Zirədə ər arvadının başını kəsdi

Zirədə ər arvadının başını kəsdi

24 May 2011 17:09
Bəyəndim (1) Bəyənmədim (0)
Xəyanət şübhələrinə son qoyuldu

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhəri Zirə qəsəbə sakini Əliyev Əbdüləli Ramazan oğlunun məhkəmə istintaqı yekunlaşıb. Təqsirləndirilən şəxs həyat yoldaşını qətlə yetirməkdə ittiham olunub.

Müttəhimin ifadəsindən:

Məhkəmə yolu ilə müəyyən edilib ki, Əbdüləli Əliyev 16 may 2009-cu ildə gecə saat 05:00 radələrində yaşadığı Bakı şəhəri Zirə qəsəbəsi Nadir Hüseynov küçəsi döngə 9 ev 11-də arvadı Gülnərgiz Əliyevanın əxlaqsızlıq etməsindən şübhələnərək, ondan qisas almaq qərarına gəlib. Arvadının yuxuya getdiyini görən Əbdüləli onu öldürmək məqsədi ilə özündəki cib bıçağı ilə qadının boğazını kəsib. Gülnərgiz Əliyeva kəskin qanitirmədən hadisə yerindəcə dünyasını dəyişib.

Təqsirləndirilən şəxs qismində dindirilən Əbdüləli Əliyev ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, əvvəllər arvadı ilə münasibətləri yaxşı olub, aralarında heç bir narazılıq olmayıb. Lakin 2007-ci ilin yay aylarından başlayaraq Gülnərgizin tez-tez toya getmək adı ilə evdən çıxması, saat 23-24 radələrində, bəzən isə gecə saat 03 radələrində tək qayıtması, ona verdiyi suallara dürüst və əsaslandırıcı cavab verə bilməməyi bir ailə başçısı kimi onu narahat etməyə başlayıb: "Arvadımın mənə xəyanət etməsindən şübhələnirdim. O, gah anasıgilə, gah da bacısıgilə getdiyini deyirdi. Amma mən yenə də ona inanmırdım. Hətta elə hallar olurdu ki, Gülnərgiz gecələr evə gəlmirdi. Həmin vaxt oğlum Şahin onunla olurdu, ondan harada olduqlarını soruşanda Şahin deyirdi ki, anam icazə vermir sənə deyim.

"Əgər mənə xəyanət etdiyini dəqiq bilsəm, səni öldürəcəyəm"

Arvadımın hərəkətlərindən və mənə xəyanət etməsindən hiddətlənməyə başlamışdım. Onun evdən getməsi, gecələr gəlməsi, Zirədə yaşayan Rövşənlə (Adıçəkilən şəxs deyilənləri təkzib edib və Gülnərgizlə heç bir əlaqəsi olmadığını bildirib - red.), ondan əvvəl Zirədə yaşayan Rasimlə və Mərdəkanda yaşayan bir şəxslə gizli görüşməsindən əsəbiləşmişdim. Ona görə də arvadımı öldürmək qərarına gəldim. Gülnərgizə də bu barədə əvvəllər demişdim ki, əgər mənə xəyanət etməyini dəqiq bilsəm, səni öldürəcəyəm. 5 ay idi ki, elektrik enerjisinə borcum olduğu üçün işığı kəsmişdilər. Evdə şam və kerosin lampasından istifadə edirdik. Qoşa çarpayının birində Gülnərgiz, digərində isə oğlum Şahin yatırdı. Təxminən 8-9 aydır ki, Gülnərgizlə mən ayrı yatırdıq, yəni mən otaqda olan ayrıca çarpayıda yatırdım.

"Çarpayıda yatan arvadıma yaxınlaşıb bıçağı onun boğaz nahiyəsinə endirdim"

15 may 2009-cu ildə saat 23 radələrində oğlum və arvadım yatmaq üçün çarpayıya uzandılar. Yatmamışdan əvvəl qızım Sahilə göndərdiyi yeməyi yeyəndə Gülnərgiz Şahinlə məni acıladı, dedi ki, niyə həmin yeməyi yeyirsiniz? Ona cavab verdim ki, sən bişirməmisən ki, qızım göndərib. Gülnərgiz isə, "bir daha sənə yemək bişirməyəcəyəm", - dedi. Bundan sonra yatmaq üçün hamımız çarpayıya uzandıq. Mən əynimdəki gödəkcəni çıxarıb stulun üstünə qoydum. Arvadımın mənə qarşı nəyə görə belə hərəkətlər etməsini fikirləşdim. Gecə saat 2-3 radələrində Gülnərgiz yerindən durub deyinə-deyinə çölə çıxdı və 5-6 dəqiqədən sonra qayıdıb yerinə uzandı. Yatağa uzanandan təxminən 1 saat keçmiş onu öldürmək qərarına gəldim. Evdə gizlətdiyim bıçağı götürüb çarpayıda yatan arvadıma yaxınlaşdım. Sağ əlimdə tiyəsi aşağı vəziyyətdə olan bıçağı yuxarıdan aşağı Gülnərgizin boğaz nahiyəsinə endirdim. İkinci hərəkətlə dərinə batırdım. Sonra boynunu kəsərək bıçağı dartıb çıxartdım. Gülnərgiz ayılmadı və tərpənmədi, onun yanında yatan oğlum da ayılmadı.

"Arvadımı qısqandığım üçün öldürmüşəm"

Gülnərgizin çarpayısından aralananda hiss etdim ki, sol əli mənə dəydi və sallandı. Əmin oldum ki, Gülnərgiz öldü, qapını açıb evin həyətində olan ayaq yolunun yanında yığılmış daşların arxasına bıçağı atdım. Bundan sonra gödəkcəmi geyinib evdən çıxdım. Keşlə qəsəbəsində yaşayan qardaşım Namiqgilə getdim, ona dedim ki, get Şahini götür. Bu zaman mobil telefonuma zəng gəldi, polis əməkdaşları məndən harada olduğumu soruşdular. Onlara harada olduğumu dedim və polislər gəlib məni apardılar. Gülnərgizi tək öldürmüşəm, cinayətdə heç kəs mənə köməklik etməyib və bu cinayəti törətdiyim barədə heç kəsə məlumat verməmişəm, arvadımı qısqandığım üçün öldürmüşəm. Törətdiyim əmələ görə peşman deyiləm".

"Atamla anam bir-birləri ilə dolanmırdılar"

Zərərçəkmiş şəxs qismində dindirilən Taleh Əliyev (məhrumun oğlu) ifadəsində son zamanlar valideynləri arasında münasibətlərin pozulduğunu göstərib: "Atamla anam bir evdə yaşasalar da, bir-birləri ilə dolanmırdılar. Atam evə baxmırdı, daş karxanasında işləsə də, qazandığı pulları evə gətirmirdi. Anam buna görə hiddətlənir və atamla bunun üstündə mübahisələri olurdu. Atam evə bazarlıq etmirdi, anam dükandan borca ərzaq alırdı və atamın adından yazdırırdı. Buna görə o, anamla dalaşırdı, onun adından yazdırıb ərzaq götürməməyini tələb edirdi. Atam evin işıq pulunu ödəmədiyinə görə, evimizin işığını kəsmişdilər.

"Atam elə bilirdi ki, anam ona xəyanət edir"

Atam anamı qısqanırdı və fikirləşirdi ki, anam ona xəyanət edir. Anamın başqa kişilərlə gəzdiyini deyə bilmərəm. Ola bilsin ki, kimlərsə anama köməklik edirdilər, ancaq anam pozğunluq etmirdi. Atamla anamın arasında hər gün dava olurdu, atam anamı başqa kişilərlə görüşməkdə ittiham edirdi. Bir gün atam məni çağırıb dedi ki, kəndə gəl. Mən gələndə atam dedi ki, guya gecə həyətdə başqa kişi tutub, həmin şəxs kənddə yaşayan Rövşən olub. Atama dedim ki, birdən başqa hərəkət edərsən, əgər sən arvadını başqa kişi ilə tutarsansa, onda nə istəsən, deyə bilərsən, yox əgər görməmisənsə, bu barədə danışma.

"Anam haqqında deyilənlərə inanmıram"

Kənddə anamın gəzməsi barədə danışsalar da, heç kəslə anamı görməmişəm və buna görə də deyilənlərə inanmıram. Atam son zamanlar evdə bıçaq saxlayırdı. Evdə olan baltanı da yatdığı çarpayının altında saxlayırdı. Anam buna görə həmişə qorxurdu. 16 may 2009-cu ildə səhər saat 08 radələrində bacım Təranə zəng vurub dedi ki, tez gəl evə. Soruşduqda ki nə olub, dedi, atam anamı öldürüb."

"Atam anamı öldürəcəyi barədə bir neçə dəfə ona xəbərdarlıq etmişdi"

Şahid qismində dindirilən azyaşlı Şahin Əliyevin ifadəsindən:

- Valideynlərim arasında münasibət çox pis idi. Atam anamın başqa kişilərlə gəzdiyini deyirdi və bunun üstündə onların arasında mübahisələr olurdu. Atam işləməyi və evə baxmağı xoşlamırdı. Buna görə anam mağazadan borca ərzaq götürürdü, anam mənim yanımda heç vaxt başqa kişilərlə danışmırdı. Atam özündən uydururdu ki, guya arvadı ona xəyanət edir və evə başqa kişilər gətirir. Lakin anam heç vaxt belə hərəkətlər etmirdi. Atam dəfələrlə anama onu öldürəcəyini, qisas alacağını deyirdi. Buna görə də anam həmişə ehtiyatla davranırdı və qorxu içərisində olurdu. 16 may 2009-cu ildə səhər yuxudan ayılanda anamı çağırdım. Anam səs verməyəndə qalxıb ona baxdım və gördüm ki, anamın boğazı kəsilib. Qonşuya gedib əmimə və təcili yardıma zəng etməyi xahiş etdim. Anamı atam öldürüb. Çünki atam əvvəllər üstündə bıçaq gəzdirirdi və anamı öldürəcəyi barədə bir neçə dəfə xəbərdar etmişdi. Mən atamın anamı öldürdüyünü görməmişəm, çünki yuxuda olmuşam.

"Əbdüləli bacıma şər atır"

Şahid qismində dindirilən Teyyub Əliyev ifadəsində göstərib ki, kiçik bacısı Gülnərgiz uzaq qohumları Əbdüləli ilə ailə həyatı qurub və birgə nikahdan onların dörd övladları olub: "Bacımın qızlarının ikisi ərdədirlər və ayrıca yaşayırlar, böyük oğlu Taleh də evlidir, kənddən kənarda yaşayır, kiçik oğlu Şahin isə azyaşlı olmaqla əlaqədar valideynləri ilə bir yerdə yaşayır. Əbdüləli ilə Gülnərgiz arasında münasibətlər son zamanlar pozulmuşdu. Bunun səbəbi mənə məlum deyildi. Əbdüləlinin bacımı öldürməsinin səbəbi də mənə məlum deyil. Əbdüləli bacımı yatdığı yerdə vurub. Onun bacım barəsində dediklərinin hamısı yalandır. Bacım heç vaxt ərinə xəyanət etməyib, Əbdüləli ona şər atır."

"Qayınanam qayınatama xəyanət edirdi"

Şahid qismində dindirilən Əziz Əzizov ifadəsində qayınanasının qayınatasına xəyanət etdiyini göstərib: "Qayınanam gəzirdi, Əbdüləliyə xəyanət edirdi. Gülnərgiz Rövşən, Rasim adlı şəxslərlə görüşürdü, gəzirdi. Bundan başqa, bir dəfə Əbdüləli məktəbin həyətindən zəng vurdu və dedi ki, evə gəlməyəcəyəm, arvadını evdə başqa kişi ilə tutmuşdu, oturub izləyirdi. Həmin kişinin adını Əbdüləli bilir. Qayınanam çox adamlarla olurdu, onların adını bilmirəm. Gülnərgiz özü deyirdi ki, mən məcbur olub gəzirəm, çünki ərim mənə baxmır, evə pul gətirmir. Gülnərgiz bir neçə dəfə evdən qaçmışdı, bacısıgildə qalırdı. Bir dəfə bacısıgildən zəng vurub mənim arvadımla danışanda digər tərəfdən telefonun dəstəyini götürdüm. Qulaq asanda eşitdim ki, Gülnərgiz qızına deyir ki, atan bıçaqla dalımca gəzir, məni tutsa, öldürəcək. Bu, hardasa 2009-cu ilin mart ayında olmuşdu. Hətta Təranə evin qapısını bağlayırdı ki, birdən atası gəlib onu da öldürər. 16 may 2009-cu ildə səhər tezdən yaşadığım evə polis əməkdaşları gəldilər və dedilər ki, Əbdüləli Gülnərgizi evdə yatdığı yerdə öldürüb. Əbdüləlinin Gülnərgizi öldürməsinə səbəb onu qısqanması və həmin günü Gülnərgizi başqa kişi ilə tutması olub."

Məhkəmənin hökmü ilə Əbdüləli Əliyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 il müddətinə azadlıqdan məhrum edilib.

Deyirlər, namus ləkəsi qanla təmizlənər. Ancaq unutmaq olmaz ki, qan eyni zamanda azadlığı ləkələyir...

İnarə Rafiqqızı

O.M.