Şəmkirdə azyaşlı vəhşicəsinə qətlə yetirildi

Şəmkirdə azyaşlı vəhşicəsinə qətlə yetirildi

24 May 2011 09:47
Bəyəndim (0) Bəyənmədim (0)
Səbəb mobil telefondur

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə və quldurluqda ittiham olunan Şəmkir şəhər sakini Xəyyam Əlizadənin məhkəmə istintaqı yekunlaşıb.

Məhkəmə yolu ilə müəyyən edilib ki, yetkinlik yaşına çatmayan Xəyyam Əlizadə 20 oktyabr 2007-ci ildə təxminən saat 15:00 radələrində, qonşuluqda yaşayan azyaşlı Ayaz Vəliyevin 100 manat dəyərində olan "Nokia" markalı mobil telefonunu ələ keçirmək məqsədi ilə onu aldadaraq, yaşadıqları Şəmkir şəhəri ərazisində olan "Dağdağan gölü"nün yaxınlığındakı sahəyə aparıb. Orada uşağın üstünə hücum çəkərək, telefonu onun əlindən almağa cəhd edib. Başına gələcək müsibətdən xəbərsiz olan azyaşlı isə telefonu əlindən vermək istəməyib. Ətrafda heç kimin olmadığını dəqiqləşdirən Xəyyam cibindən çıxartdığı bıçaqla azyaşlıya ardıcıl zərbələr endirməyə başlayıb. Balaca Ayaza 37 bıçaq zərbəsi vuran yeniyetmə onun öldüyünə əmin olduqdan sonra mərhumun cibindən mobil telefonunu götürərək hadisə yerindən qaçıb.

Təqsirləndirilən şəxs qismində dindirilən Xəyyam Əlizadə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilib:

- Oktyabr ayının 20-də günortaüstü məktəbdən evə gəldim. Nahar etdikdən sonra paltarlarımı dəyişib daş karxanasına getmək üçün evdən çıxdım. Həmin vaxt qonşuluqda yaşayan, məndən iki sinif aşağıda oxuyan Ayaz Vəliyevin küçəsində uşaqlarla oynadığını gördüm. Ayaz "Nokia" markalı mobil telefonunu mənə göstərərək 120 manata satmaq istədiyini dedi və telefonu satmaqda ona köməklik göstərməyimi xahiş etdi. Mən Ayaza telefonu satmaqda ona köməklik edəcəyimi bildirdim, ona mənimlə birlikdə daş karxanasına getməyi təklif etdim.

Tamah hissi

"Kraz" yolunda olan körpüyə çatanda, Ayaz Vəliyevi öldürüb ona məxsus telefonu ələ keçirmək qərarına gəldim. Bu məqsədlə də Ayazı həmin yerin yaxınlığında olan "Dağdağan gölün"dən təxminən 300-400 metr aralı olan böyürtkən kollarının yanına apardım. Həmin yerə gedərkən ətrafa diqqətlə nəzər saldım, heç kimin olmadığını görüb arxayınlaşdım. Telefonu Ayazın əlindən almaq istədikdə, o, telefonu vermədi. Ayazın bu hərəkətindən əsəbiləşərək üstümdə gəzdirdiyim cib bıçağı ilə onun kürək nahiyəsindən dalbadal zərbələr endirdim.

Tikanlıqda gizlədilən meyit

Ayazın ölmədiyini, arxası üstə yerə yıxılıb qışqırdığını görəndə onun qarın, döş və digər nahiyələrindən bıçaqla çoxsaylı zərbələr endirdim. Əsəbi və həyəcanlı olduğuma görə, Ayaza neçə bıçaq zərbəsi vurduğumu xatırlamıram. Ayazın artıq tam hərəkətsiz qalıb öldüyünü görüb onun cibindən "Nokia" markalı mobil telefonunu götürdüm. Bundan sonra meyiti gizlətmək üçün sürüyüb tikanlığa atdım. Ayazı bıçaqla vurduğum yerdə olan qan ləkələri görünməsin deyə, qan ləkələrinin üstünü torpaqladım.

"Hadisə barədə heç kimə bir söz demədim"

Hadisə nəticəsində əynimdə olan paltarlarım qana bulaşmışdı. Ayazı vurduğum yerdən təxminən 150-200 metr uzaqlaşdıqdan sonra bıçağı kolların kənarında torpağa basdırdım. Lakin bıçağın tapılacağını düşünüb oradan çıxardıb kolların arasına atdım. Sonra piyada evimizə getdim. Yolda, eləcə də evdə məni görən olmadı. Hamam otağına girib əynimdə olan paltarları dəyişdim. Şalvarım tamamilə qana bulaşdığına görə, onu həyətimizdəki ayaq yoluna atdım. Ağ köynəyimi və qırmızı gödəkcəmi isə hamama qoydum. Həmin vəziyyətdə evə gəldiyimi və paltarımı dəyişməyimi evimizdə görüb bilən olmadı. Hadisə barədə evdə heç kimə heç nə demədim.

Sinif yoldaşım Orxanla görüşmək üçün oxuduğum məktəbin yanındakı internet klubuna getdim. Lakin Orxanı orada tapmadım. Orada gəzərkən bir azdan tanışlarım Orxan və Sahili gördüm, bir qədər gəzişdikdən sonra Sabir və Telmandan 6 manat pulumu almaq üçün onlarla birlikdə daş karxanasına getdim. Sabir və Telmandan pulumu istədim, Sabir daşı satdıqdan sonra pulu verəcəyini dedi, Orxan və Sahillə birlikdə oradan geri qayıtdıq. Sonra Sahil və Orxan Rafayel adlı müəllimin evinə məşğələyə getdilər. Mən onları yolda gözlədim, saat təxminən 21:30 radələrində Orxanla Sahil məşğələdən çıxdılar, Orxan öz evlərinə tərəf, Sahillə mən isə birlikdə öz evimizə tərəf getdik.

"Ayazı öldürdüyümü boynuma almadım"

Həmin vaxt Ayazın anası Rəna mənə yaxınlaşıb oğlunu xəbər aldı. Ona Ayazı görmədiyimi dedim. O, isə qonşuluqda yaşayan Gülnarənin bizi bir yerdə gördüyünü dedi. Mən Ayazı bıçaqla vurub öldürdüyümü boynuma almadım. Bundan sonra anam Sevda Ayazın anası Rəna ilə birlikdə məni Gülnarə ilə üzləşdirmək üçün onlara apararkən, qorxumdan yolda onlardan aralanıb qaçdım. Əvvəlcə Orxangilə, sonra isə dostum Səxavətgilə gedib qonşuluqda uşaq itdiyini, məndən şübhələndiklərini dedim. Bakı şəhərinə getmək üçün onlardan pul və geyməyə paltar istədim. Orxan mənə paltar və 2 manat pul verdi, Səxavət isə pulu olmadığını bildirdi.

"Onlara dedim ki, Ayazı qız üstündə öldürmüşəm"

Səxavətin mobil telefonu ilə tanışım Nərimana zəng vurub ondan da pul istədim, lakin Nəriman da pulu olmadığını dedi. 5-10 dəqiqədən sonra Nəriman özü idarə etdiyi VAZ-2106 markalı avtomaşınla mənim yanına gəlib, anamın məni axtardığını söylədi və evə qayıtmağımı tələb etdi. Mən evə qayıtmayacağımı, Nərimanla Səxavətə qonşumuz Ayazı "Dağdağan gölü"nün kənarındakı kanalın yanında qız üstündə öldürüb tikanlığa atdığımı dedim, mobil telefona görə öldürdüyümü bildirmədim. Bu zaman anamın maşından düşüb bizə tərəf gəldiyini görüb qaçdım və bütün gecəni oradakı ağaclıqda keçirdim. Səhər tezdən Şəmkir şəhərində yaşayan nənəm Həqiqətin evinə getdim, onların darvazasının yanında dayım Xanoğlanla rastlaşdım, sonuncu məni axtardıqlarını dedi.

"Cinayəti tək törətmişəm, əməlimdən peşmanam"

Nənəmin evində olarkən Ayaza məxsus "Nokia" markalı mobil telefonu gizlətmək üçün bibimin azyaşlı oğlu Nicata verdim, sonra polislər məni tutub polis şöbəsinə apardılar. Bu cinayəti tək törətmişəm, heç kəsin heç bir formada iştirakı, hətta məlumatı belə olmayıb. Həmin cinayəti Ayazın mobil telefonunu ələ keçirmək üçün etmişəm, başqa heç bir niyyətim və məqsədim olmayıb. Tutulduğum gündən polis şöbəsində törətdiyim cinayəti olduğu kimi etiraf etmişəm. Hazırda əməlimdən peşmanam.

"İşdən evə qayıdıb, oğlumu axtarmağa başladım"

Zərərçəkmiş şəxsin hüquqi varisi Füzuli Vəliyev (mərhumun atası) ifadəsində göstərib ki, o, 13 yaşlı oğlu Ayazı 20 oktyabr 2007-ci ildə saat təxminən 11 radələrində yaşadıqları Şəmkir rayonundakı bazarda düşürüb işə gedib. Saat təxminən 18-19 radələrində arvadı Rəna onun əl telefonuna zəng edərək, oğlu Ayazın evə gəlmədiyini deyib: "Saat təxminən 20 radələrində işdən evə qayıdıb arvadım Rəna ilə oğlum Ayazı axtarmağa başladıq. Arvadımın deməsindən mənə belə məlum oldu ki, oğlum saat 12 radələrində bazardan evə qayıdıb. Qonşuluqda yaşayan Elnurdan heyvanları nə vaxt otarmağa aparacağını soruşmağa gedib və bir daha geri qayıtmayıb. Saat təxminən 14 radələrində kiçik oğlum Asif Ayazın küçənin aşağı hissəsində, Xəyyamgilin evinin yaxınlığındakı yolda uşaqlarla oynadığını deyib. Saat 15 radələrində arvadım Ayazı çağırmaq üçün küçəyə çıxsa da, onu tapmayıb. Elnurgilin evinə gedərək, Ayazı soruşub, onlar da Ayazı görmədiklərini deyiblər.

"Oğlumun telefonuna zəng çatmırdı"

Saat təxminən 18-19 radələrində oğlumun mobil telefonuna zəng etdim, lakin Ayazın nömrəsinə zəng çatmadı. Qonşumuz Vasif günorta vaxtı Xəyyamın Ayazla telefon alqı-satqısı barədə söhbət etdiklərini, sonra birlikdə "Kraz" yolu istiqamətində getdiklərini dedi. Digər qonşumuz Azadın oğlu da bunu təsdiq etdi. Qonşumuzun qızı Gülnarə də Ayazı Xəyyamla birlikdə məktəbin qabağında gördüyünü dedi. Bundan sonra arvadım Rəna Xəyyamgilin həyətinə gedib Xəyyamın anası Sevdadan oğlunun harada olduğunu soruşdu. Ona Ayazı Xəyyamın apardığını, qonşu uşaqların gördüyünü dedi və Sevda ilə birlikdə bunu dəqiqləşdirmək üçün Vasifgilə getdi. Vasif onları gördüyünü bir daha təsdiq etdi.

"Xəyyam onlara meyiti "Dağdağan gölü" yaxınlığındakı kolluğa atdığını deyib"

Saat təxminən 22:30 radələrində küçədə olarkən Xəyyamı tanımadığım bir oğlanla öz evlərinə getdiyini gördüm. Rəna Xəyyama yaxınlaşıb Ayazın harada olduğunu soruşdu, Xəyyam isə Ayazı görmədiyini dedi. Həmin vaxt Xəyyamın yanında olan tanımadığım oğlan qaçdı. Xəyyama 3 nəfərin Ayazla onu bir yerdə gördüklərini dedikdə, o, onu həmin adamlarla üzləşdirməsini bildirdi. Arvadım Xəyyamın anası Sevda ilə onu üzləşdirmək üçün gedərkən, Xəyyam yolda onlardan aralanıb qaçdı. Həmin vaxt qonşumuz Aybəniz dedi ki, Xəyyam təxminən 10 dəqiqə əvvəl oğlum Nərimana zəng edib 5 mərtəbənin yanında olduğunu deyib. Rəna, Xəyyamın anası Sevda və qonşumuz Aybəniz Nərimanın idarə etdiyi avtomaşınla 5 mərtəbə tərəfə getdilər. Orada məlum oldu ki, Xəyyam Nərimana və anası Sevdaya Ayazı öldürdüyünü və meyitini "Dağdağan gölünün" yaxınlığındakı kolluğa atdığını deyib.

"Oğlumun meyitini kolların arasından tapdıq"

Bundan sonra polis şöbəsinə gedib hadisə barədə məlumat verdim və polis əməkdaşları ilə birlikdə göstərilən yerə gedib Ayazın meyitini axtardıq. Saat təxminən 03 radələrində, oğlumun vəhşicəsinə öldürülmüş meyitini kolların arasında tapdıq. Hadisədən əvvəl oğlumun Xəyyamla və digər şəxslərlə narazılığı olmasını eşitməmişəm, Ayaz evdən gedərkən onun cibində pul və sair qiymətli əşyalar olmayıb, yalnız üstündə 140 manata aldığımız işlənmiş "Nokia 6230-İ" markalı mobil telefon olub.

"Oğlumun qatilinə ən ağır cəza verilməsini xahiş edirəm"

Oğlumun meyiti tapılarkən həmin telefon üstündə yox idi. Sonra Xəyyam etiraf edərək oğlumun mobil telefonunu ələ keçirmək üçün onu aldadıb həmin yerə apararaq öldürdüyünü bildirdi. Həmin yeri və oğlumu necə öldürdüyünü göstərdi və istintaq zamanı da bütün bunları təsdiq etdi. Mən təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan ən ağır cəza təyin edilməsini xahiş edirəm".

Məhkəmənin hökmü ilə Xəyyam Əlizadə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xəyyamın telefonuna ən az 10 il zəng çatmayacaq...

İnarə Rafiqqızı

O.M.