Azərbaycanlılar xəstəxanaya hücum edib yaralını öldürdü

Azərbaycanlılar xəstəxanaya hücum edib yaralını öldürdü

2 İyun 2014 16:25
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Tümen vilayətindəki kafelərin birində azərbaycanlılar arasında başlayan qanlı dava-dalaş iki nəfərin ölümü ilə nəticələnib

Virtualaz.org xəbər verir ki, kafedə baş vermiş dava-dalaşdan sonra iki yaralı 2 nömrəli vilayət xəstəxanasına aparılıb.

Tanışlarından birinin maşını ilə xəstəxanaya çatdırılan birinci yaralı - Azərbaycan vətəndaşı Ataş Qurbanov (şəkildəki gənc) xəstəxananın qəbul şöbəsində keçinib. Onun ardınca təcili yardım karetasında xəstəxanaya ikinci yaralı çatdırılıb.

Bu vaxt yenicə keçinən A.Qurbanovun qohumları birbaşa xəstəxananın foyesində ikinci yaralıya hücum edərək onu döyüblər, daha sonra çoxsaylı bıçaq zərbələri endirərək qətlə yetiriblər.

Həmin şəxsin kimliyi məlum deyil, ancaq bəzi məlumatlara görə, Gürcüstandan olan azərbaycanlıdır. Ehtimal olunur ki, A.Qurbanovu bıçaqlayan həmin şəxs olub və bu səbəbdən qohumları ondan bu cür amansızlıqla qisas alıblar.

Tümen hüquq-mühafizə orqanları bu cinayətlə bağlı araşdırma aparır, kafedəki dava-dalaşın iştirakçılarını ayırd etməyə çalışır.

Rusiya KİV-ləri Tümendə azərbaycanlılar arasında iki nəfərin ölümü ilə nəticələnmiş qanlı dava-dalaş barədə yeni məlumatlar yayıb.

Xəbərdə bildirilir ki, dava azərbaycanlılara məxsus "Bakı" kafesində baş verib. Yaralı halda xəstəxanaya çatdırılan və orada ölən Ataş Qurbanov adlı şəxs Şəmkir rayonundandır.

Onun şəklini və Şəmkirdən olduğunu qohumlarının sosial şəbəkələrdə yazdıqlarından öyrənmək mümkün olub.

Məlumata görə, həmin şəxsin qohumları A.Qurbanovun ölümündən az sonra xəstəxanaya gətirilən ikinci yaralıya foyedə hücum ediblər, daha sonra onu küçəyə çıxararaq qəddarcasına döyüblər və bir neçə bıçaq zərbəsi endirərək öldürüblər.

Mediainfo.az