Bakıda sərnişinlərin davası ölümlə nəticələndi

Bakıda sərnişinlərin davası ölümlə nəticələndi

10 İyun 2011 10:15
3 254
Bəyəndim (0) Bəyənmədim (0)
Dəli şeytanın növbəti qurbanları

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Gürcüstan Respublikası Bolnisi rayon sakini Ələkbər İsmayılovun məhkəmə istintaqı başa çatıb.

Məhkəmə yolu ilə müəyyən edilib ki, Ələkbər İsmayılov 17 avqust 2009-cu ildə qardaşı Ayvaz İsmayılovun işlədiyi qarajdan çıxaraq Suraxanı qəsəbəsindəki kirayədə yaşadığı mənzilə getmək üçün "Xalqlar dostluğu" metrostansiyası istiqamətində hərəkət edən 265 saylı marşrut avtobusuna minib. Avtobusun qapısı qarşısında onunla yanaşı dayanmış Zaur Hüseynov Ələkbər İsmayılovun ayağını tapdaladığından aralarında mübahisə yaranıb. Lakin avtobusdakı sərnişinlər onları sakitləşdiriblər. Bir az getdikdən sonra Babək prospekti ilə Məhəmməd Hadi küçələrinin kəsişməsində yerləşən körpünün yanında sərnişinlər avtobusdan düşərkən onlar yenidən mübahisə etməyə başlayıblar. Bu vaxt avtobusun sürücüsü Zaur Hüseynovu yerə düşürüb. Ələkbər İsmayılov sonuncu dayanacaqda düşüb metronun Qara Qarayev prospekti tərəfə qalxdığı zaman Zaur Hüseynov onu arxadan səsləyib və avtobusdakı söhbəti davam etdirərək onun yaxasından yapışıb. O Zaura, "alçaq, əclaf, yaxamı burax", - desə də, Zaur Hüseynov onu buraxmayıb. Əsəblərini cilovlaya bilməyən Ələkbər İsmayılov özündə olan bıçaqla onun döş qəfəsindən zərbə endirib. Ağır dərəcəli xəsarət almış yaralını xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Təqsirləndirilən şəxs qismində dindirilən Ələkbər İsmayılov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində hadisə baş verən gün qardaşı Ayvazın işlədiyi qaraja gəldiyini göstərib: "Qardaşıma kömək etdikdən sonra axşam tərəfi qarajdan çıxdım. İşdən çıxarkən qarajın qapısının qarşısında bizimlə birlikdə işləyən Almaz adlı qadınla rastlaşdım. Onunla birlikdə "Xalqlar Dostluğu" metrostansiyasına getmək üçün 265 saylı marşrut avtobusuna mindim.

"O, mənim ayağımı tapdaladı"

Həmin vaxt avtobusa minən və sonradan adını bildiyim Zaur Hüseynov ayağımı tapdaladı. Ona ayağını çəkməsini bildirdim. Zaur," mənim üstüm tozdur?" - deyə soruşduqda aramızda mübahisə düşdü. Avtobusda olan adamlar bizi sakitləşdirdilər, dalaşmağa qoymadılar. Zaur "Xalqlar Dostluğu" metrostansiyasının yaxınlığındakı körpünün altında, mən isə marşrutun sonuncu dayanacağındakı metronun qarşısında düşdüm. Almaz da mənimlə birlikdə maşından düşdü və biz bir-birimizdən aralandıq. Almaz evə getmək üçün metronun çıxışında olan pilləkənlərdən yuxarı qalxaraq 30 saylı marşrut avtobusunun dayanacağına getdi.

"Məni nalayiq söyüşlərlə söydü"

Mən isə həmin pilləkənlərdən çıxaraq dönər yemək üçün yolun kənarında yerləşən dönər satılan yerə getmək istədim. Pilləkənləri çıxarkən marşrutda mübahisə etdiyim Zaur məni arxadan səsləyərək söhbət etmək istədiyini bildirdi. Pilləkənləri qalxaraq dayandım. Həmin vaxt Zaur yanında iki-üç nəfər cavan oğlanla mənə yaxınlaşdı. Zaur avtobusda olan söhbətə görə mənə iradını bildirdi və mübahisə etməyə başladı. Mübahisə zamanı yaxamdan tutaraq məni nalayiq söyüşlərlə söyərək təhqir etdi. Həmişə üstümdə gəzdirdiyim bıçağı şalvarımın arxa cibindən çıxarıb Zaurun qarın nahiyəsindən vurdum. O, arxaya çəkildikdə, bıçağı yolun kənarına tullayaraq qardaşıma məlumat vermək üçün qaraja qayıtdım. Qardaşımı orada tapmadım. Bir qədər sonra 24-cü PB-dən qardaşımın telefonundan mobil telefonuma zəng vuraraq bölməyə gəlməyimi bildirdiklərindən oraya gedərək törətdiyim cinayəti etiraf etdim".

"Xəstəxanaya çatanda artıq qardaşım oğlu ölmüşdü"

Zərərçəkmiş şəxsin hüquqi varisi Umud Hüseynov (mərhumun əmisi) ifadəsində qardaşı oğlu Zaur Hüseynovun 2009-cu ildə işləmək üçün Bakı şəhərinə gəldiyini göstərib: "Avqust ayının 17-də saat 22 radələrində qardaşım oğlu Qabil mənə zəng vuraraq Zaurun bıçaqlandığını və "Azər Su tikinti" xəstəxanasında olduğunu bildirdi. Dərhal həmin xəstəxanaya getdim. Mən oraya çatanda Zaur artıq ölmüşdü. Sonradan məlum oldu ki, Zaur marşrut avtobusunda bir nəfər oğlanla mübahisə edib. Avtobusdan düşməsinə baxmayaraq, həmin oğlanın arxasınca gedərək metronun "Xalqlar dostluğu" stansiyasının çıxışında yenidən onunla sözləşib. Həmin oğlan da Zauru bıçaqlayaraq öldürüb".

"Kiminsə "öldü, öldü" deməsini eşitdim"

Şahid qismində dindirilən Sitarə Niftullayevanın ifadəsindən:

- 17 avqust 2009-cu ildə axşam işdən çıxıb evə getmək üçün dayanacaqda avtobus gözlədiyim vaxt iş yoldaşım Ələkbərlə rastlaşdım. Ələkbər mənimlə birlikdə avtobusa mindi. Az sonra Ələkbərin yanında dayanmış oğlana "ayağını üstümə vurma, çək kənara" deməsini eşitdim. Sonra Ələkbərlə həmin oğlan arasında mübahisə düşdü. Lakin avtobusda olanlar onları sakitləşdirdilər. "Xalqlar dostluğu" metrostansiyasının yaxınlığında yerləşən körpünün yanında bir qadın və iki kişi avtobusdan düşdükdə Ələkbərlə oğlan arasında yenə də mübahisə başladı. Avtobusun sürücüsü Ələkbərlə mübahisə edən oğlanı aşağı düşürdü. Biz yola davam etdik və metronun girişində sonuncu dayanacaqda düşdük. Avtobusdan düşdükdən sonra Ələkbərlə birlikdə pilləkənlərlə Qara Qarayev prospektinə qalxdıq və ayrılaraq hərəmiz bir istiqamətə getdik. Bu vaxt avtobusda Ələkbərlə mübahisə edən oğlanın arxadan yaxınlaşaraq onu vurduğunu gördüm. Mən onlardan təxminən 5-6 metr aralıda idim. Onların dalaşdıqlarını görüb geri qayıtdım. Həmin vaxt kiminsə "öldü, öldü" deməsini eşitdim. Ələkbəri vuran oğlanın aptekin yanında yerə yıxıldığını gördükdə işlədiyim qarajın müdirinə zəng vuraraq Ələkbərin adam bıçaqladığını və qardaşı Ayvazın gəlib həmin oğlanı xəstəxanaya aparmasını bildirdim. Təxminən 10 dəqiqə sonra Ayvaz iş paltarında hadisə yerinə gəldi və orada olan polis əməkdaşları bizi polis bölməsinə apardılar".

"İki nəfərin mübahisə etdiklərini görüb onları sakitləşdirdim"

Şahid qismində dindirilən 265 saylı avtobusun sürücüsü İfrat Musayev ifadəsində göstərib ki, hadisə baş verən gün avtobusla metronun "Xalqlar dostluğu" stansiyasının yaxınlığında yerləşən sonuncu dayanacağa gələrkən ondan əvvəlki dayanacaqda dörd nəfər müştəri götürüb: "Bir qədər gedəndən sonra avtobusda kimlərinsə mübahisə etməyə başladıqlarını gördüm. Mübahisə etməməklərini tapşıraraq onları sakitləşdirdim. Həmin şəxslər ayaq tapdalanması üstündə mübahisə etsələr də, hansının digərinin ayağını tapdalamasını bilməmişəm. Metronun yaxınlığındakı körpüyə çatdıqda avtobusdan düşmək istəyən sərnişin olduğundan maşını saxladım. Həmin oğlanların yenidən mübahisə etməyə başladığını görüb adını sonradan bildiyim Zauru avtobusdan düşürdüm və yoluma davam etdim. Metronun sonuncu dayanacağında mübahisə edən digər oğlan da avtobusdan düşdü. Maşını bir az qabağa sürərək oturub çay içdim. Yenidən maşına oturub metronun çıxışına gəldikdə orada adamların toplaşmasını gördüm. Yaxınlaşdıqda körpünün yanında maşından düşürdüyüm oğlanın bıçaqlandığını gördüm".

QEYD: Məhkəmənin hökmü ilə Ələkbər İsmayılov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Vaxtında "Lənət şeytana!" deməsən, o, səni uzun bir səyahətə aparacaq...

İnarə Rafiqqızı

O.M.