Moskvada qorxulu manyak axtarılır

Moskvada qorxulu manyak axtarılır

20 Avqust 2014 15:04
Bəyəndim (0) Bəyənmədim (0)

O, yolda tələ qurub sürücüləri və sərnişinləri öldürür

Moskva vilayətində hüquq-mühafizə orqanları yolda tələ qurub avtomobil sahiblərini və sərnişinlərini öldürən naməlum manyakı axtarır.

Virtualaz.org saytı xəbər verir ki, "Moskovskiy komsomolets" qəzeti manyakın, yaxud manyakların bu ilin may ayından etibarən azı dörd nəfəri eyni ssenari ilə öldürdüyünü yazıb.

Hüquq-mühafizə orqanlarından bildiriblər ki, cinayətkarlar qurbanlarını ovlamaq üçün yolda tələ qurur və tələyə düşən avtomobillərin təkəri deşilir. Təkəri dəyişmək üçün maşını saxlayıb düşən sürücülər və sərnişinləri isə güllələnir.

May ayından bu yana eyni dəsti-xətt üzrə törədilmiş azı dörd belə qətl hadisəsi baş verib. Mayın 3-də "Don" şossesinin 84-cü kilometrliyində yük maşınının sürücüsü yolun kənarında qəza siqnalını yandıraraq dayanmış "KİA Ceed" avtomobilini görüb.

Məlum olub ki, maşının yanında onun sürücüsünün - 64 yaşlı Moskva sakini Anatoli Lebedevin və arvadı, 62 yaşlı Tatyananın cəsədləri var. Hər iki şəxsin güllələndiyi məlum olub.

Araşdırma zamanı bəlli olub ki, cinayətkarlar yola üzərinə üçbucaqlı iti çıxıntı (mıxça) bərkidilmiş lövhə qoyublar və avtomobil bu lövhənin üstündən keçəndə təkəri deşilib. Sürücü təkəri dəyişmək üçün avtomobildən düşüb domkratı yerləşdirmək istəyəndə manyaklar iki tapança ilə onu və arvadını güllələyiblər.

Maşında mobil telefonlar, videotexnika, planşet və pul olsa da cinayətkarlar onların heç birinə toxunmayıb.

Təxminən iki ay sonra yenə də həmin trasda eyni ssenari ilə daha bir qətl hadisəsi törədilib. Bu dəfə cinayətkarlar yolun 45-ci kilometrliyində tələ qurublar. Tula vilayətinin sakini, 53 yaşlı Aleksey Tsıqanovun "Chevrolet Cruize" avtomobili tələnin üstündən keçəndə təkəri deşilib, sürücü təkəri dəyişmək üçün maşından düşəndə güllələnib. Soyğun izlərinə rast gəlinməyib.

Bir gün əvvəl - avqustun 19-da isə Moskva dairəvi beton yolunun Fominsk kəndi yaxınlığından keçən hissəsində 31 yaşlı moskvalı, Moiseyev adına rəqs ansamblının keçmiş rəqqası Albert Yusupov eyni ssenari ilə öldürülüb.

Bildirilir ki, istirahət günü Yusupov Luxovitsk rayonundakı bağ evinə gedib, gecə saat 2-də geri qayıdanda yolda dostuna zəng edib və maşınının təkərinin buraxdığını deyib. Daha sonra onunla əlaqə kəsilib.

Məlum olub ki, Yusupovun "Opel" markalı avtomobili də üstündə üçbucaqlı iti çıxıntılar bərkidilmiş lövhənin üstündən keçəndə təkəri deşilib, sürücü təkəri dəyişmək üçün düşəndə güllələnib. Cinayətkar Yusupova arxadan üç dəfə atəş açıb, daha sonra başından yoxlama atəşi açaraq öldürüblər. Avtomobildən heç nə oğurlanmayıb.

İstintaq hər üç cinayətin Tula silah zavodunun istehsalı olan 9 millimetrlik güllələrlə törədildiyini müəyyən edib. Hər üç cinayətin eyni şəxs, yaxud şəxslər tərəfindən törədildiyi ehtimalı araşdırılır.

Mediainfo.az