Moskvada həmyerlimizin sevgi macərası cinayətlə bitdi

Moskvada həmyerlimizin sevgi macərası cinayətlə bitdi

14 İyun 2011 10:15
955
Bəyəndim (0) Bəyənmədim (0)
"Gördüklərimdən şoka düşmüşdüm"

GİRİŞ

Ölkəmizdə iş tapa bilməyən bəzi gənclər başqa ölkələrə üz tutmalı olurlar. Əcnəbi ölkədə işləməyə gedən həmvətənlərimizin taleyi bəzən heç də ürək açan olmur. Söhbət açacağımız bu cinayət işi də həmyerlilərimizdən birinin Rusiyada törətdiyi qanlı cinayətlə bağlıdır.

Çörək pulu qazanmaq üçün Moskva şəhərinə üz tutan 28 yaşlı Tural Şıxəliyevin pul qazanmaq bəxti gətirməyib. Rusiya Federasiyasının Moskva şəhərində olan Turalın orada bir rus qızı ilə münasibət qurması ona baha başa gəlib...

Tural Şıxəliyev 2005-2007-ci illərdə Yelena Yatsko ilə qeyri-rəsmi nikahda yaşayır. Günlərin bir günü evə gələn Tural qadını yad kişilərlə yeyib-içən görür. Əməlindən qürurlanan Yelena Turalı da qurduğu içki məclisinə dəvət edir. Qadının bu dəvətini qəbul etməyən Tural əsəbi halda evdə olan Yuri Postlakinin və Aleksandr Lavıqinin üstünə hücum çəkir. O, özündə olan bıçaqla Yuri Postolakini vurur. Yuri aldığı bıçaq yarasından ölür.

Tural qanun qarşısında cavab vermək əvəzinə cinayətdən yaxa qurtarmaq üçün Azərbaycana qayıdır. Rusiya hüquq-mühafizə orqanları Tural Şıxəliyevin barəsində qəsdən adam öldürmə ittihamı üzrə cinayət işi başlayırlar. Lakin Rusiya ərazisində Turalı tapa bilmədikləri üçün onun barəsində İnterpol vasitəsi ilə beynəlxalq axtarış verirlər. Həmin ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları Turalın tutulması üçün Azərbaycan tərəfə müraciət edirlər. Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları qısa zamanda Turalı tutmağa nail ola bilirlər. Lakin Tural Şıxəliyev Azərbaycan vətəndaşı olduğundan onu Rusiya tərəfinə verilməsindən imtina edirlər və Azərbaycanın qanunları çərçivəsində mühakimə edirlər. Tural Şıxəliyev ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma ittihamı ilə mühakimə edilməsi üçün məhkəmə qarşısına çıxarılır.

Təqsirləndirilən şəxs qismində dindirilən Tural Şıxəliyev ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, Yuriy Postolakini bıçaqla özünü müdafiə etmək üçün vurduğunu deyib. Məhkəməyə verdiyi ifadəsində uzun müddət Rusiyada yaşadığını bildirən Tural son bir il üç ay ərzində Yelena adlı Moldova millətindən olan qadınla nikahsız ər-arvad kimi yaşadığını göstərib: "Neçə illərdir ki, Rusiyada yaşayıb işləyirəm. Son vaxtlar Moskva şəhərində işləyirdim və İrina Saltıkovaya məxsus mənzildə Yelena adlı qadınla qeyri-rəsmi yaşayırdım. İrina öz mənzilinə ayda bir neçə dəfə gəlib-gedirdi. Bəzən bir neçə gün evdə, çox vaxt isə rəfiqələrinin evində qalırdı. 19 yanvar 2007-ci ildə evdən saat 11-12 radələrində şəhərə getmişdim. Həmin gün tanışım Nicatla oyun zalında rastlaşdım. Saat təxminən 24:00 radələrində Nicatdan ayrılıb evə gəldim.

"Evdə iki nəfər tanımadığım kişi vardı"

Qapını üzümə Yelena açdı. Dedi ki, İrina evə iki nəfər kişi dəvət edib, otaqda yeyib-içirlər. İçəri keçəndə əvvəllər tanımadığım iki nəfər kişinin İrina ilə oturub yeyib-içdiklərini gördüm. İrina mənimlə salamlaşıb həmin iki nəfərin onun tanışları olduğunu dedi. Kişilər özlərini Saşa və Yura kimi təqdim etdilər. Gec olduğu üçün onlardan xahiş etdim ki, çıxıb getsinlər. İrina isə onların səhərə kimi evdə oturacaqlarını dedi.

"Onlar azərbaycanlıların ünvanına nalayiq söyüşlər söydülər"

Mən isə Yelenanı mətbəxə çağıraraq, həmin kişilərin evdə olmalarına iradımı bildirdim. Bu zaman Saşa və Yura mətbəxə gələrək məni divara dirədilər. Onlar Azərbaycan millətinin ünvanına təhqiredici ifadələr işlətdilər. Burada səhərə kimi qalacaqlarını və istirahət edəcəklərini bildirdilər. Hər iki şəxs həm fiziki cəhətdən güclü, həm də sərxoş vəziyyətdə olduqlarından mənzili tərk etdim. Həyətə düşüb tanışım Nicata zəng edib problemim olduğunu və evin yanına gəlməyini xahiş etdim. Nicat gələndən sonra İrinanın evə iki nəfər gətirdiyini və onların mənzildən çıxarılmasında köməklik göstərməsini xahiş etdim.

"Bıçaqla Yuranın sol qıçından vurdum"

Biz mənzilə daxil olduq. Nicat onlara düzgün iş görmədiklərini deyərək, sakitcə evi tərk etmələrini bildirdi. Bu zaman Yura bizim üstümüzə hücum çəkdi. Nalayiq söyüşlər söyərək boynuma əl atıb sıxmağa, boğmağa başladı. Yuranın bıçaq götürmək istədiyini görüb ondan cəld tərpəndim. Həmin bıçağı götürüb Yuranın sol qıçından vurdum. Yuranın yıxıldığını görən Saşa yerdən götürdüyü taburetka ilə mənim üstümə gələndə Nicat stolun üstündəki araq şüşəsi ilə onun başından vurdu. Saşa divanın üstünə yıxıldı. Mən bu zaman Nicatı qaçmağa çağırdım".

"Mənim kimisə öldürmək niyyətim olmayıb"

Binadan çıxandan sonra Yuranı vurduğum bıçağı tulladım. Moskva şəhərində qalmaqdan ehtiyat edib Azərbaycana qayıtdım. Axtarışda olmağımı bilməmişəm. Mənim kimisə öldürmək fikrim olmayıb. Bıçağı götürdükdən sonra Yuraya çoxsaylı xəsarət yetirmək imkanım olsa da, məqsədim yalnız onun əlindən çıxıb qaçmaq olduğuna görə bıçaqla onun ayağından vurmuşam. Güman etmədim ki, həmin xəsarət Yuranın ölümünə səbəb ola bilər. Məqsədim yalnız özümü müdafiə etmək olub. Hadisədən sonra həmin mənzilə daha qayıtmadım, paltarlarım və şəxsi əşyalarım orada qalıb. Etdiyim əməldən peşmanam."

"Ertəsi gün ərimin öldürüldüyünü eşitdim"

İbtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən Postolaki Natalya Vladimirovna hadisənin faktiki halları ilə bağlı məlumatı olmadığını bildirib. O, ifadəsində göstərib ki, əri Yuriy olduqca sakit təbiətli, konfliktə meyli olmayan və spirtli içkilərdən sui-istifadə etməyən adam olub: "19 yanvar 2007-ci ildə axşam saatlarında ərim mənimlə telefon əlaqəsi saxladı və bir qədər gec gələcəyini dedi. Saat 01:00 radələrində isə ərim telefona artıq cavab vermədi. Ertəsi gün milis işçilərindən ərimin öldürüldüyünü eşitdim".

"Gördüklərimdən şoka düşmüşdüm"

Şahid qismində dindirilmiş İrina Saltıkova ifadəsində göstərib ki, Tural Şıxəliyev 1 ilə yaxın müddətdə ona məxsus mənzildə faktiki nikah münasibətlərində olduğu Yelena ilə yaşayıb: "Yanvar ayının 19-da "Kreşeniye" bayramını qeyd edərək Yelena ilə yeyib içdik. Saat 23 radələrində tanışlarım Aleksandr Lavıqinə zəng edərək onu və Yuriy Postolakini mənzilimə dəvət etdim. Onlar da özləri ilə bir litrlik araq gətirdilər. Yeyib-içməyi davam etdirdik. Bir qədər keçmiş Tural evə gələrək Yelenanın bizimlə oturub yeyib içdiyini görüb qışqırdı, təhqir etməyə başladı. Aleksandr Turalı sakitləşdirmək istədikdə Tural bizi də təhqir edərək mənzildən çıxıb getdi. Təxminən 20 dəqiqədən sonra Tural tanımadığım bir nəfərlə gəldi. Turalgil Saşa və Yura ilə dartışaraq əlbəyaxa oldular. Onları sakitləşdirməyə çalışdım. Gördüklərimdən şoka düşüb kimin nə hərəkət etdiyini bilməmişəm. Lakin dəqiq deyə bilirəm ki, Yura heç kəsə heç bir zərbə vurmayıb, onun əlində heç bir əşya olmayıb. Dava-dalaş təxminən 2-3 dəqiqə çəkdi. Bundan sonra Tural və tanışı otaqdan qaçıb getdilər. Otağa qayıtdıqda Yuranın döşəmədə huşsuz vəziyyətdə yıxılıb qaldığını, döşəmədə qan gölməçəsi yarandığını, Saşanın isə əli ilə ayağını tutaraq, divanda oturduğunu gördüm. Dartışma zamanı keçmiş ərim Viktor mətbəxdə olub, otağa gəlməyib. Yura və Saşaya kimin xəsarət yetirdiyini görməyib."

"Hamam otağına girib qapını arxadan bağladım"

İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Yelena İvanovna ifadəsində Turalla bir yerdə kirayə qaldığını göstərib: "Tural gecə evə gələrkən üstümə qışqırdı və İrinanın dəvət etdiyi kişilərdən kimsə məni müdafiə etdiyindən o, mənzildən çıxıb getdi. 20 dəqiqədən sonra tanımadığım bir kişi ilə qayıtdı. Turalın məni döyəcəyindən qorxaraq hamam otağına qaçıb qapını arxadan bağladım. Bir neçə dəqiqədən sonra Tural və onun tanışının çıxıb getdiklərini bilib otağa gəldim. Yuranın döşəmədə huşsuz vəziyyətdə uzandığını, Saşanın isə ayağını tutaraq divanda oturduğunu gördüm."

"Məqsədimiz özümüzü müdafiə etmək olub"

Şahid qismində dindirilən Nicat Əliyev ifadəsində hadisə baş verən gün Turalın zəngindən sonra onun yanına gəldiyini göstərib: "Tural mənə İrinanın mənzilə iki nəfər kişini gətirdiyini, həmin adamların onu təhqir edərək döymək istədiklərini danışdı. Onların mənzildən xoşluqla çıxarılmasında köməklik göstərməyimi xahiş etdi. Bu məqsədlə də Turalın yaşadığı mənzilə getdim. Bu zaman Yura və Saşa azərbaycanlıların ünvanına təhqiramiz sözlər işlətməyə və bizimlə dartışmağa başladılar. Həmin vaxt Yura qolunu Turalın boynuna salıb onu boğmağa çalışdı. Tural masanın üstündən bıçağı götürüb Yuranın ayağından vurdu. Saşa isə taburetkanı götürüb Turalın üstünə gələrkən həmin an əlimə keçən boş araq şüşəsi ilə onun başından vurdum. Tural qaçmağı təklif etdi və birlikdə otaqdan çıxdıq. Yolda Tural əlindəki bıçağı bağa tulladı. Bizim məqsədimiz yalnız özümüzü müdafiə etmək olub".

"Zərbədən huşumu itirdim"

İbtidai istintaq zamanı şahid qismində dindirilən Aleksandr Laviqin ifadəsində İrinanın dəvəti ilə onlara gəldiklərini göstərib: "Yura ilə birlikdə araq və yemək alaraq saat 23 radələrində İranın mənzilinə gəldik, orada yeyib-içdik. Saat 00-10 radələrində sonradan tanıdığım Lena ilə yaxın münasibətdə olan Tural bizim oturduğumuz otağa daxil olaraq Lenanın qolundan yapışıb onu mətbəxə tərəf dartdı. Mən Turalı sakitləşdirmək istədikdə o, məni təhqir edib mənzildən çıxıb getdi. Bir qədər sonra Tural bir oğlanla otağa girdi. Turalın tanışı bizdən kim olduğumuzu və burada nə etdiyimizi soruşdu. Onlar bizə qarşı özlərini çox aqressiv apardılar. Bu zaman Yuranın xırıldayaraq yerə yıxıldığını, Turalın isə sağ əlində qana bulaşmış bıçaqla Yuranın yanında durduğunu gördüm. Dartışma zamanı Turalın tanışı stolun üstündən götürdüyü boş araq butulkası ilə mənim başımdan vurdu. Zərbədən huşumu itirib divanın üstünə yıxıldım. Özümə gələndə Tural və onun tanışını otaqda görmədim".

QEYD:

Sizlərə təqdim etdiyimiz bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə hökm elan edilib. Hökmə görə, məhkəmə Tural Şıxəliyevin barəsində olan ittihamları dəyişib. Məhkəmə Tural Şıxəliyevi Cinayət Məcəlləsinin 130.1 maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilib və onu 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edib. Həmin hökmlə Tural Şıxəliyev cəzasını azadlıqda polis nəzarəti altında keçirməli olacaqdı. Təqsirləndirilən şəxs bu məhkəmənin hökmündən sevinsə də, onun sevinci uzun sürməyib. Çünki prokurorluq məhkəmənin hökmündən narazı qalıb və onun cəzasının ağırlaşdırılması üçün apelyasiya protesti verib.

Baş Prokurorluğun apelyasiya protestinə Şirvan Apelyasiya Məhkəməsində baxılıb. Hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə prokurorluğun protesti təmin edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilərək, Tural Şıxəliyevin cəzası ağırlaşdırılıb. Məhkəmənin qərarı ilə Tural Şıxəliyevin barəsində 6 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Son söz əvəzi:

Gənclər Rusiyaya iş tapmağa gedirlər. Ağıllı adam özünə iş tapır, avara başına iş açır, tüfeyli isə iş alır...

İnarə Rafiqqızı

O.M.