İfşa olunan kriminal dəstənin daha 5 cinayəti aşkarlandı

İfşa olunan kriminal dəstənin daha 5 cinayəti aşkarlandı

4 Dekabr 2014 15:59
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Binəqədi rayonunda oğurluq hadisəsi törədən şəxslərin daha bir neçə cinayətləri üzə çıxıb.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, çoxsaylı cinayət hadisələri törətdikləri üçün həns olunan Rəhman Məmmədov və Samir Yadigarovun ətrafında istintaq hərəkətləri davam etdirilir. Aparılan istintaq tədbirləri nəticəsində onların bir neçə cinayət əməli ortaya çıxıb.

Belə ki, onların Cəfər Cəfərov və Qəşəm Alıyevə qarşı quldurluq etdikləri, Məlahət İsayeva, İlahə Talıbovaya Cəmilə İsmayılovanın sənədlərini soyğunçuluq yolu ilə almaları müəyyən edilib.
Qeyd edək ki, Yevlax rayonunda anadan olan 27 yaşlı Rəhman Məmmədov, Muxtar Rəhimov və Bakı şəhər sakini, 24 yaşlı Samir Yadigarovun 50-yə yaxın müxtəlif cinayətlər törətdiyi istintaqla sübuta yetirilib.

Məlum olub ki, saxlanılan şəxslər bir neçə ay əvvəl Nərimanov rayonu ərazisində fəaliyyət göstərən mebel mağazasına quldur basqını ediblər. Onlar gecə saatlarında mağazanın yaxınlığına gələrək başlarına maska keçiriblər. Rəhman Məmmədov mağazanın gözətçisini yerə yıxaraq əl ayağını bağlayıb. Muxtar Rəhimovla Samir Yadigarov isə içəri daxil olaraq içərisində külli miqdarda pul olan seyfi götürüblər.

Qrup üzvləri seyfi Çermet körpüsü adlanan əraziyə gətiriblər. Onlar seyfi sındıraraq içərisindəki 23 min manat pulu mənimsəyiblər. Pullar elə oradaca bölüşdürülüb. İstintaq araşdırmaları zamanı daha sonra müəyyən edilib ki, bu ilin avqust ayında Fətəli Xan Xoyski küçəsində yerləşən valyuta dəyişmə məntəqəsinə basqını da bu qrupun üzvləri həyata keçiriblər.

Onlar gecə saatlarında valyutadəyişmə məntəqəsinin qapısını sındırıb içəri giriblər. Bu dəfə də içərisində külli miqdarda pul olan seyf oğurlanıb. Seyfi sındıran qrup üzvləri 4500 manat pulu talayıblar. İstintaqla o da məlum olub ki, saxlanılan şəxslər bir neçə ay əvvəl vətəndaş Qönçə Məmmədovaya zor tətbiq edərək 8300 manat pulunu da soyub. Onlar daha sonra son bir ilə ərzində 20-yə yaxın vətəndaşın da külli miqdarda pullarını və qızıllarını soyğunçuluq yolu ilə ələ keçiriblər.

İstintaq araşdırması zamanı Rəhman Məmmədovun və Samir Yadigarovun başqa bir quldurluq cinayətləri törətmələri üzə çıxıb. 4-cü polis bölməsi əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri zamanı onların iyulun 14-də Zeynəb Xəlilovanın evindən quldurluq yolu ilə 6000 manat dəyərində qızıl əşyalar aparmaları da müəyyən edilib.

Mediainfo.az