Yasamalda qumar üstündə qan töküldü

Yasamalda qumar üstündə qan töküldü

3 İyun 2011 09:38
2 799
Bəyəndim (0) Bəyənmədim (0)
"O, ölməli oğlan deyildi "

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Bakı şəhər sakini 1983-cü il təvəllüdlü İmanulla Bəşirovun məhkəmə istintaqı yekunlaşıb.

Məhkəmə yolu ilə müəyyən edilib ki, İmanulla Bəşirov Şahin Nurməmmədovla qumar oynayarkən ona 100 manat pul uduzub. Həmin vaxt pulu olmadığından borcunu sonuncuya sonradan verib. Şahinin onun haqqında qeyri-ciddi şəxs olmasını, "tavanın çönməsini" adamlar arasında danışdığını eşidən İmanulla özü ilə "Makarov" tipli tapança götürərək 20 noyabr 2009-cu ildə Müseyib Cəfərov, Eynulla Bünyatzadə, Emin Zöhrabov və başqaları ilə birlikdə Yasamal rayonu Abdulla Şaiq küçəsinə yollanıb. Orada olarkən Şahin də onların yanına gəlib və Müseyib, Eynulla, Emin və digərlərinin arasında dayanıb. İmanulla Şahinin üzünə qarşı əvvəllər qumar oyununda uduzduğu pulu gec qaytardığına görə "tavanın çönməsini, qeyri-ciddi şəxs olmasını" deməsini bəhanə gətirərək tapançanı belindən çıxararaq, hamının gözü qarşısında ona yaxın məsafədən bir dəfə atəş açıb. Ağır dərəcəli bədən xəsarəti almış yaralını xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

"Qumarda uduzdum"

Təqsirləndirilən şəxs qismində dindirilən İmanulla Bəşirov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində mərhum Şahin Nurməmmədovu çoxdan tanıdığını və aralarında normal münasibət olduğunu göstərib: "Təxminən bir il yarım bundan əvvəl Şahinlə domino oynadıq. Oyun zamanı mən 100 manat pul uduzdum. Pulu bir gün müddətinə qaytarmalı idim. Lakin pul əvəzinə mobil telefonumu ona verdim.

"Bizi bir-birimizə qarşı düşmənçiliyə yönəltdilər"

Bu hadisədən bir ildən çox vaxt keçmişdi. Şahinin və mənim tanışlarım olan Müseyib Cəfərovla Emin Zöhrabov söhbət qaldırdılar ki, telefon qumar borcunun ödənilməsi kimi qəbul oluna bilməz. Beləliklə də Şahini mənə, məni isə Şahinə qarşı düşmənçiliyə yönəltdilər. Müseyiblə Emin mənə deyirdilər ki, guya Şahin hər yerdə "İmanullanın tavanı çevrilib" - deyir, buna görə də mən onun cavabını verməliyəm. Şahinin isə borcu telefonla almasının düzgün sayılmadığını deyirlərmiş. Halbuki Şahin telefonu alandan sonra narazılıq etməmişdi, heç bir söhbət qaldırmamışdı. Ta ki Eminlə Müseyib onu qızışdıranadək...

"Sən tavanı çökmüş adamsan"

Hətta hadisə günü Eminlə Müseyibin təkidi ilə çayxanaya, oradan isə Şahinlə görüşməyə getdikdə o, gəlmək istəməmişdi. Sonra Emingilin təkidi ilə gəldi. Şahinlə görüşəndə o, Müseyibin təklifi ilə mənə "Tavanı çönmüş adamdır", - dedi. Bu isə o demək idi ki, yəni mən kişi deyiləm, sözümün üstündə dura bilmirəm. Özümdə olan tapançanı çıxarıb Şahinin ayağından vurmaq istədim. Amma atəş açan zaman Şahin qəfildən yerə əyildi və güllə onun sinəsindən dəydi.

"Şahin ölməli oğlan deyildi"

Ətrafda kənar adamlar da var idi. Mən Şahini öldürmək istəməmişəm. Şahin ölməli oğlan deyildi. Bundan sonra göyə atəş açmaq istədim. Amma tapançadan atəş açılmadı. Dostum Eynulla məni oradan araladı və mən çıxıb getdim. Tapançanı güllələrlə birlikdə hadisədən əvvəl Şahin mənə vermişdi. Polisdən gizlənmək fikrim olmayıb. Sadəcə Şahinin qardaşı Sahibin mənim yaxınlarımı vuracağından ehtiyatlanaraq kənardan Şahingilin evini izləyirdim. Əgər görsəydim ki Sahib ailə üzvlərimə ziyan vurmaq istəyir, Sahibi də vuracaqdım. Lakin ailə üzvlərimə xata törədilmədiyini görüb silahla birlikdə polisə təslim oldum. Etdiyim əməldən peşmanam, cəzamı çəkməyə hazıram. Bu cinayəti törətməyə məni heç kəs təhrik etməyib. Şahin dost-tanışlar arasında məni rüsvay etdiyi üçün onu tapança ilə ayağından vurmaq istəmişəm."

"Oğlumun "Dədə" ləqəbli şəxs tərəfindən tapança ilə vurulmasını eşitdim"

Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən Lalə Abubəkirova (mərhumun anası) ifadəsində oğlu Şahinin 20 noyabr 2009-cu ildə saat 15 radələrində evdən çıxdığını göstərib: "Saat 17 radələrinə kimi oğlum dostu Vidadigildə olub. Sonra isə "Nizami" metrostansiyasının yanında Leylanı qarşılayıb. Birlikdə sonuncunun evinə gediblər. Leylanın deməsinə görə Şahin çörək yedikdən sonra yatıb. Şahin yatandan sonra onun telefonuna çoxlu sayda zənglər gəlib. Şahin 21 noyabr 2009-cu ildə saat 00:15 radələrində Leylaya evdən çıxaraq çayxanaya gedib gələcəyini bildirib. Oğlumun "Dədə" ləqəbli şəxs tərəfindən tapança ilə vurulmasını, Mübariz adlı şəxs tərəfindən xəstəxanaya aparılmasını da Leyladan eşitmişəm".

"Məhəllə uşaqları arasında "fuflo" deyərək onu təhqir edirmiş"

Şahid qismində dindirilən Nuhi Bəşirov ifadəsində təqsirləndirilən şəxsin onun doğma oğlu olduğunu göstərib: "İmanulla şəxsi maşını ilə sərnişin daşımaqla məşğul olurdu. Oğlumun heç kimlə düşmənçiliyi olmayıb. Hətta mərhum Şahinlə dost idilər. Hadisə gününün gecəsi məni Yasamal RPİ-nə apardılar. Orada məhəllə uşaqlarından eşitdim ki, oğlum İmanulla Şahinə 100 manat pul uduzub, lakin pulun əvəzinə mobil telefonunu verib. Şahin isə oğlum İmanullanı məhəllə uşaqları arasında "fuflo" olduğunu deyərək təhqir edib. 20 noyabr 2009-cu ildə İmanulla ilə aralarında görüş keçirmək üçün çətinliklə Şahindən razılıq alınıb. Gecə vaxtı İmanulla ilə Şahin arasında söhbət olub. Söhbətdə 30-40 nəfər şəxs iştirak edib. Bu vaxt Şahin yenə də İmanullaya "fuflo" olduğunu deyərək təhqir edib. Bundan sonra İmanulla tapançadan Şahinə atəş açaraq yaralayıb və Şahin xəstəxanada ölüb."

"Mənə Şahinin vurulduğunu dedilər"

Şahid qismində dindirilən Leyla Abdulhəsənova ifadəsində mərhum Şahinin onun əri olduğunu göstərib: "20 noyabr 2009-cu ildə Şahinlə "Nizami" metrostansiyasının yanında görüşüb birlikdə evə gəldik. Axşam yeməyi yedikdən sonra Şahin ürəyi ağrıdığına görə yatdı. Şahin yatdıqdan sonra onun telefonuna ayrı-ayrı nömrələrdən çoxsaylı zənglər gəldi. Şahinin oyanmamağı üçün telefonu səssiz rejimə qoydum. Saat 00:15 radələrində Şahin yuxudan ayıldı, çayxanaya gedəcəyini deyib evdən çıxdı. Təxminən bir saatdan sonra Şahinə zəng vurdum. Bir qadın telefonu açdı. Mən öz telefonumu söndürdüm. Sonra dostu Eminə zəng vurub Şahini soruşdum. Emin mənə Şahinin vurulduğunu və xəstəxanada olduğunu bildirdi. Emin gəlib məni də xəstəxanaya apardı. Oraya çatanda Şahinin öldüyünü bildirdilər."

"Qardaşıma baş qoşan özü ağılsızdır"

Şahid qismində dindirilən Mübariz Cəfərov ifadəsində İmanullanı və mərhum Şahini tanımadığını göstərib: "Mənim Ruslan və Müseyib adında qardaşlarım var. Axşam saatlarında qardaşım Ruslanla evə gələrkən "Tövbə" məscidi yanında xeyli sayda adamların toplaşdığını görüb avtomaşını saxladım. Tanımadığım bir nəfər yerdə uzanaraq xırıldayırdı. Həmin şəxsin avtomaşının arxa oturacağına uzatmağı adamlardan xahiş etdim və onu Kliniki Tibbi Mərkəzə apardım. Sonradan bilmişəm ki, öldürən şəxs, həmçinin təqsirləndirilən şəxs kiçik qardaşım Müseyibin tanışlarıdır. Gəzən söz-söhbətə görə, guya bu iki şəxsin arasını Müseyib vurub. Mənim qardaşım Müseyib ruhi xəstədir. O, cinayət törətmişdi, lakin anlaqsız olduğu üçün müalicəyə buraxılmışdı. Müseyibə baş qoşan adamın özü də ağılsızdır."

QEYD: Məhkəmənin hökmü ilə İmanulla Bəşirov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qumarda udmaq da olur, uduzmaq da. Həyat da qumar kimidir. Normal yaşadınsa, udacaqsan. Pullu oyunlara qurşandınsa, mütləq uduzacaqsan...

Inarə Rafiqqızı

O.M.