Abbas Abbasov arvadını, oğlunu və qardaşını güllələdi

Abbas Abbasov arvadını, oğlunu və qardaşını güllələdi

28 May 2011 14:17
Bəyəndim (0) Bəyənmədim (0)
İdman məktəbinin direktoru Çeçenistanda vuruşduğunu iddia edirdi

Ötən ilin mart ayının 17-də Masallı rayonunun Şərəfə kəndində ailə münaqişəsi zəminində silahlı insident baş vermişdi. Belə ki, Masallı Rayon Gənclər və İdman idarəsinin əməkdaşı, idman məktəbinin direktoru 1957-ci il təvəllüdlü Abbas Qasım oğlu Abbasov həyat yoldaşı - 1961-ci il təvəllüdlü Zahidə Ağayevanı, oğlu - 1989-cu il təvəllüdlü Xəzər Abbasovu və qardaşı - 1955-ci il təvəllüdlü Hüseyn Abbasovu odlu silahdan atəş açaraq yaralamışdı.

Hər üç zərərçəkmiş Masallı regional təcili tibbi yardım stansiyasına yerləşdirilmiş, Z.Ağayeva və H.Abbasov üzərində cərrahiyyə əməliyyatı aparılmışdı. Həkimlərin səyinə baxmayaraq, Ağayeva aldığı xəsarətlərdən elə xəstəxanadaca dünyasını dəyişmişdi. Sözügedən cinayət hadisəsi ilə bağlı Masallı Rayon Prokurorluğunda aparılan ibtidai istintaq yekunlaşıb. Cinayət işi üzrə materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işinin materiallarını əldə etmişik. İttiham aktını ixtisarla Sizlərə təqdim edirik.

İstintaq yolu ilə müəyyən olunub ki, Abbas Abbasov 17 mart 2010-cu ildə saat 22 radələrində sərxoş vəziyyətdə yaşadığı evdə oğlu Xəzər Abbasovla və keçmiş arvadı Zahidə Ağayeva ilə mübahisə edib. Z.Ağayevanın onu söyüb təhqir etməsindən qəzəblənən A.Abbasov qisas almaq məqsədi ilə evdən götürdüyü tüfənglə əvvəlcə onunla bir həyətdə yaşayan, mübahisə səsinə onlara gələn, qardaşı Hüseyn Abbasova bir dəfə atəş açaraq ona ağır xəsarətlər yetirib. Daha sonra keçmiş həyat yoldaşı Zahidəyə iki dəfə atəş açmaqla onu ölümcül yaralayıb. Sonda isə tüfəngi oğluna tuşlayaraq ona odlu silahdan atəş açıb. Nəticədə Z.Ağayeva aldığı bədən xəsarətlərindən Masallı rayon mərkəzi xəstəxanasında ölmüş, Xəzər və Hüseyn Abbasovlar isə göstərilmiş tibbi yardım nəticəsində sağ qaldıqlarından A.Abbasov öz iradəsindən asılı olmayaraq cinayəti başa çatdıra bilməyib.

"Arvadım məni saymırdı"

Təqsirləndirilən şəxs qismində dindirilən Abbas Abbasov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində hadisəyə qədər Masallı rayon Gənclər və İdman İdarəsi nəzdində İdman məktəbinin direktoru vəzifəsində işlədiyini göstərib: "Zahidə ilə 1986-cı ildə ailə həyatı qurmuşam. 1998-ci ildən arvadım məni bəyənmədiyinə və ər kimi qəbul etmədiyinə görə münasibətlərim pozulmuşdu. Həmin vaxtdan ayrı yaşamışıq. 24 sentyabr 2009-cu ildə Zahidə rəsmi olaraq məndən boşandı. Bundan sonra məhkəmə qaydasında Zahidəyə mənim yaşadığım evdə yaşamaq hüququ verildi. Məhkəmə Zahidəyə yaşamaq hüququ verəndən sonra mən ikinci mərtəbədə, oğlumla arvadım isə birinci mərtəbədə yaşayırdılar.

Ailədə həmişə arvadım tərəfindən mənə qarşı təhqiredici münasibət olub, o, heç vaxt evin kişisi kimi məni saymayıb, həmişə mənə qarşı nalayiq sözlər deyərək şəxsiyyətimi alçaldıb.

"Ana-bacımı pozğun adlandırdı"

17 mart 2010-cu ildə işdən çıxan vaxt köhnə şagirdlərimlə rastlaşdım. Onlarla birlikdə yeməkxanaya gedib yemək yeyib, spirtli içki qəbul etdim. Bayram olduğundan saat 20 radələrində yaşadığım evə qayıtdım. Həmin gün əmək haqqı aldığıma görə Xəzəri çağırıb onun müəllim pulunu vermək istədim. Xəzərin son dörd ayda müəllim yanına az-az getdiyini, vaxtını hədər yerə sərf etdiyini deyib ona iradımı bildirdim. Xəzərə tutduğum iradlara görə Zahidə məni kəskin şəkildə təhqir edərək anamı, bacımı pozğun adlandırdı. Oğlum isə yaxamdan yapışıb sifətimə yumruq zərbələri ilişdirdi. Müvazinətimi itirib yerə yıxıldım, oğlum yerdə də məni yumruqla vurmağa davam etdi. Nəticədə burnumdan qan açıldı, özümə nəzarəti itirdim.

"Yataq otağındakı ov tüfəngini götürüb aşağı düşdüm"

Şok vəziyyətdə evin ikinci mərtəbəsinə qalxaraq yataq otağındakı ov tüfəngini və 11 ədəd patronu götürüb evin birinci mərtəbəsinə düşdüm. Mən aşağı düşəndə Zahidə ilə Xəzər birinci mərtəbə yox idilər. Oğlumun və keçmiş arvadımın söyüş səslərinə çölə çıxdım. Səsin istiqamətindən bildim ki, onlar qardaşım Hüseyngilə gedirlər. İki dəfə həyətimizdə olan su quyusu istiqamətində Zahidənin səsi gələn tərəfə, iki dəfə isə Hüseyninin evi istiqamətində Xəzərin səsi gəldiyinə görə atəş açdım. Sonra Hüseyn söyə-söyə mənə sarı gəldi. Hüseynə də iki dəfə atəş açdım. Bundan sonra Hüseyn üstümə gəlib mənimlə əlbəyaxa oldu. Tüfəngi almaq istədikdə onu itələdim, qaçıb evə girdi. Evdən Xəzərin, Hüseynin arvadı Sayatın səsləri gəlirdi. Qapını itələsəm də, bağlı olduğunu görüb geri qayıtdım. İkinci mərtəbəyə qalxıb atdığım patronların bir neçə boş gilizini yataq otağındakı sellofan torbaya qoydum. Əvvəlcə tüfəngi evə qoymaq istədim. Sonra fikirləşdim ki, Zahidə ilə oğlum məndən şikayət edəcək, ona görə tüfəngi qonşum Vüsal İbayevə verdim. Tüfəngi məndən başqa heç kimə verməməyini tapşırdım. Evə qayıtdım. Təxminən 15-20 dəqiqə sonra Masallı RPŞ-nin əməkdaşları gəlib məni polis şöbəsinə apardılar".

"Gəlib sizin leşinizi çölə tökəcəm"

Təqsirləndirilən şəxs ifadəsində içki düşkünü olmadığını, yalnız toyda, bayramda spirtli içki qəbul etdiyini göstərib: "Spirtli içki düşkünü deyiləm. 10 il Masallı rayon Gənclər və İdman idarəsinin nəzdindəki idman məktəbinin direktoru olmuşam. 15 il sərbəst güləş və əlbəyaxa döyüş idman növü üzrə məşqçi müəllim işləmişəm. Sərbəst güləş üzrə SSRİ idman ustası olmuşam. Tüfəngi Xəzəri və Zahidəni qorxutmaq üçün götürmüşdüm. Mən yuxarı qalxanda onlara, "gəlib sizin leşinizi çölə tökəcəm",- demişdim. Buna görə də Xəzərlə Zahidə tüfəng götürməyə getdiyimi bilib evdən çölə qaçıblar. Tüfəngi 1994-cü ildə hazırda adını xatırlamadığım ovçudan indiki pulla 320 manata almışam.

"Uzun illər arvadımın hərəkətlərinə dözmüşdüm"

Mən onların arxasınca çölə qaçıb tüfəngdən 6-7 dəfə atəş açdım. Zahidəni, Xəzəri və Hüseyni evin həyətində vurmuşam. Zahidənin və oğlumun məni təhqir etməsi əsəblərimi tarıma çəkmişdi. Buna görə də ürəyimi boşaltmaq, acığımı çıxartmaq məqsədi ilə onlara tərəf atəş açmışam. Zahidə ilə uzun müddətdir ki, münasibətimiz pozulub, bir-birimizlə yola getməmişik. Buna səbəb isə Zahidənin məni evin kişisi kimi, əri kimi saymamağı olub. Aramızda olan bütün mübahisələrin səbəbi bu olub. Oğlanlarıma görə uzun müddət Zahidənin hərəkətlərinə dözmüşəm. Artıq bütün səbrim tükəndiyindən bu hadisəni törətmişəm.

"O, qohumlarımı da mənə qarşı yönəltmişdi"

Arvadımın 7 ildən sonra mənim evimə qayıtmağının səbəbkarı qardaşım Hüseyin və onun arvadı Sayat olub. Hüseynə ona görə atəş açmışam ki, o da arvadımın və oğlumun tərəfini saxlayırdı, onları müdafiə edirdi. Zahidə oğlanlarımı və digər qohumlarımı mənim əleyhimə yönəltmişdi. Mən tam sağlamam, peşəkar idmançıyam, heç bir psixi və ya digər xəstəlikdən əziyyət çəkmirəm. Hadisəni həyat yoldaşımın müntəzəm olaraq mənim ləyaqətimi alçaltması nəticəsində törətmişəm. Törətdiyim əməldən peşmanam."

"Qardaşım arvadı əxlaqlı qadın idi"

Zərərçəkmiş şəxs qismində dindirilən Hüseyn Abbasov ifadəsində qardaşının spirtli içkilərə meylli insan olduğunu göstərib: "Zahidə həm qohum kimi atamın dayısı nəvəsidir, həm də qardaşım Abbasın keçmiş arvadıdır. Abbas 1986-cı ildə Zahidə Ağayeva ilə ailə həyatı qurub, iki oğul atasıdır. 1996-cı ildən sonra Abbasın arvadı ilə münasibətləri kəskin şəkildə pozulmuşdu. Mübahisənin səbəbi isə Abbasın həyat yoldaşını pozğunluqda günahlandırması idi. Əslində, Zahidə əxlaqlı qadın idi. Bu səbəbdən Zahidə ər evini tərk edib uşaqları ilə bir yerdə atası evinə qayıtmışdı. Həmin vaxtlardan Abbas tək yaşayırdı.

"Qardaşım əvvəllər də ailə üzvlərinə tüfəngdən atəş açmışdı"

Ailə münasibətləri pozulandan sonra qardaşım spirtli içkilərə aludə olmuşdu. Demək olar ki, hər gün sərxoş olurdu. Abbas heç vaxt ailəsini maddi cəhətdən təmin etmirdi. Zahidə özü işləyib uşaqlarını saxlayır, onlar da Zahidəyə bu işlərdə köməklik göstərirdilər. Zahidə bir neçə dəfə uşaqları ilə birlikdə ər evinə qayıtsa da, münasibətləri pozulduğuna görə yenidən ata evinə dönürdü. Abbas əvvəllər bir neçə dəfə əlinə tüfəng götürüb uşaqlarını və arvadını vurmaq üçün tuşlamışdı. Lakin bu hadisənin baş verməsinin qarşısını almışdıq. Zahidə sonuncu dəfə 2009-cu il noyabr ayında ər evinə qayıtmışdı. Lakin yenə Abbas onunla və uşaqları ilə pis münasibətdə idi. Belə ki, hər gün sərxoş halda gəlib oğlu Xəzəri və Zahidəni söyüb təhqir edirdi. Bir dəfə Abbas əlinə tüfəng götürüb atəş açmışdı, bundan qorxan Zahidə və Xəzər polisə bu barədə məlumat vermişdilər. Qardaşım olsa da, Abbas bütün ailə üzvlərinə qarşı pis rəftarda idi, həmişə bizi və öz ailə üzvlərini söyüb təhqir edirdi.

"Birinci mənə atəş açdı"

Hadisə baş verən gün Zahidənin qışqırıq səslərini eşidib onların evinə getdim. İçəri girəndə birinci mərtəbədə Abbasın Xəzərin üstünə cummasını, onunla əlbəyaxa olmasını, Zahidənin isə qışqırdığını gördüm. Abbas yenə də həmişəki kimi sərxoş idi. Onu Xəzərdən ayırdım. Sonra Abbas evin ikinci mərtəbəsinə qalxdı. Təxminən bir dəqiqə keçməmiş əlinə tüfəng götürüb pilləkənin başından yuxarıdan aşağıya mənə tərəf atəş açdı, qırmalar qarın nahiyəmə və sağ əlimə dəydi. Aramızdakı məsafə təxminən 2-2,5 metr olardı. Abbas məni vurandan sonra tüfənglə üstümə gəldi, canımı qurtarmaq üçün oradan çıxıb öz evimə tərəf qaçdım. Bu vaxt təkrarən atəş açıldığını, Xəzərin və Zahidənin qışqırdığını eşitdim. Sonra Abbasın mənim arxamca gəldiyini gördüm. Həyat yoldaşım Sayatı səsləyib Abbasın məni tüfənglə vurduğunu dedim. Yaralı vəziyyətdə Abbasla əlbəyaxa oldum. Tüfəng Abbasın əlindən yerə düşdü. Abbas məni itələyib tüfəngi götürdü, öz həyətlərindəki su quyusuna tərəf getdi və quyunun yanında Zahidəyə bir dəfə atəş açdı. Zahidənin səsindən Abbasın onu vurduğunu bildim. Ondan sonra Abbasın hara getməsini görməmişəm. Oğlum bizi maşına qoyub xəstəxanaya apardı.

"Onun məqsədi bizi öldürmək idi"

Yaralı olduğuma görə Abbasın su quyusunun yanında Zahidəyə hansı məsafədən atəş açmasını xatırlamıram. Abbasın Xəzəri harada vurmasını görməmişəm. Amma atəş səsi eşitmişəm. Xəzər vurulandan az sonra bizim evin qabağına qaçdı, arvadım onu evdə gizlətdi. Qardaşımın mənə və ailə üzvlərinə atəş açmaqda məqsədi bizi öldürmək olub. Abbas həm də ovçu idi, onda həmişə ov tüfəngləri olurdu. Ovçularla dostluq edirdi...

"O, gözə görünməyən məxluqlarla danışırdı"

Ailə üzvlərimizdən heç kim psixi xəstəlikdən əziyyət çəkməyib. Təkcə atam Qasım adi hallarda çox tez əsəbiləşən, özündən çıxan şəxs idi. Qardaşım Abbas heç bir psixi xəstəlikdən əziyyət çəkməyib, tam sağlam olub. Lakin hərdən Abbasın öz-özünə evdə, həyətdə danışdığı hallar olurdu. İlk baxışdan Abbasın kiminləsə danışması görünsə də, ona yaxınlaşanda öz-özünə, gözə görünməyən məxluqlarla danışması aydın olurdu. Bundan başqa normal kişilərin heç vaxt danışmayacağı hallar haqqında gedib çayxanada yad kişilərə danışırdı. O, həmin şəxslərə öz arvadının pozğun yola getməsini deyirdi. Camaata guya Çeçenistanda muzdlu kimi vuruşduğunu, orada qızıl basdırdığını söyləyirdi. Əslində isə belə bir hal olmamışdı. Abbas eşidənlərin onu güclü zənn etməsi üçün belə şeylər danışırdı. O, həm də kənddə Çapay adlı şəxslə dostluq edirdi. Həmin şəxs tövlələrdə və başqa yerlərdə yatan, kənd sakinlərinin psixi xəstə kimi tanıdığı natəmiz bir adamdı. Abbas həmin şəxs vasitəsi ilə özünə güclülük, güllə keçirməzlik duaları yazdırmışdı. Abbasa elə gəlirdi ki, Zahidə ona cadu elətdirir. Abbas da qorunmaq üçün özünə dua yazdırırdı. Əslində isə Zahidə heç vaxt belə işlərlə məşğul olan qadın deyildi."

"Özümü dərk edəndən bəri anamla atamın münasibətləri yaxşı olmayıb"

Zərərçəkmiş şəxs qismində dindirilən Xəzər Abbasov ifadəsində atası tərəfindən həm anasının, həm də özünün daim incidildiyini göstərib: "Atam İdman məktəbində direktor işləyib. Anam Masallı rayon Mərkəzi xəstəxanasında tibb bacısı işləyirdi. Ailədə iki qardaşıq. Böyük qardaşım Ziya Bakı şəhərində Ali hərbi məktəbin 4-cü kursunda oxuyur. Anam istirahət günündən başqa hər gün işdə olurdu. O, maddi vəziyyəti ilə əlaqədar işləyirdi. Çünki atam işləsə də, evə pul gətirmirdi. Özümü dərk edəndən bəri anamla atamın münasibətləri yaxşı olmayıb.

Anam maddi vəziyyətinə görə işləsə də, atam onun zəhmətini qiymətləndirmək əvəzinə, əxlaqsızlıqla məşğul olmaqda günahlandırırdı. Lakin anam Zahidə əxlaqlı qadın idi. Anamın əxlaqsız olması barədə başqa şəxslərdən heç nə eşitməmişəm. Atam spirtli içkilər qəbul edir, sərxoş olanda da, ayıq vəziyyətdə də anamı döyürdü. Buna görə anamla atam rəsmi qaydada boşandılar. Atam anamı, qardaşımı və məni evdən bayıra atmaq üçün boşandı. Lakin boşanma prosesində atamın evində bizə yaşamaq hüququ verildi. Buna görə də bizimlə münasibətləri daha da korlandı.

"Abbas bizi güllələmə"

Həmin gün atam təxminən saat 21 radələrində sərxoş vəziyyətdə evə gəldi. İçəri girib məni yanına çağırdı, anama nalayiq söyüşlər etdi. Anam yorğun olduğundan divanda uzanmışdı. Atamın hərəkətlərindən məni, anamı qıcıqlandırmaq və evdə mübahisə yaratmaq istədiyini hiss etdim. Atamı kənarlaşdırmaq üçün sözlərinə əhəmiyyət vermədim. Lakin atam yenə də mənə söz atmağa başladı. Atama yaxınlaşdım, sərxoş olduğuna görə qolundan tutaraq kömək edib öz otağına qaldırmaq istədim. Atam üstümə hücum çəkdi, əlbəyaxa olduq. Səsə əmim Hüseyn gəldi, bizi ayırdı. Sonra atam ikinci mərtəbəyə qalxdı. Əlindəki tüfəngdən əmimə bir dəfə atəş açdı. Əmim bizdən çıxaraq öz evinə tərəf qaçdı. Atam ikinci atəşi açanda qırmalar yerə dəydi. Tüfəngi mənə tərəf tuşlayanda qaçıb anamın yaşadığı otaqda gizləndim. Mənə, "kişisənsə qaçma",- dedi. Sonra tüfəngi anama tuşlayıb ona tərəf atəş açdı. Güllə anamın qoluna dəydi. Anamın yaralandığını gördüm. Anam qanı axa-axa evin pəncərəsindən bayıra tullandı. Atam anamı tüfənglə vuranda anam eyvanda olan divanla televizorun arasında dayanmışdı və "Abbas, bizi güllələmə", - deyib qışqırırdı. Atamsa ona, "Sizi burda öldürüb sonra Sayatla Hüseynin canı üçün gedəcəm", -deyirdi.

"Atam mənə atəş açdı"

Anam pəncərədən tullanandan sonra ani sakitlik oldu, mən otaqdan çıxdım. Atam anamın arxasınca gedərək 2-3 dəfə atəş açdı. Anam su quyusunun yanında qışqıraraq əmim oğlu Hörmüzü köməyə çağırırdı. Atam yenə də atəşi kəsmişdi, ani sakitlik yaranmışdı. Atəşin kəsildiyini, atamın geri qayıtdığını fikirləşib həyətə keçmək istəyəndə atam bağın içərisindən mənə tərəf bir dəfə atəş açdı. Qırmalar sağ böyrümə və sol qoluma dəydi, xəsarət aldım. Əmimgilə qaçıb girmək istəyəndə yıxıldım, əmim arvadı Sayat kömək edib məni içəri salıb qapını bağladı. Həmin vaxt anam hələ də su quyusunun yanında köməyə çağırıb qışqırırdı.

Atam bizə atəş açanda söyüş söyür, təhqir edirdi. Atamın məqsədi bizi öldürmək idi. Çünki anamın yalvarışlarına baxmayaraq bizə amansızcasına atəş açırdı. Atam mənim ölməyimi, anamın tək qalmağını istəyirdi ki, sonradan onu evdən qovsun. Sayat evdə olsaydı, atam onu da vuracaqdı. Çünki anamla mənim evə qayıtmağımın səbəbkarları əmim Hüseyn və arvadı Sayat idi. Ona görə də əmimə atəş açmışdı.

Hadisə vaxtı atamı vurmamışam, ona heç bir xəsarət yetirməmişəm. Atamın özü-özünü vurub xəsarət yetirməsi halları əvvəllər də olub. Atam dəfələrlə sərxoş vəziyyətdə evə gəlib, yerə oturub başını döşəməyə vururdu.

"Anamın ona cadu elədiyini fikirləşirdi"

Atamın psixi xəstəlikdən əziyyət çəkməsi barədə heç nə deyə bilmərəm. Amma çayxanada oturub ağzına gələni danışır, anamın pozğun yola getməsini deyirdi. Çapay adlı tövlələrdə və başqa yerlərdə yatan, kənd sakinlərinin psixi xəstə kimi tanıdığı natəmiz şəxslə dostluq edirdi. Atama elə gəlirdi ki, guya anam ona cadu elətdirir, o da qorunmaq üçün özünə dua yazdırırdı."

"Onlar bir-birlərini sevib evlənmişdilər"

Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən Məshəti Ağayeva (mərhumun bacısı) ifadəsində Masallı rayon Şərəfə kənd orta məktəbinin ibtidai sinif müəllimi vəzifəsində işlədiyini göstərib: "Ailədə 4 bacı, bir qardaş olmuşuq. Qardaşım və bacılarım ailəlidirlər, hamısı öz ailəsi ilə yaşayır. Mərhum Zahidədən başqa qardaşım və bacılarım hamısı ali təhsillidirlər. Atamla anam təxminən 15 il bundan əvvəl vəfat ediblər. Bacım Zahidə təxminən 25 il əvvəl həmkəndlimiz Abbasla ailə həyatı qurmuşdu. Onlar bir-birlərini sevdiklərinə görə evlənmişdilər. 10 il mehriban yaşadılar. Sonradan onların münasibətləri pozuldu, Zahidə uşaqlarını da götürüb atam evində yaşamağa başladı.

"Bacım hər gün ərindən şikayət edir, Abbasın onu öldürəcəyini deyirdi"

Abbas ailəsinə baxmır, evə pul gətirmirdi. Zahidənin əri ilə yaşadığı ev tikilib qurtarandan sonra onların arasında münasibətlər kəskinləşdi. Abbas onu evdən getsin deyə bezdirirdi. Evin tikilməsi Zahidənin üzərinə düşsə də, maddi cəhətdən atam Əlihüseyn ona köməklik edirdi. Abbas dəfələrlə bacısımı ölümlə hədələmişdi. Zahidə Abbasın onu ölümlə hədələməsi barədə hüquq mühafizə orqanlarına dəfələrlə şikayət etmişdi. Bütün şikayətlərində Zahidə Abbasın qanunsuz odlu silah saxladığını yazmışdı. Belə ki, Zahidə həyatı ilə çarpışmışdı. Zahidə hər gün Abbas haqqında mənə şikayət edir, ərinin onu öldürəcəyini deyirdi. Abbas Zahidənin bezib, ondan qorxub evdən getməsi üçün belə edirdi.

Axşam saat 22:30 radələri idi. Bacım oğlu Xəzər mənə zəng vurub atası Abbasın onu, əmisi Huseyni və Zahidəni güllələdiyini və xəstəxanada olduqlarını, tez xəstəxanaya gəlməyimi xahiş etdi. Xəstəxanaya gələndə Xəzəri yaralı vəziyyətdə gördüm. Zahidə ilə Hüseynin vəziyyəti ağır olduğuna görə cərrahi əməliyyat olunmuşdular. Xəstəxanada qalıb əməliyyatın sonunu gözlədim.

18 mart 2010-cu ildə saat təxminən 01 radələrində bacım Zahidə aldığı odlu silah yaralanmalarından xəstəxanada vəfat etdi.

Bacımla münasibətlərimiz yaxşı olub. Onun evinə həmişə gedib-gəlmişəm. Abbasla da münasibətlərimiz normal olub, aramızda hər hansı bir düşmənçilik, ədavət olmayıb. Zahidəni hədələsə də, mən gedəndə Abbas özünü çox yaxşı aparır, hörmətimi saxlayırdı. Zahidə ilə Abbas arasında münasibətlərin korlanması, düşmənçiliyə keçməsi səbəbi ondan ibarət idi ki, Abbas Zahidəni evdən çıxartmaq istəyirdi. Bu, təxminən hadisədən 13 il əvvəl baş vermişdi. Abbas heç bir psixi xəstəlikdən əziyyət çəkməmişdi. Abbası tam sağlam adam kimi tanımışam. Onda hər hansı bir psixi pozuntu, davranışlarında heç bir qəribəlik müşahidə etməmişəm. Abbas xasiyyətcə mülayim, sakit, savadlı adam olub. Onun spirtli içki qəbul etməsi barədə məlumatım olmayıb. Onun heç vaxt küçədə sərxoş vəziyyətdə gəzməsini, yıxılmasını görməmişəm. Abbas mənim yanımda uydurma hadisələr, etmədiyi əməllər barədə danışmayıb, haradasa qızıl küpü basdırması, ona vergi verilməsi, Çeçenistanda və Əfqanıstanda döyüşlərdə iştirak etməsi barədə danışmayıb. Abbas uzun müddətdir ki, bizimlə qohumdur. Onun bütün qohumlarını tanıyıram. Abbasın yaxın qohumları arasında psixi xəstəlikdən əziyyət çəkən şəxslər olmayıb."

"Camaata özünün 13-cü imam olduğunu deyirdi"

Şahid qismində dindirilən Hörmüz Abbasov ifadəsində əmisinin uzun illər tək yaşadığını göstərib: "Əmim Abbas 15 ildən çox idi ki, tək yaşayırdı. Ailəsindən və uşaqlarından ayrılmışdı. Zahidə oğlanları ilə bir yerdə atası evində yaşayırdı. Təxminən 2009-cu ilin sonlarında Abbas rəsmi olaraq arvadından boşandı və məhkəmənin qərarına əsasən Zahidə oğlanları ilə bir yerdə Abbasın yaşadığı evə köçürüldü. Zahidə evə qayıtdığına görə əmim bizim ailəmizlə münasibətlərini pozmuşdu. Ona elə gəlirdi ki, Zahidənin evə qayıtması işini biz qurmuşuq. Əslində isə biz bu məsələyə qarışmamışdıq. Sadəcə olaraq, atamla anam Abbası sakitləşdirirdilər ki, ailəsi ilə mehriban olsun. Abbas xasiyyətcə normal deyildi. Buna görə də Abbasla çox ünsiyyət saxlamırdıq. Abbas dostu Çapay vasitəsi ilə özünə güclülük, güllə keçirməzlik və s. gülünc dualar yazdırırdı. Camaata guya ona yuxuda vergi verildiyini, 13-cü imam olduğunu deyirdi. Bundan başqa, Çeçenistanda və Əfqanıstanda muzdlu kimi vuruşması barədə danışırdı. Əslində isə o hamının gözündə güclü görsənmək üçün belə edirdi. Həmişə həyətdə silahla gəzişir, itə, pişiyə və digər heyvanlara atəş açırdı. Özünü hərbçi kimi göstərirdi. Zahidəni müdafiə etdiyimizə görə bizə düşmən münasibət bəsləyirdi".

Məhkəmə prosesi davam edir. Çıxarılacaq hökmlə Sizləri yaxın günlərdə tanış edəcəyik. Bizi izləyin...

Adətən bu yerdə müəllifdən son söz əvəzi yazılardı. Son sözü məhkəmə deyəcəyi üçün hələlik biz fikir bildirmirik...

İnarə Rafiqqızı

O.M.