Kirayənişin 80 yaşlı qadını qətlə yetirdi

Kirayənişin 80 yaşlı qadını qətlə yetirdi

20 İyun 2011 12:13
1 020
Bəyəndim (0) Bəyənmədim (0)
Hadisə Sumqayıt şəhərində baş verib

Məhkəmə

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Dəvəçi rayon sakini 1983-cü il təvəllüdlü Fərzəliyev Elçin Məmmədağa oğlunun məhkəmə istintaqı yekunlaşıb. Adıçəkilən şəxs kirayədə yaşadığı evin sahibəsini qətlə yetirməkdə təqsirləndirilirdi.

Məhkəmə yolu ilə müəyyən edilib ki, Elçin Fərzəliyev 7 dekabr 2009-cu ildə sərxoş vəziyyətdə kirayə yaşadığı Sumqayıt şəhəri Zeynalabdin Tağıyev qəsəbəsi Çərkəz Qurbanov küçəsi ev 11, mənzil 2 ünvana gəlib. Giriş qapısının bağlı olduğunu görən kirayənişin ev sahibəsi Havanisə Novruzovanın evdə olmasını bilərək pəncərədən içəri daxil olub. 80 yaşlı Havanisə Novruzova yatdığı otağın giriş qapısında onun qarşısına çıxaraq mənzilə necə daxil olduğunu soruşub. Qoca qadının evdə tək olmasını bilən kirayənişin ona qızıl və pul lazım olduğunu deyib. Havanisə Novruzova pul və qızılının olmadığını dedikdə, Elçin Fərzəliyev köməksiz vəziyyətdə olan qadının üstünə hücum çəkərək onun sifət nahiyəsinə bir neçə dəfə sillə ilə vurub. Zərbənin təsirindən yerə yıxılan qadının başı otaqdakı şkafa dəyib. Kirayənişin tərəfindən döyülən qadın qorxusundan pullarının və qızıl əşyalarının evdəki sandıqda olduğunu bildirib. Havanisə Novruzova pul, qızıl çıxarmaq adı ilə sandığın qapağını açdıqda Elçin Fərzəliyev orada heç bir qiymətli əşya və pul olmadığını görərək onu öldürmək qərarına gəlib. Köməksiz vəziyyətdə olan qoca qadına 7 bıçaq zərbəsi endirən kirayənişin onun öldüyünə əmin olduqdan sonra mənzili tərk edib.

Təqsirləndirilən şəxs qismində dindirilən Elçin Fərzəliyev ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində Dəvəçi şəhərində qeydiyyatda olmasına baxmayaraq çoxdan bəri həmin ünvanda yaşamadığını göstərib:

Türmədən türməyə aparan yollar

"1999-cu ildə oğurluq etdiyimə görə Dəvəçi rayon məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdim. 2002-ci ilin dekabr ayında həbsdən çıxdım. Dağıstan Respublikasına gedərək orada yaşamağa başladım. 2004-cü ildə qanunsuz balıq ovladığıma görə RF CM-in 256 maddəsinin 2-ci bəndi ilə azadlıqdan məhrum olundum. 2006-cı ilin mart ayının 24-də cəzamı çəkib qurtardım. Təxminən 2 aydan sonra isə Dağıstanın İzbirbas şəhərində adam bıçaqladığıma görə RF CM-nin 111-ci maddəsinin 1-ci bəndi ilə 2 il həbs cəzası aldım. 2008-ci ilin may ayında cəzamı çəkib qurtardım və bir neçə aydan sonra Azərbaycana qayıtdım. Bir müddət Sumqayıt, Xaçmaz və Dəvəçi şəhərlərində qaldıqdan sonra Sumqayıt şəhərinə gələrək Tağıyev qəsəbəsində yaşayan Rafail adlı şəxslə birlikdə Xəzər dənizində balıq tutmaqla məşğul olmağa başladı. Həmin qəsəbədə kirayə ev tutdum. Ev sahibəsi Havanisə adlı qoca bir qadın idi. O, evini 40 manata kirayəyə verirdi. İlk ayın kirayə haqqını ödəyərək oraya köçdüm. Həmin evdə məndən başqa Araz adlı şəxs də kirayədə qalırdı. Kirayə qaldığımız ev mətbəx, hamam və iç-içə olan iki balaca otaqdan ibarət idi. Mətbəxdən sonrakı birinci otaqda Havanisə və Tağıyev qəsəbəsində hərbçi olan nəvəsi Ravil, həmin otaqdan keçməklə arxada yerləşən ikinci otaqda isə Arazla mən qalırdıq. Arxa otaqda giriş qapısının sağ tərəfindəki divarın dibində stol vardı və stolun üstünə köhnə yataq dəsti, əsasən yastıqlar yığılmışdı, stolun altında Havanisənin köhnə taxta sandığı var idi. Adətən axşamlar evə gəlirdim, Havanisə, Ravil və Arazla münasibətim yaxşı idi, aramızda heç bir narazılıq olmamışdı.

6 dekabr 2009-cu ildə saat 8-də Rəfaillə birlikdə balıq tutmaq üçün dənizə getdik. Lakin hava küləkli olduğundan həmişəkindən tez - günorta saatlarında dənizdən qayıdaraq Rəfailgilin evində onunla birlikdə 1 ədəd yarım litrlik araq içdik.

Təsadüfən "tapılan" marixuana

Təxminən saat 16 radələrində Rəfailgildən çıxıb kirayə qaldığım evə gəldim. Mənzildə bir nəfər kişinin olduğunu gördüm. Havanisə həmin kişinin onun oğlu olduğunu dedi. Mən də onunla görüşdüm və paltarımı dəyişib tanışım Sarvanın yaşadığı evə yollandım. Sarvanla görüşüb kafedə oturduq və adama 3 bakal pivə içdik. Sonra Sarvanın kirayə yaşadığı evə getdik. Sarvan mənə bir şüşə tut arağı verdi, arağı götürüb oradan çıxdım. Yolda Rəfaillə rastlaşdım. Həmin arağı birlikdə içmək üçün yeməkxanaya getdik. Rəfaillə ikimiz Sarvanın verdiyi tut arağını içdik. Sonra Rəfail yeməkxananın müdiri ilə oturub nərd oynamağa başladı. Mən isə ona evə gedəcəyimi bildirib sağollaşdım.

Dənizdən çıxandan sonra yolda kağıza bükülü az miqdarda marixuana yarpaqlarının qurusunu tapmışdım. Yeməkxanadan çıxıb evə gedəndə yolda həmin marixuananı çəkdim.

"Mənə qızıl, pul ver"

Gecə saat 00-30 radələrində kirayə qaldığım evə gəldim. Həyət qapısı açıq olsa da, giriş qapısı arxadan bağlı idi. Başa düşdüm ki, Havanisə evdədir. Odur ki, hamamın arxa pəncərəsinə vurulmuş yaşıl rəngli toru özümdə gəzdirdiyim bıçaqla kəsərək oradan hamama daxil oldum. Evin içərisi qaranlıq idi. Səsə Havanisə oyandı və giriş qapısında mənimlə qarşılaşaraq evə necə girdiyimi soruşdu. Həmin gecə Havanisə mənzildə tək idi. Mən ona "Mənə qızıl, pul ver", dedikdə, Havanisə cavabında onda belə şeylər olmadığını dedi. Havanisənin sifətindən sillə ilə vuraraq ondan yenə də qızıl və pul tələb etməyə başladım. O yenə "heç nə yoxdur" deyəndə əlimlə yenidən sifətinə zərbə endirdim. Havanisə yerə yıxıldı və başı qapının yanında divarın dibinə qoyulmuş şkafa dəydi.

"Kömək elə sandığı açaq"

Bu zaman Havanisə dedi ki, qızıl, pul sandıqdadır. Əvvəl Havanisə, ardınca da mən sandıq olan otağa keçdik. Havanisə mənə dedi ki, kömək et sandığı stolun altından çıxaraq. Mən də sandığı stolun altından çıxartdım. Sandıq kilidsiz vəziyyətdə idi. Havanisə mən yatan çarpayıda oturub sandığı açdı. Sandıqda çoxlu qab-qacaq vardı. Havanisə sandıqda olan qabları yerə tökərək dedi ki, haradasa buradadır.

"Qarını öldürmək fikrinə düşdüm"

Mən isə gördüm ki, sandıqda yerə tökülmüş qablar və iki ədəd eyni formalı, eyni rəngli, yalnız biri bir az böyük, digəri isə bir az balaca bıçaqdan başqa bir şey yoxdur. Qarının məni aldatmasına, pul və qızıl verməməyinə görə onu öldürmək fikrinə düşdüm. Əlimdəki bıçaqla onun boynunun sol tərəfindən zərbə endirdim. Havanisə xırıldayaraq yıxıldı və boynundan güclü qan axmağa başladı. Sonra yenə bıçaqla Havanisənin boynuna, qarnına vurdum. Neçə zərbə vurmağımı xatırlamıram. Havanisənin ölməsini görüb otaqdan çıxdım. Bıçağın qanını evdəki əl-üz yuyanda yuyaraq əynimdəki sviterin altına qoydum.

"Cinayət zamanı istifadə etdiyim bıçağı polis maşınında gizlətdim"

Evdən çıxıb Tağıyev qəsəbəsindəki 6 saylı məktəbin həyətində gizləndim. Gecə saat 02-30 radələrində Tağıyev qəsəbəsindəki məscidin yanı ilə gedərkən yanımda polis maşını saxladı və polislər maşından düşüb məndən kim olduğumu soruşdular. Bu vaxt ora bir jiquli maşını gəldi. Maşından Ravil və daha 2 nəfər düşdü. Ravilin polislərlə söhbətindən istifadə edib oradan uzaqlaşmaq üçün yavaş-yavaş küçədəki döngəyə tərəf getməyə başladım. Elə bu zaman 2 nəfər polis arxamca qaçıb məni tutdular və polis maşınına mindirdilər. Oradan evə qayıtdılar. Polislər evə baxıb çölə çıxanda onlara dedim ki, Havanisəni mən öldürmüşəm. Polis maşınında olarkən həm cib bıçağını, həm də Havanisəni vurduğum bıçağı polis maşınının arxa hissəsindəki oturacağın altına qoyub gizlətdim. Polis bölməsində Havanisəni öldürməyimi etiraf edərək hadisəni törətdiyim bıçağı maşında gizlətdiyimi dedim."

"Anam qan içində çarpayıda uzanmışdı"

Zərərçəkmiş şəxs qismində dindirilən Elman Novruzov (mərhumun oğlu) ifadəsində Giləzi kəndində qeydiyyatda olan anasının Tağıyev qəsəbəsində qaldığını göstərib: "Rusiyada yaşayan qızım Qızbacının Tağıyev qəsəbəsindəki evi sahibsiz qalmasın deyə anam orada qalırdı. Tağıyev qəsəbəsində xidmət edən oğlum Ravil də tez-tez nənəsinə baş çəkərək gecələr onun yanında qalırdı. 7 dekabr 2009-cu ildə saat 02:00 radələrində oğlum Ravil zəng edərək "Havanisənin vəziyyəti pisdir, xəstələnib, tez gəl" dediyindən qardaşım Lətiflə birlikdə Tağıyev qəsəbəsinə yollandıq. Anam qalan evin qabağına çatanda maşınların, polislərin olmasını gördük. Orada anamı bıçaqla vurub öldürdüklərini eşitdik. Evə baxanda otaqda anamın sandığının töküldüyünü, özünün isə içində çarpayıda uzanmış vəziyyətdə qaldığını gördüm. Sonra bildim ki, anamı evdə kirayə qalan Dəvəçi rayonundan olan Elçin bıçaqla vuraraq öldürüb".

"Havanisə mənə deyirdi ki, bir ayı tamam olanda Elçini evdən çıxaracaq"

Şahid qismində dindirilən Araz Şükürov ifadəsində 2009-cu ilin sentyabr ayından Sumqayıt Texnologiyalar parkında fəhlə işlədiyini göstərib: "Əvvəllər Tağıyev qəsəbəsində kirayə yaşayan əmimgildə qalırdım. Ötən ilin noyabr ayının 1-dən Havanisənin evində ayı 40 manata kirayə yaşayırdım. Havanisənin hərbiçi olan nəvəsi Ravil də orada qalır, arada məzuniyyətə gedib qayıdırdı. Məndən təxminən 10 gün sonra evə əvvəllər tanımadığım Elçin adlı kirayənişin gəldi. İç-içə iki otaqdan ibarət olan otaqlardan: Havanisə və nəvəsi birinci otaqda, Elçinlə mən isə ikinci-arxa otaqda qalırdıq. Mən demək olar ki, evə ancaq yatmağa gəlirdim. Elçin də evə çox gec, məndən sonra gəlirdi, səhərlər tezdən durub gedirdi. Kirayə qaldığımız müddət ərzində təxminən 2 dəfə birlikdə həmin evdə çörək yemişik. Ev sahibi ilə Elçinin arasında hər hansı söz-söhbət olmasını eşitməmişəm. Amma Havanisə mənə deyirdi ki, bir ayı tamam olanda Elçini evdən çıxaracaq. Səbəbini soruşanda, "Elçin evə gec gəlir, tez gedir, gecə girib çıxır, narahat edir", - deyirdi".

Balıqçının "nağılı"

Şahid qismində dindirilən Rəfail Hüseynov ifadəsində balıq tutmaqla məşğul olduğunu göstərib: "Havanisə Novruzova ilə uzaq qohumluğum var. Elçin Fərzəliyevi 2009-cu ilin oktyabr ayından tanıyıram. Belə ki, o, özü mənim yanıma gələrək balıqçı olduğunu və mənimlə işləmək istədiyini bildirmişdi. Mən də razılaşmışdım. Həmin vaxtdan da Elçin mənim yanımda işləməyə başlamışdı. Elçin kirayə ev axtarırdı. Havanisənin kirayənişin saxladığı evin boş olduğunu bilirdim. Ona görə də ondan Elçini evində kirayənişin saxlamasını xahiş etdim. O da razılaşdı. Adətən hər gün səhər tezdən (külək olmayanda) dənizə çıxırdıq, təxminən 4-5 km irəli gedib, qoyduğumuz toru yığıb, balıqları götürüb, yenidən toru qurub, geri qayıdırdıq. 6 dekabr 2009-cu ildə təxminən saat 08-də qayıqla dənizə çıxmışdıq. Dənizdə külək olduğundan saat təxminən 12 radələrində sahilə çıxdıq və bizə gedib çörək yedik, yarım litrlik şüşədə olan arağı içdik. Elçin çıxıb getdi, mən isə yatdım. Axşam saat 20 radələrində küçədə Elçinlə rastlaşdım, Elçin dedi ki, tut arağım var, gəl yeməkxanaya gedək. Elçinlə Xəzər yeməkxanasına getdim, orada adama bir piti yeyib həmin arağı içdik. Sonra yeməkxananın müdiri Faiq gəldiyindən Elçin getdi, mən Faiqlə nərd oynadım. Təxminən gecə saat 12-də, birə işləmiş yeməkxanadan evə getdim. Gecə saat 03-30 radələrində polisdən mənə dedilər ki, Elçin Havanisəni öldürüb".

"Anam Elçini göstərib dedi ki, mənim balamdı, yanımda qalır"

Şahid qismində dindirilən Lətif Novruzov ifadəsində dekabrın 6-da Tağıyev qəsəbəsində toyda olduğunu göstərib: "Toyda iştirak etmək üçün saat 16 radələrində Tağıyev qəsəbəsinə, anam Havanisə Novruzovanın yaşadığı evə gəldim. Anam dedi ki, vəziyyətim yaxşıdır, evimdə kirayənişinlər saxlayıram, Ravili də pensiyamı almağa göndərmişəm. Sonra bir oğlan gəldi, anam dedi ki, mənim balamdı, yanımda qalır, mənə kömək edir. Elçin mənimlə mehriban görüşdü, sonra özü yatan arxa otağa keçdi. Təxminən saat 5-ə qalmış evdən çıxıb piyada toy olan yerə getdim. Ravil də toya gəldi. Toy təxminən saat 23-də başa çatdı. Toy sahiblərinin Giləziyə gedən avtobusuna minib yaşadığım Sitalçayda düşdüm. Gecə saat 23 radələrində qardaşım Elman gəlib məni oyadıb dedi ki, anamız ölüb. Tağıyev qəsəbəsinə gələndə bildim ki, anamı kirayənişini Elçin öldürüb. Evdə stolun üstündə toy dəvətnamələri olduğundan Elçin Ravilin toyda olmasını bilirdi."

"Əvvəl elə bildim ki, polisi Elçin çağırıb"

Şahid qismində dindirilən Ravil Novruzov ifadəsində Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən quru qoşunlarına aid hərbi hissədə gizir rütbəsində manqa komandiri kimi qulluq etdiyini, hərbi hissəyə yaxınlıqda yerləşən nənəsi Havanisə Novruzovanın yanında yaşadığını göstərib: "Hadisədən bir ay əvvəl məzuniyyətə çıxaraq valideynlərimin yaşadığı Giləzi kəndinə getmişdim. Həmin vaxt nənəm Elçin və Araz adlı oğlanları evə kirayənişin buraxıb. Məzuniyyətdən gələndən sonra nənəm dedi ki, Elçin bir aylıq evpulunu verib, ay tamam olanda onu evdən çıxaracağam, xoşum gəlmir. 6 dekabr 2009-cu ildə saat 10 radələrində yuxudan durub, evdən çıxaraq Sumqayıta getdim ki, nənəmin 94 manatlıq pensiya pulunu bankomatdan çıxarım. Pensiya pulu köçürülmədiyindən Texnikabankdan öz pulumdan 70 manat çıxararaq nənəmin yanına dönmədən Xızı rayonu Giləzi kəndindəki evimizə getdim. İş yoldaşım Nicatın Tağıyev qəsəbəsində yerləşən "Xızı dağları" şadlıq evində olacaq toyuna getməli olduğumdan axşam saat 18 radələrində Giləzidən avtobusla Tağıyev qəsəbəsinə gəldim. Toyda bir saat oturandan sonra iş yoldaşlarımla birlikdə Tağıyev qəsəbəsindəki bazarın yanındakı kafeyə gəldik. Nə toyda, nə də kafedə içki içməmişəm. Kafedən çıxıb İlkin Əhədov adlı dostum qalan evə gedərək orada çay içdikdən sonra gecə saat 01 radələrində nənəm yaşayan evə gəldim. Həyətin və evin giriş qapıları açıq idi. Otağa keçəndə nənəmin meyitinin arxa otaqda, kirayənişin Elçinin yatdığı çarpayıda üzü üstə qan içində olduğunu gördüm. Dostum İntiqama zəng vurub tez bizə gəlməsini dedim. İntiqam gəldikdən sonra qonşuluqda yaşayan taksi sürücüsü Fəxrəddini çağırdıq ki, bizi polisə aparsın. Fəxrəddini gözləyəndə Elçin bizə tərəf baxmadan gəlib yanımızdan keçib getdi və məscidə tərəf çatanda qabağında polis maşını saxladı. Elçin polislərlə söhbət etdi. Əvvəl elə bildim ki, polisi Elçin çağırıb.

Məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilib. Məhkəmənin hökmü ilə Elçin Fərzəliyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Hamı bu dünyada kirayədə qalır, nə vaxtda son mənzilinə köçüb gedəcək. O zamana qədər kimi rahat mənzildə yaşayacaq, kimi də zindanda. Seçim insanın öz əlindədir...

İnarə Rafiqqızı

O.M.