“E.Abdullayev qohumları ilə əlbir olaraq qardaşını öldürüb”

“E.Abdullayev qohumları ilə əlbir olaraq qardaşını öldürüb”

21 Avqust 2013 20:26
Bəyəndim (0) Bəyənmədim (0)
Bu gün Elşad Abdullayev məsələsi ilə bağlı şok faktlar üzə çıxdı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin işi ilə əlaqədar tutulan iş adamı Arzu Kazımovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə A. Kazımovun vəkili Ramiz Zeynalov müdafiə nitqi ilə çıxış edib. R.Zeynalov bildirib ki, E.Abdullayevin itkin düşən qardaşı Mahir Abdullayevin istintaqı üzrə Cinayət Məcəlləsinin 144..2.3, 144.2.4, 144.2.6-cı (adam oğurluğu) maddəsi ilə istintaq başlanıb. Vəkilin sözlərinə görə, 105157 saylı cinayət işindən Arzu Kazımovun barəsində ayrıca cinayət işi ayrılıb. Vəkilin bildirdiyinə görə, cinayət işinin ayrılmasına səbəb isə istintaqı davam etdirilən cinayət işinin istintaq sirrinin yayılması olub.

R.Zeynalov bildirib ki, M.Abdullayev 20 milyon manat və xeyli miqdarda qızıl götürərək Kürdəmir rayonunda və başqa-başqa yerlərdə gizlənib. Onun sözlərinə görə, E.Abdullayevdə bu səbəbdən digər qohumları ilə birləşərək M.Abdullayevi öldürüb: "Bütün bu faktlar yaxın zamanlarda ortaya çıxacaq. Bizdə olan məlumata görə, istintaq orqanı da bu istiqamətdə əməliyyat tədbirlərini davam etdirir".

Vəkil daha sonra bildirib ki, M.Abdullayevin qardaşı tərəfindən öldürülməsi sübuta yetirilib. Vəkil qeyd edib ki, E.Abdullayev cinayət əməlini gizlətmək məqsədi ilə başqa-başqa yollara əl atıb: "Mahir Abdullayevin oğurlanması ilə bağlı başlanan istintaq dövründə Elşad Abdullayev dəfələrlə istintaqa dəvət edilsə də, o, istintaqa ifadə verməkdən boyun qaçırıb. Elşad Abdullayev istintaqa saxta məlumatlar verib. Bununla da istintaqın gedişini yayındırıb".

R.Zeynalov əlavə olaraq bildirib ki, E.Abdullayevin yaydığı videolar cinayət işində sübut kimi qəbul edilə bilməz: "Çünki həmin videolar qanuni yolla çəkilməyib. Buna görə də həmin videolar hökmün əsasına qoyula bilməz. Dövlət ittihamçısının çıxışının sübutlara qiymət vermə hissəsi ilə razı deyiləm. Arzu Kazımovun təqsirsiz olması həm istintaq dövründə, həm də məhkəmə dövründə aydın olub".

Daha sonra vəkil E.Abdullayevin rəhbəri olduğu ABU haqqında danışıb. Bildirib ki, son illər ABU-da gərginlik yaranıb: "Elşad Abdullayev rəhbərlik etdiyi Azərbaycan Beynəlxalq Universitetini korrupsiya yuvasına çevirib. Həmin universitetdə Elşad Abdullayevlə yanaşı qardaşları – Eldəniz, İsmayıl, Mahir, qayınatası Hüseyn Əhmədov və digər qohumları rəhbərlik edib. Bir sözlə, Elşad Abdullayev bu universiteti ailə podratına çevirib. Belə olan halda da həmin universitetdə elmin aparılmasından söhbət gedə bilməz. Bildiyiniz kimi həmin universitetin hüquqlarının müdafiə komitəsi yaradılıb və həmin komitənin rəhbəri də mən olmuşam. Bu günə kimi həmin universitetdə təhsili yarımçıq qalmış 3 min tələbəni dindirmişik. Dindirdiyimiz bütün tələbələr imtahanları pulla verdiklərini, həmçinin diplom alanlar pul ödəmədən diplom ala bilmədiklərini qeyd ediblər. Bakının mərkəzində tələbələrin təhsil aldığı müəssisəni korrupsiya, rüşvət yuvasına çevirən Elşad Abdullayevin barəsində tədbir görülməyib. Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası həmin universitetdə dəfələrlə yoxlamalar aparıb. Həmin yoxlamalar nəticəsində müəyyən edilib ki, Dağıstanın 4 universitetindən bura tələbə qəbulu köçürülməsi həyata keçirilib, həmin tələbələr birinci kurs təhsili almayıblar. Bu faktlar Təhsil Nazirliyinin kollegiyalarında öz əksini tapıb və bununla bağlı fikirlər səslənib. Buna baxmayaraq, qanunsuzluğun qarşısının alınması üçün tədbir görülməyib. Səbəb isə Elşad Abdullayevin hakimiyyətinin siyasi qolunun bir hissəsində yer alan şəxslər tərəfindən himayə edilməsi olub. Bu da Elşad Abdullayevin korrupsiya cinayətlərini davam etdirməsi ilə nəticələnib. Biz Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə İdarəsinə Elşad Abdullayevin əməlləri ilə bağlı faktlar vermişik, həmin faktlar üzrə istintaq davam edir".

R.Zeynalov həmçinin E.Abdullayevin bəzi mətbuat orqanlarında etdiyi çıxışlarına da toxunub: "Elşad Abdullayev çıxışlarında vətəndaşları hakimiyyətə qarşı çıxmağa çağırış edir. Vətəndaşları üsyana qaldırmaq istəyir, məqsədi Azərbaycanda xaos yaratmaqdır. Bunun da qarşısının alınması üçün tədbirlər görülməlidir".

Vəkilin sözlərinə görə, E.Abdullayev kriminalistik sxem yaradıb və həmin sxemə əsasən guya qardaşını öldürüblər: "Amma qardaşı Elşad Abdullayevin özü və yaxın qohumları tərəfindən həyata keçirilib. Elşad Abdullayev öz cinayət əməlini gizlətmək məqsədilə qardaşının guya kimlərsə tərəfindən oğurlanaraq öldürülməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayır. Elşad Abdullayev Azərbaycanda şər atmadığı general qalmayıb. O, elə adamların adını çəkir ki, onların Mahir Abdullayevə aidiyyatı yoxdur. Mahir Abdullayev kim olub ki, həmin şəxslər tərəfindən oğurlansın, sonra da öldürülsün. Mahir Abdullayev mühüm bir fiqur olmayıb. Elşad Abdullayev cinayət əməllərini gizlətmək məqsədi ilə başqa-başqa şəxslərə şər atmaqla məşğuldur".

R.Zeynalov qeyd edib ki, M.Abdullayev itkin düşəndən sonra avtomaşını tapılsa da, həmin avtomobil istintaqa üç aydan sonra təqdim edilib. Vəkilin sözlərinə görə, avtomaşında olan qan izləri təmizlənib və Elşad Abdullayev tərəfindən maddi sübutlar məhv edilib: "Belə olan halda Elşad Abdullayevin əməlinə xüsusi qiymət verilməlidir. Dövlət ittihamçısının Elsevər Abdullayevin barəsində xüsusi qərarın çıxarılması ilə bağlı çıxışını alqışlayırıq. Çünki Elsevər Abdullayev Baş prokurorluqda mühüm vəzifədə işlədiyi halda hadisələrin gedişində iştirak edib. Mahir Abdullayevə məxsus içində şəxsi sənədləri olan torba Balaxanı zibilliyindən tapılıb. Həmin sənədləri tapan şəxs hüquq-mühafizə orqanlarına təqdim edib. Bundan sonra Elsevər Abdullayev Balaxanı qəsəbəsinə gedib və həmin sənədləri tapan şəxsi təhdid edib. Bununla da Elsevər Abdullayev vəzifə səlahiyyətlərini aşıb".

Elsevər Abdullayevin qanunsuz əməllərindən danışan vəkil onun Mahir Abdullayevin cinayət işi əlaqədar bir sıra sübutları istintaqdan gizlədiyini söyləyib: "Həmin dövrdə Elsevər Abdullayev Qaradağ rayon Yol Polisi İdarəsinin əməkdaşını təhqir edib, daha sonra Mahirə məxsus sənədlər Balaxanı zibilliyindən bir nəfər tərəfindən tapılıb və Mahirin həyat yoldaşı Gültəkin xanıma təqdim edilib. O isə həmin adamı taparaq təhqir edib. Bütün bunlarla bağlı onun barəsində cinayət təqibi başladılmalıdır. Bundan əlavə, Mahir Abdullayevə məxsus avtomobil tapılarkən orada qan izləri və qadına məxsus sarı rəngli saç tükləri aşkar edilib. Lakin sonradan həmin maddi sübut və qan izləri maşından yoxa çıxıb. Elsevər bunları bilsə də, istintaqa heç bir məlumat verməyib ".

R.Zeynalov A. Kazımovun deputat və tanınmış iş adamı olduğunu qeyd edib: "Onun inşa etdiyi binada prezident olub və o binadakı evlərdən biri şahmatçı Teymur Rəcəbova verilib. Yəni prezident də Arzu Kazımovun kiminlə şərik olduğunu, iş adamı olduğunu bilib. Onun Mahirin işində heç bir canfəşanlığı olmayıb".

R.Zeynalov bildirib ki, Arzu Kazımova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham verilib. Onun sözlərinə görə, həmin ittihamla A.Kazımov 10 aydır qanunsuz olaraq həbsdə saxlanılır: "Arzu Kazımovun əməlində cinayət tərkibi yoxdur. Arzu Kazımov Mahir Abdullayevin oğurlanmasında, onun tapılması ilə bağlı aparılan proseslərdə hər hansı bir iş görməyib. Elşad Abdullayev Arzu Kazımovu xüsusi ilə ağır cinayətdə ittiham edib. Bununla da Elşad Abdullayevin barəsində ciddi tədbir görülməlidir".

Vəkil çıxışının sonunda A.Kazımovun barəsində bəraət hökmünün çıxarılmasını və məhkəmə zalından dərhal azadlığa buraxılmasını hakimlərdən istəyib. Daha sonra replika çıxışı edən dövlət ittihamçısı Ramazan Hadıyev bildirib ki, E.Abdullayevin kütləvi çağırışlar etməsinə əsas yoxdur. Hakimiyyətin güclü olduğunu və xalq tərəfindən dəstəkləndiyini vurğulayan prokuror əlavə edib ki, Elsevər Abdullayevlə bağlı xüsusi qərarın çıxarılmasında bütün qanunsuzluqlar qeyd edilib. A.Kazımovun şəxsiyyətindən danışan prokuror onun barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edilməsini və 4 il müddətinə azadlıqdan məhrum edilməsini hakimlərdən xahiş edib. Avqustun 23-də məhkəmə iclası A.Kazımovun çıxışı ilə davam etdiriləcək.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı A.Kazımovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini və E.Abdullayevin qardaşı Elsevər Abdullayev barəsində xüsusi qərardad çıxarılmasını və onunla bağlı cinayət təqibi başlanılmasını məhkəmədən xahiş edib.

Qeyd edək ki, A.Kazımov özünü Mənzil-Tikinti Kooperativinin rəhbəri kimi qələmə verməklə müxtəlif vəzifəli şəxslərlə münasibətlərinin olmasını əsas gətirib, Mahir Abdullayevi tapa biləcəyi barədə həqiqətə uyğun olmayan yalan vədlər verərək yaxın münasibətlərdə olduğu E. Abdullayevdən ümumilikdə 1.500.000 ABŞ dolları məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirməklə dələduzluq etməkdə təqsirləndirilir.

İstintaqla Arzu Kazımovun törətdiyi cinayətdə hər hansı digər şəxsin, daxili işlər nazirinin sabiq müavini mərhum Zahid Dünyamalıyevin iştirakı müəyyən edilmədiyindən, işin bu hissəsinin cinayət təqibinə xitam verilib.

İnarə Rafiqqızı