Masallı sakini arvadının əmisini öldürdü

Masallı sakini arvadının əmisini öldürdü

24 May 2011 10:46
Bəyəndim (0) Bəyənmədim (0)

"Xanbala yaxamdan yapışıb məni boğduğuna görə onu əlimlə itələdim. O da sərxoş olduğundan yerə yıxıldı. Həmin vaxt Xanbalanın xəsarət aldığını nə mən, nə də ailə üzvlərimdən heç kim bilmədi. Ona görə də onu həkimə aparmamışıq. Sonradan bizə məlum olub ki, Xanbala yıxıldığı zaman başı ağac kötüyünə dəyib və xəsarət alıb."

(Müttəhimin ifadəsindən)

Bakı Ağır Cinayətlər Məhkəməsində Masallı rayon sakini 1980-ci il təvəllüdlü Elmar Baxşəliyevin məhkəmə istintaqı başa çatıb. Təqsirləndirilən şəxsin yaxın qohumu Xanbala Ağayevin qəsdən sağlamlığına vurduğu ağır zərər ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olub.

Hadisə 13 avqust 2007-ci ildə gecə saat 03:00 radələrində baş verib. Elmar Baxşəliyev qardaşı Baxşəliyə olan pul borcuna görə Xanbala Ağayevlə kənd yolunda mübahisə edib. Təxminən saat 03 radələrində Xanbala Ağayev Elmar Baxşəliyevin yaşadığı evin həyətinə gəlib. Onun ünvanına söyüş söyərək yaxasından tutub. Elmar Baxşəliyev isə Xanbala Ağayevi əlləri ilə vuraraq arxası üstə yerə yıxıb. Həmin vaxt Xanbala Ağayevin başının arxa hissəsi həyətdə olan ağac kötüyünə dəyib. Nəticədə o, qapalı kəllə-beyin travması alıb və hadisənin səhəri günü Masallı rayon mərkəzi xəstəxanasında dünyasını dəyişib.

"Xanbala ilə münasibətim həmişə yaxşı olub"

Təqsirləndirilən şəxs qismində dindirilən Elmar Baxşəliyev ona elan olunmuş ittihamla özünü tam təqsirli bilib. O, ifadəsində göstərib ki, mərhum Xanbala Ağayev onun arvadının doğma əmisi olub: "Xanbala ilə münasibətim həmişə yaxşı olub. 12 avqust 2007-ci ildə yaşadığımız kənddə keçirilən toy məclisindən qayıdarkən Xanbala qardaşım Baxşəlini soruşdu. Mən də dedim ki, sən qardaşıma olan borcunu nə vaxt qaytaracaqsan? Bu sözdən sonra Xanbala qardaşımın ünvanına nalayiq söyüş söyərək ona heç bir borcu olmadığını bildirdi. Bununla bağlı aramızda mübahisə düşdü. Həmin vaxt Xanbalanın qardaşı Musa yanımızda olduğundan bizi sakitləşdirdi. Qardaşıma zəng vuraraq Xanbalanın pul məsələsi ilə bağlı dediklərini ona çatdırdım və motosikletlə gedib Baxşəlini həmin yerə gətirdim. Baxşəli Xanbala ilə söhbət etdi. Mən Xanbalanın Baxşəliyə söydüyünü bildirdikdə, Xanbala mənim üstümə hücum çəkdi. Qardaşım Xanbala ilə mübahisə etdiyimə görə mənə bir şillə vurdu. Bir qədər sonra digər qardaşım Fərrux oraya gəlib məni evimizə apardı.

"Qardaşım dedi ki, sən mənim işimə qarışma"

Ailə üzvlərimlə birlikdə atamgilin evində olarkən gecə Baxşəli oraya gəlib, Xanbala ilə mübahisə etdiyimə görə yenə də məni danladı və onun söhbətinə qarışmamağımı tapşırdı. Bundan sonra Baxşəli öz evinə getdi. Gecə təxminən saat 03 radələrində Xanbala məni söyə-söyə həyətimizə gəldi, Xanbalanın səsinə atam Təyyar, anam Səkinə və qardaşım Şahlar da həyətə çıxdılar. Xanbaladan məndən nə istədiyini soruşduqda, o, üstümə hücum edərək mənə təpik atdı və əlləri ilə yaxamdan tutub boğmağa başladı.

"Səhəri gün eşitdim ki, Xanbala ayılmayıb"

Onu özümdən kənarlaşdırmaq üçün əlimlə sinəsindən arxaya itələdim. Bu vaxt Xanbala arxası üstə yerə yıxılıb huşunu itirdi. Atam və qardaşlarım - Şahlarla Fərrux Xanbalanın yıxıldığını görüb, onu yerdən durğuzub pilləkəndə oturtdular və ayıltmaq üçün üzünə su vurdular. Xanbala sərxoş olduğundan atam qardaşım Elmidara zəng vurdu, Elmidarla Şahlar Xanbalanı evinə aparıb arvadına təhvil verdilər. Səhəri günü eşitdim ki, Xanbala ayılmayıb, onu xəstəxanaya aparıblar və o, xəstəxanada ölüb.

"Onu öldürmək məqsədimiz olmayıb"

Nə mən, nə də ailə üzvlərimdən heç kim Xanbalanı vurmayıb, onu öldürmək məqsədimiz olmayıb, qardaşım Baxşəli ümumiyyətlə hadisə zamanı orada olmayıb. Qeyd etdiyim kimi, Xanbala yaxamdan yapışıb məni boğduğuna görə onu özümdən kənarlaşdırmaq üçün əlimlə itələmişəm. Xanbala da sərxoş olduğundan yerə yıxılıb. Həmin vaxt Xanbalanın xəsarət aldığını nə mən, nə də ailə üzvlərimdən heç kim bilməyib. Ona görə də onu həkimə aparmamışıq. Sonradan bizə məlum olub ki, Xanbala yıxıldığı zaman başı ağac kötüyünə dəyib və xəsarət alıb".

"Xanbala Baxşəliyə deyib ki, mənim sənə borcum-zadım yoxdur"

Zərərçəkmiş şəxs qismində dindirilən (mərhumun qardaşı) Sərəncam Ağayevin ifadəsindən:

- 13 avqust 2007-ci ildə gecə təxminən saat 01 radələrində qızım Günəşin qaynı Baxşəli küçədə söyə-söyə, "Musa, "Musa", - deyə qışqırırdı. Həmin vaxt qardaşım Xanbala da küçədə idi. Baxşəli Xanbalanı ona olan pul borcunu verməsə, öldürəcəyi ilə hədələyirdi. Xanbala isə deyirdi ki, mənim sənə borcum-zadım yoxdur. Bacım Gülarənin deməsinə görə, Baxşəli ora gəlməmişdən bir az əvvəl də, kürəkənim Elmar Xanbala ilə mübahisə edib, bacım Gülarə onları aralayıb. Sonra qardaşım Musa Baxşəlini maşına mindirib evlərinə yola salıb.

Gecə təxminən saat 02 radələrində Xanbala bizdən çıxıb öz evlərinə getdi. Bundan sonra nə baş verdiyindən xəbərim olmayıb. Hadisəni görməmişəm. Lakin qızım Günəş hadisədən sonra mənə danışdı ki, gecə təxminən saat 03 radələrində evlərində yatdığı zaman həyətdən səs-küy gəldiyini eşidib. Həyətə çıxmaq istəyəndə, qaynanası Səkinə ona evə girməsini deyərək çölə çıxmağa qoymayıb. O da pəncərənin pərdəsindən baxanda görüb ki, qaynı Baxşəli Xanbalanın yaxasından tutaraq əli ilə onun üz nahiyəsindən vurur. Xanbala, Fərrux və Baxşəli yerə yıxılıblar. Sonra hamısı ayağa qalxsa da, əmisi Xanbala qalxmayıb.

"Bir yumruqla adam ölməz"

Qızım həyətə çıxaraq onlardan əmisini ya həkimə, ya da evlərinə aparmalarını xahiş edib. Bundan sonra qaynı Elmidar da oraya gəlib və Şahlarla birlikdə Xanbalanı motosikletə qoyaraq evinə aparıblar. 13 avqust 2007-ci ildə gündüz təxminən saat 12 radələrində oğlum Siyavuş mənə zəng edərək Xanbalanın Təyyargilin evinin həyətində döyüldüyünü, Masallıya xəstəxanaya aparılmasını bildirdi. Mən Təyyarın evinə gedib Xanbalanın onun uşaqları tərəfindən döyülməsini ona bildirdim, Təyyar isə, "Bir yumruqla adam ölməz",- deyə cavab verdi. Bundan sonra xəstəxanaya yollandım. Xəstəxanada qardaşımın huşsuz vəziyyətdə olduğunu gördüm, Xanbala ümumiyyətlə danışa bilmirdi, həkimlər yardım etsələr də o ayılmadı, xəstəxanada vəfat etdi.

"Qardaşımın ölümündə tək kürəkənim deyil, onun ailə üzvləri də günahkardır"

Təyyarın oğlanlarının eyni vaxtda hadisə yerində olmaları və Xanbalanı hadisədən sonra gecə həkimə aparmamaqları məndə şübhə yaradır ki, qardaşımın öldürülməsi əvvəlcədən təşkil olunub və onun ölümündə tək qızımın əri Elmar deyil, onun atası Təyyar və bütün ailə üzvləri, o cümlədən Elmarın qardaşı Baxşəli də günahkardır. Ona görə də onlardan şikayətçiyəm.

"Təqsirləndirilən həyat yoldaşım, mərhum isə əmimdir"

Şahid qismində məhkəmədə ifadə verən Günəş Baxşəliyeva ifadəsində göstərib ki, hadisə baş verən gecə həyətlərindən gələn səs-küyə yuxudan oyanıb: "Gecəyarısı əmim Xanbalanın səsini eşidib həyətə çıxdım. Gördüm ki, qaynanam Elmarı tutub saxlayıb, qaynım Baxşəli ilə əmim Xanbala isə tutuşublar. Qayınanam Elmarı buraxıb, Xanbalanı tutdu və ona, "ay bala, qurbanın olum, dalaşmayın", - dedi. Qaynım Şahlar Baxşəlinin qolundan tutub kənara çəkdi, Baxşəli isə əli ilə əmimin üzündən vurub yerə yıxdı. Elmar da qardaşlarının üstünə cumdu, yerə yıxıldılar. Hamısı ayağa qalxsalar da, əmim qalxmadı. Əmim yerdə uzanıqlı vəziyyətdə idi və səsi çıxmırdı. Qayınlarım əmimi hamamın divarına söykəyərək oturtdular, üzünə və əllərinə su vurdular. Bir qədər sonra əmim ayıldı, əllərini tərpətdi, lakin danışmadı. Baxşəli qardaşı Elmidara zəng edib, Xanbalanın sərxoş olmasını, gəlib köməkləşib onu evlərinə aparmalarını dedi. Qayınlarım əmimi öz evinə apardılar və tez də geri qayıtdılar.

"Bu hadisəni qaynım Baxşəli törədib"

Səhəri gün atam Sərəncam əmimin xəstəxanaya aparıldığını dedi. Sonra isə eşitdik ki, əmim Xanbala xəstəxanada vəfat edib. Əmimi Elmar deyil, qaynım Baxşəli itələyib yıxıb. Bu hadisəni Baxşəli törədib. Həm ibtidai araşdırma zamanı, həm də məhkəmədə Elmarla üzləşərkən ona hadisəni düzgün danışmasını təklif etdim. Lakin ərim həm izahat və ifadələrində, həm də məhkəmədə verdiyi ifadəsində əmim Xanbalanı qardaşı Baxşəli deyil o, itələyib yıxdığını təkidlə bildirdi. Qardaşının günahını ərimin öz üzərinə götürməsinin səbəbini anlamıram".

"Elmara dedim ki, sən bu işə qarışma, bu məsələni Xanbala ilə özüm həll edəcəyəm"

Şahid Baxşəli Baxşəliyev məhkəməyə verdiyi ifadəsində göstərib ki, 12 avqust 2007-ci ildə qardaşı Elmar onun mobil telefonuna zəng edib arvadının əmisi Xanbalanın ona heç bir borcu olmadığını və onu söydüyünü, gəlib həmin məsələni aydınlaşdırmasını bildirib: "Kənddə keçirilən toy evindən bir qədər aralıda yolda Xanbala ilə görüşdüm. Bu zaman Elmar Xanbalaya, "bayaqdan Baxşəlini söyürdün, ona heç bir borcun olmadığını deyirdin, indi nə sözün var üzünə de", - deyərək onunla mübahisə etməyə başladı. Elmara dedim ki, sən bu işə qarışma, bu məsələni Xanbala ilə özüm həll edəcəyəm. Həmin vaxt Xanbalanın böyük qardaşı Sərəncam, kiçik qardaşı Musa və bacıları Gülarə də yanımızda idi. Onlar Xanbalanı öz evinə, qardaşım Fərrux isə Elmarı atamgilə apardı. Sonra Xanbalanın qardaşı Musa məni evimizə tərəf ötürdü. Mən evə gedib yatdım. Təxminən bir-iki saat keçmiş Fərrux yaşadığım evə gələrək Xanbalanın sərxoş vəziyyətdə atamgilin həyətinə gedib orada qardaşım Elmarı söyərək, yaxasından tutduğunu, həmin vaxt Elmar özünü müdafiə etmək üçün Xanbalanı əli ilə itələdiyini, sonuncunun yıxılaraq başının həyətdəki ağacın kötüyünə dəydiyini dedi. Bunu eşidən kimi qardaşım Elmidarın mobil telefonuna zəng edib bu haqda maraqlandım. Elmidar Xanbalanın sərxoş olub ayılmadığını, aparıb evində həyat yoldaşına təhvil verib qayıtdıqlarını dedi.

"Xanbalanın ölümündə heç bir günahım yoxdur"

Səhəri günü gündüz qardaşım Fərrux mənə zəng vurub Xanbalanı xəstəxanaya apardıqlarını və onun xəstəxanada öldüyünü bildirdi. Hadisə zamanı atamgilin həyətində olmamışam və hadisənin necə və hansı şəraitdə baş verdiyini görməmişəm. Xanbalanın ölümündə heç bir günahım yoxdur. Əgər hadisəni mən törətmiş olsaydım, heç vaxt öz günahımı qardaşlarımdan hər hansı birinin üstünə atmazdım və buna yol verməzdim. Qardaşımın arvadı Günəş isə mən orada olmaya-olmaya hadisəni mənim törətməyimi göstərib. Hesab edirəm ki, Günəş həm əri Elmarı müdafiə etmək üçün, həm də əvvəllər Xanbala ilə mənim aramda borc məsələsinə görə söz-söhbət olduğu üçün hadisəni mənim törətdiyimi deyib."

Məhkəmənin hökmü ilə Elmar Baxşəliyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Pul əl çirkidir. Ona görə çirkaba batmağa dəyməz...

İnarə Rafiqqızı

O.M.