Körpəsinin başını kəsən İsmayıllı sakini 15 il həbs cəzası aldı

Körpəsinin başını kəsən İsmayıllı sakini 15 il həbs cəzası aldı

17 May 2011 19:33
Bəyəndim (0) Bəyənmədim (0)
O, hamilə arvadını da öldürmək istəyirdi

"Xamis ikinci dəfə məni vuranda onun əlində bıçaq olduğunu gördüm, qolum boşaldı, uşaq qucağımdan yerə düşdü. Nurulla qışqıraraq ağlamağa başladı. Xamis isə sağ əlində olan bıçaqla Nurullanın boğaz nahiyəsinə yuxarıdan aşağıya doğru vurdu. Nurullanın boğazından qan çıxdığını görəndə qışqırdım və özümdən getdim"


Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə iki yaşlı oğlunu qətlə yetirməkdə, hamilə vəziyyətdə olan arvadını öldürməyə cəhddə ittiham olunan İsmayıllı rayonu Namazgah kənd sakini 1985-ci il təvəllüdlü Xamis Mursalovun məhkəmə istintaqı başa çatıb.

Məhkəmə yolu ilə müəyyən edilib ki, Xamis Mursalov 29 oktyabr 2008-ci ildə saat 15:00 radələrində ailə üzvləri ilə birlikdə kirayədə yaşadığı Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Mehdi Hüseynzadə küçəsi 19 saylı evə sərxoş vəziyyətdə gələrək, heç bir səbəb olmadan 2007-ci il təvəllüdlü oğlu Nurullanın üzündən sillə ilə vuraraq onunla kobud rəftar edib. Qardaşının hərəkətlərini ona irad tutan Səmərrux Babayeva körpəni sakitləşdirmək üçün öz mənzilinə aparıb.


Bacısının hərəkətindən əsəbiləşən Xamis Mursalov arvadı Lamiyə Heydərovanı oğlunun dalınca göndərib. Oğlu Nurulla ilə birlikdə mənzilə dönən arvadına hədə-qorxu gələn Xamis onların hər ikisini öldürəcəyini deyib. Ərinin sözlərindən qorxuya düşən qadın küçəyə qaçıb. Xamis Mursalov onlara çataraq Lamiyəyə bədəninin müxtəlif nahiyələrindən 6 zərbə endirib. Aldığı bıçaq zərbələrinin təsirindən Lamiyə qucağındakı körpə ilə birgə yerə yıxılıb. İçkinin təsirindən beyni dumanlanmış Xamis arvadının gözləri qarşısında iki yaşlı Nurullanın başından tutaraq bıçaqla onun boyun nahiyəsindən ardıcıl zərbələr endirib. Körpə aldığı xəsarətdən yerindəcə keçinib.


Hadisə yerinə toplaşanlar Xamis Mursalovun əlindəki bıçağı alıb sındırdıqlarına görə o, öz iradəsindən asılı olmayan səbəblərə görə Lamiyə Heydərovanı öldürə bilməyib. Təqsirləndirilən şəxs qismində dindirilən Xamis Mursalov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, baş vermiş hadisəyə səbəb sərxoş olması və azyaşlı oğlunun ağlaması olub: "Ötən ilin oktyabr ayının 29-da iş tapmaq məqsədi ilə səhər tezdən evdən çıxıb 10-cu Suraxanı dairəsinə gəldim. Günorta saat 14 radələrinə qədər orada dayandım, lakin heç bir iş tapa bilmədim. Yeznəm Əfqanın qardaşı Əlvanla birlikdə Suraxanıda yerləşən "Elşən" kafesinə gəldim, orada cız-bız yeyib spirtli içki içdik. Kafedən çıxandan sonra Əlvanla bir yerdə "Halal Süfrə" restoranın qarşısında olan parkda oturacaqların üstündə domino oynadıq. Saat 15-16 radələrində Əlvandan ayrılıb kirayədə qaldığım evə gəldim. Həyat yoldaşım Lamiyə, oğlum Nurulla, bacım Səmərruxun uşaqları da bizdə idi. Evdə 15 dəqiqə oturandan sonra bir həyətdə olan bacım Səmərruxgilə getdim və yeznəm Əfqana dedim ki, mənə bir şüşə araq alsın. Əfqan da yarım litrlik araq aldı. Bacımgilin evində kotletlə arağı içdim.



"Lamiyəni bıçaqla hədələyib dedim ki, sizi öldürərəm"


Təxminən bir saatdan sonra öz otağıma gəldim, oğlum Nurullanı götürüb qucağımda oynatdım. Oğlumu qucağımdan yerə qoyanda uşaq ağlamağa başladı. Uşağın hansı səbəbə görə ağladığını xatırlaya bilmirəm, çünki həmin vaxt sərxoş idim. Oğlumun ağlamağından əsəbiləşdim. Bacım Səmərrux mənə, "uşaq niyə ağlayır?"- deyib Nurullanı götürüb öz evinə apardı. Səmərruxun sözündən əsəbiləşdim və həyat yoldaşım Lamiyəyə, "get uşağı gətir, buradan köçüb gedirik", - dedim. Lamiyə Nurullanı gətirməyə gedəndən sonra özümü cilovlaya bilmədim, mətbəxə keçib çörək doğradığımız bıçağı götürdüm. Lamiyəni bıçaqla hədələyib dedim ki, sizi öldürərəm. Bunu eşidən kimi Lamiyə Nurullanı da qucağına götürüb küçəyə qaçdı.



"Oğlumun başından tutub boğazına bir neçə dəfə bıçaqla vurdum"


Bundan bərk əsəbiləşdim və Lamiyənin arxasınca küçəyə çıxdım. Küçə qapısının ağzında Lamiyənin sağ qolundan tutub sol tərəfinə bir neçə dəfə bıçaq zərbəsi endirdim. Bu vaxt Nurulla Lamiyənin qucağından yerə düşdü və ağlamağa başladı. Uşağın ağlamaq səsinə dözməyib başından tutub boğazına bir neçə dəfə bıçaqla vurdum. Nurullanın boğazından qan axmağa başladı. Bu zaman atam Teymur, bacım Səmərrux və bacımın həyat yoldaşı Əfqan küçəyə çıxdılar və məni tutdular. Əfqan arxadan boynumu tutdu, atam ayağı ilə bıçaq olan əlimin üstündən sıxdı, bacım Səmərrux isə bıçağı alıb sındırdı, məhəlləyə atdı.



"Bacım mənə dedi ki, oğlunu öldürmüsən"

Səmərrux Nurullanı qucağına alıb həyətə apardı, mənə dedi ki, Nurullanı öldürmüsən. Bu sözü eşidən kimi məhəllədən uzaqlaşdım. 231 nömrəli avtobusa minib Qara Qarayev metro stansiyasına getdim, orada olan küçə telefonu ilə Əfqana zəng vurub Nurullanın vəziyyətini soruşdum. Əfqan mənə Nurullanın vəziyyətinin ağır olduğunu dedi. Yenidən 231 saylı avtobusa minib evə gəldim. Həmin vaxt polis işçiləri məni tutub polis bölməsinə apardılar".



"Baldızım dedi ki, uşağı niyə vurursan?"


Zərərçəkmiş şəxs qismində dindirilən Lamiyə Heydərovanın ifadəsindən:

- Səhər saat 9 radələrində Xamis yuxudan durub yemək yedikdən sonra iş dalınca getdi. Mən də evləri yığışdırdım. Saat 15 radələrində evə gəldi, bir stəkan çay içdi və bizimlə eyni həyətdə yaşayan baldızım Səmərruxgilə getdi. Bir qədər sonra Xamis evə qayıtdı, oğlum Nurullanı və Səmərruxun övladları Fidan və Elməddini oynatmağa başladı. Xamis uşaqları qucağında atıb-tuturdu. Bu zaman Səmərrux da bizə gəldi. Xamis Nurullanı qucağında oynadanda onun sifətindən bir dəfə sillə vurdu. Uşaq ağlamağa başladı. Səmərrux Xamisin qucağından Nurullanı alıb, "uşağı niyə vurursan?" - dedi. Xamis də Səmərruxa, "öz övladımdır, özüm bilərəm", - deyə cavab verdi. Səmərrux uşağı qucağına alıb öz evinə apardı. Xamis mənə dedi ki, elə bu saat bu evdən çıxaq gedək. Mən də ona, "sən necə istəyirsənsə, elə də edək", - dedim. Səmərruxu çağırıb dedim ki, Nurullanı evə gətir. Səmərrux da uşağı gətirdi.



"Oğlumun boğazından qan axdığını görüb huşumu itirdim"


Xamislə mən uşağı götürüb evdən çıxdıq. Qucağımda olan oğlumla küçə qapısından birinci mən, sonra Xamis çıxdı. Xamis küçə qapısının cəftəsini bağlayan kimi üzünü mənə çevirib sol nahiyəmdən bir dəfə vurdu. Gördüm ki, bədənimdən qan axır. Xamis ikinci dəfə məni vuranda onun əlində bıçaq olduğunu gördüm, qolum boşaldı, uşaq qucağımdan yerə düşdü. Nurulla qışqıraraq ağlamağa başladı. Xamis dizi üstə yerə oturdu, sağ əlində olan bıçaqla Nurullanın boğaz nahiyəsindən yuxarıdan aşağıya doğru zərbə vurdu. Nurullanın boğazından qan çıxmağını görəndə qışqırdım və özümdən getdim. Gözümü açanda gördüm ki, qayınatam Teymurun maşınındayam. Qayınatam məni 3 saylı şəhər klinik xəstəxanasına apardı.



"Lamiyə qışqırıb deyirdi ki, Xamis Nurullanın başını kəsdi"


Şahid qismində dindirilən Səmərrux Babayevanın ifadəsindən:

- Hadisə baş verən gün qardaşım Xamis günorta vaxtı bizə gəldi, həyat yoldaşım Əfqanla yarım litr araqla kotlet yedilər. Xamis yeyib içəndən sonra mənim uşaqlarımı da götürüb öz otağına getdi. Mən də Xamisgilə getdim. Həmin gün qardaşımın oğlu Nurullaya soyuq olmuşdu. Mən soyuq dəyməyə qarşı olan dərmanı Nurullaya içirtdim. Xamis mənim oğlum Elməddinlə və öz oğlu Nurulla ilə evdə vəhşi kimi oynayırdı. Yəni uşaqları boynuna götürüb yerə atırdı. Xamisə, "uşaqlarla bu cür oynama", dedim. Xamis də Nurullanı qarşısına qoyub hər iki üzündən bir neçə dəfə sillə vurdu. Dözməyib Nurullanı Xamisin əlindən alıb öz evimə apardım. Təxminən 10 dəqiqədən sonra Lamiyə mənə, "Nurullanı ver bizə, biz gedirik", - dedi. Uşağı Lamiyəyə verib evə keçdim. Təxminən 5 dəqiqədən sonra küçədən Lamiyənin qışqıraraq, "Xamis Nurullanın başını kəsdi", - deməsini eşitdim.



"Həyat yoldaşım Əfqan Xamisi yerdən qalxızdı ki, Nurullanın başını tam kəsməsinin qarşısını alsın"


Məhəlləyə çıxanda gördüm ki, Lamiyə yerə uzanmış vəziyyətdədir, ayağa qalxmağa çalışır. Ora yaxınlaşanda həyat yoldaşım Əfqan Xamisi yerdən qalxızdı ki, Nurullanın başını tam kəsməsinin qarşısını alsın. Nurullanın boğazından qan axdığını görüb, onu həyətə gətirdim, stolun üstünə qoydum. Küçəyə çıxanda gördüm ki, atamla ərim Xamisi tutublar. Xamisin əlindəki bıçağı götürmək istədim. Atam onun əlinin üstünə təpiklə vurdu, Xamisin əli boşaldı. Tez əyilib, yerdən bıçağı götürdüm və sındırıb məhəlləyə atdım.



"Başımı qaldıranda gördüm ki, nəvəm Nurulla qan içindədir"


Şahid qismində dindirilən Teymur Mursalovun ifadəsindən:

- Hadisə baş verən gün saat 16-17 radələrində gəlinim Lamiyənin qışqırıq səsini eşidib küçəyə çıxdım. Gördüm ki, kürəkənim Əfqan oğlum Xamisin boynunun arxasından yapışaraq onu dizi üstə yerə oturdub. Həmin vaxt Xamisin əlində bıçaq var imiş. Tez gəlib Xamisin əlini ayağımla yerə sıxdım, qızım Səmərrux isə bıçağı alıb bir kənara tulladı. Başımı yuxarı qaldıranda gördüm ki, nəvəm Nurulla qan içindədir, Lamiyə isə yaralı vəziyyətdədir. Həm Lamiyəni, həm də Nurullanı xəstəxanaya aparmaq istədim. Lakin Nurulla artıq öldüyünə görə onu xəstəxanaya aparmadım. Lamiyəni isə öz maşınımla 3 saylı şəhər klinik xəstəxanasına apardım.


Məhkəmənin hökmü ilə Xamis Mursalov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Araq şüşədə gizlənən cin kimidir. Ağzını açmayınca sakit dayanır. Lakin içiləndə cin adamın canına girir və onu idarə etməyə başlayır. Odur ki, araq elə şüşədə qalsa yaxşıdır. Axı cin ancaq nağıllarda adamın üç arzusunu yerinə yetirir...

İnarə Rafiqqızı

O.M.