Bakı sakini borcunu ödəmək əvəzinə qatil oldu

Bakı sakini borcunu ödəmək əvəzinə qatil oldu

18 May 2011 09:22
Bəyəndim (0) Bəyənmədim (0)
Əl çirki sayılan pulun çirkabı

"Axır vaxtlar eşitmişdim ki, atam Fuada xeyli pul verib, ancaq əvəzində heç bir girov götürməyib. Onu da eşitmişdim ki, Fuad dələduz adamdır və atam ona pul verəndən sonra peşman olub. Atam ondan pulunu istəmirdi, sadəcə deyirdi ki, gətir pulun əvəzinə nə isə girov qoy. Fuadsa boyun qaçırırdı"


Bakı Ağır Cinayətlər Məhkəməsində 1958-ci il təvəllüdlü Fuad Nəbiyevin məhkəməsi keçirilib. Bu şəxs yaxın dostu Cəsarət Quliyevi qətlə yetirməkdə təqsirli bilinib. Dostlar arasında insidentin yaranmasına səbəbsə əksər hallarda olduğu kimi, pul imiş. Belə ki, Fuad Nəbiyev iş qurmaq üçün Cəsarət Quliyevdən pul alıb. Sonuncu isə təqribən bir ay sonra pulunu geri tələb etməyə başlayıb. Dostunun təkidlə pulu geri tələb etməsini görən Fuad Nəbiyev bir müddət birincidən qaçmaq məcburiyyətində qalıb. Nəhayət, ötən il dekabrın 16-da borc məsələsini çözmək istəyən Cəsarət Quliyevin dostu ilə görüşmək istəyi baş tutub.


Təqsirləndirilən şəxsin ifadəsindən:

"Kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq fikrinə düşmüşdüm. Bunun üçün isə təbii ki, bir qədər pula ehtiyac var idi. İlk ağlıma gələn şəxs dostum Cəsarət oldu. Pul üçün Cəsarətə müraciət etdim. Cəsarət dərhal razılıq verdi. Əvvəlcə 18.000, ikinci dəfə isə 6.000 dollar verdi mənə. Özü də borcu müddətsiz vermişdi, demişdi ürəyin nə vaxt istəsə qaytararsan, mənim pula ehtiyacım yoxdur. Mən həmin pulları xırda ticarət üçün mala və icarəyə götürdüyüm mağaza üçün birillik icarə haqqına xərclədim. Ancaq heç bir ay tamam olmamış Cəsarət zəng vurub dedi ki, pulu hazırla. Mən ona bildirdim ki, pullar xərclənib, axı biz belə danışmamışdıq. O isə daş atıb başını tutdu ki, mənim pulumu ver. Mən ona qəti olaraq bildirdim ki, pulu sənə ancaq qazanc əldə edəndən sonra hissə-hissə ödəyəcəyəm və mobil telefonun nömrəsini dəyişdim ki, məni narahat eləməsin. Bir neçə gün keçdi, Cəsarət Elşən adlı yaxın qohumunu pul üçün evimə göndərdi. Mən 2000 dollar düzəldib verdim Elşənə, tapşırdım ki, bu dəfə əliboş yola salmıram, ancaq bir də qapıma gəlmə. Pulum olanda özüm Cəsarətlə zəngləşib görüşəcəyəm. Keçən il dekabrın 16-da Cəsarət telefon nömrəmi haradansa tapıb yenə zəng vurmuşdu. Başladı pulunu tələb etməyə, dedim ki, axşamtərəfi gəl evimin qarşısına, dost tanışdan 1000 dollar düzəldib verərəm. O isə qışqırdı ki, mənim sənə borcum yoxdur, sənin mənə borcun var, mən niyə sənin qapına gəlməliyəm?! Biz belə qərara aldıq ki, Ukrayna dairəsi yaxınlığında görüşək. Ancaq mən axşama qədər pul düzəldə bilmədim. Qərara aldım ki, pul olmasa da gedib Cəsarətlə görüşməliyəm və onunla qəti söhbət etməliyəm ki, hər dəfə qapıma adam göndərməsin. Öz maşınımla deyilən saatda deyilən yerə gəldim, Cəsarət yolun kənarında öz maşınında oturub məni gözləyirdi. Məni görən kimi maşından düşüb maşınıma tərəf gəldi, qapını açıb qabaq oturacaqda oturdu. Maşına oturan kimi də ilk sözü bu oldu: "əclaf, məni dolayırsan, pulumu niyə qaytarmırsan? Atan atama pul qoyub getmişdi? Sənə borcum var idi?" Düzü, rəhmətlikləri dilinə gətirməsi məni əsəbiləşdirdi. Ondan tələb etdim ki, ölülərlə işin olmasın, işin diriylədi, ölüləri niyə atırsan ortalığa? Aramızda mübahisə düşdü. Cəsarət sifətimə yumruq ilişdirdi. Maşının içərisində əlbəyaxa olduq. Bir-birimizin boğazından yapışmışdıq, boğuşurduq. O mənə, "niyə pulumu qaytarmırsan? Elə bilirsən mənim pula ehtiyacım səninkindən azdır?" deyirdi. Mənsə bildirdim ki, səni dost bilib ərk eləmişəm, ancaq yanılmışam. Əgər imkanım olsaydı, sənin kimisinin pulunu bircə dəqiqə də cibimdə saxlamazdım. Cəsarətin məndən cüssəli, fiziki cəhətdən güclü olduğunu bildiyimdən məni öldürəcəyindən ehtiyat etdim, əl atıb oturacağın altında saxladığım bıçağı çıxartdım. Bıçaqla sinəsinə bir neçə zərbə vurdum. Əlləri boşaldı, hərəkətsiz oturacağa yıxıldı. Mən qapını açıb onu maşından çölə itələyib atdım. Maşını sürüb oradan uzaqlaşdım. Evə çatan kimi təcili yardıma zəng vurdum. Hadisənin baş verdiyi ərazini təqribi başa salıb bildirdim ki, orada yaralı var, xahiş etdim ki, təcili həmin yaralıya kömək etsinlər. Bu vaxt Cəsarətin oğlu Canpolad bizə gəldi, qapıdan girən kimi soruşdu ki, atam haradadır, telefona niyə cavab vermir? Dedim ki, atanı görməmişəm. O isə bildirdi ki, atam axırıncı dəfə telefonla səninlə danışıb, o səninlə danışanda mən atamın yanında idim, səninlə görüşməli idi. Sonra isə çıxıb getdi. Paltarlarımı dəyişə-dəyişə qəti qərara gəldim ki, könüllü polisə gedib təslim olmalıyam. Onsuz da qaçmağın xeyri olmayacaq. Belə də etdim, polisə gedib hadisəni danışdım və özümü təqdim etdim".


Zərərçəkmiş qismində dindirilən Canpolad Quliyev (mərhumun oğlu) ifadəsindən:


"Atamla Fuad arasında pul haqq-hesabı olduğunu bilmirdim. Bircə onu bilirəm ki, son vaxtlar atam Fuadı axtarırdı, hər dəfə Fuadın mobil telefonuna zəng vuranda əsəbiləşirdi, Fuad telefonu söndürdüyünə görə atam onun ünvanına söyürdü. Ancaq bunun səbəbini bizə demirdi. Axır vaxtlarda eşitmişdim ki, atam Fuada xeyli pul verib, ancaq əvəzində heç bir girov götürməyib. Onu da eşitmişdim ki, Fuad dələduz adamdır və atam ona pul verəndən sonra peşman olub. Atam ondan pulunu istəmirdi, sadəcə deyirdi ki, gətir pulun əvəzinə nə isə girov qoy. Fuadsa boyun qaçırırdı. Deyirdi ki, guya yaşadığı ev onun adına deyil, yoxsa evin sənədini qoya bilərdi. Atam isə ona inanmırdı. Atam öldürülməmişdən bir az əvvəl Fuada zəng vurdu, soruşdu ki, axı niyə məndən qaçırsan? Gəl oturaq kişi kimi söhbət eləyək. Sonra bir az əsəbiləşdi, telefonla danışıb qurtarandan sonra Fuadla görüşə getmək üçün evdən çıxdı. Ancaq xeyli vaxt keçsə də, geri qayıtmadı. Mən narahat olmağa başladım, çünki bilirdim ki, aralarında mübahisəli məsələ var, dalaşa bilərlər. Ancaq ağlıma gətirmirdim ki, Fuad atamı öldürə bilər. Sonra narahatçılıqdan evdə otura bilməyib Fuadın evinə gəldim. Fuad evdə idi, atamı soruşanda bildirdi ki, mən onunla görüşməmişəm. Onun bu sözü mənim şübhələrimi lap artırdı. Küçəyə çıxdım, bilmirdim atamı harada axtarım. İki saata yaxın küçələrdə gəzəndən sonra telefonuma zəng gəldi. Yaxın qohumumuz məni təcili evə çağırdı. Evə gələndən sonra bildim ki, atam öldürülüb. Dərhal başa düşdüm ki, atamı Fuad öldürüb. Polisə də atamın sonuncu dəfə Fuadla görüşmək üçün evdən çıxması, aralarındakı mübahisə və atamın qətlində Fuaddan şübhələnməyim barədə bildirdim. Fuad həmin gecə saxlanıldı və saxlanılan kimi də qətli etiraf etdi".


Məhkəmənin hökmü ilə Fuad Nəbiyev 11 il müddətinə azadlıqdan məhrum edilib.

Deyirlər: "pul əl çirkidir". Bu çirki su ilə yuyub aparmaq olar. Ancaq qanla yuyulanda o, çirkaba dönür...

İnarə Rafiqqızı

O.M.