Dəhşətli qətli törədən şəxsə hökm oxundu

Dəhşətli qətli törədən şəxsə hökm oxundu

15 İyun 2011 16:28
1 095
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirli bilinən Bakı sakini Sahib Əsgərəliyevin məhkəməsi keçirilib.

İttiham aktına görə, ötən il noyabrın 5-də Bakı-Quba yolunun 12-ci kilometrliyində Abşeron rayonu ərazisində üzərində zorakılıq əlamətləri olan naməlum kişi meyiti tapılıb.

Aparılan araşdırmalardan sonra naməlum meyitin 51 yaşlı Nəzərbala Məmmədov olduğu məlum olub. Əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin Bakı sakini 28 yaşlı Sahib Əsgərəliyev tərəfindən törədildiyi məlum olub. Araşdırmalar zamanı o da məlum olub ki, qətlə yetirilən N.Məmmədov adıçəkilən şəxslə birgə "Duzlu göl" yaxınlığında yemək yeyib. Sonra isə onlar N.Məmmədova məxsus "VAZ-2101" markalı maşınla evlərinə getmək üçün yola düşüblər. Maşını Sahib Əsgərəliyev idarə edib. Bakı-Quba yolunun 12-ci kilometrliyində S.Əsgərəliyevlə N.Məmmədov arasında mübahisə düşüb. Sahib maşını saxlayaraq Nəzərbalanı döyüb. Nəzərbala huşunu itirərək yerə yıxılıb. Bu zaman Sahib avtomobilə minərək onun üstündən keçib və hadisə yerindən qaçıb. Nəzərbala yerindəcə keçinib.

Prosesdə zərərçəkmiş tərəfin vəkili Rəsul Yusifbəyli çıxış edib. O bildirib ki, dövlət ittihamçısı çıxış edərək Sahib Əsgərəliyevin barəsində qəti olaraq 15 il müddətinə azadlıqdan məhrum edilməsi cəzasını istəyib. Vəkil prokurorun təqsirləndirilən şəxs barəsində həddindən artıq yüngül cəzanı istəməsindən narazılıq edib. O deyib: "Bütün istintaq müddətində biz hər vasitə ilə əldə etdiyimiz sübutlarla işin tam obyektiv araşdırılmasına çalışdıq. Mövqeyimiz ondan ibarətdir ki, bu cür qəddarlıqla cinayət törətmiş şəxsi yalnız ən ağır cəzaya məhkum etməklə ədaləti bərpa etmək olar". Vəkil çıxışında müdafiə etdiyi tərəfə mülki iddia barəsində də qərar çıxarılmasını istəyib. O bildirib ki, təqsirləndirilən şəxsdən 20920 manat tutularaq zərərçəkmişin hüquqi varisi Tahirə Babayevaya verilməsi barədə məhkəmə qərar çıxarmalıdır.

Daha sonra məhkəmədə təqsirləndirilən şəxsin vəkili Nəzrin Cəfərova çıxış edib. O, müdafiə etdiyi şəxsin barəsində daha yüngül cəzanın verilməsini istəyib. Məhkəmədə son söz deyən Sahib Əsgərəliyev hakimlərdən ədalətli qərar çıxarılmasını xahiş edib. Bütün tərəfləri dinləyən məhkəmə heyəti qərar qəbul etmək üçün müşavirə otağına yollanıb. Müşavirədən qayıdan hakimlər Sahib Əsgərəliyevin 14 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm elan ediblər.

Hökmdən narazı qaldığını bildirən zərərçəkmiş tərəfin vəkili Rəsul Yusifbəyli apelyasiya şikayəti verəcəyini bildirib. O qeyd edib ki, Apelyasiya məhkəməsindən Sahib Əsgərəliyevə ömürlük cəzanın təyin edilməsini xahiş edəcək.

Zamanı geri döndərmək mümkün olsaydı, insanlar heç zaman cinayət törətməzdilər...

İnarə Rafiqqızı

O.M.