Sərnişini zorlamaq istəyən sürücüyə hökm oxundu

Sərnişini zorlamaq istəyən sürücüyə hökm oxundu

23 May 2011 11:00
Bəyəndim (0) Bəyənmədim (0)
Hadisə Bakı şəhərində baş verib

Yəqin ki, bu məqaləni oxuduqdan sonra qadınların əksəriyyəti axşam saatlarında təkbaşına avtobusa minməkdən ehtiyat edəcəklər.


Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Tərlan Həsənovun məhkəmə istintaqı başa çatıb. Təqsirləndirilən şəxs quldurluqda və zorlamağa cəhddə ittiham olunub.

Məhkəmə yolu ilə müəyyən edilib ki, Tərlan Həsənov 2009-cu ilin fevral ayının 8-də axşam təxminən saat 23 radələrində, Bakı şəhəri, Xətai rayonunun Neapol küçəsində yerləşən "Ukrayna dairəsi"nin yaxınlığında, idarə etdiyi "Otoyol İveco" markalı avtobusda, sərnişin N.B-nin əmlakını ələ keçirmək qərarına gəlib. Bu məqsədlə o, əlindəki metal parçası ilə sərnişinə basqın edərək, onu ağır bədən xəsarəti yetirəcəyi ilə hədələyib və çantasındakı 170 manat pulunu əlindən alıb.


Bununla kifayətlənməyən sürücü öz hərəkətlərini davam etdirərək, avtobusun salonunda qadına yenidən hədə-qorxu gələrək onunla zorla intim əlaqəyə girməyə çalışıb. Lakin N.B özünü müdafiə edərək Tərlan Həsənovun əlindən çıxaraq qaçıb. Nəticədə Tərlan Həsənov öz iradəsindən asılı olmayan səbəbdən zorlama cinayətini başa çatdıra bilməyib. Hadisənin səhərisi günü N.B. baş verənlərlə bağlı Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edib. Elə həmin gün Tərlan Həsənov şübhəli şəxs qismində istintaqa cəlb olunub. İlkin dindirmə zamanı o, törətdiyi cinayəti etiraf etmək məcburiyyətində qalıb.


Təqsirləndirilən şəxs qismində dindirilən Tərlan Həsənov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib:

- 8 fevral 2009-cu ildə təxminən saat 22 radələrində idarə etdiyim avtobusla 9-cu mikrorayon ərazisindən keçərkən avtobusa sərnişin qismində əvvəllər tanımadığım, sonradan şəxsiyyəti mənə məlum olan N.B. əl qaldırdı. Mən də avtobusu saxlayıb onu götürdüm. Avtobusda həmin qadından başqa sərnişin yox idi. Yolda onunla söhbət edərkən onun Həzi Aslanov qəsəbəsində yaşadığını öyrəndim.


"Nə qədər istəsən, sənə pul verəcəyəm"


Onu həmin qəsəbəyə apararkən, "Ukrayna" dairəsinin yaxınlığında avtobusun işığı xarab oldu. İşığı təmir etmək üçün avtobusu saxladım və salona keçib N.B.-yə mənimlə yaxınlıq etməyi təklif etdim və bunun müqabilində nə qədər pul istəsə, verəcəyimi dedim. O isə məni şillə ilə vuraraq itələdi, mən də onu itələdim. Bu zaman N.B. oturacağın üstünə yıxıldı, sonra isə dərhal ayağa qalxaraq çıxıb getdi. O, gedəndən sonra mən idarə etdiyim avtobusla öz evimizə gəldim. Səhəri gün həmin qadının məndən polisə şikayət etdiyini bildim. Mən N.B.-yə pul təklif edərək onunla cinsi əlaqədə olmaq istəmişəm, lakin ona zor tətbiq etməmişəm, nə də onun zorla pulunu əlindən almamışam. N.B.-nin bu barədə göstərdikləri yalandır. Onun mənə qarşı belə ifadə verməsinin səbəbinin bilmirəm.



"Cinsi əlaqədə olmaq məqsədi ilə N.B-yə zor tətbiq etməmişəm"


Polisə şikayət etməsin deyə, N.B-nin əlindən mobil telefonunu almaq məqsədilə arxadan onun belindən yapışdım. Bu vaxt o, əlimi dişlədi və sifətimə şillə vuraraq sürücü oturan yerdən yerə düşmək istədi. Elə bu vaxt yerə yıxıldı və tez də ayağa qalxıb oradan uzaqlaşdı. O, gedəndən sonra çantadan götürdüyüm pulu sayarkən 170 manat olduğunu gördüm. Hadisə vaxtı mənim əlimdə heç bir dəmir parçası və ya başqa əşya olmayıb. Sadəcə, N.B-yə pul təklif edərək onunla yaxınlıq etmək istəmişəm."


"Avtobusda məndən başqa sərnişin yox idi"


Zərərçəkmiş şəxs qismində ifadə verən N.B.-nin ifadəsindən:


- 8 fevral 2009-cu ildə işdən çıxıb evə getmək üçün 9-cu mikrorayon ərazisi ilə hərəkət edən marşrut avtobusuna əyləşdim. Avtobusda məndən başqa sərnişin yox idi. Sürücü özü də tək idi. O, məndən haraya getdiyimi soruşdu. Həzi Aslanov qəsəbəsinə gedəcəyimi və "Əcəmi" metro stansiyasının yaxınlığında düşəcəyimi bildirdim. "Əcəmi" stansiyasının yanında düşmək üçün sürücüdən avtobusu saxlamağı xahiş etdim. Lakin sürücü Həzi Aslanov qəsəbəsində yaşadığını dedi və avtobusu saxlamayıb yoluna davam etdi. "Ukrayna" dairəsinə çatanda qaranlıq küçədə avtobusu saxlayaraq avtobusun işıqlarının işləmədiyini və işıqları düzəldib yoluna davam edəcəyini bildirdi.


"Səsini çıxartsan, başını kəsib atacağam"


Bundan sonra, o, avtobusun salonuna keçib qəflətən mənə yaxınlaşaraq əlindəki dəmir parçasını boğazıma söykədi və əl çantamı ona verməyi tələb etdi. Çantanı vermək istəmədikdə, "səsini çıxartsan, başını kəsib atacağam", - deyərək məni hədələdi. O, zorla çantanı əlimdən aldı və içərisindəki 170 manat pulu götürdü. Sonra məndən telefonu hara qoyduğumu soruşdu. Telefonun çantanın içərisində olduğunu bildirdim. Sürücü çantanın içini axtaranda əlimlə itələyib onu yerə yıxdım, qaçmaq istədikdə, saçımdan tutaraq məni avtobusun salonunda yerə yıxdı. Güc tətbiq edərək, mənimlə zorla cinsi əlaqədə olmaq istədi. Əli ilə ağzımı tutaraq, paltarlarımı dartmağa başladı.


"Müqavimət göstərdiyim üçün məni zorlaya bilmədi"


Onun sifətinə bir neçə zərbə vurdum və mənimlə cinsi əlaqədə olmasına imkan vermədim. Sürücünü aldadıb ona, "sən mənimlə zorla cinsi əlaqədə ola bilməzsən, imkan ver ayağa durum, sənə icazə verəcəm ki, mənimlə yaxınlıq edəsən",- dedim. Bu sözdən sonra o, ayağa qalxdı. Fürsətdən istifadə edib ayağa durdum, əlimlə onun sifətindən vurdum və vaxt itirmədən çantamı götürüb avtobusdan düşüb qaçmağa çalışdım. Qapılar bağlı olduğundan, sürücü oturan tərəfdəki qapıya yaxınlaşdım, bu vaxt sürücü arxadan mənə çataraq saçımdan yapışdı. Onun əlini dişlədim və sürücünün oturacağından yerə yıxıldım. Tez ayağa qalxıb qaçdım. Bir qədər aralıdakı taksi avtomaşını ilə yaşadığım evə getdim. Hadisə vaxtı həyəcanlı olduğumdan sürücünün əlində olan predmetin bıçaq və ya dəmir parçası olmasını dəqiq bilə bilməmişəm. Lakin sürücü məni həmin dəmir parçası ilə hədələyərək onunla zorla cinsi əlaqədə olmağımı istəyirdi. Müqavimət göstərdiyim üçün o, məni zorlaya bilmədi.


"Qanuni cəza təyin edilməsini xahiş edirəm"


Hadisənin səhəri günü Binəqədi Rayon Polis İdarəsinə ərizə verdim. Hadisə barədə iş yoldaşlarıma danışdım. Polis tərəfindən həmin şəxs tutuldu. Mən onu görən kimi tanıdım. Məni zorlamaq istəyənin və pulumu oğurlayan şəxsin Tərlan Həsənov olduğunu bildim. Tərlan özü də həmin hadisəni törətdiyini etiraf etdi. İbtidai araşdırma zamanı mənə dəymiş 170 manat ziyan Tərlanın anası tərəfindən tam ödənilib. Hazırda təqsirləndirilən şəxsə qarşı mülki tələbim yoxdur, lakin ona qanuni cəza təyin edilməsini xahiş edirəm.

Məhkəmənin hökmü ilə Tərlan Həsənov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Son söz əvəzi:

Cəmi bir neçə dəqiqə ömrü olan ehtirasdan azad ola bilmədiyi üçün azadlığından məhrum oldu. Buna dəyərdimi?..

İnarə Rafiqqızı

O.M.