Toy əvəzinə araya qan düşdü

Toy əvəzinə araya qan düşdü

3 Fevral 2014 16:51
Bəyəndim (0) Bəyənmədim (0)
Nişanlı qızı nənəsinin yasından qaçırdılar

Bərdə rayon sakini Mirzəfər Abbasov həmyerlisi Mətləb Məhərrəmovu bıçaqlayaraq öldürüb.

Bakıda fərdi əməklə məşğul olan Mirzəfər Abbasov bacısı Günelin həmkəndlisi Teymur Mehdiyev tərəfindən qaçırılmasını eşidərək yaşadığı Bərdə rayonunun Uğurbəyli kəndinə yollanıb. O, bacısını tapmaq məqsədilə əvvəlcə Teymur Mehdiyevin əmisi Yaşar Mehdiyevin evinə gedib. Lakin orada bacısını tapmayıb. Bir qədər sonra evə gələn Yaşar Mehdiyevdən bacısının harada olduğunu soruşub. Sonuncudan heç bir cavab almadıqda isə Mirzəfər onu döyüb. Daha sonra Mirzəfər Abbasov kəndin kənarından keçən dəmiryolu istiqamətindən səs-küy eşidərək oraya yollanıb. Yolda əmisi nəvəsi Emin Abbasovun və Abbasovlar nəslinin digər üzvlərinin ünvanına Mətləb Məhərrəmovun nalayiq söyüşlər söydüyünü eşidib. Mirzəfər həm bunu, həm də bacısı Günelin Mətləb Məhərrəmovun qohumu tərəfindən qaçırılmasını özünə və qohumlarına qarşı ağır təhqir kimi qəbul edib.

Mirzəfər sərxoş vəziyyətdə olan Mətləbə yaxınlaşıb. Mətləb onu yenə də söyüb təhqir edib. Mirzəfər qisas almaq məqsədilə Mətləbi öldürmək qərarına gəlib. Bu məqsədlə Mirzəfər Mətləbə təkbətək söhbət etməyi təklif edib. Mətləblə birlikdə əkin sahəsinə tərəf gedən Mirzəfər üstündə gəzdirdiyi bıçaqla ona bədəninin müxtəlif nahiyələrindən üç dəfə zərbə endirib. Ağır dərəcəli bədən xəsarəti almış yaralı dünyasını dəyişib.

"Nənəmin yas mərasimində bacımı həmkəndlim qaçırıb"

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Mirzəfər Abbasov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, valideynləri və bacısı Günel, balaca qardaşı Fuadla birlikdə Bərdə rayonunun Uğurbəyli kəndində yaşayıb. Təxminən 5 yaşı olan zaman başından xəsarət alıb, bu xəsarətdən müalicə olunub sağalıb, amma əsəbiliyi keçməyib. Hərbi xidmətdən qayıtdıqdan sonra Sumqayıt şəhərinə - əmisi Hurəddinin yanına gedib, onunla birlikdə bazarda işləyib: "Bazarda olduğum zaman kənddən əmimgilə zəng olundu. Bizə bildirdilər ki, evimizdə nənəmin yas mərasimi keçirildiyi halda bacım Güneli həmkəndlimiz Teymur qaçırıb. Bundan başqa bacım uzaq qohumumuza nişanlı idi. Həm mən, həm də əmim, Teymurun bu hərəkətini ailəmizə ləkə kimi qəbul etdik. Ona görə də Güneli evimizə qaytarmaq üçün rayona yollandıq. Yolda əmim dedi ki, Teymurun əmisi Yaşarla telefonla danışıb, o da təsdiq edib ki, qızı qaçırıblar və Günel hal-hazırda onlardadır. Bərdə Rayon Polis Şöbəsinin qarşısına gələrək orada atamı və digər qohumlarımı gördüm. Bundan sonra kəndə evimizə gəldim. Bacımın hərəkətinə görə anamın ağladığını görüb ona əsəbiləşdim və Teymurun atası Vəlinin evinə getdim. Qohumum Sadiq də mənim arxamca gəldi. Onların məhəlləsində Vəlinin qardaşı Musa ilə rastlaşdım, ondan bacımın yerini soruşdum, qapıdan boylanıb evlərinə baxdım, amma bacımı görmədim. Musa dedi ki, nə Günel, nə də Teymur onun evinə gəlməyiblər və onların harada olduqlarını bilmir. Bu zaman Teymurun babası Əligilin evləri tərəfdən səs-küy, şüşələrin sındırılma səslərini eşitdim, həmin istiqamətə qaçdım. Əligilin həyətində öz qohumlarımı gördüm. Teymurun əmisi Yaşarı çağırdım. Yaşar cavab vermədi. Əsəbi halda evə keçdim, şkafı, stolu aşırtdım. Yaşar gəldi, keçdi qarşıma və onu bir neçə dəfə yumruqla vurdum".

"Eşitdim ki, Mətləb məni söyüb"

Təqsirləndirilən şəxs ifadəsində daha sonra bunları qeyd edib: "Həyətə çıxanda qohumlarım Eminlə Nurəddini gördüm, onlarla birlikdə maşına minib evə getdim. Bir az yatıb dincəldim, sonra durub bıçaq almaq üçün bazara yollandım. Bıçağı özümü müdafiə etmək üçün almaq istəyirdim. Ehtiyat edirdim ki, səhər baş vermiş hadisələrdən sonra Yaşar mənə ziyan vura bilər. Bıçaq aldıqdan sonra Bərdə rayonunun Qaradağlı kəndinə getdim. Həmin kənddə Teymurun xalasının yaşadığını eşitmişdim. Düşünürdüm ki, bəlkə bacımı orada tapacağam. Lakin Teymurun xalasının evini tapa bilmədiyim üçün kəndimizə qayıtdım.

Evdə idim, Mehmanın mağazasının yanında yaman səs-küy gəldi. Mağaza ilə dəmir yolu xətti arasında bir neçə nəfərin, o cümlədən Yaşarın qaynı Mətləbin ucadan kimisə söydüyünü eşitdim. Bir az da irəli getdim qohumum Emini gördüm. Emin çox həyəcanlı idi. Ondan nə baş verdiyini soruşdum. Lakin Emin əvvəlcə cavab vermək istəmədi. Təkidlə bir daha soruşduqda dedi ki, Mətləb bacısının evinə gedib otaqlara girən, yeznələri Yaşarı döyən şəxsləri pis-pis söyərək onu döyüb. Hesab etdim ki, Mətləbin söyüşləri mənə ünvanlanıb. Çünki həmin günü səhər Mətləbin bacısının evinə girənlərdən biri də mən olmuşdum".

"Mətləbə dedim ki, uşaqlardan aralan, təklikdə söhbət edək"

Təqsirləndirilən şəxs: "Getdim Mətləbin yanına. "Gör kimi mənim üstümə göndəriblər" - dedi və məni nalayiq söyüşlərlə söydü. Ona dedim ki, uşaqlardan aralan, təklikdə söhbət edək. Sonra dönüb sahəyə doğru getdim. Mətləb iti addımlarla arxamca gəldi. Mənə çatıb əlini kürəyimə vurdu və "indi sənə göstərərəm" - dedi. Daha özümü saxlaya bilmədim, gödəkcəmin cibində olan bıçağı çıxarıb açaraq geri dönüb bıçaqla Mətləbin sinəsinə zərbə endirdim. Mətləb iki addım arxaya gedib kürəyi üstə yerə yıxıldı. Onun üstünə oturub daha iki dəfə bıçaqla sinə və boyun nahiyələrindən vurdum. Hadisə yerinə yaxınlaşan uşaqlar və qohumum Emin məni qaldırıb Mətləbdən araladılar və bıçağı əlimdən aldılar. Bundan sonra Bərdə Rayon Polis Şöbəsinə gedərək könüllü təslim oldum. Etdiyim əməldən peşmanam. Məni kimsə öyrətməyib ki, Yaşarı döyüm, sonra isə Mətləbi bıçaqla vurum. Öz günahımı qəbul edirəm və əməllərimə görə cavab verməyə razıyam".

"Mətləb Eminə irad tutub ki, nə üçün səhər-səhər bacısının yataq otağına girib"

Mətləbin anası Məleykə Məhərrəmova deyib: "Oğlumun öldürülməsində əsas günahı Emində görürəm. Emin Mətləbin sinif yoldaşı idi, dəfələrlə evimizə qonaq gəlib. Eminin Mətləblə hadisə günü davası var idi, Mirzəfəri çağırmalı deyildi. Çünki Mirzəfər çox gəncdir və o, özü belə hərəkətlər törədə bilməz. Onu yaşca böyük qohumları Emin və Nurəddin oğlumu öldürməyə sövq ediblər. Mətləb Eminə irad tutub ki, nə üçün onunla dost olduğu halda səhər-səhər bacısının evinə - yataq otağına girib. Belə ki, mənim qızım və Mətləbin bacısı Yaşarın həyat yoldaşıdır. Mətləb Eminə irad tutub ki, sən gərək qoymayaydın ki, bacımgilə basqın olsun. Bu səbəbdən Mətləb Eminlə dalaşıb və Emin qaçıb Mirzəfəri köməyə çağırıb. Həticədə Mirzəfər Mətləbi bıçaqlayaraq öldürüb. Oğlumun körpə uşaqları atasız qalıblar".

"Qız qaçırılsa düşmənçilik olacaq"

Zərərçəkmiş şəxs qismində dindirilən Yaşar Mehdiyevin sözlərinə görə, Mirzəfəri uşaqlıq dövründən tanıyıb: "Mirzəfər həmişə hörmətcil olub, mənə həmişə "Yaşar əmi" deyib. Hesab edirəm ki, Mirzəfəri cinayətə sövq edən yaşca böyük qohumları olub. Mən heç bilmirdim ki, qardaşım Vəlinin oğlu Teymur Mirzəfərin bacısını istəyir. Hadisədən bir gün qabaq Teymur bizə gəldi, Günelin doğum haqqında şəhadətnaməsini göstərib dedi ki, Günel onu sevir və o, qızı qaçırtmaq istəyir. Mən başa saldım ki, Günelin nənəsinin yasıdır. Həmçinin həmkəndli və qonşu olduğumuz üçün el adəti əsasında elçi göndərməklə, razılıq əldə etməklə ailə qurmaq lazımdır. Qızı qaçırarsa düşmənçilik olacaq. Lakin Teymur sözümə qulaq asmadı, istədiyini etdi. Teymur qızı qaçırdıqdan sonra mənim evimə gətirməyib. Evimə polislər və Günelin valideynləri gələrək qıza zəng etdilər, onun Teymurla olduğu evə getdilər və məlum oldu ki, qız öz xoşu ilə Teymura qoşulub qaçıb. Hadisə baş verən gün qardaşım Vəli polisdə olduğu üçün mən Vəligildə qalmışdım, öz evimizdə isə atam Əli balaca uşaqlarla qalmışdı. Evimizdən səs-küy, dağıntı səsləri gəldiyini eşitdim. Evə gedəndə gördüm ki, eyvanın bütün şüşələri qırılıb yerə tökülüb. Mirzəfər, Nurəddin, Sadıq, Emin və Eldənizi gördüm, onlardan nə istədiklərini soruşduqda gözümə alışqanla işıq saldılar və Mirzəfər yumruqla mənim başımdan, sifətimdən vurmağa başladı. Özümü müdafiə etmək üçün Mirzəfəri bir-iki dəfə itələdim, çıxıb getmələrini tələb etdim. Lakin Mirzəfər məni döyməkdə davam etdi. Nurəddin də ağacla başımdan, burnumun üstündən bir neçə dəfə vurdu. Onlar çıxıb gedəndən sonra gördüm ki, evin aynabəndinin bütün şüşələri qırılıb, servantdakı qablar yerə tökülərək sındırılıb, stullar yerdədir, içəri otaqda şkaf yerə aşırılıb, həyətdə saxladığım "VAZ-21013" markalı avtomaşının qabaq və arxa şüşələri sındırılıb".

"Bilsəydim ki, Mirzəfər ağır hadisə törədəcək, onu özümlə aparardım"

Şahid qismində dindirilən Nurəddin Abbasov ifadəsində deyib: "Günel qaçırılan gün Sumqayıt şəhərində evdə idim. Xəbər gəldi ki, Güneli həmkəndlimiz Vəlinin oğlu Teymur qaçırdıb. Qardaşım oğlu Mirzəfərlə zəngləşib "20 Yanvar" metrostansiyasının yanında görüşərək rayona getdik. Hər ikimizə də Günelin qaçırılması çox pis təsir etmişdi. Əvvəla, anam təzə rəhmətə getmişdi, ikinci isə Günel başqa oğlana nişanlı idi. Rayona getməkdə məqsədimiz Güneli evlərinə qaytarmaq idi. Bərdəyə çatdıqda polis şöbəsinə getdik, çünki bütün qohumlarımız orada idi. Qohumlardan kimsə dedi ki, Günelin qaçırılmasında Yaşar iştirak edib, öz maşını ilə qızı qaçırdıb. Əsəbiləşib Yaşargilə getdim, arxamca qohumlarımdan kimlərsə gəldi. Yaşargilin həyətinə gəlib Yaşarı səslədim, lakin Yaşar evdən çıxmadı. Evin şüşələrini, maşının şüşələrini sındırmışam, lakin Əli kişini döyməmişəm. Bundan sonra Əli kişinin həyətini tərk edib öz maşınımla Sumqayıta getdim. Mirzəfər isə nənəsinin yası ilə əlaqədar kənddə qaldı. Bilsəydim ki, Mirzəfər ağır hadisə törədəcək, onu özümlə aparardım".

Məhkəmənin hökmü ilə Mirzəfər Abbasov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum edilib.

İnarə Rafiqqızı