21 yaşlı qızın özünü yandırmasına görə tutulan şəxsin apellyasiya şikayəti təmin edilməyib

21 yaşlı qızın özünü yandırmasına görə tutulan şəxsin apellyasiya şikayəti təmin edilməyib

7 Fevral 2014 16:46
2 584
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Apellyasiya Məhkəməsində bir müddət əvvəl 21 yaşlı qızın özünü yandırmasına görə günahlandırılan Əli Həbiblinin apellyasiya şikayətinə baxılıb.

Apa-nın məlumatına görə, apellyasiya şikayəti təmin edilməyib. Qeyd edək ki, yanvarın 30-da saat 10:30 radələrində Lənkəran şəhərində qeydiyyatda olmaqla müvəqqəti Bakı şəhərində yaşayan Məlakə Bayramlı Səbail rayonu ərazisində üzərinə yandırıcı maddə tökərək yandırmaqla intihara cəhd edib, intiharın qarşısı alınaraq yanıq xəsarətləri ilə 5 saylı klinik xəstəxanaya yerləşdirilib.

Prokurorluq tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, M. Bayramlı 1990-cı ildə Lənkəran şəhərində anadan olub, 29 oktyabr 2012-ci il tarixdən 5 oktyabr 2013-cü il tarixədək Milli Təhlükəsizlik Nazirliyinin Mühafizə Taborunda müddətli həqiqi hərbi xidmətdə olmuş Əli Həbibli ilə sonuncunun xidmət etdiyi Lənkəran şəhərində tanış olmaqla Lənkəran və Bakı şəhərlərində dəfələrlə görüşərək yaxın ünsiyyətdə olublar.

Bir müddətdən sonra aralarında yaranmış narazılıqla bağlı M. Bayramlı Ə. Həbiblinin onu zorlaması barədə Respublika Hərbi Prokurorluğuna ərizə ilə müraciət edib. Həmin xüsusat üzrə aparılmış araşdırmalar zamanı M. Bayramlı ilkin izahatında qeyd olunan faktı təsdiq etsə də, sonrakı ərizələrində Ə. Həbibli tərəfindən zorlanmadığını, onunla könüllü olaraq cinsi əlaqədə olduğunu, evlənmək məqsədilə artıq nişanlandıqlarını və şikayətindən imtina etdiyini bildirməklə əlavə izahat verməyib.

M. Bayramlının zorlanması hadisəsi təsdiqini tapmadığından cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib və qərarın surəti M. Bayramlıya göndərilməklə həmin qərardan şikayət etmək hüququ ona izah edilib.

Eyni zamanda M. Bayramlının Ə. Həbibli və digər hərbi qulluqçuların qanunazidd hərəkətlərinə dair şikayət ərizəsi üzrə toplanmış material xidməti yoxlama aparılması üçün aidiyyəti üzrə Milli Təhlükəsizlik Nazirliyinə göndərilib.

Ə. Həbibli M. Bayramlı ilə nişanlanaraq bir müddət əlaqələrini davam etdirib, lakin sonradan aralarında yenidən münasibətlər pozulduğuna və sonuncu ilə ailə qurmadığına görə M. Bayramlı bundan hiddətlənərək özünü yandırmaqla intihara cəhd edib. M. Bayramlı aldığı yanıq xəsarətlərindən xəstəxanada dünyasını dəyişib.

Həmin fakt üzrə Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb. Fevralın 3-də məhkəmənin qərarı ilə Ə. Həbibli barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Qərardan narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi isə apellyasiya şikayəti verib.