Qatil ər: “Özümdən asılı olmayaraq onun ağzını tutaraq, bıçaqladım”

Qatil ər: “Özümdən asılı olmayaraq onun ağzını tutaraq, bıçaqladım”

8 Dekabr 2014 16:07
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Şahlar Əliyevin cinayət işi üzrə məhkəmə prosesinə start verilib. Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Prosesdə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi olan anası Aidə Salmanova və hal şahidləri ifadə veriblər.

İttiham olunan Şahlar Əliyev özünü törətdiyi cinayətə görə təqsirli bilib. "Artıq 2 ildən çox idi ki, Minarə ilə ayrılmışdıq. Bir gün evə gələndə gördüm ki həyətdəki danaya su verilməyib. Mən də yoldaşımdan soruşdum ki, niyə su verməmisən? Təkidlə dedi ki, vermişəm. Mübahisə yarandı aramızda. Ona dedim ki, mənə niyə yalan deyirsən? Burda nə var ki? Balaca bir şeyin üstündə evdə qalmaqal yarandı. Səhəri gün gördüm uşaqları da götürüb gedib Novxanıya, anasıgilə. Anası da mənim bibimqızıdır, qohumluq münasibətlərimiz var. Üstündən bir neçə gün keçəndən sonra onların evinə getdim. Məni orda hədələdilər ki, niyə gəlimisən? Səni döydürərik. Mən isə qızlarımı görməyə getmişdim. 2 il ərzində cəmi 2 dəfə uşaqlarımı göstərdilər. Bir dəfə məktəbə getdim çarəsizlikdən. Orda müəllim dedi ki, uşaqların nənəsi tapşırıb ki, atası gəlsə, qoyma görüşsünlər. Artıq əsəblərim pozulmuşdu, özümü çox pis hiss edirdim. Neçə dəfə zəng elədim ki, Minarəyə məni uşaqlarımı göstər, yaxşı fikirləş, qayıt evinə. O isə telefonda yaxşı desə də, sanki evə gedən kimi dəyişirdi. Bunların hamısı günahı qayınanamdır. Onun başını tovlayırdı. Mayın 16-sı artıq əsəblərimi cilovlaya bilmədim. Evdən mətbəx bıçağını götürüb, Minarənin işlədiyi xəstəxanaya getdim. İşdən çıxanda ona yaxınlaşdım. Dedim, sözüm var sənə. O isə qışqıraraq məndən uzaqlaşmağa başladı, nə qədər dedim ki, söz deyib gedəcəm, amma məni dinləmədi. Özümdən asılı olmayaraq onun ağzını tutaraq, bıçaqladım, bilmirəm nə qədər zərbə vurdum, özümdə deyildim sanki. Bıçaq qulpundan qırıldı və yerə düşdü. Əsəbdən əllərimi hiss etmirdim. Onu elə vəziyyətdə qoyub getdim".

Bundan sonra ifadə vermək üçün kürsüyə təqsirləndirilən şəxsin bibisi qızı, zərərçəkmiş tərəf kimi tanınan Aidə Salmanova gəlib. Qadın deyib ki, Şahların dediklərinin çoxu həqiqətə uyğun deyil: "Yekə kişisən, dayımın oğlusan, düz danış! De ki, heç yerdə işləməmişəm, qumar oynamışam, dəfələrlə arvadımı döymüşəm. (üzünü hakimlərə tutaraq) Deməli cənab hakimlər, bu insan qızıma və nəvələrimə zülm edib. 7 il evli olublar, amma rəsmi nikahları olmayıb. Səbəb isə Şahların düz 35 yaşına qədər hərbi xidmətdən boyun qaçırmasıdır. Onlar əvvəldən bir-birləri ilə yola getməyiblər. Çünki heç biri işləmirdi. Yoldaşımın yaşı 60-ı keçib. Gedib mühafizəçi işləyib həm özümüzə həm də onlara baxırdı. Hər gün gəlirdi ki, boyda borcum var, dalana dirənmişəm, kömək edin. Axırda 5 nömrəli xəstəxanaya getdim. Yalvarıb-yaxardım ki, qızımı ora tibb bacısı götürsünlər. Allah balalarını saxlasın, heç bir təmənna güdmədən götürdülər. Qızım da tibb bacılığı kollecinin yaxşı qiymətlərlə bitirmişdi, başladı işləməyə. Özü mənə deyirdi ki, Şahlar mənin pulqabımdan oğurluq etməyə başlayıb. Evə girində 50 manatı olanda çıxanda 5 manatı qalır. Sadəcə bir ailə olduğundan qızım ərinin üzünə vurmurdu. Axırda bezmişdi pulların oğurlanmasından. Bir dəfə qızımla birgə banka getdik, kredit aldıq. Kreditin puluna bir inək alıb verdik ki, saxlasınlar, süd-qatığını satarlar, dolanışıqları bir az düzələr. Sonra Şahlar inəyi qardaşı Şamxala verib. Şamxal da inəyi satıb. Qızım Minarə gedib soruşub ki, inəyimizi niyə satırsız ki, onu özümüz satıb, uşaqları xəstəxanaya aparıb əməliyyat etdirəcəyik. Sonra hadisədən xəbərdar olan Şahmar gəlib qızımı döyüb ki, sənin nə işinə qalıb. Dediyinə görə, qardaşı Ağalar türmədə qumarda uduzub, tavanın vaxtı gəlir ona çatdırmalıdır. Hadisə günü isə zəng eləyib dedilər ki, bəs məsələ belədir, qızını bıçaqlayıblar. Özümdən getdim, hələ də hadisənin şokunu üstümdən ata bilmirəm. Hər şey burda bitmir".

Məhkəmə prosesi dekabrın 15-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə bu il mayın 16-da Fətəli xan Xoyski küçəsində yerləşən 5 saylı Xəstəxananın qarşısında baş verib. Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Şahlar Əliyev ailə-məişət zəminində həyat yoldaşı, orada tibb bacısı işləyən 1983-cü il təvəllüdlü Minarə Salmanovanı 16 bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Mediainfo.az