Natiq Əliyevi karate üzrə dünya çempionu öldürdü

Natiq Əliyevi karate üzrə dünya çempionu öldürdü

16 May 2011 11:13
Bəyəndim (0) Bəyənmədim (0)
Namus ləkəsini qanla yudu

Zərərçəkmişin yaxınları hadisənin heç də namus üstə baş vermədiyini iddia edirlər


Ötən il sentyabrın 4-də Lerik rayonunun "Bərnəsər" adlanan ərazisində Digovdərə kənd sakini Natiq Əliyevə məxsus "UAZ-469" markalı avtomaşın dərəyə aşmış vəziyyətdə, özünün isə üzərində zorakılıq əlamətləri olan meyiti avtomaşının yaxınlığında aşkar edilib. Rayon polis şöbəsinin və rayon prokurorluğu əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Natiq Əliyevin Bakı şəhər sakini, karate üzrə 2-ci dan qara kəmər ustası, dünya çempionu İdrak Vahabov tərəfindən bıçaqla qətlə yetirildiyi üzə çıxıb. İdrak Vahabov CM 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən ittiham olunub.


İstintaq yolu ilə müəyyən edilib ki, İdrak Vahabov Lerik rayonunun Digovdərə kənd sakini Natiq Əliyevin onun II qrup əlil olan əmisi qızı Gültəkin Vahabova ilə cinsi əlaqədə olmasını, qızın hamilə qalmasını və uşağı abort etdirməsini bilib. Bununla əlaqədar o, Natiq Əliyevlə görüşmək, əmisi qızı ilə evlənməyi ona təklif etmək, imtina edəcəyi təqdirdə isə sonuncunu öldürmək məqsədi ilə ötən ilin avqust ayının 29-da Lerik rayonunun Rəzgov kəndində yaşayan qohumu Oqtay Əsgərovgilə gələrək bir neçə gün onlarda qonaq qalıb.


2 sentyabr 2010-cu ildə özünəməxsus UAZ-469 markalı avtomobillə kartof almaq üçün Oqtay Əsgərovun evinə gələn Natiq Əliyevi İdrak Vahabov orada görərək tanıyıb və sonuncudan onu da özü ilə Mistan kəndinə aparmasını xahiş edib. Natiq Əliyev etiraz etməyib. Saat təxminən 22:00 radələrində Rəzgov-Mistan kəndarası yolunun 2-ci kilometrliyində, "Bərnəsər" adlanan yerdə İdrak Vahabov Natiq Əliyevdən avtomobili saxlamağı tələb edib və ona söhbət edəcəklərini bildirib. N.Əliyev avtomobili saxlayandan sonra hər ikisi yerə düşüb. İdrak Vahabov özünü ona təqdim edərək Gültəkinin əmisi oğlu olduğunu deyib və ondan qızla evlənməsini tələb edib. Natiq Əliyev isə etiraz etməklə yanaşı Gültəkin Vahabovanın ünvanına nalayiq ifadələr işlədərək onu "fahişə" adlandırıb. Bununla bağlı onların arasında mübahisə və münaqişə yaranıb.


Münaqişə zamanı İdrak Vahabov Natiq Əliyevin başına yumruqla zərbə endirib. Zərbənin təsirindən Natiq yerə yıxılıb. Qalxmaq istədikdə təkrar həmin nahiyədən yumruqla növbəti zərbəni vurub və bıçaqla bədəninin müxtəlif nahiyələrindən 25 zərbə endirib. Bununla kifayətlənməyən İdrak Vahabov Natiq Əliyevin yol kənarında saxladığı 500 kiloqram kartof məhsulu ilə yüklü olan avtomobilini yarğandan aşağıya doğru itələyib. Avtomobil 145 metr hündürlükdən dərəyə yuvarlanaraq yararsız hala düşüb və avtomobilə 3678 manat dəyərində ziyan dəyib.



"Əmim qızının namusuna toxunduğunu eşitmişdim"


Təqsirləndirilən şəxs qismində dindirilən İdrak Vahabov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, ötən il iyunun sonlarında Lerik rayonunun Digovdərə kənd sakini Natiq Əliyev onun Lerik rayonunun Mistan kəndində yaşayan, anadangəlmə psixi və fiziki xəstə, II qrup əlil olan əmisi qızı Gültəkin Vahabovanı yoldan çıxarıb. Onun sözlərinə görə, bu barədə telefon vasitəsilə Gültəkinin özü ilə danışıb: "Natiqin anadangəlmə xəstə olan əmim qızını yoldan çıxardığını, onunla yaxınlıq etdiyini eşitmişdim. Baş verənlərin nə dərəcədə doğru olub-olmadığını öyrənmək üçün Gültəkinə zəng vurub onunla danışdım.



"İstəyirdim onu tapıb razı salım ki, əmim qızı ilə evlənsin"


Gültəkin yayılan söz-söhbətin həqiqət olduğunu, 2009-cu ilin payız aylarında Natiqin evlərində, arvad kimi alacağını deyib aldadaraq onunla cinsi əlaqədə olmasını, qızlıq bəkarətini pozduğunu təsdiq etdi. Qərara gəldim ki, Natiq Əliyev kimdirsə müəyyən edib onun böyüyü, ağsaqqalı ilə söhbət edib razı salım ki, Natiq Gültəkinlə evlənsin. Natiq Əliyevin Fail adlı özündən böyük qardaşının Bakı-Lerik marşrutu üzrə sərnişindaşıma ilə məşğul olduğunu öyrəndim. Marşrut üzrə sürücü işləyən Fail Əliyevin mobil telefonunun nömrəsini alaraq ona zəng vurdum. Ona qardaşı Natiqin namussuzluq etdiyini, iki nəsil arasında narazılıq yarana biləcəyini dedim. Həmin ləkəni təmizləmək lazım olduğunu bildirdim. Fail cavab verdi ki, Natiq elə iş görübsə, qələt edibdir, onunla danışaram.



"Qohumlarıma kəndə istirahət etmək üçün gəldiyimi söylədim"


Failin qardaşı Natiqlə danışmasını və Natiqin Gültəkinlə evlənəcəyini gözləsəm də, heç bir xəbər çıxmadı. Ona görə 2010-cu il avqust ayının sonlarında qərara gəldim ki, özüm Lerik rayonunun Mistan kəndinə gedim, Natiq Əliyevlə görüşüb söhbət edim, Gültəkinin namusunu ləkələyibsə, onu arvad kimi alıb saxlamağa razı salım. Avqustun 29-da mikroavtobusla Lerikə yola düşdüm. Qohumum Oqtayla telefonla əlaqə saxladıqdan sonra onlara gəldim. İstirahət məqsədilə kəndə gəldiyimi dedim. Natiqlə görüşmək niyyətində olmağım barədə Oqtaya heç nə demədim, ümumiyyətlə, bu barədə heç nə soruşmadım. Oqtayın evində qaldığı günlərdə Natiqi axtardığımı bilməməsi üçün ondan yolla gəlib keçən bütün maşınları soruşurdum ki, Natiqi tanıyım.



"Sən nəslimizin adına ləkə gətirmisən"


Sentyabrın 1-i idi. Günorta saatlarında Oqtaydan UAZ markalı, sarı rəngli maşını göstərib soruşduqda, o, həmin maşının Mistan kəndindən olan Natiqin maşını olduğunu dedi. Ertəsi gün axşam saatlarında Oqtaygilin evinin yaxınlığında Natiqin maşınının dayandığını gördüm. Maşını sürən şəxsin də Natiq olmasını təxmin etdim. Natiq maşından düşüb Oqtaygilin evinə yaxınlaşaraq həyətdə Oqtayla və mənimlə əl verib görüşdü. Ancaq məni tanımadı, heç nə danışmadıq. Oqtayla Natiqin arasında nə isə pul məsələsi var idi. Çünki nəsə bu barədə danışırdılar. Natiq, "başqa yerdə kartof var, gedim götürüb gəlim", deyərək harasa gedib 10-15 dəqiqədən sonra geri qayıtdı. Yenə də Oqtayla nə isə danışıb getmək istəyəndə artıq Natiqlə söhbət eləmək vaxtının çatdığını fikirləşib Mistan kəndində yaşayan Əli adlı şəxsin evinədək məni də aparmasını xahiş etdim. Natiq etiraz etmədi. Mən çantamı da götürüb Natiqin avtomobilinin qabaq oturacağında əyləşdim, yola düşdük. Natiq məndən kimgilə getdiyimi, harada yaşadığımı və işlədiyimi soruşdu. Onun bütün suallarına cavab verdim, yalnız adımı demədim, Natiq də soruşmadı. "Bərnəsər" adlanan əraziyə çatanda sakit tərzdə Natiqə, "maşını kənara çək saxla" dedim. Natiq də nə baş verdiyini, niyə saxlamalı olduğunu soruşanda, "söhbətimiz var, saxla",- deyə cavab verdim. Natiq maşını Mistan kəndi istiqamətdə sağa-yarğanın kənarına çəkib saxladı. Maşından düşdüm. Natiq də maşından düşüb yanıma gəldi. Natiqə Gültəkini bədbəxt etdiyini və evlənmələrinin lazım gəldiyini bildirdim. Ona, "Gültəkini bədbəxt eləmisən, niyə belə hərəkət etdin, nəslimizə ləkə gətirmisən",- dedim.



"O qız məndən əvvəl çoxları ilə gəzib"


Natiq isə günahını boynuna almadı və hətta Gültəkini ittiham etdi. O, Gültəkinin ondan əvvəl çoxları ilə gəzdiyini dedi. Onun bu sözlərindən əsəbiləşərək, "namərd sən özün qələti eləmisən, hələ qıza şər də atırsan?", - dedim.


Sol yumruğumla bir dəfə onun başının sağ tərəfinə zərbə vurdum. Zərbənin təsirindən Natiq yerə yıxıldı. Elə bu vaxt Natiqin UAZ markalı avtomobili birdən öz-özünə hərəkətə gəlib sağa tərəfə istiqamətlənib yarğandan aşağıya tərəf getməyə başladı. Natiq bunu görüb cəld yerdən qalxıb maşına tərəf getsə də, maşına yetişə və salona daxil ola bilmədi. Maşın yolun sağ tərəfindəki yarğana aşdı.



"Başqalarının artığı mənəmi qalıb?"


Natiq isə bundan sonra qızışıb mənim ünvanıma nalayiq söyüş söyməyə başladı. O, "başqalarının artığı mənəmi qalıbdı, başqalarının artığını arvad kimi saxlamalıyammı?", - deyərək, eyni zamanda Gültəkinin ünvanına "fahişə" deyib pis söyüş söydü. Natiqin üstünə cumdum və biz əlbəyaxa olduq.


Natiq özündə olan bıçaqla məni vurmaq istəsə də, cəld tərpənərək bıçağı əlindən aldım və bədəninin müxtəlif nahiyələrinə iki-üç zərbə vurdum. Natiqin can verdiyini, xırıldadığını, təxminən yarım dəqiqə sonra isə öldüyünü gördüm. Piyada Mistan kəndinə getdim. Bıçağı yarğana tulladım. Birbaş əmim qızı Gültəkingilin evinə gəldim. Gültəkinin də, anası Xanımqızın da yatdıqlarına görə onları oyatmadım. Sakitcə hamama gedib yuyundum. Şalvarım qana bulaşdığına görə yuyub sıxıb çantama qoydum. Çantadan idman paltarlarımı götürüb geyindim. Sonra evə keçib yatdım. Səhər oyananda Gültəkinlə anası Xanımqızla görüşüb gecə yatdıqlarına görə onları oyatmadığını bildirdim. Onlara, "Rəzgov kəndinə qonaq gəlmişdim, gecə gəldim ki, sizinlə də görüşüm",- dedim. Sonra bir stəkan çay içib, "tələsirəm" deyib piyada yola çıxdım. Əvvəl Lənkərana, oradansa Bakı şəhərinə yollandım. Axşamüstü evimizə çatdım. Ailə üzvlərimlə görüşüb özümü elə oradaca da polisə təqdim etmək qərarına gəldim. 31-ci polis bölməsinə gedib təqsirini etiraf edərək təslim oldum".



"Qızım sənin ərindən hamilə qalıb"


Zərərçəkmiş şəxs qismində dindirilən Azadə Kazımova (mərhumun həyat yoldaşı) ifadəsində ərinin əvvəlcə qəzaya uğradığını eşitdiklərini göstərib: "Sonuncu dəfə Natiq sentyabrın 2-si səhər tezdən evdən çıxdı. Evdən çıxanda "iki-üç gün evə gəlməyəcəyəm", dediyinə görə Natiqə zəng vurmadım. Həmin gecə ərim evə gəlmədi, mən də Natiqə zəng vurmadım. Ertəsi gün nə qədər zəng vursam da Natiqin telefonuna zəng çatmadı. Sentyabrın 4-də ərim Natiqin "Bərnəsər"də avariyaya düşdüyünü eşitdim. Sonradan xəbər çıxdı ki, Natiqi əslən rayonun Mistan kəndindən olan İdrak Vahabov bıçaqla vurub öldürüb. Natiqin ölümündə konkret olaraq İdrak Vahabovu təqsirli bilirirəm. Ancaq Natiqi öldürməkdə Asya Babayevanın və onun qardaşı Asəf Vahabovun kömək etmələrindən şübhələnirəm. Hətta Natiqi öldürməyə görə Asya İdraka pul da verib. 2010-cu ilin mart ayında Gültəkinin anası Xanımqız bizə gəlib qızının ərim Natiqdən uşağa qaldığını, Natiqin də onu aparıb Lənkəranda abort elətdirdiyini bildirdi.



"Yalandı, mən heç vaxt sənin qızınla yaxınlıq etməmişəm"


Həmin vaxt Natiq də evdə idi. Bunu eşidən kimi o, "yalandı, mən heç vaxt sənin qızın Gültəkinlə cinsi əlaqədə olmamışam, məndən uşağa qalmayıb, mən sənin qızını taksi kimi pulunu alıb Lənkərana xəstəxanaya aparmışam, sənin qızınla evlənə bilmərəm, özümün arvadım-uşağım var",- dedi. Xanımqız da narazılıq edib getdi. 2010-cu il mart ayının ortalarında Xanımqızın Bakı şəhərində yaşayan oğlu Asəf Vahabov bu barədə söhbət etmək üçün bizə gəldilər.



"Ömrümə bir gün də qalsa, ondan qisasımı alacağam"


Yenə də istər Xanımqız, istərsə də Asəf Natiqin Gültəkinlə dini yolla kəbin kəsdirməsini tələb etdilər. Aramızda heç bir mübahisə olmadı. Asəfə söz verib dedim ki, dəqiq öyrənərəm, əgər Natiq elə bir iş görübsə Gültəkinlə kəbin kəsdirər. Gültəkinin qardaşı Asəf dedi ki, Natiq bacımla evlənməsə, kəbin kağızını gətirməsən, ömrümə bir gün də qalsa ondan qisasımı alacağam. Təxminən 2 ay sonra isə Xanımqız (Gültəkinin anası-red.) evimizə gəlib ərimin kartofa görə ona 100 manat pul verməli olduğunu dedi. Bundan əvvəl isə Natiq kartofun pulunu vermək istəyəndə Xanımqız götürməyib, pulun əvəzində Gültəkini Lənkərana həkimə aparmağı xahiş edib.

Natiq Gültəkini həkimə apardığını desə də, konkret olaraq hansı tibb müəssisəsində, hansı həkimdə abort olunduğunu deməyib. Gültəkin 2010-cu ilin mart ayında əvvəllər bir neçə şəxslə cinsi əlaqədə olmasını mənə demişdi.


Mərhum ərim 2006-cı ilin mart ayında 1200 dollara ZİL markalı yük maşını almışdı. Həmin dövrdə kənddə usta işləyən Asəf maşının kabinkasını qaynaq edərək, bəzi elektrik işləri görmüşdü. Ancaq, təmirə görə Natiq Asəfə borclu olduğu 300 dolları verməmişdi. Ona görə də belə qərara gəldilər ki, Asəf maşını aparıb Bakı şəhərində işlətsin, təmirin pulu bu qaydada ödəniləndən sonra isə şərikinə işlətsinlər. Asəf maşını Bakıya aparıb 3 ay yarım işlətsə də, Natiqə bir qəpik də pul vermədi. Həmin ərəfələrdə Asəfin Lerik polisi tərəfindən narkotik vasitə üstündə tutulması barədə xəbər yayıldı. (Qeyd edək ki, Asəf Vahabovun narkotik vasitə əldə etməsi, qəbul etməsi, daşıması və satması barədə Lerik RPŞ-də heç bir təqsirləndirici material qeydə alınmayıb).


Natiq gedib maşını Bakı şəhərindən götürüb Binə qəsəbəsində yaşayan qohumu Nəcəfin həyətinə qoydu. Təxminən 2 ay sonra Nəcəf ərimə zəng edib Asəfin öz əmisi oğlu İdrak və qardaşı Əlisəfa ilə birlikdə onun evinə gedib hədə-qorxu gələrək maşını apardıqlarını bildirib. Natiq özü bir dəfə Bakıya getsə də, maşını ona vermədilər. Asəf ondan "maşına xərcim çıxıb" deyib maşını qaytarmağa görə ya 1000 dollar, ya da maşını şərikinə işlətməyi tələb etmişdi. Sonradan Natiq anası Gülpəri ilə birlikdə yenidən Bakıya getmiş, Asəflə söhbət edib tələb elədiyi 1000 yox, cəmi ona 500 dollar pul vermişdilər, maşını isə götürüb Biləsuvar rayonunda yaşayan digər qardaşı Naibin həyətinə gətirmişdilər. Sonralar bir neçə dəfə Asəf Natiqə zəng edib maşını gətirdiyinə görə onu öldürəcəyi ilə hədələmişdi. Dəfələrlə onların telefonda mübahisə etdiklərini şahidi olmuşam.


Bundan başqa, Natiq özü mənə demişdi ki, Gültəkinin Bakı şəhərində yaşayan bacısı Asya da zəng vuraraq Gültəkinlə evlənməyi tələb edib, əks təqdirdə onu tutduracağı ilə hədələyib.

Həyat yoldaşımla İdrak Vahabov heç vaxt bir-birilərini tanımayıblar. Bütün bunlara görə də şübhələnirəm ki, Natiqi İdrak Vahabov Asya ilə Asəfin sifarişi ilə öldürüb.


İdrak Natiqi öldürüb, sonra isə onun UAZ markalı maşınını yarğandan aşırdıb. Bunlardan başqa maşının texniki pasportu, etibarnaməsi və sürücülük vəsiqəsi də yoxa çıxıb. Çox güman ki, İdrak onu öldürəndən sonra sənədləri də pulla birlikdə götürüb. Natiqin üstündə 1400 manat pul olduğunu məndən başqa heç kim bilmirdi".



"Ona inandım"


Şahid qismində dindirilən Gültəkin Vahabova ifadəsində anası Xanımqızla birlikdə yaşadığını, 2-ci qrup əlil olduğunu və heç zaman ailə qurmadığını göstərib: "Natiqi Digovdərə kənd sakini kimi tanıyıram. O, özünün UAZ markalı avtomobili ilə kənd təsərrüfat mallarının alveri ilə məşğul olurdu. 2009-cu ilin payızında Natiq bizə satmağa xurma gətirmişdi. Səhəri gün isə yenə də axşam saatlarında kartof almağa gəldi. Mən həyətdə torpaqdan düzəldilmiş "kartof çola"da kisələri tutdum, Natiqsə kartofları doldurdu. Həmin vaxt Lənkəran rayonundan daha bir nəfər - tanımadığım alverçi, yaşlı kişi də gəlmişdi. Anam Xanımqız həmin kişi ilə birlikdə evin əks tərəfində motal pendiri çəkib satmağa getdi. Natiqə dedim ki, mən heyvanlarımı yemləməliyəm, gedirəm, sən özün doldur. Natiqsə məni dilə tutub kömək eləməyimi xahiş etdi, mən də razılaşdım. Elə bu vaxt gözləmədiyim halda qollarımdan tutub məni yerə yıxdı, əli ilə ağzımı tutdu. "Lənkəranda sənin üçün ev alıb səni orada arvad kimi saxlayacağam", dedi. Onun sözlərinə inanıb güvəndiyim üçün müqavimət göstərmədim...



"Məcbur olub hər şeyi anama danışdım"


Natiq kartofları maşınına yükləyib mənə, "səhər gəlib səni aparacam", deyib çıxıb getdi. Hər kiloqramı 60 qəpikdən olmaqla ona 400 kiloqram kartof satmışam. Kartofun pulu 240 manat etmişdi. Natiq kartofun pulunu da 1-2 günə gətirəcəyini söz verdi. Mən baş verənlər barədə anama heç nə demədim. Natiqsə söz verdiyi kimi nə səhəri gün, nə də başqa günlərdə gəlmədi, heç apardığı kartofa görə borclu olduğu 240 manat pulu da gətirmədi. Onda bildim ki, məni aldadıb cinsi əlaqədə olub, qızlıq bəkarətimi pozub. Utandığımdan anama və digər qohum-qonşulara heç nə demədim. Təxminən iki-üç ay keçəndən sonra isə özümdə ürək bulanma, baş gicəllənmə olduğunu hiss elədim, hamilə qaldığımı anladım. 2010-cu ilin mart ayında dəqiq xatırlamadığım gün anama yalandan, "bayramqabağıdır, Lerikə gedirəm ev üçün pərdə almağa", deyib səhəri gün Lerik şəhərinə gəldim. Lerik xəstəxanasında qadın həkimi Sidiqənin yanına gəlib yalandan bildirdim ki, evliyəm, 4 uşağım var, indi də hamilə qalmışam, abort elətdirmək istəyirəm. Sidiqə həkim məni müayinə eləyib uşağın böyük olduğunu, abort edə bilməyəcəyini dedi. Qayıdanda bildim ki, artıq Lerik xəstəxanasından kəndə xəbər göndəriblər. Anam mənim hamilə qaldığımı bildiyinə görə ona Natiq tərəfindən aldadıldığımı dedim.



"Məni aparıb arvad kimi saxlayacağına söz verdi"


Bunlardan xəbər tutan Natiq Əliyev axşam bizə gəlib, "gedək Lənkəranda abort etdirək", - dedi, mən də razılaşdım. Natiqin maşını ilə gecə vaxtı Lənkərana yollandıq. Lənkəran-Lerik avtomobil yolunun hansısa hissəsində 2 dəfə Natiq maşını saxlayıb məni düşürüb məcburən intim əlaqəyə girdi. Lənkəran şəhərinə gecə yarısı çatdıq. Hansısa hündürmərtəbəli bina evinə, ailə yaşayan bir evə getdik. Həmin evdə bizə otaq verdilər. Orada gecə yatanda Natiq mənimlə yenə də yaxınlıq etdi. Həmin evi tanımıram, ev sahiblərinin adını bilmirəm. Səhəri gün isə məni xəstəxanaya apardı və orada abort etdirdi. Həkim mənə 3 ay yarımlıq hamilə olduğumu bildirdi. Natiqin sözü ilə həmin həkimi də aldadıb 28 yaşım olduğunu, 4 uşağım olduğunu dedim. Sonra Natiq məni öz maşını ilə Lerikə qaytardı. Hələ evdən çıxanda Natiq pul istədi, mən də 40 manat pensiya pulumu Natiqə verdim. Geri qayıdanda isə kartofa görə borclu olduğu 240 manatı da həkimə verdiyini dedi. Yenə də gəlib məni aparacağına, arvad kimi saxlayacağına söz verdi.



"Əvvəllər heç kimlə yaxınlıq etməmişəm"


2010-cu ilin yay aylarında Bakı şəhərində yaşayan əmim oğlu İdrakın arvadı övladları ilə kəndə istirahətə gələndə bütün baş verənləri bildi. Sonradan bilmişəm ki, Bakıya gedəndə Natiqin namusuma sataşdığını ərinə danışıb. Ötən ilin sentyabr ayının 3-də yuxudan oyananda əmim oğlu İdrakın bizdə olduğunu gördüm. İdrakın deməsinə görə, Rəzgov kəndindən gələndə gecəyə düşüb, bizim yatdığımızı görüb oyatmayıb, otaqların birində elə yerdəcə, xalçanın üstünə uzanıb yatıb. İdrak Bakıya qayıtmalı olduğunu deyib çay içdi. O, çay içəndə mən tövləyə inək sağmağa getmişdim, qayıdanda İdrakın getdiyini gördüm.


Əvvəllər İdrakın Natiq Əliyevi öldürməklə hədələdiyi eşitməmişəm. İdrak bizə gələndə nə mənə, nə də anama Natiqi qətlə yetirməsi barədə heç nə demədi, yalnız yolüstü hal-əhval tutmağa gəldiyini dedi. Ertəsi gün eşitdim ki, əmim oğlu İdrak Natiqi Rəzgov-Mistan yolunda öldürüb. Mən əvvəllər heç kimlə cinsi əlaqədə olmamışam".



"Bu hadisəni törətmisən, gəl qıza yiyə dur"


Şahid qismində dindirilən Xanımqız Vahabova ifadəsində bir oğlunun vətən uğrunda şəhid olduğunu, digər iki oğlunun isə Bakı şəhərində yaşadığını göstərib: "İki qızım da Bakıda yaşayır. 2010-cu ilin mart ayında Gültəkinin Digovdərə kənd sakini Natiq Əliyevdən hamilə qaldığını bilmişəm. Gültəkin mənə danışdı ki, 2009-cu ildə Natiq bizə kartof almağa gələndə onunla cinsi əlaqədə olub. Gültəkin hamilə olduğunu biləndə mənim xəbərim olmadan Lerikə həkimə gedib. Lerikdən qayıdıb gələndən sonra icra nümayəndəsi Əlişan Natiqə zəng edib, "bu hadisəni törətmisən, gəl qıza yiyə dur", dedi. Həmin gecə Natiq tək gəlib Gültəkini apardı. Mənə dedi ki, Lənkərana həkimə aparıram. Onlar səhəri gün qayıtdılar. Gültəkin evə tək qayıdıb Natiqin onu Lənkəran şəhərində abort elətdirib gətirib yolda düşürdüyünü bildirdi.


Sonrakı gün Natiqin evinə getdim. Həm özü, həm də arvadı ilə görüşdüm. Natiq dedi ki, qızı alacaq, məni inandırdı, mən də evə qayıtdım. Müxtəlif vaxtlarda cəmi 4 dəfə onun evinə getmişəm. Sonuncu dəfə Natiq ümumiyyətlə mənim qarşıma çıxmadı. Baş verənlər barədə Bakı şəhərində yaşayan digər övladlarıma heç nə deməsəm də, məlumat almışdılar. O cümlədən Bakıda yaşayan qaynım oğlu İdrak da hadisə barədə xəbər tutmuşdu. İdrakın Natiqi öldürməklə hədələməsini eşitməmişəm. 3 sentyabr 2010-cu ildə səhər yuxudan oyananda gördüm ki, İdrak bizdədir. İdrak istirahət etmək üçün Rəzgov kəndinə gəldiyini dedi. Sonra Bakıya getməli olduğunu deyib piyada çıxıb getdi. Onun gecə kiminlə, hansı avtomobillə gəldiyini bilməmişəm, soruşmamışam. İdrak Natiqlə görüşməsi, onu qətlə yetirməsi barədə bizə heç nə deməyib. Qızımın zorlanması barədə Lerik RPŞ-ə şikayətə gedəndə bir nəfər polis əməkdaşı qızımı Lənkərana tibbi ekspertə aparmaq lazım olduğunu bildirdi. Mən də imkansız olduğuma görə Lənkərana getmədim".



Və sair...


Mərhumun anası Gülpəri Əliyeva məhkəməyə verdiyi ifadəsində bildirib ki, oğlu Natiq Əliyev abırlı bir oğlan olub. Mərhumun anasının sözlərinə görə, oğlunun Gültəkin Vahabova ilə cinsi əlaqədə olması barədə deyilənlər əsassızdır. Oğlunun pul üstündə öldürüldüyünü deyən ana cinayətin başqa iştirakçılarının da olduğunu bildirib. O qeyd edib ki, İdrak Vahabov oğlunu qardaşı və əmisi oğulları ilə birlikdə öldürüb. Ana oğlunu öldürən digər şəxslərin də məsuliyyətə cəlb edilməsini istəyib.


İstintaq sənədlərində qeyd olunanlara görə, Natiq Əliyev 2009-cu ilin payız aylarında kartof almaq məqsədi ilə Gültəkin Vahabovanın yaşadığı evdə olarkən onun fiziki və psixi çatışmazlığından istifadə etməklə, onunla cinsi əlaqədə olaraq qızlıq bəkarətini pozub. Gültəkin Vahabova əvvəllər heç kimlə yaxın münasibətdə olmayıb, yalnız 2009-cu ilin payızında Natiq Əliyevlə cinsi əlaqədə olaraq ondan hamilə qalıb və 10 mart 2010-cu ildə Natiq Əliyevin özü ilə gedib Lənkəran şəhərində "sağlam ailə" tibb mərkəzində abort olunub.


Həmin hərəkətləri ilə Natiq Əliyev AR CM-nin 149.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunub. Lakin Natiq Əliyev həmin cinayəti törətdikdən sonra öldüyünə görə AR CPM-nin 39.1.5-ci maddəsinin tələbinə əsasən onun barəsində cinayət təqibi başlana bilməz.



QEYD: Məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ağababa Babayevin sədrliyi ilə keçirilib. Məhkəmənin hökmü ilə İdrak Vahabov 15 il müddətinə azadlıqdan məhrum edilib.



Ehtiras yataqda yaranan və oradaca ölən ani bir hissdir. Ona görə bütöv bir həyatı qurban verməyə dəyərmi?..

İnarə Rafiqqızı

O.M.