Qazaxda arvadını baltalayan ər əfv olunmadı

Qazaxda arvadını baltalayan ər əfv olunmadı

23 May 2011 10:00
Bəyəndim (0) Bəyənmədim (0)
Qısqanclıq bu dəfə də qan tökdü

"Anamın qışqırıq səsinə yuxudan ayıldım, atamın əlində balta olduğunu, anamın isə başının ortasını iki əli ilə tutduğunu gördüm. Atam bıçaqla anamın boynundan vurdu. Zərbədən sonra anam çarpayıya yıxıldı, əlini boğazına tutaraq ayağa qalxdı, bir qədər getdikdən sonra evin qapısının yanında yerə yıxıldı."


Bakı Ağır Cinayətlər Məhkəməsində Qazax rayonu Çaylı kənd sakini 1970-ci il təvəllüdlü İsgəndər Qocayevin məhkəmə istintaqı yekunlaşıb. Təqsirləndirilən şəxs arvadının həyatına sui-qəsd etməkdə ittiham olunub. Belə ki, həyat yoldaşı haqqında gəzən söz-söhbətlərdən təngə gələn ər məsələni birdəfəlik həll etməyi qərara alıb. Ər-arvad arasında yaranan insident qansız ötüşməyib. Əsəblərini cilovlaya bilməyən İsgəndər arvadını qanına qəltan etsə də, sonradan tutduğu əməldən peşman olub.

Məhkəmə istintaqı


Məhkəmə yolu ilə müəyyən edilib ki, İsgəndər Qocayev öz niyyətini həyata keçirmək üçün əvvəlcədən hazırlıq görüb və 2009-cu ilin yanvar ayının əvvəllərində balta alaraq yaşadıqları evin yanındakı su borusunun içərisində gizlədib. 11 yanvar 2009-cu ildə gecə saat 03 radələrində sərxoş vəziyyətdə olan İsgəndər arvadına zəng edib və qayınanasının Gəncə şəhərinə getdiyini, Ülviyyənin uşaqlarla evdə tək olduğunu öyrənib. Bundan sonra o, gizlətdiyi baltanı və mətbəx bıçağını götürərək arvadının yaşadığı evə yollanıb. Evə girəndə azyaşlı uşaqları 2002-ci il təvəllüdlü Zərifə və 2004-cü il təvəllüdlü Mehdi Qocayevlərin otaqda yatdıqlarını, arvadı Ülviyyənin isə oyaq olduğunu görüb. Ülviyyədən ona kiminlə xəyanət etməsini etiraf etməyi tələb etsə də, qadından istədiyi cavabı ala bilməyib. Ülviyyə dəfələrlə ona xəyanət etmədiyini desə də, İsgəndər arvadının sözlərinə inanmayıb. O, əlindəki baltanın küpü ilə qadının baş və baldır nahiyələrindən zərbələr endirib. Ülviyyənin qışqırığına yuxudan ayılan azyaşlı uşaqları Zərifə və Mehdinin analarını vurmamağına dair yalvarışlarına əhəmiyyət verməyən İsgəndər körpələrin gözləri qarşısında Ülviyyəyə zərbələr endirib. Aldığı xəsarətlərdən Ülviyyə huşunu itirərək yerə yıxılıb. Onun öldüyünü zənn edən İsgəndər hadisə yerini tərk edib. Yaralıya vaxtında tibbi yardım göstərildiyindən onun həyatını xilas etmək mümkün olub.


Müttəhimin ifadəsindən:


Təqsirləndirilən şəxs qismində dindirilən İsgəndər Qocayev ibtidai istintaq zamanı ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib və törətmiş olduğu cinayət əməlini tam etiraf edib. O, ifadəsində göstərib ki, Ülviyyə Məmmədova ilə 2001-ci ildə ailə həyatı qurub, birgə nikahdan iki uşaqları anadan olub: "Hadisədən təxminən bir neçə ay əvvəl, Rusiya Federasiyasında olarkən arvadım Ülviyyənin mənə xəyanət etdiyini eşitdim. Bu məsələni araşdırmaq üçün yaşadığım kəndə gəldim. Həqiqətən də Ülviyyənin mənə xəyanət etdiyini öyrəndikdən sonra onu öldürməyi qərara aldım. Bu məqsədlə bazardan bir ədəd balta alıb kənddə Ülviyyə ilə birlikdə yaşadığımız evin yanından keçən su borusunun içərisində gizlətdim. Bundan təxminən 2-3 gün sonra, yəni 11 yanvar 2009-cu ildə gecə saatlarında içkili vəziyyətdə arvadımın mobil telefonuna zəng vurdum, onun evdə tək olduğunu, uşaqların isə yatdığını öyrəndim. Bir neçə gün əvvəl aldığım baltanı gizlətdiyim yerdən götürərək Ülviyyənin yanına yollandım. Həmin vaxt uşaqlarım yatmışdı, Ülviyyə evdə tək idi. O, əlimdə balta olduğunu görüb öz mobil telefonundan Gəncə şəhərində olan anasına zəng etdi. Mobil telefonu Ülviyyənin əlindən alıb söndürdüm, ondan mənə niyə və kiminlə xəyanət etdiyini soruşdum. Ülviyyə xəyanət etmədiyini dedikdə, əlimdəki baltanın küpü ilə onun baş və baldır nahiyələrindən zərbələr endirdim. Ülviyyə özünü müdafiə edərək əli ilə baltanı tutmaq istədikdə, əlinin baş barmağı kəsildi, qışqırmağa başladı. Onun səsinə uşaqlar yuxudan ayıldılar. Uşaqları sakitləşdirdim, onlar yatmaq üçün öz yerlərinə uzandılar. Həmin vaxt qonşumuz Elbrus arvadı ilə bizim həyətə gələrək, mənə sakit olmağı məsləhət gördü. Onlara dedim ki, mənim işimə qarışmayın, çıxın gedin, onlar da çıxıb getdilər. Həyətdə heç kimin olmadığına əmin olub, yenə də Ülviyyədən tələb etdim ki, hər şeyi özü etiraf etsin, həmin adamın kim olduğunu mənə desin. Amma Ülviyyə yenə də bunu inkar etdi. Mən əsəbiləşərək otaqdakı stolun üstündə olan mətbəx bıçağını götürdüm. Ülviyyənin boğazına və döş nahiyələrinə zərbələr endirdim. Ülviyyənin boğazından qan axmağa başladı, onun qışqırığına uşaqlarım oyandılar, qızım Zərifə anasını qanlı vəziyyətdə görüb qorxub küçəyə qaçdı. Ülviyyə aldığı zərbələrdən huşsuz vəziyyətdə çarpayının üstünə yıxıldı. Onun öldüyünü güman edərək bir daha vurmadım, əlimdəki bıçağı yerə ataraq oğlum Mehdini qucağıma alıb həyətə çıxdım. Uşağı qonşuya verib, arvadımı öldürdüyümü dedim. Bundan sonra isə könüllü olaraq Qazax Rayon Polis Şöbəsinə getdim. İlkin izahat və ifadələrimdə Ülviyyəni öldürmək məqsədi ilə vurduğumu və öldürdüyümü göstərmişəm".


Qeyd edək ki, həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş ibtidai istintaqda və məhkəmədə fərqli ifadələr veriblər.


"Əməlimdən peşmanam"

Məhkəmə prosesində İsgəndər Qocayev özünü qismən təqsirli bilərək həyat yoldaşını öldürmək niyyətində olmadığını açıqlayıb və əməlindən peşman olduğunu deyib: "Hadisə zamanı arvadım Ülviyyəyə balta və bıçaqla xəsarətlər yetirdim. Hadisədən sonra qonşulara, eləcə də polisə arvadımı öldürdüyümü bildirdim. Lakin mənim Ülviyyəni öldürmək məqsədim olmayıb. Həmin vaxt uşaqlar yatmışdılar. Ülviyyəni vurmağımı onlar görməyiblər. İbtidai araşdırma zamanı Ülviyyəni uşaqlarımın gözləri qarşısında öldürmək məqsədi ilə vurmağım barədə göstərdiklərimdən imtina edirəm. Törətdiyim əməldən peşmanam."


"Kənddə gəzən söz-söhbət yalan idi"


Zərərçəkmiş qismində dindirilən Ülviyyə Məmmədova məhkəməyə verdiyi ifadəsində göstərib ki, əri İsgəndərə xəyanət etməsi barədə yaşadıqları kənddə söz-söhbət yaranıb, bu səbəbdən də onların arasında dəfələrlə narazılıq olub: "Ərimə kənddə danışılanların yalan olduğunu desəm də, İsgəndər inanmadı, məndən ayrılacağını söylədi. Sonra isə bizimlə eyni kənddə yaşayan atası evinə getdi. Bu ilin yanvar ayının 10-da gecə təxminən saat 24 radələrində İsgəndər mobil telefonuma zəng vuraraq evdə kimlərin olduğunu soruşdu. Ona dedim ki, uşaqlardan və özümdən başqa heç kim yoxdur. İsgəndərlə telefonla danışdıqdan təxminən 10 dəqiqə sonra, o, evə gəldi. Həmin vaxt onun əlində balta və bıçaq var idi. Bunu görüb tez anama zəng vurdum. İsgəndər mobil telefonu əlimdən alaraq məndən nə üçün ona xəyanət etdiyimi, həmin şəxsin kim olduğunu soruşdu. Kənddə danışılanların hamısının yalan olduğunu bildirdim, amma İsgəndər sözlərimə inanmadı, mənimlə mübahisə etməyə başladı. Həmin vaxt yaxın qonşumuz Elbrus arvadı ilə bizim həyətə gələrək İsgəndərə sakit olmağı məsləhət gördülər. İsgəndər isə onlara, "siz mənim ailə işimə qarışmayın, çıxın gedin", - dedi. Elbrusgil də çıxıb getdilər. Bundan sonra İsgəndər baltanın küpü ilə ayağıma vuraraq nə üçün ona xəyanət etdiyimi bir daha soruşdu. Mən yenə də dedim ki, heç kimə inanma, mənə böhtan atırlar. İsgəndər isə düz danışmağımı tələb edərək, sol əli ilə boynumdan yapışdı, sağ əlindəki baltanın küt tərəfi ilə başımın ortasına iki dəfə zərbə endirdi. Sonra baltanı yerə tulladı, otaqda olan bıçağı götürüb boğazımın sağ tərəfinə vurdu. Mən var gücümlə qışqırdım, səsə qızım Zərifə və oğlum Mehdi yuxudan ayıldı. Zərifə otaqdan çıxıb qaçdı, İsgəndər isə Mehdini qucağına götürüb getdi. Mən əlimlə boğazımı tutaraq həyətə çıxmaq istədim, lakin huşumu itirib yerə yıxıldım, özümə gələndə gördüm ki, xəstəxanadayam.


"Mən artıq ərimlə barışmışam"

İstintaq zamanı İsgəndərin məni azyaşlı uşaqlarımın gözləri qarşısında onların yalvarışlarına əhəmiyyət vermədən öldürmək məqsədi ilə vurduğunu demişəm. Hazırda isə ərimlə barışmışam. Mənə elə gəlir ki, İsgəndər məni öldürmək məqsədi ilə vurmayıb. Himayəmdə iki azyaşlı uşaqlarım var, məhkəmədən ərim İsgəndərin bağışlanmasını xahiş edirəm."


7 yaşlı şahid


Şahid Zərifə Qocayeva ifadəsində göstərib ki, gecə qardaşı Mehdi ilə evdə yatarkən anasının qışqırıq səsinə yuxudan ayılıb: "Anam qışqıraraq ağlayırdı, üz-gözü qan içində idi. Qorxduğum üçün evdən həyətə qaçdım, yaxınlıqda yaşayan qonşumuzgilə getdim, digər qonşularımızın da orada olduğunu gördüm. Bir az sonra atam qardaşım Mehdini qucağında gətirərək onu qonşuya verdi, bundan başqa heç nə xatırlamıram."


5 yaşlı şahid

Məhkəmədə şahid qismində dindirilən Mehdi Qocayev də bacısının ifadəsinə uyğun ifadə verib. İbtidai istintaq zamanı isə: "Gecə saatlarında anamın qışqırıq səsinə yuxudan ayıldım, atamın əlində balta olduğunu, anamın isə başının ortasını iki əli ilə tutduğunu gördüm. Bu vaxt yuxudan ayılan bacım Zərifə evdən qaçdı. Sonra atam məni qucağına aldı. Onun belində bıçaq olduğunu hiss etdim. Həmin bıçağı atam belindən çıxararaq anamın boynuna vurdu. Zərbədən sonra anam çarpayıya yıxıldı, əlini boğazına tutaraq ayağa qalxdı, bu dəfə bir qədər getdikdən sonra evin qapısının yanında yerə yıxıldı. Bu vaxt atam məni qucağında evdən həyətə çıxarıb, orada dayanan qonşumuzun qucağına verib getdi. Atam getməmişdən əvvəl əlində olan baltanı həyətimizdəki çəpərin yanına atmışdı",- deyə söyləyib.


Kənddə dolaşan söz-söhbətlər


Şahid qismində ifadə verən Elbrus Hüseynov ifadəsində göstərib ki, hadisədən bir müddət əvvəl yaxın qonşusu olan İsgəndər Qocayevin arvadı Ülviyyənin ərinə xəyanət etməsi barədə kənddə söz-söhbət yayılıb. Bu səbəbdən də İsgəndər evdən acıq edib gedərək, həmin kənddə yaşayan atasıgildə qalıb: "Gecə saat 03 olardı. Ülviyyənin anası Elmira həyəcanlı halda Gəncə şəhərindən bizə zəng edərək, qızının evdə tək olduğunu, kürəkəni İsgəndərin onu öldürmək üçün evə getdiyini dedi. Bizdən xahiş etdi ki, qızına kömək eləyək. Elmiranın zəngindən sonra arvadımla mən İsgəndərin həyətinə getdim, pəncərədən gördüm ki, İsgəndərlə arvadı ucadan mübahisə edirlər. Ülviyyənin ərinə xəyanət etməsi barədə kənddə gedən söhbətlərə görə İsgəndərin əlindən xəta çıxmasın deyə, pəncərədən ona sakit olmağı və arvadını vurmamağı məsləhət gördüm. Lakin İsgəndər hirsli vəziyyətdə dedi ki, sən mənim ailə işlərimə qarışma, çıx evinə get. Mən də arvadımla öz evimə qayıtdım. Bundan təxminən yarım saat sonra İsgəndərin azyaşlı qızı Zərifənin qışqırıq səsini eşitdim, həyətə çıxdıqda, qonşularımızın orada olduqlarını gördüm. Zərifə həyəcanlı, paltarı qana batmış vəziyyətdə evdən çıxıb qonşumuz Hürüyə tərəf qaçaraq, atasının anasını vurduğunu dedi. Mən tez evə keçib, kəndin icra nümayəndəsi Qəzənfər Qocayevə zəng vurdum, bu barədə ona məlumat verərək təcili tibbi yardımın lazım olduğunu dedim. Az sonra isə İsgəndər küçəyə çıxaraq arvadı Ülviyyəni vurub öldürdüyünü deyib getdi. Polis əməkdaşları və təcili tibbi yardım maşını gələrək Ülviyyəni Qazax rayon mərkəzi xəstəxanasına apardılar."

.

Məhkəmədə dindirilən digər şahidlər də eyni məzmunlu ifadə veriblər. Məhkəmənin hökmü ilə İsgəndər Qocayev cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Son söz əvəzi:

Var olan hər bir şeyin qara kölgəsi olur. Ən saf duyğu sayılan məhəbbətin də qara kölgəsi qısqanclıqdır...

İnarə Rafiqqızı

O.M.