Gəlinə işgəncə verən sadist ailənin məhkəməsi başlayıb

Gəlinə işgəncə verən sadist ailənin məhkəməsi başlayıb

11 Fevral 2014 16:54
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 11-də Astara Rayon Məhkəməsində gəlinə işgəncələr verməkdə təqsirləndirilən Malik Nabatovun, arvadı Mirvari Şahmuradovanın və oğlu Afiyəddin Nabatovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Hakim İsmayıl Abdurəhmanlının sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər onların müdafiəçilərinin iştirakı ilə dindirilib. Məhkəmədə həmçinin şahidlərin ifadələri alınıb. Təqsirləndirilən şəxslər törətdikləri əməli qismən etiraf ediblər. Məhkəmədə daha bir neçə şahidin iştirakı təmin olunmadığı üçün növbəti proses qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, Astara Rayonun Pəlikəş kənd sakini, 1969-cu il təvəllüdlü Malik Mammədağa oğlu Nabatov yaşadığı evdə 2011-ci ilin oktyabr ayından 2012-ci ilin iyun ayına kimi olan dövrdə oğlu, 1994-cü il təvəllüdlü Afiəddin Nabatov və arvadı, 1975-ci il təvəllüdlü Mirvari Şahverdi qızı Şahmuradova ilə qabaqcadan əlbir olaraq gəlini, 1994-cü il təvəllüdlü Qutamə Arzu qızı Rükiyevanı mütəmadi olaraq təhqir edib, döyub, müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, saçlarını qırxıb və müxtəlif fiziki əzab veriblər Q.Rukiyevanın təxminən 8 ay müddətində mütəmadi təhqir edildiyi, onun müxtəlif ağrılar və psixi iztirablara məruz qaldığı Astara Rayon Prokurorluğundan aparılan istintaqla sübüta yetirilib. Q.Rukiyevanın əri Afiəddin Nabatov, qayınatası Malik Nabatov və qayınanası Mirvari Şahmuradova barəsində Cinayət Məcəlləsinin 133.2.3, 133.2.4, 133.2.6 və 145.2.3 maddələri ilə cinayət işi açılıb, Astara Rayon Məhkəməsinin qərarı ilə ata və oğul barəsində həbs qəti-imkan tədbiri seçilib.