Arvadını döyə-döyə öldürdü

Arvadını döyə-döyə öldürdü

23 May 2011 08:00
Bəyəndim (0) Bəyənmədim (0)
Daşkəsənli ər içki düşkünü idi

"Həmin vaxt arvadımın başından və üzündən qan axırdı. Yerə yıxılmış vəziyyətdə olan Solmazın tərpənmədiyini görüb onun əynindəki paltarları soyundurdum və o biri otağa apardım. Əvvəlcə elə bildim ki, Solmaz huşunu itirib, lakin sonra onun nəfəs almadığını görüb öldüyünə əmin oldum".

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Daşkəsən rayon sakini 1961-ci il təvəllüdlü Məmməd Alıyevin məhkəmə istintaqı başa çatıb. Adıçəkilən şəxs 29 illik ömür-gün yoldaşını qətlə yetirməkdə təqsirli bilinirdi.


Məhkəmə istintaqı


Məhkəmə yolu ilə müəyyən edilib ki, Məmməd Alıyev ailə münaqişəsi zəminində arvadı Solmaz Alıyevanı möhkəm döyüb. Döyülmə o həddə çatıb ki, qadın aldığı xəsarətlərdən yerindəcə keçinib. Solmaz Alıyevanın bu cür vəhşicəsinə döyülməsinə səbəb isə sərxoş vəziyyətdə evə gələn ərinə irad bildirməsi olub. İçkinin təsirindən beyni dumanlanan ər isə həmin gün arvadının təkbaşına xəstəxanaya getməsindən bərk qəzəbləndiyini deyib. Ər-arvad arasında yaranan narazılıq isə sonda faciə ilə nəticələnib. Ərinin yumruq və təpik zərbələrinə məruz qalan qadın küçəyə qaçmağa cəhd etsə də, buna nail ola bilməyib. Arvadının saçlarından yapışan Məmməd onu dəhlizdə sürüyüb. Solmazın yalvarışlarına və göz yaşlarına məhəl qoymayaraq onu baltanın sapı ilə döyməyə davam edib. Başından və bədəninin müxtəlif nahiyələrindən çoxsaylı zərbələr alan Solmaz Alıyeva döyülə-döyülə dünyasını dəyişib.


Müttəhimin ifadəsindən:


Təqsirləndirilən şəxs qismində məhkəmədə dindirilən Məmməd Alıyev ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində Solmaz Alıyeva ilə 1980-ci ildə evləndiyini və həmin vaxtdan da Daşkəsən şəhərində yaşadıqlarını göstərib. Amma birgə yaşadıqlarına baxmayaraq, ər-arvad arasında münasibət o qədər də ürəkaçan olmayıb: "Solmazla ər-arvad kimi bir yerdə yaşasaq da, münasibətlərimiz yaxşı deyildi, hər xırda məsələyə görə tez-tez mübahisə edib dalaşırdıq. Hətta Solmaz mənə qarşı söyüş söydüyündən onu bir neçə dəfə döymüşdüm. 26 yanvar 2009-cu ildə Daşkəsən şəhərində yerləşən bazarda olarkən arvadım Solmazın özbaşına Daşkəsən rayon mərkəzi xəstəxanasına getdiyini eşidib acıqlandım. Mənimlə birlikdə bazarda olan kiçik oğlum Babəkə və bacımın oğlu Vüsala Solmazı xəstəxanadan evə aparmalarını tapşırdım. Özümsə tanışlarım Tofiq və Qabillə birlikdə yeməkxanaya yollandım. Birlikdə yemək yeyib üç şüşə araq içdik. Axşam təxminən saat 21 radələrində yoldaşlarımdan ayrılıb evə gəldim. İçəri girən kimi Solmaz araq içdiyimi hiss edib mənə, "yenə də araq içmisən, ay itdən əmələ gələn",- deyib təhqir etməyə başladı. Ona dedim ki, bacımın oğlunu hərbi xidmətə yola saldıqdan sonra nahar etmək üçün yeməkxanaya getmişəm, orada yemək zamanı araq içmişəm. Ancaq Solmaz sakitləşməyib həm mənim, həm bacımın oğlunun, həm də digər qohumlarımın ünvanına nalayiq söyüşlər söyməyə başladı. Elə bu vaxt birdən Solmazın özbaşına xəstəxanaya getməsi yadıma düşdü. Ondan nə səbəbə görə təkbaşına evdən çıxdığını xəbər aldıqda, mənə, "əcəb eləmişəm",- deyə cavab qaytardı. İçkili olduğumdan Solmazın hərəkətləri məni özümdən çıxartdı. Onu yataq otağına aparıb orada döydüm. Əlimdən çıxıb küçəyə qaçmaq istəyəndə saçlarından yapışdım və baltanın sapı ilə döyməyə başladım. Baltanın sapı ilə Solmazın başına, sinəsinə və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirdim. Həmin vaxt Solmazın başından və üzündən qan axırdı. Solmazın yalvarmasına baxmayaraq, ondan əl çəkmədim, təxminən 20 dəqiqə döydükdən sonra sakitləşdim. Yerə yıxılmış vəziyyətdə olan Solmazın tərpənmədiyini görüb onun əynindəki paltarları soyundurdum və o biri otağa apardım. Əvvəlcə elə bildim ki, Solmaz huşunu itirib, lakin sonra onun nəfəs almadığını görüb öldüyünə əmin oldum.


Həyəcanlı olduğum üçün çölə çıxıb siqaret çəkməyə başladım. Bu zaman kiçik oğlum Babəklə qardaşım oğlu Rəfayılın gəldiyini görüb onlara yaxınlaşdım. Oğlum hadisəni bilməsin deyə, onu qonşuluqda yaşayan bacısıgilə yolladım və gecəni orada qalmağı tapşırdım.

Səhər tezdən yuxudan durub əvvəl bacımgilə getdim, hadisəni onlara danışdım, sonra polisə gedərək törətdiyim hadisə barədə məlumat verdim. Hazırda əməlimdən peşmanam."


Zərərçəkmiş şəxs qismində dindirilən Miri Tağıyevin ifadəsindən:


- Solmaz mənim qızım idi. 1980-ci ilin əvvəllərində Məmmədlə ailə həyatı qurmuşdu. Məmməd spirtli içkilərə meylli olduğundan mütəmadi olaraq evə sərxoş vəziyyətdə gəlir, qızımı döyüb-incidirdi. Lakin Solmaz uşaqlarını nəzərə alıb Məmmədin hərəkətlərinə birtəhər dözür, ondan ayrılmırdı. Qızımın öldüyünü yanvarın 27-də saat 12 radələrində qonşulardan eşitdim. Hadisə yerinə gedəndə eşidib öyrəndim ki, Məmməd qızımı qəddarcasına döyüb öldürüb. Ona görə də məhkəmədən Məmmədə layiqli cəza verilməsini xahiş edirəm.


Şahid qismində dindirilən Babək Alıyevin dediklərindən:


- Təqsirləndirilən şəxs atam, mərhum isə anamdır. Mən onlarla birlikdə yaşamışam. Anam daim baş ağrılarından şikayət edirdi. Atamdan tələb edirdi ki, onu həkimə aparsın. Atam isə imkanı olmadığını deyib, anamı həkimə aparmırdı. Valideynlərim arasında hərdən narazılıq olurdu. Hadisə baş verən gün - 26 yanvar 2009-cu ildə səhər tezdən yuxudan durub bibimin oğlu Vüsalla birlikdə atamın yanına getdim. Atam anamın xəstəxanaya getdiyini bildirdi və bizə dedi ki, gedin onu evə aparın. Bundan sonra atamla birlikdə bibim oğlu Vüsalı hərbi xidmətə yola saldıq və orada qohumumuz Sabirin xəstələndiyini, vəziyyətinin pis olduğunu görüb əmim oğlu Rəfayılla Sabiri evinə apardıq. Təxminən saat 24 radələrində evimizə gələrkən binanın yanında atam bizə yaxınlaşıb, "sən bu gecə get bibin Nəzakətgildə qal, səhər gələrsən", - dedi. Mən də gecəni bibimgildə qaldım. Səhər eşitdim ki, valideynlərim arasında dava-dalaş olub, atam anamı öldürüb.


Şahid qismində dindirilən Elşən Alıyev ifadəsində göstərib ki, son vaxtlar o, Gəncə şəhərində, ata-anasından ayrı yaşayıb. Valideynlərinin yanına tez-tez gedə bilmədiyindən onların arasında mübahisə və dava-dalaşın olmasını bilməyib:

- 27 yanvar 2009-cu ildə eşitdim ki, atam anamı öldürüb. Həmin vaxt atam Məmməd tutulduğu üçün anamı nə üçün öldürməsinin səbəbini bilmədim.


Məhkəmənin hökmü ilə Məmməd Alıyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrum edilib.

14 il gəlib keçəcək. Müttəhim cəzasını çəkib azadlığa çıxacaq. Lakin heç vaxt azad ola bilməyəcək, nə vicdan yükündən, nə də axirətdə onu gözləyəcək cəzadan...

İnarə Rafiqqızı

O.M.