətində görüb ona yaxınlaşdım, zəng vurmaq üçün telefonunu istədim. Tural da "Blaskberry" markalı mobil telefonunu mənə verdi. Bir-iki yerə zəng vurub danışdım, mobil telefona ehtiyacım olduğundan və Turalın başının qarışdığından istifadə edib oradan uzaqlaşdım. Həmin gecə Tural bir neçə dəfə mənə zəng vurdu, ona bir azdan yataqxanaya qayıdacağımı dedim. Telefon söndüyündən onu evdə qoydum. Növbəti gün polis işçiləri məni tapmasınlar deyə bir neçə gün evə gəlmədim. Mən evə gələndə anam artıq telefonu Turala qaytarmışdı".

Ə.Quliyev ifadəsində sərxoş vəziyyətdə qonşusu Nicatla mübahisə etdiyini və onu bıçaqla vurduğunu etiraf edib.

Zərərçəkmiş A.Süleymanova ifadəsində ötən il peşə kollecinə qəbul olunduğunu, cəmisi bircə gün dərsə getdiyini göstərib. Dərsdən sonra qızlarla birlikdə şəhərə gəzməyə çıxan zərərçəkmiş yolu tanımadığından azaraq küçədə qalıb: "Gecə saatları idi. Tanımadığım bir nəfərin mənə qarşı əxlaqsız hərəkətlərindən canımı qurtarmaq üçün yola doğru qaçdım. Uzaqdan gələn avtomobili saxlamaq üçün qarşısına keçdim. Özümü tanımadığım avtomobilin qarşısına atdım. Maşın dayandı. İçəridə dörd-beş oğlan var idi. Onlardan kömək istədim. Sürücünün yanında əyləşən oğlan və arxada oturan oğlan məni maşına dəvət etdilər və kömək edəcəklərini söylədilər. Qabaqda əyləşən oğlan mənə adının Elçin olduğunu dedi. Yalnız istintaq zamanı onun əsl adının Ədalət olduğunu bilmişəm. Həmin oğlanlara dedim ki, məni tanımadığım şəxslər döyüblər, zorlayıblar, məni evimizə aparın. Ədalət evdən pul götürəcəyini dedi və onlara getməyi məsləhət gördü. "Səni öz maşınımla aparacam evinizə" dedikdə inandım. "Kaktus" restoranının yanında maşını saxladılar, əl-üzümü yudum, atama zəng vurmaq üçün Ədalətdən telefon istədim, amma vermədi. Atamın nömrəsini məndən alıb özü zəng vuracağını dedi. Sonra da telefonu qulağına tutub guya atamla danışırmış kimi kənara çəkildi. Ədalət pul götürmək üçün evlərinə getdi. Mənə də onunla birlikdə yuxarı qalxmağı təklif etdi. Məni öz otağına apardı. Otağa daxil olan kimi spirt iyi gələn pambıqla ağzımı və burnumu tutdu, huşumu itirdim, oyananda özümü paltarsız halda, əl-qolum bağlı vəziyyətdə ağzıma lent yapışdırılmış vəziyyətdə gördüm. Bütün günü telefonda videolara baxır, orada olanları mənim üzərimdə tətbiq edirdi. Ağzıma lent yapışdırdığına görə səsimi çıxara bilmirdim. Bıçaqla məni hədələyir, səsimi çıxaracağım təqdirdə öldürəcəyini deyirdi. Susuzluqdan ölürdüm. Mənə su gətirməsini xahiş etdim. Su dalınca gedəndə telefonunu götürüb atama zəng vurdum. Bir neçə dəqiqədən sonra Ədalətə zəng gəldi. Telefonda danışan adam "Qızın neçə yaşı var?" deyə soruşanda Ədalətin məni kiməsə satmaq istəməsindən qorxub səsimi çıxartmadım. Telefonla danışıb qurtarandan sonra yenə üstümə düşərək məni söyməyə başladı. "Çıx get burdan, sən mənim başıma oyun açacaqsan" deyib əl-qolumu açıb məni evdən qovdu. Yataqxanadan çıxıb binanın qarşısında dayanan qadına yaxınlaşıb yolu azdığımı, mənə kömək etməsini xahiş etdim. Həmin qadın mənə çay verdi, sonra atama zəng vurub çağırdı. Atam həmin yerə gəlib məni evimizə apardı".

Məhkəmənin hökmü ilə Ədalət Quliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.

İnarə Rafiqqızı