Bakıda baş verən insanlıq faciəsi

Bakıda baş verən insanlıq faciəsi

7 May 2011 18:32
Bəyəndim (0) Bəyənmədim (0)
Qohumunu narahat edəni qanına qəltan etdi


Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Bakı şəhər sakini Şirəli Hacıyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Məhkəmə prosesi hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilir.


İttihama görə, Binəqədi rayonu 7-ci mikrorayon Süleyman Sani Axundov küçəsi 13/37 ünvanında 1979-cu il təvəllüdlü Aslanov İlqar Xanlar oğlu naməlum şəxs tərəfindən qətlə yetirilib. Mərhum binanın girişində aldığı çoxsaylı bıçaq zərbələri nəticəsində elə dəhlizdəcə keçinib.


Cinayətin qeydə alındığı ünvanın müayinəsi və sakinlərin ilkin izahatları zamanı qətlə yetirilən şəxsin hadisə baş verən binada yaşamadığı məlum olub. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində İlqar Aslanovu qətlə yetirən 27 yaşlı Şirəli Hacıyev şübhəli şəxs qismində saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, ölən şəxs mütəmadi olaraq Şirəli Hacıyevin 7-ci mikrorayon Süleyman Sani Axundov 13/37, mənzil 10 ünvanında kirayə yaşayan bibisi qızı 34 yaşlı Ruhiyyə Abbasovanı narahat edirmiş. Bir uşaq anası olan Abbasova İlqarın hərəkətlərindən cana doyduğundan bu barədə dayısı oğlu Şirəli Hacıyevi məlumatlandırmaq qərarına gəlib. Hadisə günü bibisi qızının yaşadığı ünvanda İlqarın yenidən Ruhiyyəni narahat etdiyini görən Şirəli sonda çıxış yolunu Aslanovu qətlə yetirməkdə görüb.

Qeyd edək ki, hadisə vaxtı Şirəli və İlqarın mübahisə etdiyini görən Ruhiyyə Abbasova tərəfləri ayırmağa cəhd göstərərkən özü də əl nahiyəsindən yüngül dərəcəli bıçaq xəsarətləri alıb.



"Sən mənim olmalısan"


Təqsirləndirilən şəxs qismində dindirilən Şirəli Hacıyev ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində İlqarı üzdən tanımasa da, onunla dəfələrlə telefonda danışdığını göstərib: "Ruhiyyə atamın əmisi nəvəsidir. Həyat yoldaşından ayrılıb, təxminən 8-9 ay olar ki, 15 yaşlı qızı ilə kirayədə yaşayır və Əlillərin Bərpa Mərkəzində tibb bacısı işləyir. Bir qohum kimi arada gedib onlara baş çəkirəm. Son vaxtlar Ruhiyyənin işlədiyi xəstəxanada İlqar adlı bir nəfər onu istəyirdi. Lakin Ruhiyyə buna razı deyildi. Ona görə də İlqar onu hədələyirdi. Bir dəfə İlqar mənə zəng edib soruşdu ki, sən kimsən, Ruhiyyənin nəyisən? Dedim ki, qohumuyam. O, Ruhiyyə barəsində xoşagəlməz sözlər danışdı. Ruhiyyədən soruşdum ki, bu kimdir? Dedi ki, adı İlqardır, onun xəstəsi olub, əl çəkmir, evlənmək istəyir, güdür, bıçaqla hədələyir ki, mənim olmalısan.



"Qızını da ələ keçirəcəyəm"


İlqara zəng vurub dedim ki, Ruhiyyədən əl çək, onunla işin olmasın. İlqarsa, "Hələ onun qızı Fatmanı da ələ keçirəcəyəm", - deyə cavab verdi. Mən də Fatmanı istəyirdim. Ona dedim ki, Fatma ilə işin olmasın, yoxsa mənimlə söhbət eləməli olacaqsan. İlqarsa cavabında, "Bu mənim şəxsi işimdir, ümumiyyətlə Ruhiyyə də, qızı da mənim olacaq", - dedi.

Bununla bağlı İlqarla telefonda mübahisə etdim.


21 dekabr 2010-cu ildə Ruhiyyəyə zəng vurub axşam onlara gələcəyəmi söylədim. O, mənə axşam saat 21-də işdən çıxacağını bildirdi. Həmin gün Ruhiyyə ilə telefonda danışanda İlqarın yenə də onun iş yerinə gəlib güddüyünü, bundan çox narahat olduğunu dedi.



"Bıçağı Ruhiyyənin boğazına dirədiyini gördüm"


Ruhiyyəni təhlükə gözlədiyini başa düşüb qərara gəldim ki, onun özü ilə təklikdə söhbət edim. Çünki istəmirdim ki, Ruhiyyənin qızı Fatma baş verənlərdən xəbərdar olsun.

Təxminən saat 21 radələrində Ruhiyyəgilə gəldim və binanın qarşısında onu gözləməyə başladım. Bu vaxt İlqarın da blokun qabağında dayandığını gördüm. Mən onu üzdən görməmişdim, şifahi tanıyırdım. Siqaret almaq üçün yaxınlıqdakı mağazaya getdim. Qayıdanda Ruhiyyənin həmin şəxslə - İlqarla mübahisə etdiyini gördüm. Ruhiyyə ona "Rədd ol burdan, yoxsa polis çağıraram", - dedikdə, İlqar qızın boynundan tutub bloka dartdı. Mən bunu görüb əsəbiləşdim, iti addımlarla onlara yaxınlaşdıqda İlqarın bıçağı Ruhiyyənin boğazına dirədiyini gördüm.



"İlqarı vurmaq fikrim olmayıb"


Ruhiyyədən "bu kimdir" deyə soruşdum. Ruhiyyə "İlqardır" dedikdə, özümdən asılı olmayaraq üstümdə olan bıçaqla onu vurmağa başladım. Ruhiyyə aramızda qaldı. Ona dedim ki, qaç polis çağır. Bu zaman bıçaq sağ əlimi kəsdi. Ruhiyyənin də əli kəsilmişdi. Mənim İlqarı vurmaq fikri olmayıb. Sadəcə olaraq, Ruhiyyənin hücuma məruz qaldığını görüb, onu qorumaq məqsədi ilə İlqarı vurmuşam. İlqar yerə oturdu, bu vaxt əlimin kəsildiyini görüb cibimdən dəsmal çıxararaq əlimi sarıdım. Sonra küçəyə çıxıb yoldan keçən taksi ilə evə getdim. Əvvəlcə cinayəti gizlətmək istədim. Bıçağı və əlimin qanlı əskisini həyətdəki ayaqyoluna atdım, paltarımı, ayaqqabılarımı hamamda yudum. Sonra Ruhiyyəyə polisə zəng vurmasını tapşırdığımı yada salıb fikrimi dəyişdim və polisə gedib hadisə barədə məlumat verməyi qərara aldım. Qardaşım Cavidə zəng vurub əlimi işdə kəsdiyimi, gəlib məni həkimə aparmasını dedim. Cavid dostu ilə gəldi. Birbaşa Binəqədi Rayon Polis İdarəsinə gəldim və hadisəni danışdım.

İlqarın Ruhiyyəni kobud şəkildə tutub sürüməsi, onun qızı barədə nalayiq sözlər deməsi, onun haqqında zorakılıq hərəkətləri edəcəyini dəfələrlə mənə bildirməsi, məni ona qarşı belə hərəkət etməyə vadar edib".



"Onlar bir-birlərini istəyirdilər"


Zərərçəkmiş şəxs qismində dindirilən Ağgül Əliyeva (mərhumun anası) ifadəsində oğlu ilə Ruhiyyə arasında isti münasibətlər olduğunu açıqlayıb: "Oğlum İlqar 1998-ci ildə Oğuz rayonundan olan Mətanət adlı qızla evlənmişdi. 3 uşaqları vardı. 5 il bundan əvvəl ayrılıblar. Mətanət uşaqları ilə Oğuzda yaşayır. İlqar 7-8 ay olardı ki, Əlillərin Bərpa Mərkəzində təzə işə gəlmiş Ruhiyyə adlı qadınla tanış olmuşdu, aralarında isti münasibət vardı, bir-birini istəyirdilər. Arada İlqar onun evində gecələyirdi.



"Dolanırsınız dolanın, dolanmırsınız aralanın"


Ruhiyyənin qızı rayona gedəndə İlqar onlarda qalırdı. Son vaxtlar oğlumla Ruhiyyənin arasında narazılıqlar olduğunu bilirdim. Bir dəfə evə gəlib onların dalaşdıqlarını gördüm, səbəbini soruşduqda, Ruhiyyə İlqarın onu qısqandığını, ona zəng edən tanımadığı nömrələrin kim olduğunu soruşduğunu, ümumiyyətlə, bütün danışıqlarına nəzarət etmək istədiyini, telefonunda olan nömrələrə zəng vurduğunu dedi. Hər ikisini başa salıb dedim ki, dolanırsınız dolanın, dolanmırsınız aralanın. İlqar Ruhiyyəni vurmuşdu da. Onların öz aralarında nə isə söhbətləri var idi, İlqar onu aydınlaşdırmaq istəyirdi. Amma söhbətin nədən ibarət olduğunu bilmirdim.

Şirəli adında oğlanı tanımıram. Lakin hadisədən 2-3 gün əvvəl İlqarın telefonla bir nəfərlə Ruhiyyə barəsində danışdığını, bu danışıqdan onların hər ikisinin də Ruhiyyə ilə münasibəti olan adamlar olduğunu və öz aralarında Ruhiyyənin kiminlə qalacağını ayırd etdiklərini başa düşmüşdüm. Bunu eşidib qapını açıb İlqara "Bu söhbəti qurtar, Ruhiyyədən əl çək", - dedim.



"Bu qızdan əl çək!"


21 dekabr 2010-cu ildə təxminən saat 13:15 radələrində Ruhiyyə mənə zəng vurub İlqarın onun iş yerinə gəldiyini, Şəfa həkimin yanında olduğunu söylədi. Çox keçmədi ki, İlqar evə gəldi. İlqara nə üçün qızın iş yerinə gedib üstünə cumduğunu, həkimlərə nə dediyini soruşdum. İlqar xəstəliyi ilə əlaqədar oraya getdiyini bildirdi. Ona, "Yalan deyirsən, Ruhiyyəyə görə getmisən, qurtar bu qızla, əl çək ondan", - dedim.

İlqar çörəyini yeyib evdən çıxdı. Təxminən saat 23 radələrində evə qayıtmadığını görüb mobil telefonuna zəng vurdum, lakin telefon bağlı olduğundan İlqarla əlaqə saxlaya bilmədim".



"Qızımı və məni öldürəcəyi ilə hədələyirdi"


Şahid qismində dindirilən Ruhiyyə Abbasova ifadəsində İlqarın onu istədiyini, hətta evlənmək niyyətində olduğunu göstərib: "Şirəli Hacıyev qohumumdur. Şirəli qızımı sevir və arada bizə gedib-gəlir. İlqar Aslanovu tibb bacısı işlədiyi Əlillərin Bərpa Mərkəzindən tanıyıram. İlqar bir müddət sonra məni sevdiyini, evlənmək istədiyini bildirmişdi. İlqara ərə getmək fikrində olmadığımı demişdim. İlqar məndən əl çəkmir, ona ərə getməyimi, əks-təqdirdə qohumlarıma, tanışlarıma barəmdə xoşagəlməz sözlər danışacağını deyir, məni hədələyirdi. Bu da bir nəticə vermədikdə, məni və qızımı öldürməklə hədələyirdi.



"Onun hərəkətlərindən bezmişdim"


Hadisədən təxminən 10 gün əvvəl İlqar iş yerinə gələrək ona ərə getməyimi tələb etdi. Artıq İlqarın belə hərəkətlərindən bezdiyimi və polis çağıracağımı dedikdə, cibindən vaxtı ilə xəstəxananın həyətində onunla çəkdirdiyim şəkli çıxarıb, "indi bütün qohumlarına zəng vurub bunu göstərəcəyəm", - deyib əlini stolun üstündəki mobil telefona uzadanda, tez telefonu götürdüm. Bu vaxt İlqar boğazımdan tutub məni divara çırpdı, "telefonu ver" deyib qışqırdı. Cibindən bıçaq çıxarıb məni hədələyərək telefonu aldı. Telefonun sim kartını götürüb aparatı yerə tulladı. Telefon yerə düşüb dağıldı, ekranı qırıldı. İş telefonunu qaldırıb, "İndi polis çağıraram" dedikdə, İlqar telefonun şunurunu dartıb qırdı, mobil telefonumun nömrəsini götürüb getdi.



"Qohumlarıma zəng vurub barəmdə xoşagəlməz sözlər deyirdi"


Axşam evə gələndə hər şeyi anama danışdım. Anam İlqarın anası Ağgülə zəng vurub, "Oğlunu yığışdırmasan, polisə verəcəyik", - dedi. Ağgül, "Polisə verməyin, nömrəni alıb qaytararam, bir də oğlumun Ruhiyyə ilə işi olmaz", - dedi. Bundan sonra İlqar qohumlarıma zəng vurub mənim barəmdə xoşagəlməz sözlər deyirdi. Bir dəfə Şirəli İlqarın ona zəng vurduğunu və sonuncunun kim olduğunu məndən soruşdu. Şirəliyə İlqarla münasibətlərim barədə danışdım.


21 dekabrda İlqar yenə də mənə zəng vurub hədələdi, iş yerimə gəlib Şəfa həkimlə danışdı. Odur ki, İlqarın anasına zəng vurub oğlunun hərəkətlərini dayandırmasını xahiş etdim. Həmin gün ikinci növbəyə işə gedərkən Şirəli zəng vurub hal-əhval tutdu, axşam bizə gələcəyini dedi. Ona işdə olduğumu, saat 21-də çıxacağımı söylədim. Şirəli isə gəlib məni özü işdən götürəcəyini bildirdi. Ona dedim ki, İlqar başı xarab buralarda fırlanır, gəlmə, evə gələrsən. Axşam növbəsindən çıxıb evə gedərkən Şəfa həkim zəng vurub İlqarın xəstəxananın həndəvərində fırlandığını, ehtiyatlı olmağımı tapşırdı.



"Hər şey qurtardı"


Evə çatanda İlqar qarşıma çıxıb boynumdan tutaraq məni qaranlıq podyezdin içərisinə sürüdü, boğazıma bıçaq dirəyib, "Telefonu söndür, hər şey qurtardı", - dedi. Bu vaxt haradansa Şirəli gəlib çıxdı və "qızı burax" deyib, İlqarı bıçaqla vurmağa başladı. Mən arada qaldım, əlimi bıçaq kəsdi. Şirəli mənə, "qaç polis çağır", - dedi. Əlimdən qan axa-axa yaşadığım mənzilə qalxdım və polisə zəng vurub məlumat verdim.


İlqarla Şirəlinin şifahi qaydada telefonla danışdıqlarını bilirdim. İlqar mənim işlədiyim yerdə olan xəstələrdən biri idi. O, deyib-gülən oğlan idi. Xoşuma gəlmişdi, onunla zarafatlaşırdıq. Sonralar o, həyatı barədə, problemləri barədə mənə danışırdı. Hətta İlqar əvvəllər narkotik çəkməkdən beyninə qan sızmasını, bu səbəbdən səhhətində müəyyən problemlər olduğunu da mənə demişdi, məsləhət almışdı. Bizim aramızda heç vaxt intim münasibət olmayıb".



QEYD

Məhkəmə prosesi davam edir. Çıxarılacaq hökmlə sizləri yaxın günlərdə tanış edəcəyik.



Son söz əvəzi


Allah yaratdığı heyvanlara ehtiras, mələklərə şüur, insanlara isə həm ehtiras, həm də şüur vermişdir. Ağlı ilə yaşayan insan mələk xislətli olur. Onları mələk kimi insanlar da adlandırırlar. Ehtirası ilə yaşayan insanlar isə... Təbii ki, həmin insanlar vəhşi meşə qanunlarının hökmü ilə cəzalandırılırlar! Bu isə insanlıq faciəsidir...

İnarə Qafiqqızı

O.M.