Adi söz yaxın qohumları düşmən etdi

Adi söz yaxın qohumları düşmən etdi

29 Avqust 2014 14:47
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən Sumqayıt Apelyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirli bilinən Quba rayon sakini Raqif Əmrayevin cinayət işi üzrə məhkəmə başa çatıb.

İttihama görə, Raqif Əmrayev 27 avqust 2013-cü ildə, saat 23 radələrində sərxoş vəziyyətdə Quba rayonu, Davidoba kəndinin girişində yerləşən Elşən Məlikova məxsus kafedə xalası oğlanları Tural və Rövşən Cabbarov qardaşları ilə birlikdə yeyib-içib. Həmin vaxt Rövşənin gödəkcəsinin cibindən təsadüfən düyməcikli açılıb-qatlanan cib bıçağı yerə düşüb. Rövşən həmin bıçağı götürərək stolun üzərinə qoyub.

Raqif bıçağı götürüb: "Yaxşı adam vurmaq olar" deyə bildirib. Rövşən Cabbarov da: "Məni vura bilərsənmi?" soruşub. O, da vura biləcəyini söyləyib. Bu zaman Rövşən: "Vurmayan kişi deyil" deyib. "Kişiliyini" göstərən Raqif bıçağı Rövşənin döş qəfəsinə sancıb.

"Adama 3 bakal pivə içdik"

Vaxtında xəstəxanaya çatdırıldığı və tibbi yardım göstərildiyi üçün Tural Cabbarovun həyatını xilas etmək mümkün olub. Raqif Əmrayevin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Raqif Əmrayev apelyasiya şikayəti verib. O, hökmün ləğv edilməsini və əməlinin 131-ci (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəyə tövsif edilməsini istəyib. O, həmin maddənin sanksiyası həddində yüngül cəza təyin edilməsini xahiş edib.

Onun şikayəti hakim Hüseyn Nəbiyevin sədrlik etdiyi kollegiyada araşdırılıb. Raqif Əmrayev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Qeyd edib ki, hadisə baş verən günü kafedə yeyib-içiblər. Sonra pivə sifarişi veriblər: "Təxminən adama 3 bakal pivə içdik. Kafedə pivə paylayan Elşənin oğlu Məlikdən və bizdən başqa heç kim olmayıb. Bir azdan Rövşən stuldan duranda əynindəki gödəkcəsinin cibindən kafenin döşəməsinə bıçaq düşdü. Özü də həmin bıçağı götürdü".

"Sözümüz çəp gəldi"

Təqsirləndirilən şəxsin sözlərinə görə, bu zaman aralarında söz güləşdirməsi olub. Onun bildirdiyinə görə, xalası oğlu ilə söhbəti zamanı sözləri çəp gəlib və bıçaqla onu vurub: "Bu hadisəni kafedə qulluq edən Məlik də görüb. Rövşəni vurandan sonra bıçağı stolun üstünə qoydum. Rövşən isə bıçağı götürərək qanını sildi və cibinə qoydu. Həmin vaxt Rövşənin köynəyi və maykası qana bulaşmadığından kafedən çıxdıq və onu evə apardıq. Yolda Rövşənin köynəyini əynindən çıxardım. Köynəyi və bıçağı Tural götürdü.

Rövşəni xəstəxanaya aparmaq üçün Tural kənddə yaşayan Xalid Məcidova zəng vurdu. Xalidin maşınında əvvəlcə Rövşəni kənddəki dayısı Rəşidin evinə apardıq. Bu zaman Rəşid bizə: "Gedin valideynlərinizə hadisə haqda xəbər verin", - deyə bildirdi. Mən bu barədə atam Ramizə, Tural isə atası Məcnuna danışdı. Sonra həmin avtomaşınla Rövşəni Quba rayon mərkəzi xəstəxanasına apardıq".

Müdafiə nitqi ilə çıxış edən Raqif Əmrayevin vəkili Könül Salehova bildirib ki, birinci məhkəmə instansiyasının hökmü qanunsuzdur: "Raqif Əmrayevin əməlinin Cinayət Məcəlləsinin 126.2.4 maddəsi ilə tövsif olunmasının düzgünlüyü nə şahid ifadələri, nə də digər iş materialları ilə sübuta yetməyib. Hadisənin yeganə şahidi olan Tural Cabbarov və zərərçəkmiş şəxs Rövşən birinci instansiya məhkəməsində ifadələr verərək bildiriblər ki, Tural stəkanı götürmək üçün sola əyiləndə Rafiqin əlində olan bıçağın üstünə yıxılıb. Xuliqanlıq niyyəti ilə xəsarət isə obyektiv cəhətdən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətdir və subyektiv cəhətdən yalnız birbaşa qəsdlə törədilir. Digər motivlə, o cümlədən şəxsi münaqişə zəminində törədilən əməl xuliqanlıq kimi tövsif oluna bilməz".

Vəkil çıxışının sonunda apelyasiya şikayətinin təmin edilməsini istəyib. Prokuror Zəfər Ramazanov bildirib ki, birinci məhkəmə instansiyasının hökmü ədalətlidir. Müdafiə tərəfinin şikayətinin təmin edilməməsini istəyən prokuror hökmün qüvvədə saxlanılmasını tələb edib.
Bütün tərəfləri dinləyən hakimlər sonda qərar elan ediblər. Təqsirləndirilən şəxsin apelyasiya şikayəti qismən təmin edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Məhkəmə Raqif Əmrayevin üzərində qəti olaraq 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılması barədə qərar qəbul edib.

İnarə Rafiqqızı