Şahidlər qətldən xəbərsiz olduqlarını deyirlər

Şahidlər qətldən xəbərsiz olduqlarını deyirlər

15 İyun 2011 15:36
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qəsdən adam öldürməkdə təqsirli bilinən "Ayna" Mətbu Evinin vitse-prezidenti olmuş Fərhad Süleymanovun cinayət işi üzrə məhkəmə baxışı davam etdirilib. Hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Şahid qismində "Ayna" mətbuat evinin təsərrüfat şöbəsinin müdiri Ramazan Bağırov ifadə verib.

Xatırladaq ki, mərhum öldürüldükdən sonra meyiti yandırılıb. Buna görə də məhkəmə yanacaq doldurulması üçün xüsusi qabların haradan əldə etməsini və benzin alınmasını araşdırır.

Ramazan Bağırov bildirib ki, Fərhad Süleymanova iki ədəd yanacaq doldurulması üçün nəzərdə tutulan plastik qab verib. Şahid Fərhad Süleymanovun cinayəti törətməsindən xəbərsiz olduğunu bildirib. Daha sonra məhkəmədə Fərhad Süleymanovun sürücüsü Elşən Cabbarov ifadə verib. O, bildirib ki, Fərhadın göstərişi ilə onun bağ evinə benzin aparıb: "Fərhad Süleymanov bağ evində generatordan istifadə edirdi. Buna görə də yanacaq lazım olub. Mən də evə yanacağı bu məqsədlə aparmışam. Fərhad Süleymanovun cinayət törətməsindən xəbərim olmayıb". Məhkəmə prosesi davam edir.

İttihama görə, Fərhad Süleymanov Mustafa Abbaslının və İlyas Şabanovun sifarişi ilə Rauf Həsənovu öldürüblər. Qeyd edək ki, Mustafa Abbaslının və İlyas Şabanovun barəsində məhkəmə qərarı ilə axtarış elan edilib.

Alov düşdüyü yeri yandırar...

İnarə Rafiqqızı

O.M.