Sürücünün başını kəsdi, yanındakı qadını zorladı

Sürücünün başını kəsdi, yanındakı qadını zorladı

27 May 2011 12:06
Bəyəndim (0) Bəyənmədim (0)
Hadisə Tovuz rayonunda baş berib

Qadın cinayətkarın əlindən qaçaraq canını qurtara bilib. Arif Babayev isə bundan qəzəblənərək sürücünün meyitinə od vurub yandırıb.

Tovuz rayonunun Cəlilli kənd sakini 43 yaşlı Yaşar Cəfərovun meyiti Zəyəm çayının sahilində yandırılmış vəziyyətdə aşkarlanıb. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində cinayətin Şəmkir rayonu Tatar kənd sakini Arif Babayev tərəfindən törədildiyi aşkarlanıb və o, polis əməkdaşları tərəfindən saxlanılıb.

İstintaqın gəldiyi nəticəyə görə, Arif Babayev 5 may 2009-cu ildə saat 16-17 radələrində Tovuz rayonu Yanıqlı kəndi ərazisində "Bəhrəmtəpə" adlanan yerdə "VAZ 2107" markalı avtomaşında olan Tovuz rayonu Cəlilli kənd sakini Yaşar Cəfərovun başını sonuncunun tanışı, həmin vaxt avtomobildə olan Əsmər Tanrıverdiyevanın gözü qarşısında bıçaqla kəsərək öldürüb.

Arif Babayev Yaşar Cəfərovun boğazını bıçaqla kəsdikdən sonra onun maşınında əyləşən qadını zorlayıb. Belə ki, Yaşar Cəfərovun meyitini və Əsmər Tanrıverdiyevanı avtomobillə Zəyəm çayının digər sahilinə aparıb, orada Əsməri öldürməklə hədə-qorxu gələrək onunla bir dəfə cinsi əlaqədə olub. Törətdiyi cinayət əməlini gizlətmək məqsədi ilə meyiti Şəmkir rayon ərazisində yandırıb, sonra isə dərəyə tullayaraq hadisə yerindən qaçıb.

Arif Babayevin ifadəsindən

Təqsirləndirilən şəxs qismində dindirilən Arif Babayev ibtidai istintaq zamanı törətdiyi hadisəni tam etiraf edərək Yaşar Cəfərovun boğazını həmin vaxt avtomobildə olan Əsmər Tanrıverdiyevanı gözləri qarısında kəsərək öldürməsini, meyitin cinsi orqanını yandırmaq niyyəti ilə meyiti yandırmasını, Əsmər Tanrıverdiyevanı həmin avtomobilə əyləşdirib meyitlə birgə Zəyəm çayının digər sahilinə aparmasını, orada adıçəkilən qadınla cinsi əlaqədə olmasını göstərib. Lakin sonrakı dindirmələrdə o, Əsmərlə cinsi əlaqədə olmadığını bildirib: "Şəmkir rayonunun Tatar kəndində anadan olmuşam. Həmin kənddə-ata yurdumda ailəmlə birgə yaşamışam. 2005-ci ildə həmkəndlim Xəyalə adlı qızla ailə qurmuşam. Birgə nikahdan iki uşağımız var. Günəmuzd fəhləlik edib ailəmi dolandırırdım, eyni zamanda vərəm xəstəliyinə tutulduğuma görə təqaüd alırdım. 1998-ci ildə oğurluq etdiyimə görə həbs edilmişəm, 1999-cu ildə azadlığa buraxılmışam.

5 may 2009-cu ildə saat 16 radələrində otlamağa göndərdiyimiz heyvanın qabağına çıxmışdım. Zəyəm çayına çatanda həmkəndlim "Faxış" ləqəbli Fazil Alıyevin də çayın sahilində olduğunu gördüm. "Faxış" da çayın digər sahilinə öz heyvanlarının arxasınca getmək istədiyini dedi. Birlikdə çayın digər sahilə - "Bəhrəmtəpə" adlanan yerə yollandıq. "Bəhrəmtəpə" adlanan yeməkxananın qarşısındakı yolun əks tərəfinə keçib təpənin üstünə qalxdıq, iki baş inəyin otladığını və həmin yerdə "VAZ 2107"markalı avtomobilin dayandığını görüb, həmin yerə yaxınlaşdıq. Bu vaxt həmkəndlim Qabil Qasımov da həmin yerə gəldi. Biz birlikdə avtomobilə yaxınlaşıb maşında olan şəxslərin kimliyi ilə maraqlandıq.

"Sürücü ilə bir qadının bir-birlərini qucaqladıqlarını gördüm"

Bu vaxt gördük ki, avtomobildə bir qadın və bir kişi var. Qabil avtomobildə olan qadının Əsmər olduğunu bildirib, çıxıb getdi. "Faxış" isə digər tərəfə-heyvanlarının arxasınca yollandı. Mən maşına yaxınlaşdıqda qadınla sürücünün arxaya uzadılmış qabaq oturacaqların üzərində biri-birini qucaqladıqları gördüm və maşının pəncərəsini əlimlə döyməyə başladım. Avtomobildə olan şəxslər mənə baxıb bir söz demədən öz işləri ilə məşğul oldular. Belə olan halda avtomobilin arxa qapısını açıb, onlardan həmin yeri tərk etməyi tələb etdim. Bu vaxt sürücü mənə baxıb, var-yox söyüşü etdi və "mən Yaşaram, mənim cipim var", - deyərək məni hədələməyə başladı.

"Əlimdəki bıçağı onun boğazına çəkdim"

Sürücünün bu sözlərindən qəzəblənib onun boğaz nahiyəsindən yapışdım. Qəfildən sürücünün yanındakı qız əlinə haradansa bıçaq götürüb sürücüyə tərəf uzatdı, lakin mən cəld tərpənib bıçağı onun əlindən aldım və sürücünün boğaz nahiyəsinə dirəyib onu qorxutmaq istədim. Sürücü əlini boğazına tərəf aparıb bıçağı kənarlaşdırmaq istədi, lakin bıçaq əlini kəsdiyindən yerindən sıçrayıb üstümə hücum çəkdi. Qorxumdan əlimdəki bıçağı onun boğazına çəkdim. Sürücünün boğazını kəsən kimi o, arxası üstə oturacağa uzanıb xırıldamağa başladı. Maşında olan qadından sürücünün boğazını sarımağı tələb etdim. Qadın da maşında olan dəsmal ilə sürücünün boğazını sarıdı. Bundan sonra sürücünü yaxınlıqdakı xəstəxanaya çatdırmaq məqsədi ilə avtomobilə əyləşdim, lakin maşını yerindən tərpədə bilmədim, təxminən 10-15 dəqiqə çalışdıqdan sonra avtomobili işə saldım. Avtomobillə hərəkətdə olarkən Əsmər sürücünün keçindiyini, bədəninin soyuduğunu dedi və ağlamağa başladı, xahiş etdi ki, onu yaşadığı evə aparım. Əvvəlcə razılaşdım və maşını Yanıqlı kəndinə sarı sürdüm. Lakin kəndə getməyərək Əsmərə, "sən gedirsən, bəs mən nə edəcəm?" deyərək avtomobili Zəyəm çayına doğru sürdüm. Dəmir körpünü keçib çayın kənarı ilə avtomobili idarə edərkən qəfildən avtomobil torpaq arxa düşdü və dayandı. Həmin vaxt "Xınna" dərəsi adlanan yerdə yaşayan Əvəz kimi tanıdığım şəxs bizi görüb yaxınlaşdı, nə baş verməsi ilə maraqlandı, avtomobilin içərisinə boylanıb nə məsələ olduğunu soruşdu. Ona, "elə-belə kömək et, maşını çıxardaq", - dedim və hadisə barədə heç nə bildirmədim. Avtomobili arxdan çıxartdıqdan sonra Əvəz çıxıb getdi, Əsmər isə maşından düşüb qaçmaq istədi. Ondan maşına əyləşməsini tələb etdim. Əsməri yaxınlıqdakı kolluğa apardım və onunla bir dəfə cinsi əlaqədə oldum. Əsmərlə cinsi əlaqədə olarkən bir qədər aralıda Əvəz adlı şəxsin dayandığını görüb həmin şəxsin baş verənləri görməsindən ehtiyat edib Əsmərdən avtomobilə əyləşməsini tələb etdim. Əsmər avtomobilə əyləşdi və biz çayın sahili ilə hərəkət etməyə başladıq. Bir qədər irəlilədikdə artezan görüb avtomobili saxladım, əvvəlcə özüm düşüb ayaqyoluna getdim, sonra isə Əsmərə avtomobildən düşüb əl-ayağını yumağa icazə verdim.

"Maşından benzin götürüb meyitin üzərinə tökdüm və yandırdım"

Əsmər avtomobildən düşüb əl-ayağını yumağa getdi. Maşını həmin yerdən bir qədər uzaqlaşdırıb gizlətmək istədim. Avtomobili torpaqlığa sürdüm, meyiti maşından düşürüb torpaq yerə uzatdım. Maşında olan paltarları meyitin ayaqları arasına qoyub üzərinə 1 litr yanacaq tökdüm və yandırdım. Bu vaxt gördüm ki, Əsmər qaçır. Onun arxasınca getmək istədim, lakin sonra fikrimdən daşındım.

Meyitin alışdığını görüncə yaxınlıqdakı arxdan su daşıyıb alovu söndürdüm. Sonra maşını İrmaşdı kəndi istiqamətinə sürdüm. Hara getmək istədiyimi, nə etmək istədiyimi özüm də anlamırdım. Yolda avtomobilin benzini qurtardı, maşın dayandı. Maşından düşüb bıçaqla avtomobilin oturacaqlarının üzlüklərini kəsib çıxartdım, meyiti avtomobildən düşürdərək həmin qırmızımtıl rəngli üzlüklərə büküb sürütləyə-sürütləyə yaxınlıqdakı dərəyə tulladım, piyada yolla yaşadığım evə gəldim. Avtomobilin çexollarını isə bir qədər irəlidə dərənin digər tərəfinə tulladım. Hadisəni törədərkən istifadə etdiyim bıçaq yadımdan çıxıb avtomobilin salonundakı saxlanc yerində qaldı. Saat təxminən 23-24 radələrində evə gəldim. Əynimdəki paltarlarımı çıxardıb, arvadıma yumağı tapşırdım və səhər işə gedəcəyimi bildirdim. Sonra evdən çıxdım. Zəyəm çayını keçib Tatar kəndi istiqamətində hərəkət edərkən pulumun olmadığını, Köhnəqala kəndində yaşayan bir nəfər şəxsin mənə borcu olduğunu xatırlayıb həmin şəxsin yaşadığı evə yollandım, 20 manat borc pulumu alıb geri qayıdarkən yolda polis əməkdaşları tərəfindən yaxalandım və hadisəni etiraf etdim.

"Törətdiyim əməllərə görə peşmanam"

Kənd camaatının gəliş-gedişi olan yerdə avtomobildə sürücü ilə Əsmərin qucaqlaşıb pis hərəkət etdiklərini görüb buna etiraz edərkən Yaşar mənim ünvanıma söyüş söydü, yerindən durub üstümə hücum edərkən mən ona, "bu saat sənin başını kəsəcəm", - dedim. Məqsədim Yaşarı qorxutmaq idi. Lakin Yaşar, "mənim başımı kəsəni belə-belə edərəm" dedikdə, onun boğazını kəsdim.

Meyiti yandırmaqda məqsədim meyitin cinsi orqanını yandırmaq, Əsmərə hədə-qorxu gəlməklə cinsi əlaqədə olmaqda məqsədim isə onu da belə cəzalandırmaq olub. Törətdiyim əməllərə görə peşmanam.

"Əsməri öldürmək istəsəydim, öldürərdim"

Həmin vaxt Əsməri öldürmək niyyətim olmayıb. Əgər belə bir niyyətim olsa idi, bunu Əsmər avtomobildə olarkən edərdim.

Meyiti hadisə yerindən uzaqlaşdırmaq, avtomobili gizlin bir yerə tullamaq istəyirdim, lakin avtomobilin yanacağı qurtardığından onu Şəmkir rayonu İrmaşlı kəndi ilə Ələsgərli kəndi arasında yerləşən yolda tullayıb qaçdım. Həmin vaxt şokda olduğumdan avtomobildə olan mobil telefonu nə vaxt və hansı şəraitdə cibimə qoyduğumu xatırlamıram, ümumiyyətlə mobil telefonla davranmağı bacarmıram."

"Yaşarla dostluq etmişəm, görüşmüşəm"

Zərərçəkmiş şəxs qismində dindirilən Əsmər Tanrıverdiyeva ifadəsində mərhum Yaşar Cəfərovla ötən ilin yay aylarında tanış olduqlarını, arabir görüşdüklərini və yaxın münasibətdə olduqlarını göstərib: "2008-ci ilin yay aylarında tanımadığım bir kişi mobil telefonuma zəng edib adının Yaşar olduğunu, məndən xoşu gəldiyini, tanış olmaq istədiyini bildirdi. Ona yalandan dedim ki, ailəliyəm. O isə məndən əl çəkməyib bir neçə dəfə zəng vurub, tanış olmaq istədiyini deyirdi. Bir dəfə Qovlar qəsəbəsində yerləşən dükanların birindən bazarlıq edib kəndə qayıtmaq istəyərkən yolda bir nəfər şəxs mənə yaxınlaşıb adının Yaşar olduğunu bildirdi, idarə etdiyi avtomobilə əyləşməyi təklif etdi. Mən də maşına taksi avtomobili kimi əyləşdim. Yolda Yaşar əl-qol ataraq mənimlə yaxınlıq etmək istədi. Ona görə də maşından düşüb, başqa bir taksiyə əyləşib, yaşadığım kəndə getdim. Bundan sonra Yaşar dəfələrlə zəng edib mənimlə münasibət qurmaq istəyirdi. Nəhayət, bir neçə aydan sonra Tovuz rayon bazarında bazarlıq edərkən yenidən Yaşarla rastlaşdıq və o, məni evə gətirdi. Yaşar məni bir neçə dəfə bazardan götürüb evimizə aparıb. O zamandan aramızda münasibət yaranıb. Yaşarı pis adam kimi tanımamışam, onunla dostluq etmişəm, görüşmüşəm. Yaşarla münasibətim barədə evdə kimsənin məlumatı yox idi.

"Bəhramtəpə"də tökülən qan

5 may 2009-cu ildə Tovuz şəhərində yerləşən hamama getmək üçün evdən çıxdım. Rayon mərkəzindəki piyada keçidin yanında Yaşar mobil telefonuma zəng vurub harada olduğumu soruşdu. Ona rayon mərkəzində olduğumu söylədim. Yaşar çox israr etdikdən sonra onunla görüşüb yeməkxanaya getdim, birlikdə xəngəl və kabab yedik, araq içdik. Bundan sonra Yaşar məni evimizə aparmaq qərarına gəldi. Həmin vaxt Yaşar bərk içkili olduğundan avtomobili idarə etməkdə çətinlik çəkirdi. Hətta yol boyunca bir dəfə ürəyi bulandı, qaytardı. Ona görə də avtomobili yaxınlıqdakı "Bəhrəmtəpə" adlanan yerdə şam ağaclarının yanında saxladı, bir qədər dincəlib sonra yola davam edəcəyini dedi. Hava sərin və yağmurlu olduğundan avtomobilin pəncərələrini bağladıq. Maşını saxlayan kimi Yaşar qabaq oturacağı arxaya doğru uzatdı və yuxuya getdi.

Mən isə maşının qabaq oturacağında əyləşib telefonuma gələn SMS-ləri oxumağa başladım.

Təxminən 5-10 dəqiqədən sonra avtomobilin sürücü əyləşən tərəfinin qapısı açıldı, tanımadığım bir nəfər şəxs məndən nə işlə məşğul olduğumuzu soruşdu. Mən sürücünün sərxoş olduğunu bildirəndə bu vaxt o, "sən Əsmərsənmi, buraya əxlaqsızlıq etməyə gəlmisən?", - deyərək qəzəblənməyə başladı, söyüş söydü. Dirsəyi ilə Yaşarın boğazını tutub, "buraya pis-pis işlərlə məşğul olmaq üçün gəlmisiniz?" deyərək söyüş söyməkdə davam etdi. Bıçağı Yaşarın boğazına dirəyib avtomobilin açarını və mobil telefonu ona verməyi tələb etdi. Yaşar bıçağı kənara itələyəndə əli kəsildi. Yaşarın əlini sarımaq istədim, amma Arif mənə acıqlanaraq, "indi ikinizin də başınızı kəsəcəyəm, bura sizin üçün nədir, bura "bazdığa" gəlmisiniz, pozğunluq edirsiniz?", - deyərək bizə hədə-qorxu gəldi. Yaşar ona dedi ki, içkiliyəm, bir az yatıb, çıxıb gedəcəyəm. Arif isə, "ikinizin də başını kəsəndə biləcəksiniz", - dedi. Yaşarın boğazından tutub bıçaqla boğazını azacıq kəsdi, qan axmağa başladı. Mən həyəcandan və qorxudan qışqırdım. Arif isə sakit olmağımı, əks təqdirdə, mənim də başımı kəsib öldürəcəyini dedi. Bu vaxt Yaşar ona, "mənim başımı kəsəni belə-belə edərəm", - deyərkən Arif bıçağı onun boğazına çəkdi. Yaşar xırıldaya-xırıldaya arxası üstə oturacağa düşdü, boğazından qan axmağa başladı.

"Əllərim qana bulaşmışdı"

Arif Yaşarın xırıldadığını görüb ikinci dəfə onun boğazını kəsdi, bu dəfə qan daha da şiddətli axdı. Mən qorxudan ağlayır, qışqırırdım. Arif isə Yaşarı arxa oturacaqda yerləşdirmək üçün ona kömək etməyimi tələb etdi. Qorxumdan ona köməklik etdim. O, Yaşarın əynindəki paltarları çıxardıb, onun üstünə sərdi və məndən tələb etdi ki, maşına əyləşim. Həmin vaxt bir qədər aralıda iki nəfər şəxsin getdiklərini gördüm, lakin qorxumdan səsimi çıxarmadım. Mən avtomobilin qabaq oturacağında əyləşdim. Arif avtomobili çətinliklə işə saldı, maşını dala-qabağa sürüb sonra idarə etməyə başladı. Qorxudan tir-tir əsir, ağlayırdım. "Məşədilər" körpüsünü keçdikdən sonra Arif maşından düşdü, mənə dedi ki, get əlini-ayağını yu. Çünki meyitin ayağından tutub avtomobilin arxa oturacağında yerləşdirməkdə Arifə köməklik edərkən əlim qana bulaşmışdı. Maşından düşüb əl-ayağımı yudum, Arif də əllərini, bıçağı yudu, yenidən maşını idarə etməyə başladı. Bir qədər getdikdən sonra avtomobil palçığa düşüb dayandı. Arif dedi ki, düş, köməklik et, maşını çıxardaq.

"Mənimlə bir dəfə cinsi əlaqədə oldu"

Maşından düşən kimi qaçmaq istədim, lakin Arif məni yaxalayıb saçımdan tutaraq yaxınlıqdakı kolluğa apardı, mənimlə bir dəfə cinsi əlaqədə oldu. Ancaq uzaqdan kiminsə gəldiyini görüb tez ayağa qalxdı, saçımdan tutub avtomobilə əyləşdirdi. Arif uzaqdan gələn şəxsdən avtomobili palçıqlıqdan çıxartmağa köməklik etməyini xahiş etdi. Həmin şəxs avtomobilə yaxınlaşdı, pəncərədən mənə baxdı, lakin həmin şəxsin nədənsə şübhələnməsindən ehtiyat edən Arif ona avtomobili itələməyi xahiş etdi. Avtomobil palçıqlıqdan çıxdıqdan sonra Arif maşını artezian suyunun yanına sürdü, maşını saxlayıb mənə dedi ki, get palçığa batmış əlini və üzünü yu. Avtomobildən düşüb əl-üzümü yuyub qayıtdıqda, Arifin bir qədər aralıda ayaqyoluna getdiyini görüb qaçmaq üçün fürsət olduğunu fikirləşdim, maşından çantamı götürüb qaçdım. Bunu görən Arif şalvarını yuxarı qaldırıb arxamca gəlməyə başladı. Çayın sahili ilə qaçarkən yaxınlıqdakı torpaq sahəsinin iç tərəfində bir qədər əvvəl avtomobili arxdan çıxarmağa kömək edən şəxs, "məhləyə keç, arxanca gələn var" , - dedi. Təpənin üstünə qalxıb aşağı-yuxarı baxdıqda, Arifin bir qədər əvvəl avtomobili arxdan çıxarmağa kömək edən şəxslə söhbət etdiyini gördüm. Lakin buna fikir verməyib qaçmaqda davam etdim. Təxminən 3-4 km məsafəni piyada qət edib saat 00.30 radələrində yaşadığım evə çatdım. Baş verənlər barədə evdə kimsəyə məlumat vermədim. Bir qədər keçdikdən sonra yol maşını ilə rayon PŞ-nin Qovlar PB-nə gedib baş vermişlər barədə məlumat verdim.

Arifi əvvəllər üzdən tanıyırdım, lakin onunla hər hansı bir yaxınlığım olmayıb. Belə ki, əvvəllər dəfələrlə Tovuz rayonunun Məşədilər kəndinə gedib orada yaşayan xalama torpaq sahəsində kartof əkib-becərməkdə köməklik edirdim, həmin vaxt Arifi qonşuya gəlib-gedən şəxs kimi tanımışam, həmin qonşunun Arifin bacısı olduğunu bilmişəm".

"Oğlumun heç kimlə düşmənçiliyi olmayıb"

Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən Nabat Cəfərovanın (mərhumun anası) ifadəsindən:

- Tovuz rayonu Mülkülü kəndində anadan olmuşam. 1958-ci ildə rayonun Cəlilli kənd sakini Qurban Cəfərovla ailə qurmuşam. Birgə nikahdan beş oğlumuz olub. Oğlanlarımın üçü rəhmətə gedib.

Oğlum Yaşar Cəfərov təxminən 1999-cu ildə öz istəyi ilə Mülkülü kənd sakini olan Şəhla adlı qızla ailə həyatı qurdu. Birgə nikahdan iki uşaqları olmuşdu. Yaşar bədən tərbiyə texnikumunu bitirib Cəlilli kənd orta məktəbində müəllim işləyirdi. Yay mövsümündə tərəvəz və meyvə məhsulları satmaqla məşğul olurdu, ticarət etməklə ailəsini dolandırırdı. 2004-cü ildən VAZ 2107 markalı avtomaşın almışdı. Yaşar iri cüssəli, boylu-buxunlu, xasiyyətcə mehriban, ailəcanlı və ciddi idi, spirtli içkiyə meylli deyildi, arabir dost-tanış məclisində içki qəbul edərdi, içki içəndən sonra isə yuxulayıb yatardı. Oğlumun heç kimlə qərəzli münasibəti, düşmənçiliyi olmayıb, hamı ilə yaxşı münasibəti vardı.

"Anama de ki, inciməsin, evə gələ bilməyəcəyəm"

5 may 2009-cu ildə saat 10 radələrində Yaşarın maşına əyləşdiyini görüb ona yaxınlaşdım, hal-əhval tutdum, günorta qonaqlarımız olacağını dedim. Yaşar dedi ki, qonaqlar gələndə qardaşımın mobil telefonundan mənə zəng vurarsınız.

Günorta saat 13 radələrində kiçik oğluma dedim ki, zəng vur qardaşına, gəlsin. Yaşarla telefon əlaqəsi saxladıqda o, "anama de ki, inciməsin, evə gələ bilməyəcəm", - deyə cavab verdi. Yaşarın bu cavabı mənim xətrimə dəymişdi, lakin bu barədə bir söz demədim. Axşam tərəfi qonaqlar çıxıb getdilər.

Özümü pis hiss etdiyimə görə yataq otağına gedib yatdım. Səhər yuxudan oyanıb ərimlə süfrə arxasında çay içirdik. Bu vaxt nəvələrim mənə yaxınlaşaraq atalarının gecə evə gəlmədiyini bildirdilər. Həmin vaxt narahat olsam da, Yaşarın tezliklə evə gələcəyinə ümid etdim. Bir qədər keçmişdi ki, kiçik oğlum bizə Yaşarın polislər tərəfindən axtarıldığını dedi. Bundan sonra ailə üzvlərimlə birlikdə Tovuz RPŞ-nə getdik, nə baş verməsi ilə maraqlandıq.

"Meyitə baxanda gördük ki, yanıb, tanınmaz hala düşüb"

RPŞ-də oğlum Yaşarın polislər tərəfindən axtarıldığı məlum oldu. Lakin nə baş verməsi barədə mənə məlumat vermədilər. Saat 17-18 radələrində Yaşarın meyitini evə gətirdilər. Meyitə baxdıqda gördük ki, yanıb, tanınmaz hala düşüb. Sonradan məlum oldu ki, oğlum tanışı Əsmər adlı qadınla avtomobildə söhbət edərkən tanımadığı bir nəfər şəxs maşının qapısını açıb, oğlumun başını bıçaqla kəsib, sonra isə yandırıb. Bizə dedilər ki, oğlunu öldürən və meyitini yandıran şəxsi həbs ediblər.

Yalançının şahidi

Şahid qismində dindirilən Fazil Alıyev ifadəsində təsərrüfatla, heyvandarlıqla məşğul olduğunu, saxladığı heyvanları adətən Tovuz rayonu ərazisində "Bəhrəmtəpə" adlanan ərazidə otardığını, həmkəndlilərinin də həmçinin həmişə heyvanları həmin ərazidə otardıqlarını göstərib: "5 may 2009-cu ildə saat 16-17 radələrində heyvanların arxasınca getmək qərarına gəldim, Zəyəm çayının sahilində həmkəndlim Ariflə rastlaşdım, onunla hal-əhval tutdum, heyvan arxasınca getdiyimi bildirdikdə, Arif də mənimlə bərabər heyvanlarının arxasınca getmək istədiyini dedi. Hər ikimiz "Bəhrəmtəpə" adlanan yerə, asfalt yolun kənarına kimi gəldik. Arif özünə məxsus olan heyvanların bir qədər aralıda olduğunu görüb məndən aralanıb çıxıb getdi. Həmin vaxt hava yağmurlu idi. Heyvanların arxasınca gedərkən yol boyunca kimsəni görməmişəm, heyvanları götürüb evə qayıtmışam. Ertəsi gün eşitmişəm ki, Arif kiminsə başını kəsib öldürüb".

Məhkəmənin hökmü ilə Arif Babayev 15 il müddətinə azadlıqdan məhrum edilib.

Ehtiras bir neçə dəqiqəlik olur və ölür. Bu bir neçə dəqiqəyə görək bütün ömrü qurban verməyə dəyərmi?..

İnarə Rafiqqızı

O.M.