Xudat sakini oğlunu bıçaqladı

Xudat sakini oğlunu bıçaqladı

13 İyun 2011 10:15
1 475
Bəyəndim (0) Bəyənmədim (0)
"Oğlum məni bağışlasa da, bir ata kimi mən onu bağışlamayacağam"

Bakı Ağır Cinayətlər Məhkəməsində Xudat şəhər sakini 1948-ci il təvəllüdlü Qafarov Sədulla Əhməd oğlunun məhkəmə istintaqı yekunlaşıb. Təqsirləndirilən şəxs oğlu Seymur Qafarzadəni öldürməyə cəhddə ittiham olunurdu.

Məhkəmə yolu ilə müəyyən edilib ki, Sədulla Qafarov 8 iyul 2009-cu ildə saat 16:00 radələrində Xudat şəhəri Qulamov qəsəbəsində yaşadığı evin həyətində 1991-ci il təvəllüdlü oğlu Seymur Qafarzadənin anası Mairə ilə mübahisə etdiyini və sonuncunu əli ilə itələyib yerə yıxdığını görərək bunu ona irad tutub. O, mübahisəyə özünəməxsus tərzdə son qoymaq qərarına gəlib. Əvvəlcə oğlunu sakitləşdirməyə çalışan ata buna nail ola bilməyib. Oğlunun anasına əl qaldırması isə Sədulla Qafarovun əsəblərini tarıma çəkib. O, stolun üstündən götürdüyü bıçaqla oğlunun bədəninin müxtəlif nahiyələrindən zərbələr endirib. Atasının əlindən çıxaraq küçəyə qaçan Seymuru qonşular xəstəxanaya çatdırıblar. Həkimlərin səyi ilə onun həyatını xilas etmək mümkün olub.

"Həbsdən təzəcə çıxmışdım "

Təqsirləndirilən şəxs qismində dindirilən Sədulla Qafarov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində hadisədən bir ay öncə həbsdən azad olunduğunu bildirib: "Narkotik vasitələrin satışı ilə məşğul olduğuma görə Xaçmaz Rayon Məhkəməsinin 14 mart 2008-ci il tarixli hökmünə əsasən 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdim. Ötən ilin iyun ayının 6-da amnistiyaya düşdüm. Ailəmin yanına qayıdandan təxminən bir ay sonra isə bu hadisə baş verdi.

İyul ayının 8-i idi. Oğlum Seymur günorta saatlarında yuxudan oyanıb həyətə düşdü. Anasını kobudcasına çağıraraq şalvarını tikməsini ona tapşırdı. Arvadım Mairə şalvarı tikib oğluma qaytardıqdan sonra Seymur onu söyərək, "bu şalvardı, bu necə tikməkdi, bunu təzədən tik", - dedi. Mairə heç nə deməyib şalvarı Seymurdan alaraq yenidən tikməyə başladı. Bu vaxt oğlum şalvarı qəfildən anasının əlindən alaraq gözlənilmədən təpiklə onun qarın nahiyəsinə zərbə endirdi. Mairə yerdən durmaq istədikdə Seymur yumruqla anasının ağız nahiyəsinə vurdu.

"Bu nə hərəkətdir edirsən?"

Həmin vaxt qızlarım Yetər və Familə mənimlə birlikdə araya girərək Mairəni müdafiə etdilər. Bir ata kimi Seymuru qucaqlayıb sakitləşdirməyə çalışdım. Ona, "bu nə hərəkətdir edirsən, axı o sənə süd verən anadır?" - dedim. Qızım Yetər anasını həyətdən evə apardı. Arvadımın dalınca içəri keçib dedim ki, gedin Seymura təzə şalvar alın. Mənim bu sözümdən sonra arvadımla qızım Familə Seymura şalvar almağa getdilər.

"Ata, tez ol kömək et"

Həmin ərəfədə evdə pul yox idi. Arvadım şalvarı mağazadan nisyə alıb gətirmişdi. Seymur şalvarı anasının əlindən alaraq, "bu nədir alıb gətirmisən?", - deyib onu cırmaq istədikdə Familə cəld tərpənib buna imkan vermədi.

Oğlumun yenə də anasını küçə söyüşləri ilə söydüyünü və ölümlə hədələdiyini eşitdim. Həmin vaxt qızım Yetərin, "papa, tez ol kömək et, Seymur anamı yenə döymək istəyir," - dedikdə onlara tərəf getdim.

"Nə vaxtacan bizim qanımızı içəcəksən?"

Həddindən artıq hiddətlənmişdim. Həyətdəki stolun arxa tərəfinə keçib oradakı mətbəx bıçağını əlimə götürdüm. Oğluma, "bəsdir, nə vaxta kimi sən bizim qanımızı içəcəksən?" - deyərək Seymurun bədəninə bıçaqla bir neçə zərbə vurdum. Seymurun ayağı büdrəyərək yerə yıxıldı. O, tez ayağa durub həyətdən küçəyə qaçdı.

"Anatomiyanı yaxşı oxumuşam, öldürmək istəsəydim, öldürərdim"

Sonradan bildim ki, Seymuru qonşular Xudat şəhər xəstəxanasına aparıblar. Seymur xəstəxanada əməliyyat olunduqdan sonra sağaldı. Oğlum Seymuru öldürmək fikrim olmayıb. Əgər istəsəydim onu öldürə bilərdim, mənə heç kim mane olmurdu. Orta məktəbdə anatomiyanı yaxşı oxumuşam. Bir dəfə Rusiya Federasiyasında qəsdən adam öldürmüşdüm. Adam öldürməyin yolunu bilirəm. Həmin cinayətə görə də cəzamı tam çəkib qurtarmışam. Oğlum məni bağışlasa da, mən bir ata kimi onu bağışlamayacağam."

"Anamın gördüyü iş xoşuma gəlməmişdi"

Zərərçəkmiş şəxs qismində dindirilən Seymur Qafarzadə ifadəsində hadisə baş verən gün ailədə münaqişə yarandığını göstərib: "Yuxudan oyanıb əynimə şalvarımı geymək istədim. Şalvarımın diz nahiyəsinin cırıldığını görüb anama verdim ki, tiksin. Anam şalvarı tikib mənə qaytardı. Lakin onun gördüyü iş xoşuma gəlmədi. Anam məni sakitləşdirdi. Dedi ki, sakit ol, gedib sənə şalvar alıb gətirəcəyəm. Sonra anamla bacım mənə şalvar alıb gətirdilər. Şalvar əynimə balaca olduğundan xoşuma gəlmədi. Anama əsəbiləşib dedim ki, haradan almısansa, apar qaytar. Ani olaraq onun qarın nahiyəsinə təpik, ağzına isə yumruq vurdum. Anamla mübahisə edən zaman atam stolun üstündəki bıçağı götürüb üzərimə gəldi.

"Atam bıçaqla başıma, çiynimə zərbələr endirdi"

Bıçaq atamın sağ əlində idi. Bıçağı əlinin içində tutmuşdu. Yalnız uc hissəsi görsənirdi. Atam bıçaqla mənə zərbə endirdikdən sonra dizi üstə yerə yıxıldım. Köynəyimdən tutaraq aşağı əydi və var-gücü ilə başıma, sağ çiynimə bıçaqla vurdu. Müqavimət göstərib qaçmaq istəyərkən boynumdan tutub sol böyür və sağ arxa tərəfimdən bıçaqla zərbə endirdi. Atam məni öldürməsin deyə anam və bacılarım hay-küy saldılar. Onların atamı tutmasından istifadə edib küçəyə qaçdım. Buna baxmayaraq, atam arxamca həyət qapısına qədər qaçdı, lakin məni tuta bilmədi. Qan itirə-itirə küçəyə qaçdım. Arxaya baxanda gördüm ki, daha atam dalımca gəlmir. Bir qədər getdikdən sonra yerə yıxıldım və artıq hərəkət edə bilmədim. Qonşumuz Əfqan zarıldadığımı görüb nə hadisə baş verdiyini soruşdu. Əfqana atamın məni vurduğunu dedim. Əfqan halımın pis olduğunu görüb sürücü Eyvazı çağırmağa getdi. Eyvazla Əfqan məni Xaçmaz rayon xəstəxanasına apardılar."

"Seymur ailənin tək oğlu olduğundan ərköyün böyümüşdü"

Şahid qismində dindirilən Yetər Qafarovanın ifadəsindən:

- Hadisə baş verən gün qardaşım Seymur şalvar üstündə anamla mübahisə etməyə başladı. Anam Mairə ilə bacım Familə ona şalvar alıb gətirdilər. Amma aldıqları şalvar Seymurun xoşuna gəlmədi. Seymur ailənin tək oğlu olduğundan ərköyün böyümüşdü. Odur ki, anam onu sakitləşdirib dedi ki, narahat olmasın, aparıb qaytaracaq. Seymur isə anamın üstünə qışqıraraq hay-küy saldı və onu vurdu. Anamı müdafiə etdikdə o, mənim saçımdan tutdu. Bu zaman atam gələrək Seymurun üstünə qışqırdı. Dedi ki, niyə anana qarşı belə hərəkətlər edirsən? Seymur atamla mübahisə etdikdə atam bıçaqla onu vurdu. Qorxduq ki, birdən atam Seymuru öldürər. Ona görə də səs-küy saldıq ki, atam Seymuru öldürə bilməsin. Qardaşım atamın əlindən çıxaraq küçəyə qaçdı.

"Sədulla dəfələrlə ağır cinayətlər törətdiyinə görə məhkum olunmuş bir şəxsdir"

Şahid qismində dindirilən Samir Abuzərovun ifadəsindən:

- Xudat Şəhər Polis Bölməsində sahə müvəkkili işləyirəm. Polis bölməsinə bir nəfərin bıçaqlanma ilə bağlı xəstəxanaya aparılması barədə məlumat daxil oldu. Polis nəfəri Cavid Məmmədovla birlikdə Xudat şəhər xəstəxanasına yollandıq. Orada bizə məlum oldu ki, Qulamov qəsəbəsi 7-də yaşayan Sədulla Qafarov evlərində baş verən ailə münaqişəsi zəminində oğlu Seymura bir neçə dəfə bıçaqla xəsarət yetirib. Seymur ağır yaralı olduğundan onunla danışa bilmədik. Cavidlə birlikdə Sədullanın yaşadığı evə gəldik. Evə çatarkən gördük ki, Sədulla həyətdə oturub. Baş vermiş hadisə barədə ondan soruşanda Sədulla bildirdi ki, Seymur özünü ailədə yaxşı aparmayaraq anası ilə dalaşdığından onu bıçaqla vurub. Sonra isə stolun üstündəki bıçağı bizə təqdim etdi. Sədulla özü dəfələrlə ağır cinayətlər törətdiyinə görə məhkum olunmuş bir şəxsdir. Buna görə də başqa hadisə baş verməsin deyə onu sakit rəftarla polisə dəvət etdik.

QEYD: Məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribovun sədrliyi ilə keçirilib. Məhkəmənin hökmü ilə Sədulla Qafarov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Son söz əvəzi: Əyninə şalvar ala bilməyən "kişi" anasını söyürsə, vurursa, bunun adı ərköyünlük yox, nankorluqdur. Övladlarınızı ərköyün böyütməyin ki, nankor olsun...

İnarə Rafiqqızı

O.M.