Sumqayıt sakini dostunu bıçaqladı

Sumqayıt sakini dostunu bıçaqladı

2 İyun 2011 13:30
Bəyəndim (0) Bəyənmədim (0)
Qeybət üstündə dostlar arasında qan düşdü

"Həyət qapısına çatmağa bir az qalmış gördüm ki, Seymur arxadan mənə yaxınlaşır. Üzümü ona tərəf çevirdikdə Seymur əlində bıçaqla üstümə sarı gələrək "Uşaqların yanında arxamca danışmısan, səni öldürəcəyəm", - dedi".

Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini 1985-ci il təvəllüdlü Musayev Seymur Mirəhməd oğlunun məhkəmə istintaqı başa çatıb. Təqsirləndirilən şəxs qonşusu Əzizov Tahir Mahir oğlunu öldürmək istədiyinə görə dəmir barmaqlıqlar arxasına düşüb.

Məhkəmə yolu ilə müəyyən edilib ki, Seymur Musayev 5 iyun 2010-cu ildə saat 23:00 radələrində yaşadığı Sumqayıt şəhəri Kotec qəsəbəsində onun nüfuzuna təsir edən nalayiq sözlərin arxasınca danışmasını bəhanə edərək, qonşusu Tahir Əzizovun qarşısını kəsib. Cüzi səbəbə görə Tahirin yaxasından yapışaraq "Arxamca niyə danışmısan?" - deyərək onu qəsdən öldürmək məqsədi ilə bıçaqla sinəsindən bir dəfə zərbə endirib. Tahir Əzizovu yerə yıxaraq ona təkrar zərbələr vurmaq istədikdə sonuncunun qışqırıq səsinə küçəyə çıxan atası Mahir Əzizovun gəlməsindən qorxaraq hadisə yerindən qaçıb və öz iradəsindən asılı olmayan səbəblərə görə cinayətkar niyyətini başa çatdıra bilməyib.

"Bəzi insanların yanında Tahirin arxamca danışdığını eşitmişdim"

Təqsirləndirilən şəxs qismində dindirilən Seymur Musayev ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində Tahir Əzizovu bir qonşu kimi tanıdığını, əvvəllər aralarında normal münasibət olduğunu göstərib: "Son vaxtlar Tahirin arxamca danışıb, bəzi adamların yanında məni gözdən salmaq istədiyini eşitmişdim. Ona görə də bu barədə Tahirlə söhbət edib məsələyə aydınlıq gətirmək istəyirdim. Hadisə baş verən gün axşam saat 23 radələrində evimizin qarşısında dayanmışdım. Əlimdəki açılıb-bağlanan cib bıçağı ilə alma soyub yeyən zaman Tahirin küçə ilə öz evlərinə tərəf getdiyini gördüm. Elə həmin andaca onunla söhbətləşmək qərarına gəldim və dərhal küçəyə çıxıb Tahiri arxadan səslədim.

"Onun sözünü danmasını görüb daha da əsəbiləşdim"

Tahir mənə yaxınlaşıb salamlaşdıqdan sonra ondan bəzi-bəzi adamların yanında arxamca danışmasının səbəbini soruşdum. Tahir mənə belə bir halın olmadığını dedi. Onun sözünü danmasını görüb daha da hirsləndim. Buna görə aramızda mübahisə düşdü. Mübahisə zamanı bir-birimizin yaxasından yapışaraq dartışdırdıq. Tahir fiziki cəhətdən məndən güclü olduğundan döyüləcəyimi başa düşdüm. Odur ki, əlimdəki cib bıçağı ilə ona bir dəfə zərbə endirdim.

"Tahiri bıçaqla vurduğuma görə bərk qorxmuşdum"

Tahir əli ilə sinəsini tutub yerə əyildi. Onun paltarı al-qana bulaşmışdı. Bu vaxt Tahirin atası Mahirin də evdən küçəyə çıxdığını görüb orada dayanmadım. Bıçağı cibimə qoyub hadisə yerindən uzaqlaşdım. Tahiri bıçaqla vurmağıma görə bərk qorxmuşdum. Ona görə də sakitləşmək üçün həmin yerdən birbaş Kotec qəsəbəsində yaşayan sinif yoldaşım Asifgilə getdim. Asif evdə tək idi. Ondan içməyə su istədim. Asif mənə su verdi və nə olduğunu soruşdu. Asifə qonşumuzla mübahisə edib dalaşdığımı dedim, amma Tahiri bıçaqla vurduğumu demədim. Bundan sonra Asiflə sağollaşıb küçəyə çıxdım.

"Onu öldürmək niyyətim olmayıb"

Evə gedərkən yolda tanışım Mürvətlə rastlaşdım. Mürvət sahə müvəkkilinin məni axtardığını dedi və sonuncunun mobil telefon nömrəsini mənə verdi. Sahə müvəkkilinə zəng vurub küçədə yolun kənarında olduğumu söylədim. Bir azdan Şahin adlı polis əməkdaşı gəlib məni 4-cü Polis Bölməsinə apardı. Polis Bölməsində qonşum Tahiri bıçaqla vurmağımı səmimi etiraf etdim. Hadisəni törətdiyim cib bıçağını da könüllü polis əməkdaşlarına təhvil verdim. Tahiri qorxutmaq üçün ona bıçaqla bir dəfə zərbə vurmuşam. Amma onu öldürmək fikrim olmayıb. Etdiyim əmələ görə çox peşmanam".

Yeri gəlmişkən qeyd edək ki, təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsi öldürmək niyyətində olmamağı, bıçaqla ona qorxutmaq niyyəti ilə xəsarət yetirməyi kimi ifadələrinə məhkəmə tənqidi yanaşıb. Bu ifadələr iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirib və inandırıcı hesab etməyib.

"Səni öldürəcəyəm"

Zərərçəkmiş şəxs qismində dindirilən Tahir Əzizov ifadəsində Seymur Musayevi qonşu kimi tanıdığını göstərib: "Aramızda həmişə normal münasibət olub. 5 iyun 2010-cu ildə axşam saatlarında evə qayıdarkən küçədə Seymurla rastlaşdım. Onunla kənardan salamlaşıb öz küçəmizə dönüb evə tərəf addımladım. Həyət qapısının ağzına çatmağa bir az qalmış gördüm ki, Seymur arxadan mənə yaxınlaşır. Üzümü Seymura tərəf çevirdikdə o, əlində bıçaq üstümə sarı gələrək, "Uşaqların yanında arxamca danışmısan, səni öldürəcəm", - dedi.

"Onun məni bıçaqla vuracağını gözləmirdim"

Seymura belə şey olmadığını, heç kimin yanında onun barəsində danışmadığımı bildirdim. Bıçaqla məni hədələməsindən qorxsam da, Seymurun məni vurmasını gözləmirdim. Seymur öz-özünə daha da əsəbiləşib mənim ünvanıma nalayiq söyüşlər söyürdü. Yaxamdan tutub dartışdırmağa başladı və gözləmədiyim şəkildə əlindəki bıçaqla sinəmə, düz ürək nahiyəmə bir zərbə vurdu.

"Sinəmdən axan qan gücləndi və özümü itirdim"

Bıçağın bədənimə daxil olduğunu hiss edib qışqıraraq Seymuru özümdən kənarlaşdırmağa çalışdım. Həmin vaxt Seymur növbəti dəfə bıçaqla zərbə atdı. Bıçaq bu dəfə sol ayağıma dəydi. Seymur mənə təkrar zərbə vurmaq istəyərkən əlindən tutub buna imkan vermədim. Seymurun əlindən yapışıb tutaşdıqda özümü saxlaya bilməyib kürəyi üstə yerə yıxıldım. Sinəmdən axan qan gücləndi və getdikcə özümü itirməyə başladım.

"Atamın gəldiyini görərək qaçıb getdi"

Yerdə yıxılmış halda olarkən Seymur başımın üstündə dayanıb mənə söyüşlər söyərək öldürəcəyini deyirdi. Əlindəki bıçaqla yenə də məni vurmaq istəyərkən qışqırıq səsinə atam Mahir küçəyə çıxdı. Seymur atamın gəldiyini görərək qaçıb getdi. Atam məni qucağına götürərək avtomobillə xəstəxanaya apardı. Yerə yıxıldıqdan sonra da Seymur məni vurmaq istəyirdi. Lakin atamın səsə çıxdığını görüb məndən əl çəkərək qaçdı."

"Oğlum mənə Seymurun onu öldürmək istədiyini dedi"

Şahid qismində dindirilən Mahir Əzizov ifadəsində oğlu Tahirin qışqırıq səslərini eşitdiyini göstərib: "Nə baş verdiyini bilmək üçün cəld evdən küçəyə çıxdım. Həyət qapısından təxminən 10-15 metr aralıda oğlum Tahiri arxası üstə yerə yıxılmış vəziyyətdə gördüm. Qonşumuz Seymur Musayev isə oğlumun sinəsi üstünə əyilib çökərək sağ əlindəki bıçağı yuxarı qaldırıb onu vurmaq istəyirdi. Küçədə Tahiri bu vəziyyətdə görüb həyəcanlandım. Özümdən asılı olmayaraq Seymurun üstünə qışqırıb oğluma yardım etmək üçün həmin yerə qaçdım. Seymur başını qaldırıb mənim gəldiyimi görərək həmin yerdən qaçdı. Tahiri qucağıma götürmək istədikdə gördüm ki, oğlumun sol döş-sinə nahiyəsi və sol ayağı qan içindədir. Tahir inildəyərək Seymurun onu iki dəfə bıçaqla vurduğunu, öldürmək istədiyini dedi. Tahirin qan itirdiyini görüb onu cəld qucağıma götürüb yola çıxararaq oradan keçən tanımadığım "VAZ-21015" markalı taksi ilə Sumqayıt Şəhər Xəstəxanasına çatdırdım. Həkimlər Tahiri təcili əməliyyat otağına apardılar. Oğlum əməliyyat keçirdi və onun həyatını xilas etmək mümkün oldu. Seymurun Tahiri bıçaqla vurmasının səbəbini bilmirəm."

"Sahə müvəkkili zəng vurub Seymuru görüb-görmədiyimi soruşdu"

Şahid qismində dindirilən Mürvət Hüseynov ifadəsində qonşuları Seymurla Tahirin aralarında hansısa münaqişə, ədavət olmasını eşitmədiyini göstərib: "Onların bir-birlərinin arxasınca nəsə söz demələrinin şahidi olmamışam. Bu il iyun ayının 5-də sahə müvəkkili Şahin zəng vurub Seymuru görüb-görmədiyimi soruşdu. Ona Seymuru görmədiyimi bildirdim. Bundan təxminən bir saat sonra küçədə dayanan zaman Seymuru gördüm. Ona sahə müvəkkili tərəfindən axtarıldığını dedim. Həmin vaxt sahə müvəkkili Şahin mənə zəng vurduqda Seymurun yanımda olduğunu söylədim. Şahinin xahişinə əsasən telefonu Seymura verdim. Seymur da Şahinə olduğu yeri dedi. Mən Seymurdan nə baş verdiyini soruşdum. Sonuncu problemi olduğunu desə də, hadisə barədə bir söz söyləmədi. Təxminən 5 dəqiqə sonra Şahin maşınla gəlib Seymuru da götürüb getdi. Sonradan mənə məlum oldu ki, Seymur bıçaqla qonşu Tahiri vuraraq ona xəsarət yetirib".

QEYD: Məhkəmənin hökmü ilə Seymur Musayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Bıçaq bu dəfə sinəni yaraladı, dostluğu kəsdi və ən faciəlisi isə odur ki, bir gənci cəmiyyətdən təcrid etdi. Halbuki, bıçaq mətbəxdə daha faydalı olur...

İnarə Rafiqqızı

O.M.