Qızını boğub tualetdə "dəfn etdi"

Qızını boğub tualetdə "dəfn etdi"

1 İyun 2011 10:56
Bəyəndim (0) Bəyənmədim (0)
Mərhum özündən 20-25 yaş böyük adamla yaşayırdı

Söhbət açacağımız cinayət hadisəsi 2005-ci ildə baş versə də, indiyədək mərhumun ailə üzvlərindən başqa heç kim bundan xəbər tutmayıb. 4 ildən sonra hadisənin üstünün açılmasına səbəb isə həmin ailənin gəlini, Kəmalə Mahmudovanın 24 iyul 2009-cu ildə ərizə ilə Binəqədi rayon prokurorluğuna müraciət etməsi olub. O, prokurorluğa ünvanladığı ərizədə qayınatası Vaqif Mahmudovun baldızı Dilguşəni 2005-ci ilin dekabr ayında boğaraq öldürməsini və həyətdə basdırmasını göstərib. Ötən 4 il ərzində Dilguşə Mahmudova barədə hər hansı bir məlumatın olmamağı, bu müddətdə yaxınlarının onu axtarmamaqları və polis orqanlarına müraciət etməməkləri adıçəkilən şəxsin qəsdən öldürülməsini güman etməyə əsas verdiyindən AR CM-nin 120.1 maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılıb. İstintaq zamanı Vaqif Mahmudov şübhəli şəxs qismində dindirilərkən qızını öldürmədiyini və sonuncunun ona məlum olmayan yerdə yaşadığını göstərsə də, Dilguşənin meyiti basdırıldığı yerdən çıxarılıb tanınması üçün ona təqdim olunarkən o, "uduzdum" deyərək törətdiyi cinayət əməlini səmimi olaraq etiraf edib.

Ayaqyoluna atılan meyit

İstintaq yolu ilə müəyyən edilib ki, Vaqif Mahmudov qızı Dilguşə Mahmudovanın 2003-cü ildən etibarən əxlaqsızlıqla məşğul olmasını bilib. Onun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda yaşadığı müddətdə qardaşının evində də "dinc oturmadı"ğını eşidib. Bu haqda ona oğlu Kənan Mahmudov 24 dekabr 2005-ci ildə zəng edərək deyib. O, da Kənandan bacısını Bakı şəhərinə yola salmasını xahiş edib. Ertəsi gün Dilguşəni Binə hava limanında qarşılayaraq Siyəzən rayonu Qara Siyəzən kəndindəki evinə aparıb. Evdə Dilguşəni danladıqdan sonra ondan əxlaqsız hərəkətlərlə məşğul olmasına son qoymasını tələb edib. Dilguşə isə atasının sözlərini qulaqardına vurub. Qızının hərəkətlərindən bezən ata onu öldürmək qərarına gəlib. O, Dilguşənin qollarını arxadan iplə bağlayaraq əlləri ilə onu boğmağa başlayıb. Sonra meyiti evdə olan iri çantanın içərisinə yerləşdirib və həyətdə olan ayaqyolunda basdırıb.

Təqsirləndirilən şəxs qismində dindirilən Vaqif Mahmudov ifadəsində göstərib ki, qızı Dilguşə 8-9-cu sinifdə oxuyarkən qızlarından biri ona deyib ki, Dilguşəni Siyəzən şəhər sakini Zaur Mustafayev evlərinə apararaq qızlıq bəkarətini pozub. O, da qızlarından Zaurgilin telefon nömrəsini alaraq onlara zəng vurub və oğlanın anası ilə danışıb. Ona deyib ki, oğluna heyfin gəlsin, bizə gəl söhbət eləyək: "Anası nə olduğunu soruşanda dedim ki, gələrsən danışarıq. İki gün keçəndən sonra Zaurun anası bizə gəldi. Ona dedim ki, vaxtında gəlmisən, sonra gec olacaqdı. Zaurun anası isə, "mən qohumlarımla gəlib qızın barmağına üzük taxacağam"- dedi. 3-4 gündən sonra Zaurgil Dilguşəyə nişan qoydular. Nişanlanandan sonra Zaur bizə gəlib-gedirdi. Günlərin birində Zaura və qızıma dedim ki, hazırlaşın kəndə gəzməyə gedirik.

"Qayıdanda gördüm Dilguşə evdə yoxdur"

Dilguşə başı ağrıdığını deyərək, getmək istəmədi. Mən də Zaurla və kiçik oğlum Əlisoltanla Qara Siyəzən kəndində olan həyətimizə getdik. 3-4 saatdan sonra evə qayıdanda gördüm Dilguşə yoxdur. Zaur həmin vaxtı evə girməmişdi, çıxıb getmişdi. Təxminən 2-3 saat keçmiş Dilguşə gəldi. Ondan haradan gəldiyini soruşduqda Dilguşə rəfiqəsigildən gəldiyini dedi. Onu danladım, dedim, sən nişanlı qızsan, axırıncı dəfə olsun ki, özbaşına harasa gedirsən. Dilguşə də bir daha icazəsiz heç yana ayaq basmayacağına söz verdi.

"Sənin xəbərin yoxdur, qızın başqası ilə gəzir"

15-20 gün keçmiş yenə də kənddən qayıdan vaxt Dilguşəni evdə tapmadığıma görə onu döydüm ki, bir də özbaşına heç yana getməsin. Bir neçə gün keçmiş Zaurun anası qızları ilə mənim üstümə gəldilər, dedilər, sənin xəbərin yoxdur, gedirsən kəndə, sənin qızın burada oyun çıxarır, Eşqəli ilə gəzir. Eşqəlinin kim olduğunu soruşduqda, Zaurun anası onun Siyəzəndə yaşadığını bildirdi. Onlara dedim ki, siz gedin, mən bu məsələni özüm araşdıracam. Eşqəlinin telefon nömrəsini və yaşadığı ünvanı öyrəndim, Dilguşəni çağırıb bu barədə ondan soruşdum. And-aman elədi ki, elə bir şey yoxdur, yalan deyirlər. Eşqəlinin ev telefonuna zəng vurduqda telefonu bir qadın götürdü. Həmin qadından Eşqəlini soruşdum. Evdə olmadığını biləndə telefon nömrəmi verib dedim ki, gələndə deyərsiniz qoy mənə zəng vursun.

"Dilguşə mənim qızım yerindədir"

Bir-iki gündən sonra Eşqəli zəng vurub dedi: "Vaqif, xeyir ola məni axtarmısan?" Dedim, gəl bizə, səninlə işim var. Həmin gün axşam Eşqəli qardaşı, bacısı və həyat yoldaşı ilə birlikdə bizə gəldi. Onun bu qədər camaatla qapıma gəlməsindən şübhələndim, lakin əhəmiyyət vermədim. Eşqəliyə dedim ki, belə söhbət çıxıb, guya sən mənim qızımla gəzirsən, əgər bu həqiqətdirsə, mənə de, səni vuracam, qoy elə indi vurum. Eşqəli mənə, "Vaqif sən nə danışırsan, heç mən sənin uşağını tanımıram. O, mənim qızım yerindədir, eşitdiyimə görə nişanlıdır, mən sənə qarşı elə hərəkət eləmərəm", - dedi.

"Sonralar onun yalan dediyi üzə çıxdı"

Mən də onun dediklərinə inandım. Amma sonradan Eşqəlinin sözləri yalan çıxdı və məlum oldu ki, o, həqiqətən də qızımla gəzir. Bu səbəbdən də Zaurgil nişanı qaytardılar. Bundan sonra Dilguşə evdən qaçmağa başladı. Dilguşə 3-5 günlərlə qaçıb gedir, evə gəlmir, sonra bacıları onu tutub gətirirdilər. Dilguşə evə gəlməyərək özündən 20-25 yaş böyük Eşqəlinin yanında qalırdı. Eşqəli onu döyür, söyür, bədənində siqaret söndürür, bədənini yandırır, üstünə qaynar su tökürdü. Buna baxmayaraq, Dilguşə yenə də Eşqəlinin yanına qaçıb gedirdi. O, Dilguşəni öz evində saxlayırmış.

"Siyəzən RPŞ-ə gələrək deyib ki, atam məni öldürmək istəyir"

Dilguşənin hərəkətlərinə görə onu götürüb Qara Siyəzən kəndindəki evə aparmışdım. 3-4 saat kənddə qalandan sonra gecəyarısı evdən qaçıb yol maşınına minib Siyəzən RPŞ-nə gələrək deyib ki, atam məni öldürmək istəyir. Həmin vaxtı Dilguşəni öldürmək fikrim yox idi, onu kəndə aparmaqla Eşqəlidən uzaqlaşdırmaq istəyirdim. Dilguşə polisdə özünü dəli kimi apardığından polislər onu Qubaya dəlixanaya göndərdilər. Qubaya gedib Dilguşəni dəlixanadan gətirdim. İki gündən sonra yenə evdən qaçdı. Bir neçə aydan sonra sorağı Naxçıvandan gəldi.

Mərhum oğlum Kənan və Naxçıvan MR-nın Şərur rayonunda olan gəlinim Kəmalə onu Naxçıvana aparıbmışlar. 2005-ci ilin dekabr ayının axırlarında oğlum Kənan Naxçıvandan zəng vurub dedi ki, ata, qızınla bacara bilmirəm, Dilguşə bizimlə yola getmir, deyir, mən buradan çıxıb gedirəm, sizinlə qalmıram. Kənana dedim, bala, Dilguşənin qarşısına çıxıram, onu təyyarə ilə yola sal gəlsin, mən qarşılayacam.

"Boğazından yapışaraq boğmağa başladım"

Hava limanında Dilguşəni qarşıladım. Avtobusa minib Siyəzənə yollandıq. Siyəzən rayonunun Qara Siyəzən kəndinə çatanda avtobusu saxlatdırıb düşəndə məndən niyə kəndə düşdüyümüzü soruşdu. Ona, "anan da kənddədir, kəndə gedirik", - dedim. Açarla qapını açanda Dilguşə, "bəs deyirdin anan da burdadır, məni bura niyə gətirmisən?" - deyə soruşdu. Ona bir az söhbət edib sonra gedəcəyimizi bildirdim. Mətbəxə keçib iki stəkan çay süzüb birini Dilguşənin qabağına, birini isə öz qabağıma qoydum. Dilguşə stəkanı əlinin arxası ilə necə vurdusa, çay stolun üstünə dağıldı. Onsuz da onun əxlaqsız hərəkətlərindən cana yığılmışdım, əsəbi olduğumdan və çayı da dağıtmasından daha da hirslənib ayağa qalxdım. Sillə ilə necə vurdumsa, Dilguşə yerə yıxıldı. Kəndiri götürüb qollarını arxadan bağladım. Boğazından yapışaraq 1-2 dəqiqə ərzində onu boğub öldürdüm.

"Qızımı öldürdüyümə peşman deyiləm"

Əlimi çəkəndə Dilguşə öldüyü üçün yerə yıxıldı. Dilguşəni basdırmaq üçün hazır qazılmış yer olmadığından evdəki əl çantasını (çamadanı) gətirib oraya yerləşdirdim, çantanın ağzını bağlayıb evə qoydum. Evdən çıxıb ayaqyolunun içini qazmağa başladım, səhərə qədər qazıb, səhər işıqlaşandan sonra Siyəzənə qayıtdım. Gündüz Siyəzəndə qalıb axşam yenə tək kəndə qayıdaraq qazıntını davam etdirib, yerin dərinliyini 2 metrə çatdırandan sonra içərisində meyit olan çantanı böyük dəmir parçasının üstünə qoydum. Dəmir parçasına ip bağlayıb darta-darta meyiti qazdığım yerə gətirdim və içərisində meyit olan çantanı qəbirə qoyub üstünü torpaqladım.
Qızımı öldürməyimə görə peşman deyiləm, çünki o, əxlaqsızlıq edir, pozğunluqla məşğul olurdu. Fikirləşdim ki, bu işin üstü örtülü qalacaq, heç kimin xəbəri olmayacaq. Ona görə də qızımı öldürməyim barədə xəbər verməmişəm."

"Dilguşə özünü dəli kimi aparırdı"

Zərərçəkmiş şəxs qismində dindirilən Firuzə Mahmudova (mərhumun anası) həyat yoldaşının ifadəsinə uyğun ifadə verib. O, əlavə olaraq bunları göstərib: "Vaqif Dilguşəni Eşqəlidən uzaqlaşdırmaq üçün Qarasiyəzən kəndindəki evimizə aparmışdı. Dilguşə gecəyarısı kənddən qaçıb Siyəzən RPŞ-nə gələrək demişdi ki, atam məni öldürmək istəyir. Polisdə özünü dəli kimi apardığından Dilguşəni Qubaya dəlixanaya göndərdilər. Vaqiflə Qubaya gedib Dilguşəni dəlixanadan evə gətirdik. İki gündən sonra Dilguşə yenə evdən qaçdı. Ərimin Dilguşəni öldürməklə hədələdiyini görüb Naftalan şəhərində yaşayan digər qızım Şövqiyyəyə zəng vuraraq hər şeyi ona danışdım, rayonda biabır olduğumuzu, Dilguşənin Siyəzən RPŞ-nə şikayət etməsini, ata evində qalmaq istəməməyini söylədim. Qızım dedi ki, mən gəlirəm Dilguşəni aparıb özüm saxlayacam. Bir-iki gün keçmiş Şövqiyyə Siyəzənə gəldi.

"Qızım Dilguşəni Naftalana apardı"

Bizim Siyəzən RPŞ-də olduğumuzu öyrənib PŞ-nin qabağına gələrək mənimlə və qardaşı Kənanla görüşdü. Şövqiyyəyə dedim ki, Dilguşə evdən qaçıb, onu bizə vermirlər. Şövqiyyə də PŞ-nə girdi, Dilguşəyə öyüd nəsihət eləyib dedi ki, səs-küy salma, gəl mənimlə Naftalana gedək, orada sənə şərait yaradıb, səni ərə verəcəyəm. Həmin gecə Şövqiyyə Dilguşəni Naftalana apardı. Naftalanda olan vaxtı Dilguşə ilə əlaqə saxladım, Şövqiyyə dedi ki, onu limonad sexində işə düzəldib, yaşaması üçün ayrıca ev də tutub. Bir-iki aydan sonra Şövqiyyə Dilguşənin xahişi ilə ona şəxsiyyət vəsiqəsi düzəltmək üçün pul verib Siyəzənə göndərdi. Dilguşə Siyəzənə gəlib özünə şəxsiyyət vəsiqəsi düzəltdi və yenə də Naftalana qayıtdı. Günlərin birində qızım Şövqiyyə dedi ki, Dilguşənin sexin telefonu ilə Eşqəliylə əlaqə saxladığını görüb onu danlamışam.

"Qardaşıma de, məni də özü ilə aparsın"

Ərim oğlumla və onun ailəsi ilə yola getmədiyinə görə oğlum Kənan Naxçıvana köçüb orada yaşamağa qərar verdi. Kənanın həyat yoldaşının Naxçıvan MR-nın Şərur rayonundan olmasına və ata-bala yola getmədiklərinə görə ona heç nə demədim. Oğlum arvad-uşağını da götürüb Naxçıvana gedəcəyini qızım Şövqiyyəyə telefonda deyəndə bunu Dilguşə eşidib. Şövqiyyəyə yalvarıb ki, Kənana de, məni də özü ilə Naxçıvana aparsın. Şövqiyyə də Kənana zəng vurub Dilguşənin sözlərini ona çatdırıb. Xahiş edib ki, Dilguşəni də Naxçıvana aparsın və orada türk vətəndaşlarından birinə ərə versin. Kənan əvvəlcə razılıq verməsə də, sonradan razılaşıb. Şövqiyyə də Dilguşəni Bakıya yola salıb. Dilguşəni Bakıda Kənan qarşılayıb və onu öz ailəsi ilə birlikdə Naxçıvana aparıb.

"Bacım bizi biabır edib, artıq onu burada saxlaya bilmirəm"

Kənan işləmək üçün Türkiyəyə getmişdi. 15-20 gün keçmiş gəlinim Kəmalə ilə qızım Qubaya gəlib özlərinə vətəndaşlıq pasportu düzəltdilər. Dilguşə evə gəlməyərək mənimlə gizlincə Siyəzən şəhərindəki parkda görüşdü, pul istədi, mən də verdim. Pasport düzəltdikdən sonra Dilguşə və Kəmalə yenidən Naxçıvana qayıtdılar. Bir müddət keçəndən sonra Kəmalə telefonda mənə, "Dilguşə sözümə baxmır, evdən hara gəldi çıxıb gedir, bacımın oğlu ilə oturub durur, yaxın əlaqələri var, bacım oğlu da evdə bizimlə dava edir ki, Dilguşəni alacam, biz isə buna razı deyilik, aralarında yaxınlıq olduğundan oğlan ona bağlanıb əl çəkmir", - dedi. Növbəti zəngdə Kəmalə dedi ki, Dilguşə evdən qaçıb 3-4 gün qonşuda adam yaşamayan evin qapısını sındırıb həmin evdə qalıb, sonra onu tapıb evə gətirmişik. Kənan Türkiyədən qayıdıb gələndən sonra Şövqiyyəyə zəng vuraraq, bacısının onları biabır etdiyini, artıq onu burada saxlaya bilməyəcəklərini deyib...

"Vaqif dedi ki, Dilguşə artıq həyatda yoxdur, mən namusumuzu təmizlədim"

Oğlumla telefon əlaqəsi saxladım, ondan Dilguşənin nə etdiyini soruşdum, Kənan hər şeyi atasına danışdığını dedi. Vaqif oğluma deyib ki, qızı yola sal gəlsin, onu Bakıda qarşılayacağam. Kənan Dilguşəni Naxçıvan Hava limanından təyyarə ilə yola salıb, Bakıda isə Vaqif onu qarşılayıb. Vaqifdən Dilguşəni qarşılayıb hara apardığını soruşduqda o, dedi ki, Dilguşə daha həyatda yoxdur, mən namusumuzu təmizlədim. Qıza nə olduğunu soruşduqda Vaqif onu boğub öldürdüyünü və Qarasiyəzən kəndində olan həyətimizdə basdırdığını söylədi. Qızımı öldürən şəxsin uşaqlarımın atası olduğu üçün əvvəlki izahatımda Dilguşənin harada olmasını bilmədiyimi demişəm."

"Atası Kənana, "get bacını öldür", - deyirdi"

Şahid qismində dindirilən Kəmalə Mahmudova ifadəsində göstərib ki, 2000-ci ilin mart-aprel aylarında Naxçıvan MR-nın Sədərək rayonunda hərbi xidmətdə olan Kənan Mahmudovla Şərurda tanış olublar. Kənanla bir-birlərini sevdiklərindən 2002-ci ilin mart ayında onunla rəsmi nikaha girərək ailə qurublar. O, el adəti ilə Siyəzən şəhərinə - Kənanın evinə gəlin köçüb, birgə nikahdan iki övladları dünyaya gəlib. Kənanın valideynləri və iki bacısı ilə bir evdə yaşayıblar: "Baldızım Dilguşə 2004-cü ildə özündən 20 yaş böyük və ailəli olan Eşqəli adlı şəxsə qoşulub qaçmışdı, Eşqəli onu döydüyünə və işgəncələr verdiyinə görə arada çıxıb evə gəlir, sonra yenə gedirdi. Eşqəli ilə təqribən 1 il yaşadıqdan sonra 2005-ci ilin iyun ayında Dilguşə ata evinə qayıtdı. Dilguşə ata evinə gələndən sonra qayınatam Vaqif Kənana deyirdi ki, Dilguşəni öldür. Bunu öyrənəndə ərimin belə bir iş tutmasına imkan vermədim. Dilguşəni Naftalan şəhərində yaşayan bacısı apararaq, 4-5 ay yanında saxladı.

"Ərimə dedim, bacın bizi kənddə biabır edib, gəl tədbir gör"

Naxçıvanda olduğum zaman ərimlə qayınatam arasında mübahisə düşmüşdü. Kənan mənə zəng vurub dedi ki, səni də işdən çıxarıram, özüm də işdən çıxıb gəlirəm Naxçıvana. Dedim, özün bilərsən. Kənanın Naxçıvana getmək istəməsini eşidən Dilguşə anasına yalvarıb ki, Kənana de, məni də özü ilə aparsın. Qaynanam Firuzə isə, "nə olar, Dilguşəni də özünüzlə aparıb ərə verin", - deyirdi. Kənan da razılaşdı. 2005-ci ilin oktyabr ayında Dilguşəyə pasport çıxarmaq üçün sənədlərini DİN-nin Quba Regional şöbəsinə verib, özümüzlə Naxçıvana apardıq. Kənan oradan Türkiyə Respublikasına işləməyə getdi, baldızım isə mənimlə birlikdə kənddə yaşadı. Dilguşə burada da əxlaqsızlıqla məşğul olur, sözümə baxmır, məni eşitmirdi. Dilguşənin kəndimizdən olan Ramal adlı oğlanla Türkiyəyə qaçmaq istədiyini bildiyim üçün pasportunu əlindən alıb saxlamışdım. Ərimə zəng vurub dedim ki, sonra nə olsa, bizdən görəcəklər, bacın bizi kənddə biabır edib, gəl tədbir gör. Kənan gələndən sonra Dilguşənin nə hərəkətlər etməyini ona danışdım, Dilguşə də bunu görüb evdən qaçdı. Birtəhər tapıb evə gətirdik. Bundan sonra Kənan əvvəl Naftalanda yaşayan bacısı, sonra da atası ilə telefon əlaqəsi saxlayaraq Dilguşənin öhdəsindən gələ bilmədiyini, Bakıya göndərmək istədiyini dedi. Ərim atası ilə danışandan sonra Dilguşəni Bakı şəhərinə yola saldı. Onu Bakıda atası qarşılayıb apardı. Ondan sonra Dilguşənin hara getməsindən, harada yaşamasından xəbər çıxmayıb.

"Ərimin yasında baldızımı görmədim"

2007-ci ilin avqust ayının 14-də Türkiyə Respublikasının Afyon şəhərində işə gedərkən Kənanı avtomaşın vurdu və o öldü. Kənanın meyitini Siyəzənə gətirdik və orada dəfn etdik. Yas yerində Dilguşəni görmədim. Bir müddət Siyəzən şəhərində yaşadım. Yaşadığım müddətdə qayınatam Vaqif mənə, "uşaqlarını öldürəcəm, evdən çıx get", - deyirdi. Mən isə evdə oturub bu barədə baldızlarıma şikayət edirdim. 2007-ci ilin dekabr ayında baldızım Zümrüd bizə gələrək atası ilə dalaşdı. Ata-bala arasında dava qalxdı, bir-birlərini vurdular. Dava yatandan sonra Zümrüd mənə dedi ki, Dilguşəni Bakıda hava limanında atası qarşılayıb, onu kənddəki evlərinə aparıb, orada boğub öldürüb və meyiti tualetdə basdırıb. Qorxudan uşaqlarımı da götürüb Bakı şəhərinə gedərək orada kirayə ev tutdum, işləyib uşaqlarımı saxlamağa başladım.

"Yuxuda Dilguşəni gördüm, dedi, Kənanı axtarıram, istəyirəm gəlib mənə Quran oxusun"

Arada Siyəzənə gəlib - gedirdim. 20 iyul 2009-cu ildə yuxuda baldızım Dilguşəni kənddə həyətimizdə olan tövlənin qabağında gördüm, həmin vaxt Dilguşə mənə dedi ki, Kənanı axtarıram, istəyirəm gəlib mənə Quran oxusun. Yuxudan oyandım, narahat olmağa başladım. İki il Kənanla birgə yaşadığım kəndə - Qarasiyəzənə yollandım. Həyətə keçib ayaqyolu olan yeri taxta ilə bir az qazdıqdan sonra gəlinlik çamadanımı orada gördüm, qorxudan çamadanı açıb baxa bilmədim, üstünü yenidən torpaqladım. Oradan Bakı şəhərinə qayıtdım, nə edəcəyimi bilmirdim, əvvəlcə olanları deməyə qorxdum, sonradan prokurorluğa məlumat vermək qərarına gəldim."

Eşqə düşən Eşqəli

Şahid qismində dindirilən Eşqəli Səmədov ifadəsində Dilguşə Mahmudova ilə 18 oktyabr 2003-cü ildə "yaxından" tanış olduğunu göstərib: "Həmin gün Dilguşənin öz istəyi ilə onunla ilk dəfə intim əlaqəyə girdim. 12 fevral 2004-cü ildə isə Dilguşə ilə qeyri rəsmi olaraq ailə qurdum, onunla birlikdə yaşadım. Dilguşə ilə əvvəlcə Siyəzəndə, sonra Bakı şəhərində yaşadım. Bir müddət sonra Dəvəçi şəhərində kirayə ev tutub orada yaşamağa başladıq. Siyəzəndə işlədiyimdən 2-3 gündən bir Dəvəçiyə gedirdim. Günlərin birində gördüm ki, Dilguşə ev sahibi ilə dava edib pal-paltarlarını yığıb maşın tutaraq Siyəzənə gəlib. Dilguşəni "5 sotlarda" olan evimə apardım, 3-4 ay həmin evdə yaşadıq, həmin müddətdə bir dəfə həyat yoldaşım Dilguşənin üstünə gedərək mübahisə etmişdi. Ondan başqa aramızda problem olmayıb.

Sən demə o, sevdiyi kişinin yeməyinə zəhər qatırmış

Sonralar hiss etmişdim ki, mən evdən çıxan kimi Dilguşə harasa gedir. Dilguşədən harada olduğunu soruşduqda deyirdi qonşuda idim. Gecələr yatdığı yerdə yuxudan durub qışqırırdı ki, şeytan gəlir, nə bilim cin gəlir. Bir dəfə Dilguşə ilə mübahisəm olduğundan evdən çıxıb getmişdim, 4-5 saat keçəndən sonra evə gəldikdə gördüm ki, yorğan-döşəyi evin ortasına yığıb od vurub. Yorğan-döşək yan-yörəsindən bir az yanıb sonra söndü. Dilguşə də evdə yox idi. 3-4 gündən sonra Dilguşənin anası məndən qızının harada olduğunu soruşdu. Ona dedim ki, deyirlər, qızın bir traktorçu ilə qaçıb. Səhəri gün Firuzə qızın itməsi ilə, Dilguşə isə döyülməsi ilə bağlı Siyəzən RPŞ-nə ərizə vermişdi. Həmin ərizə ilə əlaqədar məni PŞ-ə çağırdılar. PŞ-də qızı da dindirərək izahatını aldılar. Həmin vaxt PŞ-də qızda ağılsızlıq hiss eləyib Siyəzən MRX-dan nevropatoloq dəvət etdilər. Həkim qızla söhbət edəndə o, gecəyarı yuxudan oyanıb qışqırmaqlarını və sayıqlamalarını danışdı, həkim də qızın ruhi xəstə olduğunu dedi. Buna görə Dilguşəni Qubadakı dəlixanaya göndərdilər. Mən də həmin vaxtdan sonra Dilguşədən uzaqlaşdım. Dilguşədən uzaqlaşmağına səbəb həm də yeməyimə bir-iki dəfə siçan dərmanı qatıb məni zəhərləmək istəməsi olub. Dilguşəyə heç bir işgəncə verməmişəm, səhv hərəkəti olanda bir-iki dəfə döymüşəm."

"Nişandan bir neçə gün sonra nişanlım evdən itdi"

Şahid qismində dindirilən Zaur Mustafayev ifadəsində Dilguşəni 2003-cü ilin aprel ayında toyda gördüyünü, ondan xoşu gəldiyini, sonuncunu görmək üçün məhəllələrinə gedib-gəldiyini göstərib: "Telefonunu öyrənib onunla söhbət etdim və sevdiyimi bildirdim. Bu barədə anama da dedim. Dekabr ayının 25-i el adəti ilə Dilguşəyə nişan apardıq. Yanvar ayının 7-si nişanlım evdən itdi. Həmin vaxtı nişanlımın atası məni qonaq çağırmışdı. Atası Dilguşəyə də onlarla kəndə getməyi təkid etdi, Dilguşə isə getmədi. Ertəsi gün saat 20 radələrində Dilguşə mənə zəng edib dedi ki, rəfiqəmgildəyəm, ondan hansı rəfiqəsigildə olduğunu soruşanda qız dəstəyi yerə atdı. Saat 22:30 radələrində isə atası zəng edib mənə, "Dilguşəni sən aparmısan", - dedi. Dedim, Dilguşəni aparsaydım, niyə qapına xərc tökərdim, götürüb qaçardım da. Vaqif də dəstəyi yerə qoydu. Səhəri gün saat 09:00-da Dilguşə zəng vurub dedi ki, dərə məhəlləsində rəfiqəmgildəyəm, gəl məni apar. Mən də gedib Dilguşəni evlərinə gətirdim. Yolda hansı rəfiqəsigildə qaldığını öyrənəndə, dedi, haradan gətirmisən, orada da qalmışdım. Evə gələndə isə üzükləri barmağından çıxarıb stolun üstünə qoydu. Dedi ki, mən sənə getməyəcəm.

"Mənə zəng vurub deyirdilər ki, qızın iki adaxlısı var"

Dilguşədən inciyib evdən çıxdım. Gecə evimizə zəng gəldi, dəstəyi götürəndə Dilguşənin bacısı Zümrüd mənə dedi ki, Zaur, tez gəl, atam Dilguşəni öldürür. Anamla birlikdə Vaqifgilə getdik. İçəri girəndə gördüm qızın əl-ayağı qan içindədir. Anam ağlayıb Vaqifə, "ver qızı aparım, onu niyə döyüb öldürürsən?" - desə də, Vaqif razı olmayıb, "mən hər şeyi aydınlaşdırım, sonra apararsınız", - dedi. Dilguşənin anası çöldə anama və mənə yalvardı ki, qızı qaçırdın. Razılaşıb qızı yanvar ayının 26-sı - ad günündə qaçırmaq istədim. Amma yanvarın 25-i xalam oğlu vəfat etdiyi üçün başımız yasa qarışdı və Dilguşəni qaçırmadım. Mənə zəng edib "qızın iki adaxlısı var" deyirdilər. Fevral ayında isə xəbər çıxdı ki, Dilguşə Eşqəli ilə gedib. Dilguşəni 2003-cü ilin aprel ayında toyda görmüşəm və kimliyini öyrənib telefonda onunla tanış olmuşam. 25 dekabrda isə el adəti ilə Dilguşəyə nişan göndərmişəm, onun bakirəliyini pozmamışam. Dilguşə dərmanı evdən gedib qayıtdıqdan sonra içmişdi. Dilguşə mənə nişanlı ola-ola Eşqəli ilə görüşdüyünə görə nişanı qaytardım."

Növbəti sevgili

Şahid qismində dindirilən Füzuli Abbasov ifadəsində göstərib ki, Dilguşə 11 oktyabr 2005-ci ildə xalası Kəmalə və onun həyat yoldaşı ilə birlikdə onların yaşadığı kəndə gəlib, ana nənəsinin evində qalıblar: "25 oktyabr 2005-ci ildə Kənan Türkiyə Respublikasına işləməyə getmişdi, Dilguşə isə xalamla birlikdə nənəmin yanında yaşayırdı. Dilguşədən xoşum gəlirdi, onunla görüşməyə başladım. Onunla nənəmin evində adam olmayan vaxtlar dəfələrlə yaxınlıq etmişəm. Amma sonralar Dilguşənin həmkəndlimiz Ramalla görüşdüyünü eşitdim. Dilguşəni Ramalla görəndən sonra onun məni sevmədiyini, aldatdığını başa düşüb zəhləm getdi və həmin vaxtdan Dilguşə ilə görüşmədim. 23 dekabr 2005-ci ildə xalamın əri Kənan Türkiyədən kəndə gəldi və Dilguşənin əxlaqsız hərəkətlər etdiyini öyrənib telefonda atası ilə danışaraq onu Bakıya göndərmək istədiyini söylədi. İki gündən sonra Dilguşəni təyyarəyə mindirib Bakı şəhərinə yola saldılar. Bundan sonra Dilguşənin necə olması və harada yaşamasını bilməmişəm. 26 iyul 2009-cu ildə xalam Kəmalə Siyəzən rayon prokurorluğuna çağırılandan sonra Dilguşənin atası Vaqif tərəfindən Bakı şəhərində qarşılandıqdan sonra Siyəzən rayonu Qarasiyəzən kəndinə aparılaraq öldürüldüyünü eşitmişəm."

QEYD: Məhkəmənin hökmü ilə Vaqif Mahmudov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Həyatda hər şey nisbidir. Mütləq mənada dəli adam olmadığı kimi ağıllı adam da yoxdur. Sadəcə, çoxluq azlığa nisbətən özünü ağıllı sayır. Razılaşın ki, səbəbindən asılı olmayaraq, kimisə öldürmək normal hərəkət deyil...

İnarə Rafiqqızı

O.M.